Ölkə

Ülviyyə Əli: “Ölkədən getmək şansımdan imtina etmək özümü tanımaq üçün vacib idi”

13 Oktyabr, 2025
67

Foto: sosial media

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) doğum günündə ictimaiyyətə açıq məktub yazıb. 

Jurnalist məktubunda azadlıqdakı son aylarını xronoloji olaraq təsvir edib. 

Məktubu olduğu kimi təqdim edirik:

“Ad günü yazısı və ya yağışda qalmağın hekayəsi”
“Onlar deyirlər ki, risk etmək olmaz.
Çünki, onların evi var.
Evdə isə işıq yanır.
Mən dəqiq bilmirəm – hansımız haqlıyıq?
Məni küçədə yağış gözləyir,
Onları isə evdə nahar
Arxamca qapını ört. Mən gedirəm...”
Viktor Tsoi “Arxamca qapını ört, mən gedirəm” mahnısından parça

6 dekabr, 2024-cü il, Gürcüstan
Axşam 6 radələri idi, yuxudan yeni oyanmışdım, başımı yastıqdan qaldıranda rəfiqəmin mənə qəribə şəkildə baxdığını gördüm. Tərəddüdlə: “özünə gəl, bir şey deyəcəm”, - dedi. “Nə olub?”, - dedim. Donuq baxışlarla mənə baxdı, amma yenə də heç nə demədi. Dərhal yastığımın altından telefona sarıldım. Sosial medianı bir xəbər bürümüşdü: “Meydan TV-nin 6 əməkdaşı qaçaqmalçılıq ittihamı ilə həbs olunub”. Yuxudan duran insan key kimi olur, lakin xəbəri oxuyub elektroşoka məruz qalırmış kimi hiss elədim.
Gürcüstana paytaxtdakı etirazları işıqlandırmaq, həm də monotonluqdan uzaqlaşmaq üçün getmişdim. Xəbəri eşidəndən sonra dost-tanışdan ölkəyə qayıtmamağımla bağlı çoxsaylı öyüd-nəsihət eşitdim. Sakitləşdirmək üçün hamısına deyirdim ki, “onsuz da mən Meydan TV-nin əməkdaşı deyiləm, məni niyə həbs etsinlər ki?”. Lakin ürəyimdə həqiqəti bilirdim. Meydan TV-nin əməkdaşı olmağa ehtiyac yox idi. Narahatlıqları necəsə yola verməli idim deyə belə cavab verirdim.
Hətta Gürcüstana gedəndə qayıdış biletimi 14 dekabra alsam da, qayıtmamaq əvəzinə mən bir az da irəli gedərək təyyarə biletimin vaxtını 9 dekabra dəyişdim. Həmin zaman daha yaxın tarixə bilet qalmamışdı. Bəlkə də bu qayıtmamağım üçün taleyin bir mesajı idi. Ancaq həbslərdən sonra qayıtmamaq barədə tərəddüdə qapılmadım, sadəcə anama zəng edib vəziyyəti izah elədim, pişiklərimi əmanət etdim, o isə “arxandayam” dedi.

Azərbaycana qayıdandan sonra yenə dostlarımın məhkəmələrini, Azərbaycanda baş verən insan haqları ilə bağlı pozuntuları 6 il idi ki, əməkdaşı olduğum “Amerikanın səsi”ndən yayımlayırdım. Azadlıqdakı hər günümü belə dəyərləndirmək istəyirdim, sevdiyim peşə ilə məşğul olaraq.
Əlamətdar günləri, ad günlərini xüsusi qeyd etməyi sevirəm. Siyasi repressiyalardan dolayı dostlarımın əksəriyyəti ölkəni tərk etmişdi, yarısı da həbsdə idi deyə həmin günləri onların yanına gedərək keçirirdim. Bu dəfə də yeni ili keçirmək üçün dekabrın 27-də ölkəni tərk etdim.
Təxmin elədiyim kimi orada olduğum müddətdə ən qızğın söhbət mənim ölkəyə qayıtmamağımla bağlı idi. Hərdən məni yola gətirə bilməyəcəklərini dərk edəndə “demirik həmişəlik, heç olmasa müvəqqəti qayıtma” deyirdilər.

4 yanvar, 2025, Azərbaycan
Dostlarım hava limanında məni qarşılayıb evə ötürdülər. Ölkədəki günlərim hər evdən çıxanda canlı “location” atmaqla keçirdi ki, həbs olunacağım təqdirdə xəbərləri olsun.
Günlər keçirdi, ölkədə hansı məkana getsəm insanlardan “bəs səni nə vaxt tuturlar” sualını eşidirdim. Ümid edirəm, artıq cavabını öyrəniblər.
Nəhayət, yanvarın 14-də müstəntiq Samir İsmayılovdan səhər saatlarında zəng gəldi, sabahısı gün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırıldığımı dedi. Mən isə 16 yanvar tarixində gələ biləcəyimi dedim. Bir gün sonraya təxirə salmaq səbəbim isə Müasir İncəsənət Muzeyinə getməyi planlanmağım idi. Dedim, həbs olunsam ürəyimdə qalmasın. Bu ilə olan son muzey ziyarətimi edib 16 yanvarda BŞBPİ-nə yollandım. Orada ölkədən çıxışıma qadağa qoyulduğunu öyrəndim. İfadə verəndən sonra Meydan TV-in əməkdaşı olmadığımı, olsam belə bunun cinayət olmadığı ilə bağlı müsahibə verdim.
Adətən, ölkədən çıxışına qadağa qoyulan hamıya bu yolla son xəbərdarlıq olunur: “sakit durmasan, həbs oluna bilərsən”. Çoxu da belə edirdi, sakit şəkildə çox dilləndirmədən məhkəməyə şikayətlərini verib “stop”un üstündən götürülməsinə çalışırdı ki, ölkəni tərk etsin. Mən də məhkəməyə şikayətlər verirdim, sakitliyi saysız paylaşımlarım və verdiyim müsahibələr pozurdu. Lakin məhkəməyə verdiyim şikayətləri ölkədən getmək üçün vermirdim, yenə də getməməkdə qərarlı idim.

24 Fevral, 2025
“Amerikanın səsi”nin Azərbaycandakı müxbir akkreditasiyası ləğv olunandan sonra işsiz qaldım. Elə məhz bundan sonra bir daha jurnalistikanın mənim üçün gəlir mənbəyi olmadığını başa düşdüm. Çünki ölkədəki haqsızlıqları və qanunsuzluqları öz şəxsi hesabımdan ödənişsiz şəkildə işıqlandırmağa başladım. Əslində başqa sahədə işləmək imkanım var idi, paralel olaraq tərcüməçiliklə məşğul idim. Lakin heç bir gəlir gətirməsə də jurnalistikadan qopa bilmədim.

2 may, 2025
Dostum Bayram Məmmədovun məzarında dedilər ki, “mənası yoxdur, “stop”un götürülən kimi çıx get”. Sadəcə “dostumun məzarı buradadır” deyə cavab verdim. Əslində bunu deyəndə azadlıqda 4 günümün qaldığını və onunla eyni taleyi yaşayacağımı bilmirdim.
Həbs olunduğum gün də, 2 dəfə barəmdə həbs qətimkan tədbiri uzadılanda da müstəntiqin məhkəməyə verdiyi təqdimatda guya ölkədən qaçıb gedə biləcəyimlə bağlı arqument irəli sürürlər. Dəfələrlə belə şansı olan adam haqqında bu “ehtimalı” dilə gətirəndə gülürəm.
Çox sevdiyim və tez-tez ifadə etdiyim bir cümlə var: “mən insanları imtinalarından tanıyıram”. Mən də bu şansımdan bir neçə dəfə imtina etmişdim, çünki özümü tanımaq mənim üçün vacib idi.
İndi dəqiq kimin haqlı olduğunu bilirəm, ona görə ki, “evdəki nahar, küçədəki yağışı” görmədən boğazından rahat keçmir.
Həbsdəki ilk ad günüm mübarək!”

Yaxınlarının bildirdiyinə görə, Ü.Əli doğum günü münasibətilə saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovdan oktyabrın 13-də ailə üzvləri ilə görüş istəyib. Təcridxana rəhbəri görüşə icazə versə də, sonradan həmin gün müəssisəyə yoxlama gələcəyini deyərək görüşə icazə vermədiyini deyib.

“Bu səbəbdən Ülviyyə Əli bu həftə sovqatsız qalıb, ailəsinin ad günü üçün gördüyü hazırlıqlar (yeməklər, tort və s.) hədər olub. Bakı İstintaq Təcridxanası rəhbəri digər məhbuslara doğum günlərində ailələri ilə görüşə icazə versə də, Ülviyyə Əliyə öncədən yalandan vəd edərək qərəzli davranış göstərib. Şərlənərək həbs olunduğuna görə ailəsi ilə doğum gününü qeyd etməkdən məhrum olunan siyasi məhbuslara təcridxanada belə bu haqq çox görülür”, - yaxınları bildirib. 

Mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. 

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb 

10 Oktyabr 2025

Foto: Azadlıq Radiosu

Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 8-də Gəncə şəhərindəki 1 saylı vəkil bürosunun vəkili Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edib. Bu barədə Z.Qəhrəmanov "Toplum TV"-yə xəbər verib. Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcək. Vəkillər Kollegiyası oktyabrın 8-də Rəyasət Heyətinin iclasının keçirilməsi haqda məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, “intizam pozuntusuna yol verdiyinə görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə isə töhmət verilib”. Lakin həmin vəkillərin adları açıqlanmamışdı. "Azadlıq Radiosu"nun xəbərinə görə, fəaliyyəti dayandırılan digər vəkil Ramil Rüstəmovdur. Z.Qəhrəmanov qərarın səbəbini açıqlamayıb. R.Rüstəmov haqqında intizam icraatının isə vətəndaş şikayəti əsasında başladıldığı bildirilir.  Z.Qəhrəmanov...
Ölkə

Valideynləri: “Anar Məmmədli addım atmağa çətinlik çəkir, dizində şişkinlik var” 

29 Sentyabr 2025

Foto: VOA

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan sədri Anar Məmmədlinin 17 aydır keyfiyyətli həkim müayinəsi ilə təmin edilmədiyi bildirilir.  Bu barədə “Gözətçi” insan haqları üzrə məlumat portalı A.Məmmədlinin valideynlərinə istinadən xəbər yayıb.  Sentyabrın 26-da A.Məmmədli ilə görüşən valideynləri onun diz oynağının artrozu-qonartroz xəstəliyindən əziyyət çəkdiyini və xəstəliyin hazırda kəskinləşdiyini bildirib.  “O, addım atmaqda çətinlik çəkir, diz nahiyəsində şişkinlik və qızartı müşahidə olunur. Məmmədlinin ailə üzvlərinin revmatoloq və travmatoloqlarla apardıqları məsləhətləşmələrindən sonra xəstəliyin bursit (oynaqdaxili bursa kisəsinin iltihabı) və sinovit (oynaqdaxili sinovial qişanın iltihabı) ilə əlaqəli ola biləcəyi bildirilib. Həkimlər ayaqda şiş, qızartı və temperatur artımını da bununla izah ediblər”,...

Seçilmiş Videolar

Toplum TV loqo