Məhkəmə

"Toplum TV işi"ndə vəkil: "Hökmün ədalətli olacağına ümid bəsləmək ifrat sadəlövlük olardı"

30 İyun, 2026
26

Toplum TV

İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə müdafiə nitqlərinə start verilib. İlk olaraq təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanovun vəkili Fuad Ağayev çıxış edib. 

F.Ağayev çıxışının əvvəlində bildirib ki, məhkəmənin ədalətli hökm verəcəyindən şübhə edir. 

“Məhkəmə baxışı zamanı tərəflərin çəkişməsi və hüquq bərabərliyi prinsipləri dəfələrlə və kobud şəkildə ittiham tərəfinin xeyrinə pozulub. Müdafiə tərəfinin məhkəmə tərkibinin qanunsuz qərar və hərəkətlərinə qarşı verdiyi etirazlara bir çox hallarda əhəmiyyət verilməyib, həmin etirazlar faktiki olaraq baxılmamış saxlanılıb. Nəhayət, məhkəmə-daktiloskopik ekspertiza rəyləri ilə bağlı verdiyimiz, təkzibedilməz dəlillərlə əsaslandırılmış vəsatət tamamilə qanunsuz şəkildə rədd edildikdən sonra hakimlərə etiraz etmək hüququmun belə tanınmaması müdafiə tərəfinin prosessual hüquqlarına münasibətin pik həddinə çevrildi”, - o qeyd edib. 

Vəkil əlavə edib ki, məhkəmə istintaqının “tələm-tələsik yekunlaşdırılması, iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutların araşdırılmaması, habelə bir sıra məhkəmə ekspertizası rəylərinin məhkəmə iclasında tədqiq edilməsindən imtina edilməsi müdafiənin mövqeyinin hərtərəfli və obyektiv araşdırılması üçün real imkan yaradılmadığını” göstərir. 

“Belə şəraitdə çıxarılacaq hökmün qanuni, əsaslandırılmış və ədalətli olacağına ümid bəsləmək ifrat sadəlövhlükdən başqa bir şey olmazdı”, - o bildirib. 

F.Ağayev ardınca istintaq hərəkətlərinin qanunsuz aparıldığını və saxta protokollar hazırlandığını vurğulayıb. 

“Protokollardan birinə əsasən, Bakıxanov küçəsindəki ofisdəki otağın şkafından, siyirmənin içindən əməliyyatçılar selofana bükülü bir şey, sonra isə onun içindən Akif Qurbanov və ofisdəki başqa adamlara aidiyyəti olmayan 31 min avro məbləğində valyuta çıxarıblar. Bu “baxış”, protokola əsasən, saat 12:50-dən 14:20-yə qədər davam edib. Daha bir maraqlı cəhət ondadır ki, bu protokolda nə hansısa məhkəmə qərarına, nə də polis idarəsi rəisinin qərarına istinad var. Başlıcası isə, pul vəsaiti, başqa sənəd və materialın götürülməsinə dair heç bir qeyd də yoxdur”, - o deyib. 

İttiham aktını hüquqi təhlil edən vəkil bildirib ki, ittihamlar təqsirləndirilən şəxslərin qeydiyyatdan keçməmiş media və qeyri-hökumət qurumları vasitəsilə xaricdən qrant alması barədə iddialar üzərində qurulub. Lakin o xatırladıb ki, həm Avropa İnsan Hüquqları Məhkəməsi, həm Azərbaycanın Ali Məhkəməsi bu cür işlərdə cinayət əməlinin olmadığı barədə qərarlar verib. 

“Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin “Rəsul Cəfərov Azərbaycana qarşı” işindən gedir. Həmin işdə insan hüquqları müdafiəçisi məhz qeydiyyatsız QHT idarə etməsinə və aldığı qrantları qeydiyyatdan keçirməməsinə görə qanunsuz sahibkarlıq və vergidən yayınmada ittiham olunmuşdu. Məhkəmə birmənalı qənaətə gəldi ki, bu, əsaslı şübhə üçün kifayət deyil, çünki nə qeydiyyatsız QHT fəaliyyəti, nə də qrantların qeydiyyatdan keçirilməməsi qanunla cinayət sayılır. Hökumət belə bir əməli cinayət sayan hər hansı norma göstərə bilmədi. Nəticədə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi pozulmuş hesab edildi. Daha da əhəmiyyətlisi, məhkəmə 18-ci maddənin də pozulduğunu, yəni təqibin əsl məqsədinin şəxsi vətəndaş cəmiyyəti və hüquq müdafiə fəaliyyətinə görə cəzalandırmaq olduğunu müəyyən etdi. Burada vəziyyət “a fortiori”, yəni daha güclü əsasla müdafiənin xeyrinədir: ittihamın qrant adlandırdığı əsas ödənişlər sənədləşdirilmiş xidmət müqavilələri əsasında əldə edilib”, - o söyləyib. 

F.Ağayev daha sonra müvəkkilinə qarşı irəli sürülən maddələrə bir-bir cavab verib. O, Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) maddəsi ilə bağlı deyib ki, A.Qurbanov hansısa malı dövlət gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməyib. 

“Buna əmin olmaq üçün təkcə Akif Qurbanova verilmiş rekord sayda sözdən ibarət ittiham formulasına diqqət yetirmək kifayətdir – orada nə “gömrük məntəqəsi”, nə də “bəyannamə” sözləri var. Yəni, əslində Akif Qurbanova 206-cı maddə ilə nəzərdə tutulmuş əməli törətməsinə görə ittiham verilməyib, yalnız iki yerdə məcəllənin dispozisiyası təkrarlanıb. Əslində gömrük məntəqəsinin adı belə yoxdursa, qaçaqmalçılıqdan danışmaq mümkünsüzdür. Akif Qurbanovun xarici səfərlərdə olmasını qaçaqmalçılığın sübutu kimi təqdim etmək absurddur”, - o qeyd edib. 

192.3.2-ci (xüsusilə külli miqdarda gəlirlə qanunsuz sahibkarlıq) maddəyə toxunan vəkil “Toplum TV” də daxil olmaqla ittiham aktında adı keçən qurumların sahibkarlıq fəaliyyətinin olmadığını bildirib. 

“Bu qurumların heç birinin mənfəət əldə etmək məqsədi olmayıb – bu fakt özü-özlüyündə 192-ci maddə üzrə ittihamı alt-üst edir, çünki mənfəət məqsədi olmayan təşkilatın fəaliyyəti sahibkarlıq adlandırıla bilməz. İkinci məqam isə ondan ibarətdir ki, Demokratik Təşəbbüslər İnstitutu uzun müddət Azərbaycanda qərəzli şəkildə dövlət qeydiyyatına alınmadığından Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin 20 may 2021-ci il tarixli qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin (Yığıncaqlar və birləşmək azadlığı) pozulması müəyyən olunmuşdur. Buna baxmayaraq, həmin təşkilat yenə də qərəzli olaraq dövlət qeydiyyatına alınmayıb”, - o əlavə edib. 

F.Ağayev təqsirləndirilən şəxslərə “mütəşəkkil dəstə” ittihamının verilməsinə də etiraz edib. 

“Bu, kollektiv məsuliyyət tətbiq etmək və hər bir təqsirləndirilən şəxs üçün hər bir konkret ittiham üzrə fərdi cinayətkar niyyəti sübut etmək yükündən yayınmaq üçün istifadə edilən bir taktikadır. Məsələn, bir jurnalistə qarşı "qanunsuz sahibkarlıq" ittihamını sübut etmək, onun məhz bu cinayətdə iştirak etmək niyyətində olduğunu göstərməyi tələb edir. Bu çətindir, çünki jurnalistin rolu məqalə yazmaqdır, təşkilatı idarə etmək deyil. Bütün təşkilatı "mütəşəkkil dəstə" adlandırmaqla, ittiham tərəfi iddia edir ki, qrupun fəaliyyətində iştirak etmək onun bütün iddia edilən cinayətlərində şərik olmaq deməkdir. Bu, fərdi cinayət məsuliyyətinin fundamental prinsipini pozan yanlış və qeyri-hüquqi yoldur”, - o qeyd edib. 

F.Ağayev çıxışının yekununda məhkəmədən müvəkkilinə bütün maddələr üzrə bəraət çıxarılmasını istəyib. 

Növbəti məhkəmə prosesi iyulun 6-a təyin olunub. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

AXCP İmişli rayon şöbəsinin fəalına 2 il həbs cəzası verildi

30 İyun 2026

Toplum TV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirli 2 il müddətinə azadlıqdan məhrum edilib. Partiyanın yaydığı məlumata görə, Qarabağ müharibəsi iştirakçısı olan V.Qədirli barəsində qərar iyunun 30-da İmişli Rayon Məhkəməsi tərəfindən çıxarılıb. Vüqar Qədirli ötən il dekabrın 12-də saxlanılıb və İmişli rayonunda işlədiyi kafedə, sonra isə evində polis və mülki geyimli şəxslər tərəfindən axtarış aparılıb. Dekabrın 13-də isə onun barəsində qanunsuz silah saxlama ittihamı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü həbsdədir. Ə.Kərimli və həbsdə olan digər AXCP üzvləri ittihamları qəbul etmirlər, siyasi fəaliyyətlərinə görə hakimiyyət tərəfindən cəzalandırıldıqlarını deyirlər....
Məhkəmə

Zabil Qəhrəmanovun ittiham olunduğu iş məhkəməyə göndərilib 

26 İyun 2026

Sosial media

Həbsdə olan vəkil Zabil Qəhrəmanovun ittiham olunduğu cinayət işi baxılması üçün məhkəməyə göndərilib.  APA-nın xəbərinə görə, iş Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin icraatına verilib. Zabil Qəhrəmanov ötən ilin oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb. Sonradan ona qarşı əlavə ittihamlar irəli sürülüb.  Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla...

Seçilmiş Videolar

Toplum TV loqo