10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub
açıq mənbədən götürülüb
Hökumətlərin nə dediyinə yox, nə etdiyinə baxmaq lazımdır
COP29 İqlim Konfransının yaratdığı informasiya bolluğu içərisində o qədər də gözə dəyməyən iqtisadi xəbərlərdən biri də Xankəndi şəhərində tikiş fabrikinin açılışı oldu. Yayılan məlumatlardan aydın olur ki, bu müəsissə Özbəkistanla ortaq layihə əsasında həyata keçirilir. Ötən həftə fabrikin açılışına videobağlantı ilə Özbəkistan prezidenti də qoşulub.
Fabrik barədə rəsmi medianın yaydığı xəbər belədir: müəssisənin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsilə bağlı ölkələrarası razılaşma əsasında baş tutub. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü birgə sənaye əməkdaşlığı vasitəsilə təmin olunur. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikin məhsullarının 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan bu müəssisədə 800 iş yeri yaradılacaq, ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. Layihənin ilkin mərhələsində peşə təlimi almış 250 nəfər artıq işlə təmin olunub.
Xatırladaq ki, 8 il əvvəl ölkənin regionlarından birində tikiş-toxuculuq fəaliyyətlərinə əsaslanan iri bir kompleksin yaradılacağı bəyan edilmişdi. Amma bu günə qədər layihənin ən yaxşı halda onda biri reallaşdırılıb.
Mingəçevir yüngül sənaye mərkəzinə çevriləcəkdi
Təxminən 10 il əvvəl Mingəçevir Sənaye Parkının yaradılması ilə bağlı rəsmi qərar açıqlanmış, bundan ilyarım sonra isə ölkə başçısının da iştirakı ilə Parkın təməlqoyma mərasimi olmuşdu. Məsul şəxslərin həmin tədbirdə elan etdikləri iddialı hədəflərlə bağlı internetdə kifayət qədər məlumat tapmaq mümkündür. Verilən vədlərdən bəzilərini yada salaq:
- tikinti sahəsi 120 min kvadratmetrdən çox olacaq Parkın yaradılmasına 200 milyon dollara yaxın vəsait sərf ediləcək;
- 9 müəssisədə əvvəlcə 2000, sonra 5500-dən çox yeni iş yeri yaradılacaq;
- 20 min ton iplik istehsal olunacaq;
- ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faizi bu Park vasaitəsilə təmin ediləcək;
- başlanğıcda illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corab, eləcə də illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək;
- toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək;
- Azərbaycanda növbəti 5 il ərzində xam pambıq istehsalı 700 min tona çatdırılacağı üçün Parkda 15 milyon metr pambıq ipliyi istehsal etmək mümkün olacaq.
Bəs aradan az qala 9 il keçəndən sonra bu iddialardan geri qalan reallıqlar nədən ibarətdir?
- İqtisadiyyat Nazirliyinin rəsmi saytında açıqlanan məlumata görə, hazırda Parkda cəmi 570 işçi var – təməlqoymada rəsmilərin bəyan etdiyindən 10 dəfə az.
- İnvestisiya qoyuluşu 93,5 milyon dollar təşkil edir – bəyan olunandan 2 dəfə az.
Rəsmi statistikanın Mingəçevir iqtisadiyyatı ilə bağlı açıqladığı faktlar rəsmi vədlərlə reallıqlar arasında uçurumu daha aydın görməyə imkan verir.
Bu statistikadan məlum olur ki, 70 milyon cüt corab istehsalı planına qarşı 1 cüt belə istehsal olunmayıb. Rəsmi hesabatlara görə, ölkədə corab istehsalının 70 faizi Bakıda, qalan 30 faizi isə Tovuz rayonu ərazisində yerləşir.
İllik 1,5 milyon cüt ayyaqqabı istehsalı planı müqabilində 2018-2021-ci illərdə hər il 400 min cüt istehsal olub, son 2 ildə isə istehsal ümumiyyətlə dayanıb.
2017-ci ildən başlayaraq Mingəçevirdə üst geyimlərin istehsalı sürətlə artmağa başlayıb: 2018-ci ildə istehsal həcmi 10 faiz, 2019-cu ildə isə 5 dəfə artıb. Amma 2019-cu ildə istehsal sürətlə azalmağa başlayıb, 2022-2023-cü illərdə ümumiyyətlə dayanıb.
Bəyan olunan 15 milyon metr pambıq ipliyi planına qarşı ötən 8 ildə cəmi bir dəfə - 2020-ci ildə 3,7 min ton pambıq iplik istehsal edilib, sonrakı illərdə ümumiyyətlə istehsal olmayıb.
Parkın 2016-cı ildəki təməlqoyma mərasimində verilmiş daha bir vədə - 2022-ci ilədək ölkədə xam pambıq istehsalının 700 min tona çatdırılacağı vədinə gəlincə, həmin vaxt ölkədə pambıq istehsalı cəmi 90 min ton idi və istehsalı 8 dəfəyədək artırmaq hədəflənirdi. Amma 2023-cü ilin sonlarına bu göstərici cəmi 275 min ton təşkil edib.
Bu fakt bir daha göstərir ki, hökumətlərin nə deməyindən çox nə etdikləri önəmlidir.
İndi əsas sual budur ki, Xankəndindəki yeni tikiş fabrikinin açılış mərasimində səsləndirilən iddialı vədlərin Mingəçevir Sənaye Parkıyla bağlı vədlər kimi havada qalmayacağının zəmanəti nə və hansı mexanizmlərdir?
Yeri gəlmişkən, Xankəndi yaradılmış müəssisəyə hansı biznes subyektlərinin sərmayə qoyduğu; bu sərmayələrin dövlətə, yoxsa özəl sektora aid olduğu barədə hər hansı məlumat açıqlanmayıb.
İddialı hədəflərin reallaşması üçün 2 fundamental şərt mütləq təmin edilməlidir: azad biznes mühiti və şəffaflıq. Bu şərtlər təmin edilmirsə, gedilən yol elə başlanğıcdan yanlışdır. Yanlış yolla getməkdə israr edənlərə doğruları anlatmağın əsla faydası olmur.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
olke.az
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?