Manşet

Azərbaycan Avropa Məhkəməsində işlərin sayına görə 47 ölkə arasında 8-cidir 

13 Oktyabr, 2025
295

Foto: açıq mənbə

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) baxılması gözlənilən işlərin sayına görə 47 ölkə arasında 8-ci yerdədir. 

Bu, AİHM-in dərc etdiyi son statistikada öz əksini tapıb. Statistikaya görə, ötən ilin bu dövrü ilə müqayisədə Azərbaycandan göndərilən şikayətlərin sayı 250 ədəd artaraq 2,200-ə çatıb. Azərbaycandan olan işlər ümumi sayın 3,5 %-ini təşkil edir. 

Siyahıya 21,800 işlə Türkiyə başçılıq edir. Bu, ümumi işlərin 35 %-i deməkdir. Rusiya 8,050 iş və ya 12,9%-lə ikinci yerdə, Ukrayna isə 7,200 iş və ya 11,6 %-lə üçüncü yerdə qərarlaşıb. 

Statistikanı “Toplum TV” üçün şərh edən vəkil Fariz Namazlı düşünür ki, Azərbaycandan olan ərizələrdə artımın olması ölkədə son iki ildə siyasi motivlərlə həbs olunan şəxslərin sayının artmasıdır. 

“Qərar çıxarılan işlərə də baxsaq görərik ki, əksəriyyəti siyasi məhbuslarla bağlıdır. Azərbaycanda siyasi işlərə çıxan vəkillərin sayı azdır, elə AİHM-ə şikayət göndərənlər də, əsasən, onlardır. Əlavə olaraq da, mülkiyyət hüququnun pozuntusu, işgəncə və başqa pozuntularla bağlı şikayətlər göndərilir və beləcə say artır”, - o deyir. 

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində çıxış edərkən bildirib ki, Azərbaycan daha AİHM-in çıxardığı qərarları tanımayacaq. O, bunu Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasından (AŞPA) kənarlaşdırılması ilə izah edib. Əliyev deyib ki, əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və AİHM hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq. 

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.

F.Namazlı isə deyir ki, Azərbaycan hökuməti hələ 2024-cü ilin martından AİHM-in qərarlarını icra etmir: 

“Bu, həm məhkəmənin təyin etdiyi kompensasiyaların ödənişi, həm işlərə yenidən baxılması ilə bağlı qərarlara aiddir. Son bir ildə isə hökumət əksər işlərdə məhkəmənin sorğularına, ümumiyyətlə, cavab vermir.” 

Vəkil bildirir ki, hökumətin AİHM qərarlarını icra etməməsi vəkillər və müraciətçilər arasında müəyyən qədər pessimizm yaradıb. 

“Son illərdə cəmiyyətin geniş hissəsində AİHM haqda təsəvvürlər oyanıb və hətta siyasi proseslərdən kənarda olan insanlar da hüquqları pozulanda AİHM-ə şikayət vermək istəyirdilər. Buna baxmayaraq, yenə də ümid var ki, nə vaxtsa Azərbaycanla Avropa Şurası arasında münasibətlər düzələcək və hökumət qərarları icra etməyə davam edəcək”, - o qeyd edib. 

F.Namazlı xatırladır ki, Azərbaycanın Avropa Şurasına üzv ölkə kimi AİHM-in qərarlarını icra etmək öhdəliyi var. 

“Azərbaycanın Cinayət Prosessual və Mülki Prosessual Məcəllələrində əks olunub ki, əgər AİHM-də hər hansı işlə bağlı qərar verilərsə və ya hüquq pozuntusu tanınarsa, Ali Məhkəmənin plenumu həmin işlərə baxmalıdır və aşağı instansiya məhkəməsinin qərarını ləğv etməlidir ki, bu işlərə yenidən baxılsın. Əgər üzv ölkə məhkəmənin qərarlarını icra etmirsə, Avropa Şurasının həmin ölkə ilə bağlı müəyyən addımlar atmaq səlahiyyəti var və bunların ən pisi həmin ölkəni üzvlükdən çıxarmaq olar. Amma inanmıram ki, Azərbaycan buna gedəcək. Çünki Avropa Şurasından çıxsa, Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələri kəsiləcək və düşünürəm ki, Azərbaycan hökuməti bunu istəməz.”

Bu yaxınlarda Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfərini də xatırladan vəkil qeyd edib ki, hökumət son üç ildə Komitənin ölkəyə gəlişinə icazə vermirdi: 
“2024-cü ildə Komitə Azərbaycanın əməkdaşlıqdan imtinası səbəbindən ictimai bəyanat yayaraq, 2022-ci ildə ölkəyə səfər üzrə yekun hesabatı hökumətin razılığı olmadan açıqlamışdı. Halbuki Komitənin öz qaydalarına görə, hökumətlərin razılığı olmadan səfərlərlə bağlı hesabatlar ictimaiyyətə açıqlana bilməz. 

Bu, Komitənin tarixində bir ilk idi. İndi isə görürük ki, müəyyən yumşalma var və hökumət Komitənin gəlişinə icazə verir.”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo