Məhkəmə

‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib” 

7 İyul, 2026
68

Toplum TV

İyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə məhkəmə prosesi davam edib. Hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə nitqləri davam edib. 

Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayevin vəkili Günay İsmayılova müvəkkili tərəfindən törədildiyi iddia olunan cinayət əməllərinin məhkəmə prosesi gedişində sübuta yetirilmədiyini bildirib. 

O, ittiham aktına istinad edərək qeyd edib ki, R.Babayevin xaricdən qaçaqmalçılıq yolu ilə ölkəyə qanunsuz pul vəsaiti gətirdiyi iddia olunur, halbuki onun xarici pasportu yoxdur. 

“İstintaq orqanı tərəfindən Dövlət Sərhəd Xidmətindən götürülmüş məlumatlar da təsdiq edir ki, Ramil Babayev bir neçə dəfə şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edib. İstintaq orqanı təqsirləndirilən şəxslərə aid şəxsi yazışmaları da oxuyub, amma nədənsə Ramil Babayevin Türkiyəyə səfərinin sırf şəxsi səbəblərlə əlaqədar olduğunu ittiham aktında qeyd etməyib. “Ramil Babayev Türkiyədən ölkəyə necə pul gətirə bilərdi” sualına istintaq orqanı aydınlıq gətirməyib. İstintaqın iddia etdiyinin həqiqət olduğunu fərz etsək belə, xarici donorlar pulu Ramilə hansısa formada təqdim etməli idilər ki, o, qaçaqmalçılıq yolu ilə ölkəyə keçirə bilsin. Bir variant sürətli pul köçürmə vasitəsi ola bilərdi, lakin xaricdən göndərilən pulu Türkiyədə götürə bilmək üçün Ramil Babayev şəxsiyyət vəsiqəsini deyil, xarici passportunu banka təqdim etməli idi, əks halda hər hansı bank əməliyyatı həyata keçirmək mümkün deyil”, - vəkil əlavə edib. 

G.İsmayılova daha sonra cinayət işi materiallarındakı mütəxəssis rəyinə istinad edərək bildirib ki, guya Ramil Babayevin Azərbaycanda olan bank hesablarına xaricdən pul göndərilib, halbuki iş materiallarında bunu sübut edəcək sənədlər yoxdur. 

“Çox təəssüf ki, mütəxəssis özü müstəqil şəkildə araşdırma aparmadan istintaq orqanı tərəfindən verilən məlumatlar əsasında rəy verib. Halbuki mütəxəssis rəyi onun öz müstəqil araşdırması əsasında verilməli idi”, - o qeyd edib. 

Daha sonra təqsirləndirilən şəxslərdən IDI əməkdaşı İlkin Əmrahov üçün müdafiə nitqini səsləndirən G.İsmayılova onun da əsassız və qanunsuz ittihamlarla həbs olunduğunu bildirib. Onun sözlərinə görə, İ.Əmrahovun da xarici pasportu yoxdur və o, ümumiyyətlə, heç vaxt xaricdə olmayıb. 

“İstintaqın digər bir iddiası İlkin Əmrahovun qaçaqmalçılıq yolu ilə gətirilən pulun bölüşdürülməsində iştirak etməsidir. Halbuki bu da tamamilə istintaq orqanının fərziyəsidir. Çünki iş üzrə təqsirləndirilən şəxslər və yaxud şahidlər İlkin Əmrahovdan hər hansı məbləğdə pul aldıqlarına və yaxud ona pul verdiklərinə dair ifadə verməyiblər, əksinə İlkinin IDI-də təcrübə keçdiyini bildiriblər. Digər tərəfdən, İlkin Əmrahov heç vaxt xarici valyuta dəyişməyib, onun yerli bank hesabına tələbə təqaüdü və özü tərəfindən edilən xırda mədaxillərdən başqa heç bir mədaxil, xüsusilə də xarici valyutada mədaxil olmamışdır”, - o əlavə edib. 

G.İsmayılova vurğulayıb ki, müvəkkilinin evindən tapıldığı iddia olunan pul əsginaslarının üzərindəki barmaq izlərinin yoxlanması üçün tozlandırma prosesi aparılmayıb. 

“Ən əsası isə İlkinin barmaq izlərinin pullar üzərində tapıldığı haqda rəyi verən qurum Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsidir. İstintaqı həyata keçirən qurumun daxilindəki digər qurumun verdiyi rəy mötəbər sübut kimi qəbul edilə bilməz və sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi təkrar daktiloskopik ekspertiza keçirilməsi barədə vəsatət versə də, məhkəmə bu vəsatəti təmin etmədi. Hətta müdafiə tərəfi rəyi vermiş ekspertin şahid qismində də dindirilməsini istəsə də, bu da təmin edilmədi”, - vəkil xatırladıb. 

G.İsmayılova məhkəmədən hər iki müvəkkilinə bəraət verilməsini xahiş edib.

Təqsirləndirilən şəxslərdən “Toplum TV” həmtəsisçisi, media eksperti Ələsgər Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev müdafiə nitqində deyib ki, ittiham tərəfinin buraxdığı “qanun  pozuntlarının miqyası o qədər böyükdür ki, bunu ciddi, kobud qanun pozuntuları kimi xarakterizə etmək azdır.”

“İttihamda əsas problem onun qərəzli və manipulyasiya  xarakterli olmasındadır. Bu onda özünü göstərir ki, maddi hüquq normaları ilə   prosessual hüquq normaları arasında uçurum var.  Əslində bunlar arasında vəhdət olmalıdır. Cinayətin baş verməsi faktı və halları prosessual normalarla əsaslandırmalıdır.  Çox qəribədir ki, ittiham tərəfi cinayətin baş verməsində maddi normalara istinad edir,  ittiham elan edir,  guya baş vermiş  cinayətin faktı və halları barədə bir arqument gətirmir və bu zaman ümumi ifadələrə,  söz kombinasiyalarına, qərəzli mülahizələrə yol verir”, - o qeyd edib. 

F.Mehdiyev müvəkkilinin müəllim və media eksperti kimi maarifləndirmə fəaliyyətindən də danışıb. 

“Ələsgər Məmmədlinin ziyalı kimi,  media sahəsində ekspert kimi dünya səviyyəsində keçirlən yüksək tribunalarda iştirakı böyük hadisədir. Ələsgər Məmmədli kimi şəxslərin qanunsuz həbsi təkcə şəxsi məsələ deyil,  bu həm də ictimai məsələdir. Belə insanların cəmiyyətdən təcrid edilməsi, qanunsuz həbsi cəmiyyətin inkişaf qanunlarına ziddir. Çünki bu cəmiyyətin inkişafını ləngidir və dayandırır”, - o əlavə edib. 

Təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova hüquqi müdafiə qurmaqdan imtina etdiyini bildirib. 

“Azərbaycan məhkəmələrində hüquqi nəticə əldə etmirik, təəssüf ki. Fərid barəsində əvvəlcə həbs qətimkan tədbiri seçilməmişdi. Fərid sərbəst buraxılandan sonra jurnalist fəaliyyətinə davam etdi. Əgər qaçaqmalçılıqdan söhbət getsəydi, bu məhkəmələrdə qaçaqmalçılar ev dustaqlığına buraxılır. Sizin marağınız nə oldu ki, Fəridi ev dustaqlığına buraxmadınız? İndiyə qədər bəraət alacağımızla bağlı gözlənti yoxdur. Məhkəmələr o səviyyəyə çatmalıdır ki, belə gülünc cinayət işi məhkəməyə gəlməməlidir. Adam öldürən şəxslərə 9 il, həyat yoldaşını öldürən hakimə 7  il cəza verilir. Ancaq jurnalist fəaliyyətinə görə Fəridə 13 il cəza tələb edilir? Niyə? “Etirafedici” ifadəyə əsaslanacağıqsa, məhkəmələr nəyə lazımdır? Cinayət işi materiallarında bir sənəd-sübut yoxdur ki, ona qarşı müvəkkili müdafiə edək. Fərid İsmayılov azadlıqda ola-ola müsahibələr alırdı, dostlarını müdafiə edirdi. Bu, istintaqın xoşuna gəlmədi və buna görə cəzalandırıldı”, - vəkil əlavə edib. 

Təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli, “Toplum TV” əməkdaşı Müşfiq Cabbar və IDI əməkdaşı Əli Zeynalın vəkili Rəsul Cəfərov müdafiə nitqində deyib ki, ittihamlar haqqında danışarkən əvvəlcə cinayət işinin konteksinə baxmaq lazımdır. O qeyd edib ki, Azərbaycanda müstəqil qeyri-hökumət təşkilatlarının və media qurumlarının fəaliyyəti üçün ciddi maneələr, o cümlədən jurnalistlərin həbsi, digər formada təqibi, hücumlara məruz qalması kimi hallar davamlı şəkildə müşahidə edilir. 

“2023-cü ilin noyabr ayından etibarən hökumətyönlü mətbuatda ictimai fəallar, vətəndaş cəmiyyəti və media qurumları, o cümlədən həmin qurumların nümayəndələri ilə bağlı qarayaxma xarakterli silsilə məqalələr yazılmağa başlanmışdır. Həmin dövrdə “Abzas Media” resursu əsas hədəf kimi göstərilsə də, “Toplum TV” və “Demokratik Təşəbbüslər İnstitutu” kimi qurumlara və onların fəaliyyətinə də qarayaxma kampaniyalarında yer ayrılmışdır. Ərizəçilərə qarşı bilavasitə cinayət təqibinin başlanmasından qısa müddət öncə və cinayət işinin başlanmasından sonra bu kampaniyalar davam etmiş, hələ rəsmi ittihamlar məlum olmadan və məhkəmə qərarları verilmədən irəli sürüləcək ittihamların “əsaslandırması”na dair “araşdırma”lar, “təhlil”lər yayımlanmışdır. Bu kimi yazılar, o cümlədən hakim partiyadan olan deputatların müsahibələri ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı da davam etmişdir”, - vəkil əlavə edib. 

R.Cəfərov bildirib ki, təqsirləndirilən şəxslər hər hansı cinayət əməlinə görə deyil, sırf tənqidi mövqelərinə və fəaliyyətlərinə görə hədəf alınıblar. 

Vəkil xatırladıb ki, ittihamlar, əsasən, “Toplum TV” və IDI-nin dövlət qeydiyyatı olmadan fəaliyyətləri ilə əlaqədardır. 

“Halbuki, Azərbaycan hökuməti “Ramazanova Qrupu” üzrə işlərlə bağlı Avropa Şurası Nazirlər Kabinetinə ünvanladığı Fəaliyyət Hesabatının 18-ci paraqrafında ölkədə QHT-lərin təşkilinə heç bir maneə olmadığını və dövlət orqanlarının qeydiyyata alınmamış ictimai birliklərlə qeydiyyata alınmış qeyri-kommersiya təşkilatları arasında fərq qoymadığını bildirmişdi”, - o qeyd edib. 

R.Cəfərov ittiham aktının tərtib olunma tərzini də tənqid edib. 

“İstintaq orqanı 9 səhifə uzunluğunda olan bir cümlədən ibarət ittihamla çıxış etmişdir. Üstəlik, ittihamlar iş materiallarında olan hər hansı bir sübutlarla təsdiq edilməyən və sırf müstəntiqlərin fərziyyəsi olan “tamah niyyəti ilə”, “ümumi cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü”, “cinayətlərin törədilməsinin uzun müddət davam edən sistemli planını hazırlamış” kimi şablon ifadələrlə, eyni ifadələrin dəfələrlə təkrarlanması ilə, məzmun olaraq daha da mürəkkəbləşdirilmişdir. Mürəkkəb cümlələrdə heç də az olmayan sintaksis səhvləri bəzən ittihamın mahiyyətini mücərrəd, anlaşılmaz və qarmaqarışıq etmişdir. Bununla, istintaq orqanı irəli sürdüyü ittihamları pərdələməyə, ittihamlara saxta legitimlik verməyə çalışmışdır”, - o vurğulayıb. 

Vəkillərdən Bəhruz Bayramov və Elçin Sadıqov prosesdə iştirak edə bilməyiblər, lakin öncədən müdafiə nitqləri ilə razı olduqlarını məhkəməyə bildiriblər. Bununla da, prosesdə müdafiə çıxışları başa çatıb. 

Növbəti proses iyulun 13-ə təyin olunub. Prosesin təqsirləndirilən şəxslərin son sözlərini deməsi ilə davam edəcəyi gözlənilir. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Özləri ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu

7 İyul 2026

Sosial media

İyulun 6-da Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də prosesə qatılmayıb.  Hakim Samir Nəsibov S.Qasımlıdan xüsusi ittihamçının iştirakı olmadan prosesin keçirilməsinə etirazı olub-olmadığını soruşub.  "Şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına aiddir. Bu barədə suallar da insanın nə hisslər keçirməsiylə bağlı olur. Nümayəndəsi burada iştirak edir, amma o, suallarımıza cavab verə bilməz. Deyə bilməz ki, o adam nə hiss keçirib. İnsanın şərəf və ləyaqətini özündən başqa heç kim müdafiə edə bilməz. Təhqir olunubsa, niyə gəlib özünü müdafiə etmir?", -...
Məhkəmə

700 min manatlıq mənimsəmədə ittiham olunan idarə rəisi 2 min manat cərimələnib

7 İyul 2026

e-huquq.az

İyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Auditorlar Palatasının sabiq vəzifəli şəxslərinin ittiham olunduğu iş üzrə yekun məhkəmə prosesi keçirilib.  APA-nın xəbərinə görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.  Hökmə əsasən, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi olmuş Vəli Rəhimov 2 min manat cərimə olunub.  Həmin idarənin maliyyəçi-mühasibi olmuş Gövhər Əhmədova 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.  Palatanın Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovaya isə 3 il həbs cəzası verilib. Lakin onun hamilə olduğu nəzərə alınıb və doğulacaq övladı 14 yaşına çatanadək barəsindəki hökmün icrası təxirə...

Seçilmiş Videolar

Toplum TV loqo