Siyasət

“Moskva yaranmış vəziyyətdən “qalib” çıxmaq üçün ən ağlasığımaz təxribatlara əl atacaq”

2 İyul, 2025
731

Foto: Kreml.ru

“İlham Əliyev artıq Putinin hegemon və tərbiyəedici mövqeyini qəbul etmir”

Azərbaycanla Rusiya arasında iyunun 27-də Yekaterinburqda iki azərbaycanlının öldürülməsi ilə başlayan gərginlik qızışmağa davam edir. 

Ötən müddətdə ölkələr bir-birinin səfirlərini çağırıb nota veriblər. Azərbaycanda “Sputnik” saytının əməkdaşlarına cinayət işi açılıb, 2-si həbs olunub.

Həm Azərbaycanda, həm Rusiyada zorakı həbslər davam edib. 

Azərbaycanda iyulun 1-də 8 Rusiya vətəndaşı narkotik maddələrin tranziti  dövriyyəsi və kiberdələduzluq ittihamları ilə həbs edilib. Səbail Rayon Məhkəməsi onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

8 nəfərin saxlanılmasının görüntüləri hökumətyönlü mediaya sızdırılıb. Onların xüsusi təyinatlı polislər tərəfindən, ağır cinayətlər törətmiş mütəşəkkil dəstə kimi saxlanılması diqqətdən qaçmayıb. Həmçinin, sonradan məhkəmədən çəkilən fotolarda rusların bəzilərinin üzlərində işgəncə izləri, geyimlərində qan ləkəsi gözə çarpır. 

İyulun 2-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

XİN-in məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə, Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə “xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz” qarşı tərəfin diqqətinə çatdırılıb.

Yekaterinburqda baş vermiş hadisə ilə bağlı isə Rusiyanın izahatının həlak olmuş azərbaycanlıların üzərində olan “kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib”. 

“Reydlər ilə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə “etnik cinayətkar qrup” kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb”, - bəyanatda deyilir. 

Görüşdə, həmçinin, ötən ilin dekabrın 25-də baş vermiş AZAL təyyarəsinin qəzası məsələsi də qaldırılıb. 

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib. Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb”, - bəyanatda qeyd olunub. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə iyulun 2-də keçirdiyi brifinqdə bildirib ki, Rusiya Azərbaycanı ölkələr arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırır. 

Siyasi şərhçi Alya Yaqublu Zaxarovanın açıqlamasını Bakıya xəbərdarlıq kimi şərh edir. O düşünür ki, Rusiya və Azərbaycan arasında gərginlik hələ bir müddət davam edəcək. 

“Zaxarova deyib ki, Rusiya və Azərbaycan xalqlarının dostluğunu korlamaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər.

İndiki situasiyada məlum "dostluğu", yəni siyasi münasibətləri pisləşdirən hər hansı üçüncü tərəf olmadığı üçün bu üstüörtülü təhdid ilk növbədə Azərbaycan hakimiyyətinə ünvanlanıb”, - Yaqublu Toplum TV-yə deyir. 

Bəs vəziyyət bütün Rusiya boyu həbslərə, azərbaycanlıların bu ölkədən kütləvi deportasiyasına və hətta Azərbaycan daxilində təxribatlar törədilməsinə gətirib çıxara bilərmi? 

Alya Yaqublu düşünür ki, bu sualın cavabı İlham Əliyevin Putinin vəziyyəti qəlizləşdirməməklə bağlı mesajını ciddi qəbul edib-etməyəcəyindən asılıdır. 

“Əgər Səfərov qardaşlarının vəhşicəsinə öldürülməsinə Azərbaycan hakimiyyətinin reaksiyası onun qəzəbini az da olsa soyuda bilibsə, qarşıdakı aylarda bizi yalnız "soyuq müharibə" gözləyir - daha doğrusu - bu müharibənin davamı. Əliyev Rusiyadan uzaqlaşmağın daha təhlükəsiz, daha adekvat üsullarına üstünlük verməyi seçsə, həm ölkə, həm də xalq olaraq Rusiya adlı bəladan daha az ziyanla qurtula bilərik”, - o qeyd edib. 

Siyasi şərhçi Ərəstun Oruclu isə Rusiyanın Azərbaycan daxilində təxribatlara əl atacağını istisna etmir. 

"Bu gün Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın heç bir çərçivəsi yoxdur və o, istənilən miqyasda cinayət törətməyə hazır və qadirdir, o cümlədən də Azərbaycanda və təkcə azərbaycanlılara qarşı yox. Moskva Azərbaycanla Rusiya arasında yaranmış mövcud vəziyyətdən "qalib" çıxmaq üçün hər şeyə əl atacaq, o cümlədən də Azərbaycan ərazisində ən ağlasığmaz təxribatlara. Bəlkə də etnik zəmində və həm də elə Azərbaycanda yaşayan ruslara qarşı”, - Oruclu “Facebook” səhifəsində yazıb. 

Ekspertlər gərginliyin qızışmasının səbəbini Azərbaycanın Rusiyanı artıq hegemon dövlət kimi görmək istəməməsində görürlər. 

“Bu böhran postsovet məkanında mərkəz–periferiya münasibətlərinin əvvəlki kimi işləmədiyinin bariz nümunəsidir. İlham Əliyev artıq Putinin himayəkar, hegemon və tərbiyəedici mövqeyini qəbul etmir. Hesab edir ki, onun özü də, ən azı regionun lider şəxsiyyətidir və heç kim onunla yuxarıdan aşağıya danışa bilməz. Xüsusilə də Putin onunla şaquli  münasibət vərdişini dəyişməlidir”, - siyasi şərhçi və III Respublika Platformasının qurucu heyət üzvü Elman Fəttah “Facebook”da yazır. 

O hesab eir ki, “Sputnik Azərbaycan”ın bağlanması Bakının Moskvanın informasiya və təsir infrastrukturunu dayandıra bildiyini göstərir. 

“Kreml artıq post-sovet coğrafiyasında hərbi müdaxilənin xaricində effektiv təsir gücünə sahib deyil. Əlbəttə, bu, sadəcə reaksiya deyil – yeni dövrün başlanğıcıdır. Ancaq bu  qarşıdurmadan Putin-Əliyev avtoritar maraqlarının sarsıdıcı zədə alacağını düşünmək sadəlövhlükdür. Sadəcə olaraq İlham Əliyev düşünür ki, yaxın dövr üçün onu Qərbdən gələcək hansısa ardıcıl təzyiqlər gözləmir. Əksinə, Qərb onun lider kultunu legitimləşdirməsinə dəstək olur. Bu şərtlər altında Putinlə də münasibətləri mərkəz-preferiya müstəvisindən iki güclü lider müstəvisinə daşımağa çalışır”, - E.Fəttah əlavə edir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Helsinki Komitəsi: Azərbaycanda müstəqillikdən bəri heç vaxt bu qədər qadın jurnalist həbsdə olmayıb

12 İyun 2026

Abzas Media

Azərbaycanın müstəqillik tarixində indiyədək heç vaxt bu qədər qadın jurnalist eyni vaxtda həbsdə olmayıb.  Norveç Helsinki Komitəsinin Azərbaycanda qadın jurnalistlərin həbsi ilə bağlı açıqlamada belə deyilir. Təşkilat bildirib ki, qadın jurnalistlərin təhlükəsiz olmayan şəraitdə saxlanılması onların sağlamlığı üçün ciddi risklər yaradır. “Bəzi jurnalistlər ciddi sağlamlıq problemləri ilə üzləşir və həbsxana şəraitində lazım olan tibbi yardım təmin edilmir. Xüsusilə “Meydan TV”-nin baş redaktoru Aynur Elgünəş fiziki məhdudiyyətli şəxsdir, bir neçə əməliyyat keçirmiş və davamlı tibbi nəzarət tələb edən xəstəlikləri var. Onun həbsdə saxlanılması həyatı üçün təhlükə yaradır”, - deyə komitə bildirib. Açıqlamada qeyd olunub ki, Aynur Elgünəşlə yanaşı, “Abzas Media” və “Meydan...
Siyasət

Zamin Salayevin yenidən “karser"ə salındığı deyilir 

12 İyun 2026

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayevin yenidən cərimə kamerasına ("karser") salındığı bildirilir.  Bu barədə iyunun 12-də AXCP üzvü Ceyhun Novruzov sosial media hesabında məlumat yayıb.  C.Novruzovun sözlərinə görə, buna səbəb Z.Salayevin saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsindəki problemləri ictimailəşdirməsi olub.  "Zamin bəyin verdiyi məlumata görə, qızmar yay günlərində məhbusların saxlanıldığı baraklarda kondisioner yoxdur. İnsanlar havasız şəraitdə qalmağa məcburdur. Baraklarda isə hələ də sovet dövründən qalmış köhnə ventilyatorlardan istifadə olunur. Bu kimi problemlər həll edilməli olduğu halda, müəssisə rəisi Şakir Qəniyev diqqətini problemlərin aradan qaldırılmasına deyil, onları dilə gətirən şəxsin cəzalandırılmasına yönəldib", - o qeyd edib.  Z.Salayev əvvəllər...

Seçilmiş Videolar

Toplum TV loqo