Toplum TV
Hər il dövlət büdcəsindən tarixi-mədəni irsin qorunması, bərpası və abadlaşdırılması üçün milyonlarla manat vəsait ayrılır. Son illərdə təkcə Qobustan rayonundakı Diri Baba türbəsinin bərpasına 683,5 min manat, Ağdamdakı Şahbulaq qalasında bərpa işləri və turizm infrastrukturunun yaradılmasına isə 3 milyon 530 min 197 manat vəsait nəzərdə tutulub. Bəzi abidələrin bərpası üçün isə təkrar maliyyə ayrılır. Məsələn, Naxçıvandakı Möminə xatun türbəsinin bərpasına 2025-ci ildə 1 milyon manat ayrıldığı halda, 2026-cı ildə işlərin davam etdirilməsi üçün əlavə 9 milyon 566 min manat vəsait ayrılıb.
Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində yerləşən çoxsaylı tarix və mədəniyyət abidələrinin illərdir baxımsız qalması və mühafizəsinin lazımi səviyyədə təmin edilməməsi ilə bağlı tənqidlər səsləndirilir. Zaqatala qalası, Qax rayonundakı Yeddi kilsə kompleksi və Zaqatalanın Çüdüllü kəndindəki tarixi abidələr bunun yalnız bir neçə nümunəsidir.
Belə abidələrdən biri də Tovuz rayonunda yerləşən Göytəpə arxeoloji kompleksidir. 2006-cı ildə beynəlxalq arxeoloqların burada apardıqları qazıntılar zamanı təxminən 8 min il yaşı olan, neolit dövrünə aid yaşayış məskəni aşkar edilmişdi. Bu yaxınlarda əraziyə baş çəkən sosial media istifadəçilərindən birinin paylaşdığı məlumata görə, hazırda kompleks baxımsız vəziyyətdədir. Qazıntı sahələrinin böyük hissəsi torpaq altında qalıb, ərazi isə tədricən məhv olur.
Bəs niyə bəzi tarixi abidələrin bərpasına təkrar-təkrar milyonlarla manat ayrıldığı halda, digərləri illərlə baxımsız qalır və dağılmağa tərk edilir?
Təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyən bir tur bələdçisi “Toplum TV”-yə bildirib ki, bölgələrdə yerləşən bir çox tarixi abidənin baxımsız qalmasının əsas səbəblərindən biri onların çətin, dağlıq ərazilərdə yerləşməsi, həmçinin bu abidələrə cavabdeh qurumların sahə üzrə ixtisaslaşmamasıdır.
Onun sözlərinə görə, bəzi abidələrə nəzarət edən şəxslərin həmin ərazilər barədə kifayət qədər məlumatı yoxdur və onlara faktiki baxış keçirilmir. Bələdçi nümunə kimi Zaqataladakı Pəri qalasını göstərib. O bildirib ki, qala meşə fondu ərazisində yerləşdiyindən ona nəzarət meşə təsərrüfatı qurumları tərəfindən həyata keçirilir, lakin həmin qurumların əsas fəaliyyəti meşələrin qorunmasıdır və tarixi abidələrin mühafizəsi onların prioritet istiqaməti deyil.

Bələdçinin sözlərinə görə, Zaqatala rayonunda 100-dən çox tarixi abidə mövcuddur və onların yalnız bir hissəsi bu günədək fiziki olaraq qorunub qalıb.
"Heç bir abidənin ətrafı hasarlanmayıb, yolları təmizlənməyib. Bəzilərinin üzərində ağac və kol-kos bitib, artıq görünmür. Elələri də var ki, harada yerləşdiyi belə bilinmir, inventar nömrəsi yoxdur. Azərbaycanda tarixi abidələrin qorunması üçün müxtəlif qurumlardan icazə alınması tələb olunur və bu da prosesi çətinləşdirir. Meşə ərazisində yerləşən abidəyə getmək üçün meşə təsərrüfatı qurumundan, çəkiliş və araşdırma aparmaq üçün Mədəniyyət Nazirliyindən, əraziyə müdaxilə etmək üçün isə digər qurumlardan icazə almaq lazım gəlir", - deyə o bildirib.
Tur bələdçisi əlavə edib ki, Azərbaycanda bir çox tarixi abidədə uzun illərdir nə bərpa, nə də mühafizə tədbirləri həyata keçirilib.
"Sadəcə üzərinə 'Dövlət tərəfindən qorunur' yazılmış lövhə vurulur və bununla da iş bitmiş hesab olunur. Dağılmış daşın yerinə qoyulması, ərazinin hasarlanması, kol-kosun təmizlənməsi kimi elementar işlər belə görülmür", - deyə o vurğulayıb.

Onun fikrincə, əsas problemlərdən biri nəzarət mexanizminin zəif olmasıdır. Bələdçi bildirir ki, bölgələrdə ən yaxşı qorunan tarixi abidələr əsasən turizm potensialı yüksək olan ərazilərdə yerləşir.
"Ümumiyyətlə, bizim tərəflərdə tarixi abidələrə baxan yoxdur. Ən yaxşı qorunan yer Şəkidir, çünki orada turizm inkişaf edib. Bir qədər də Qax tərəflərində vəziyyət nisbətən yaxşıdır", - deyə o bildirib.
Tarixi, mədəni və təbii irsin qorunması üzrə ekspert Aytəkin İmranova isə hesab edir ki, Azərbaycanda tarixi abidələrin bərpası sahəsində əsas problemlərdən biri sovet dövründən qalan sistemin dağılması və peşəkar mütəxəssislərin bu sahədən uzaqlaşmasıdır.
"Bərpa işi həm bahalıdır, həm də yüksək peşəkarlıq tələb edir. Sovet dövründən qalan bütün struktur dağıdılıb, özfəaliyyət hökm sürür. Maddi-texniki baza, emalatxanalar, ustalar, memarlar - bu sahənin əsas dayaqları demək olar ki, məhv edilib", - deyə ekspert bildirib.

A. İmranovanın sözlərinə görə, əvvəllər bu sahədə hüquqi-normativ baza, standartlar və müəyyən idarəetmə sistemi mövcud idi. Hazırda isə mövcud qanunvericiliyin tətbiqində ciddi problemlər yaşanır. O qeyd edir ki, Bakıda aparılan bəzi təmir-tikinti işləri zamanı belə dövlət reyestrinə daxil edilmiş tarixi binaların qorunması təmin olunmayıb. Rayonlardakı abidələrin vəziyyəti isə daha ağırdır.
Ekspertin fikrincə, əsas problemlərdən biri də tarixi abidələrlə bağlı qərarların mütəxəssislər deyil, inzibati vəzifə tutan şəxslər tərəfindən verilməsidir.
"Nə qədər ki, abidələr üzərində görüləcək işlər barədə qərarı ixtisaslı mütəxəssis yox, rəsmi məmur verir, vəziyyət dəyişməyəcək", - deyə o bildirib.
Aytəkin İmranova hesab edir ki, tarixi irsin qorunması üçün ilk növbədə qanunvericiliyin tələblərinə əməl olunmalı, ictimai iştirakçılıq genişləndirilməli və sahəyə peşəkar mütəxəssislər cəlb edilməlidir.
Onun sözlərinə görə, mədəniyyət, elm, arxiv işi, kitabxanalar və tarixi abidələrin qorunması dövlət büdcəsində prioritet istiqamətlərdən biri olmalıdır.
"Tarixi abidələrin qorunmasında regionlar arasında fərq qoyulmamalı, bütün ərazilərə eyni yanaşma tətbiq edilməlidir. Bərpa işləri elmi əsaslandırılmış layihələr əsasında aparılmalıdır. Əvvəlcə abidənin vəziyyəti araşdırılmalı, layihə hazırlanmalı, təsdiqdən sonra isə bərpa işlərinə başlanmalıdır", - deyə ekspert bildirib.
Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərilsə də, məqalə dərc olunanadək qurumdan cavab almaq mümkün olmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
açıq mənbə
Parlament qərar verib: Təklif olunan evdən imtina edənlər məcburi köçkün statusunu itirəcək
Açıq mənbə
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"