“Tribunat“: Ev dustaqlığına buraxılan rusiyalı redaktorun Azərbaycanı tərk etməsi qanunsuzdur
Foto: Trend News Agency
Bu ilin iyulunda Bakıda Rusiyaya məxsus xəbər agentliyi “Sputnik”in regional ofisi – “Sputnik Azərbaycan” nümayəndəliyinin əməkdaşlarına qarşı cinayət işi başlanılıb. Bu media qurumunun iki əməkdaşı - icraçı direktoru İqor Kartavıx və şef redaktoru Yevgeni Belousov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə həbs ediliblər.
Lakin üstündən bir neçə ay keçəndən sonra, oktyabrın 9-da “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. Cəmi 7 gün sonra, oktyabrın 16-da isə o, Rusiya Federasiyasına yola salınıb. Onun barəsində həbsə alternativ hansı qətimkan tədbirinin seçildiyi barədə açıq mənbələrdə məlumat yoxdur. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, bununla bağlı qərar 9 oktyabrda Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində qəbul edilib.
Daha sonra, oktyabrın 24-də Xətai Rayon Məhkəməsinin qərarı ilə “Sputnik Azərbaycan”ın həbs edilmiş digər əməkdaşı Yevgeni Belousov barəsində seçilmiş həbs qətimkan tədbiri 3 aylıq ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Bundan sonra o da Moskvaya yola salınıb.
“Tribunat” hüquq platforması ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərin vəzifələrini, bu qətimkan tədbirinin mahiyyətini və icra mexanizmlərini analiz etməklə Y. Belousov haqqında seçilmiş ev dustaqlığı qərarının faktiki icrası və şəxsə nəzarət məsələlərini araşdırıb.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi (CPM) ev dustaqlığını azadlığın məhdudlaşdırılması yolu ilə həm nəzarət, həm də təqsirləndirilənin prosessual davranışının təmin edilməsi məqsədi daşıyan qətimkan tədbiri kimi təsvir edir.
Qətimkan tədbirləri o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin (CPM, maddə 155.1):
1. cinayət prosesini həyata keçirən orqandan gizlənmək;
2. cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq;
3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq;
4. cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq;
5. məhkəmə hökmünün icra edilməsinə maneə törətmək.
Bu baxımdan ev dustaqlığı yalnız şəxsin nəzarət altında saxlanmasını zəruri edən hallarda tətbiq olunur. Yəni məqsəd cinayət təqibinin gedişinə real təhlükə yaratma və ədalət mühakiməsindən yayınma ehtimalını minimuma endirməkdir. Əgər bu cür zərurət yoxdursa, qanunun məntiqinə görə qətimkan tədbiri ya seçilməməli, ya da daha yüngül tədbirlə əvəz olunmalıdır.
CPM-in 163-cü maddəsi ev dustaqlığına buraxılmış şəxsin üzərinə qoyulan öhdəlikləri konkret şəkildə sadalayır. Bu tələblər arasında:
– şəxsin Azərbaycan Respublikasında daimi yaşayış yerinin olması (163.3-2);
– yaşayış yerini məhkəmənin icazəsi olmadan tərk etməməsi və dəyişməməsi (163.3.1 və 163.3.4);
– yalnız məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarında hərəkət etməsi (163.3.3);
– zəruri hallarda elektron nəzarət vasitəsi gəzdirməsi (163.3.2) kimi məhdudiyyətlər var.
Üstəlik, CPM-in 155.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə, ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Bu sənədlər yalnız o halda qaytarılır ki, qətimkan tədbiri qüvvədən düşmüş olsun, yaxud təqsirləndirilən şəxsdən müalicə və ya digər zərurətlə bağlı Azərbaycan Respublikası hüdudlarından kənara çıxması ilə əlaqədar əvvəlcədən məlumat vermək barədə yazılı iltizam alınsın.
Qanunvericilik “digər zərurət”in nədən ibarət ola biləcəyi barədə konkret müddəa müəyyən etmir. Lakin İqor Kartavıx və Yevgeni Belousovun ölkəni tərk etməsi ilə bağlı mediada nə müalicə məqsədi, nə də başqa bir zərurət göstərilib.
Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin barəsində hər hansı qətimkan tədbiri seçildikdə həmin qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək onların Azərbaycan Respublikasını tərk etmələri məhdudlaşdırılır (maddə 17.1.2).
“Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış sistemi müxtəlif dövlət qurumlarının (DİN, DGK, DSX və s.) istifadə etdiyi xüsusi dövlət informasiya bazasıdır. Bu sistemə barəsində qətimkan tədbiri seçilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar daxil edilir və həmin şəxslərin “aktiv” statusu açıq şəkildə görünür (“‘Giriş-çıxış və qeydiyyat’ idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Əsasnamə).
“Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Əsasnamədə isə göstərilir ki, barəsində ev dustaqlığı seçilmiş şəxsin ayağına onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron qolbaq bağlanır. Qolbaqla birgə istifadə olunan, şəxsin daim yanında saxlamalı olduğu mobil nəzarət qurğusu qolbaqdan gələn məlumatları eyniləşdirərək monitorinq mərkəzinə ötürür. Şəxsin yaşadığı evdə isə onun həmin yerdə olub-olmadığını təsdiqləyən ev nəzarət stansiyası quraşdırılır. Şəxsin Azərbaycanda daimi yaşayış yerinin olmaması ev dustaqlığı üçün məcburi olan bu cihazların quraşdırılmasını və istifadəsini mümkünsüz edir.
Bu müddəaların sistemli təhlili göstərir ki, ev dustaqlığına buraxılmış şəxsin ölkəni tərk etməsi hüquqi baxımdan mümkün deyil. Çünki qanunverici Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan şəxslər barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini qadağan edib. Üstəlik, pasport və ya digər sənəd olmadan sərhədi keçmək mümkün deyil. Pasportun qaytarılması üçün tələb olunan əsaslar isə Yevgeni Belousovun vəziyyətində mövcud deyil.
“Sputnik Azərbaycan”ın əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədilən qanunsuz sahibkarlıq), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə açılmış cinayət işinə cinayət tərkibini istisna edən hallar üzrə xitam verilməsi barədə məlumat yoxdur. Bu isə cinayət təqibinin davam etdiyini və seçilmiş ev dustaqlığı qətimkan tədbirinin qüvvədə olduğunu göstərir. Belə olan halda Belousovun ev dustaqlığı təyin edildikdən sonra Azərbaycanı tərk etməsi bu qərarın faktiki olaraq icra edilmədiyini və formal xarakter daşıdığını deməyə əsas verir.
Hər iki şəxsin həbsdən azad edilməsi və Rusiya Federasiyasına yola salınmasının iki ölkə prezidentlərinin görüşündən sonra baş verməsi, həmçinin Rusiya prezidentinin köməkçisinin bunun həmin görüşdə qərarlaşdırıldığını deməsi də ev dustaqlığı qərarının hüquqi deyil, siyasi müstəvidə qəbul edildiyini göstərir.
“Tribunat” bu nəticəyə gəlir ki, ev dustaqlığı qətimkan tədbiri Azərbaycan hüquq sistemində təqsirləndirilən şəxsin istintaqdan yayınmasının, sübutlara təsir göstərməsinin və ya prosessual davranış pozuntularının qarşısını almaq üçün nəzərdə tutulmuş ciddi nəzarət tədbiridir.
Bu tədbir şəxsin faktiki olaraq nəzarət altında saxlanmasını və Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerinin olmasını tələb edir.
“Sputnik Azərbaycan”ın şef redaktoru Yevgeni Belousovun ev dustaqlığı təyin edildikdən sonra ölkəni tərk etməsi həm qanunvericiliyə ziddir, həm də qətimkan tədbirinin nəzərdə tutduğu nəzarətin tətbiqini mümkünsüz edir. Bu baxımdan, onun haqqında seçilmiş ev dustaqlığı qərarı formal xarakter daşıyır və qətimkan tədbirinin mahiyyəti olan nəzarət və prosessual davranışın təmin edilməsi funksiyası real olaraq yerinə yetirilməmiş qalır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Xaricdəki tənqidçilərə qarşı kütləvi təqib: Dövlət əleyhinə çağırışlar, yoxsa ifadə azadlığına görə cəzalandırma?
Foto/kollaj: Toplum TV
Foto: açıq mənbə
Prezidentin saytında DTX-nin şəxsi məlumatları yığacağını göstərən sənəd sonradan silinib
Neft-qaz ölkəsində müəllim maaşı regionla müqayisəsi niyə aşağıdır?
Talış fəalın Türkiyədə saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir
Ekspert: “Nazir kənd təsərrüfatındakı uğursuzluğu ört-basdır etmək istəyir”
İmişlidə məktəblilərin öldüyü qəzaya görə yeniyetməyə 7 il yarım həbs verilib