Araşdırma

“Tribunat”: Ərəb turistlərin Şəhidlər Xiyabanındakı hərəkətlərində cinayət tərkibi yoxdur

19 Sentyabr, 2025
239

Foto: oxu.az

Şəhidlər Xiyabanında təhqiredici video çəkdiyi deyilən üç ərəb turist həbs olunub. Yerli medianın yazdığına görə, avqustun 18-də Səbail Rayon Məhkəməsində onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sosial şəbəkələrdə yayılan videoda turistlərin Şəhidlər Xiyabanında məzarlara baxaraq güldüyü və müxtəlif hərəkətlər etdiyi müşahidə olunur. 

Video paylaşıldıqdan sonra sosial şəbəkələrin Azərbaycan seqmentində tənqidlərə səbəb olub. Turistlərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) qəbir üzərində təhqiredici hərəkət maddəsi ilə cinayət məsulliyyətinə cəlb edildiyi bildirilir.

“Tribunat” mövzunu araşdırıb və videodakı hərəkətləri cinayət qanunvericiliyi kontekstində analiz edib:

Videodan görünür ki, əcnəbi şəxslərdən biri hoppanır, telefonda şəhid fotosu göstərir, məzara baxıb ərəb dilində danışır, gülür, qəribə formada yeriyir, əsgər salamı verir və təkrar gülür. Digər iki turistdən biri video çəkiliş aparır, digərinin isə nə etdiyi videoda görünmür.

CM-nin 14-cü maddəsinə əsasən, cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni, törədilən əməlin cinayət hesab edilməsi üçün həmin əməl Məcəllədə qadağan edilməli və konkret göstərilməlidir.

CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. 

Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. 

Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Plenum bildirir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlib. 

Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

Konstitusiya Məhkəməsi Plenumunun digər bir – CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli Qərarında isə vurğulanır ki, cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.

CM-nin 245-ci maddəsi qəbir və ya meyit üzərində təhqiredici hərəkət adlanır. Məcəllə “təhqiredici” hərəkətlərin məzmununu və əhatə dairəsini aydınlaşdırmır. Normanın rəsmi şərhi yoxdur və subyektiv kommentariyalara açıqdır.

Hüquq elmləri doktoru, professor Firudin Səməndərovun redaktorluğu ilə dərc edilmiş  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyasında qəbir üzərində təhqiredici hərəkətlər dedikdə, “meyitin dəfn edilməsinin xalq arasında ümumi qəbul edilmiş qaydalarını, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozan, qəbirlərin dağıdılması, zədələnərək korlanması, qəbir daşlarının üzərində əxlaqsız söz və ifadələr yazılması, şəkillər, işarələr çəkilməsi və s. bu kimi mənəviyyatsız, rüsvayedici hərəkətlərin törədilməsinin başa düşüldüyü” qeyd edilir. 

Belə hərəkətlərə qəbirin qazılması, meyitin oradan çıxarılması, qanunsuz olaraq meyitin orqan və toxumalarının götürülməsi, meyitin ayrı-ayrı hissələrə parçalanması və ya onun dərisi üzərində müxtəlif işarələr çəkilməsi və s. aid edilir. 

Qəbir üzərində təhqiredici hərəkətlər elə hərəkətlərdir ki, bu hərəkətlər mərhumun yaxınlarına və cəmiyyətə emosional təsirindən asılı olmayaraq cinayət əməli hesab edilir. Qəbir üzərində təhqiredici hərəkətlər videoya çəkilib ictimai şəkildə paylaşılmasa da, cinayət əməli hesab olunur.

Azərbaycanla qonşu və vaxtilə eyni hüquqi məkanı bölüşmüş bir sıra ölkələrin cinayət qanunvericiliyində oxşar əməl daha konkret tənzimlənir. Məsələn, Ukrayna Cinayət Məcəlləsinin 297-ci maddəsi (“Vandalizing a grave”) qəbir üzərində təhqiredici hərəkətlərə qəbri və ya hər hansı digər dəfn yerini, meyiti və ya tabutu dağıtma, habelə məzardan və ya meyitdən olan əşyaları oğurlama kimi anlayış verir. 

Gürcüstan Cinayət Məcəlləsinin 258-ci maddəsi (“Mərhuma hörmətsizlik”) isə meyitin və ya qəbrin murdarlanmasını, qəbir abidəsinə və ya qəbirüstü digər qurğulara zərər verilməsini, qəbirdən və ya onun üzərindən əşyanın qanunsuz olaraq götürülməsini cinayət əməli hesab edir.

Türkiyə Cinayət Məcəlləsinin 153-cü maddəsi (“İbadətgahlara və qəbristanlıqlara zərər vurma”) isə ibadətgahları, onlara aid əlavə tikintiləri, oralardakı əşyanı, qəbirləri, onların üzərindəki qurğuları, qəbristanlıqdakı və qəbristanlıqların qorunması məqsədilə düzəldilən obyektləri sökməyi, dəyişdirməyi və ya qırmaqla zərər verməni kriminal əməl hesab edir.

“Elektron məhkəmə” informasiya sistemində CM-nin 245-ci maddəsi ilə bağlı anonimləşdirilmiş hökmlərin analizi belə deməyə əsas verir ki, məhkəmələr təhqiredici hərəkətlər dedikdə, qəbri və onun üzərindəki əşyaları dağıtmağı, qəbir üzərində uyğunsuz yazılar yazmağı qəbir üzərində təhqiredici hərəkətlər hesab edir. 

Məsələn, Bakı şəhəri Sabunçi Rayon Məhkəməsinin 1(008)-849/2023 saylı, 24.11.2023-cü il tarixli ittiham hökmündə təqsirləndirilən şəxsin bir neçə qəbir daşını sındırması CM-nin 245-ci maddəsi ilə tövsif edilib və təqsirləndirilən şəxs CM-in 245-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Həmin məhkəmənin 1(008)-119/2021 saylı, 28.04.2021-cü il tarixli digər ittiham hökmündə isə təqsirləndirilən şəxsin əsəbləşərək qəbir üzərində qırmızı markerlə uyğunsuz ifadələr yazması qəbir üzərində təhqiredici hərəkətlər hesab edilib və təqsirləndirilən şəxs yenə 245-ci maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-45/2023 saylı, 15.03.2023-cü il tarixli ittiham hökmü ilə isə CM-nin 245-ci maddəsi ilə təqsirli bilinən təqsirləndirilən şəxs əvvəlcə qəbir üzərindəki gül qablarını təpiklə aşırdıb və daha sonra ətrafda digər şəxslər olduğundan oradan gedib, ancaq axşam vaxtı geri qayıdaraq qəbir daşını sındırıb. 

Təqsirləndirilən şəxs CM-nin 245-ci maddəsi ilə təqsirli bilinib və ona həmin maddə ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilib.

Beləliklə, həm Azərbaycan CM-nin Kommentasiyası, həm də istinad edilən məhkəmə təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, turistlərin hərəkətləri təhqiredici hərəkətlər sayıla bilməz. Qəbristanlıqda əylənmək, gülmək, qəribə şəkildə yerimək “qəbir və ya meyit üzərində təhqiredici hərəkətlər” hesab edilə bilməz. Bunun əksi normada nəzərdə tutulan təhqiredici hərəkətlərin dairəsini həddən artıq genişləndirir ki, bu da qeyri-müəyyən hüquqi vəziyyətə gətirib çıxara bilər. 

Digər tərəfdən, cinayətin törədildiyi yer qəbir olmalıdır. İddia edilən qanunsuz hərəkətlər isə konkret qəbir üzərində deyil, qəbiristanlıq (Şəhidlər Xiyabanı) ərazisində edilib. 

Həmçinin CM-min 245-ci maddəsi birbaşa qəsdlə törədilən cinayətdir. Rəsmi versiya nəzəri baxımdan doğru hesab edilsə belə, ərəb turistləri qəbir üzərində təhqiredici hərəkət kimi yozulan hərəkətləri arzu edərək etmirlər, yəni, onların qəbirləri təhqir etmək arzusu yoxdur, hər halda videogörüntülərdən bunun əksi görünmür.

Bundan başqa, təhqiredici hərəkətlərdə həmişə başqasının (indiki halda qəbirin) şərəf və ləyaqətini nalayiq formada alçaltma niyyəti olur (bu kontekstdə cinayətin motivi). 

Burada isə belə niyyətin olduğunu da görmək mümkün deyil.

Eləcə də, ərəb turistlərin iddia edilən qanunsuz əməlləri Şəhidlər Xiyabanında törədildiyindən həmin əməl CM-nin 245-ci maddəsi ilə də tövsif edilə bilməz. 

Şəhidlər Xiyabanı mədəniyyət və tarixi abidələrindən hesab edilir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna əsasən, cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr — xalqın maddi, mənəvi, ideoloji, sənətkarlıq və təsərrüfat həyatını özündə əks etdirən qurmalar və əmək alətləri, əşyalar, epiqrafik abidələr — üzərində yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələri tarixi abidlər hesab edilir (2-ci maddənin c) bəndi). 

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən Şəhidlər Xiyabanı tarix və mədəniyyət abidələri siyahısında yer alır.

CM-nnin 245-ci maddəsinin şərhində bildirilir ki, təhqiredici hərəkətlər qanuna görə tarixi-mədəniyyət əhəmiyyətli obyekt hesab edilən qəbir üzərində edilmişdirsə, əməl CM-nin 246-cı maddəsi ilə tövsif edilməlidir. 

“Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama ” adlanan 246-cı maddənin dispozisiyasında nəzərdə tutulmuş “məhv etmə” və “korlama” anlayışları Cinayət Məcəlləsinin qeyri-rəsmi Kommentariyasında belə izah edirlir: Məhv etmə dedikdə, qeyd olunan obyektləri dağıtma, yandırma, partlatma və ya digər mexaniki təsir üsulu ilə öz dəyərini həmişəlik itirən və bundan sonra təyinatı üzrə istifadə edilməsi mümkün olmayan tam yararsız vəziyyətə salınması bașa düşülür. 

KorIama dedikdə isə, dövlət tərəfindən mühafizə edilən adları çəkilən obyektlərin bütövlüyünün, yaxud digər xüsusiyyətlərinin qismən itirilməsinə səbəb olan, onların bərpa edilmədən təyinatı üzrə istifadə edilməsi qeyri-mümkün olan vəziyyətə salınması bașa düşülür. 
Qeyd olunan obyektlərin korlanma dərəcəsi mütəxəssis olmayan şəxslərə da aşkar əziyyətdə olmalıdır. Tarix və mədəniyyət abidələri üzərində çətin silinən yazılar yazma, şəkillər çəkmə və ya rəngləmə və s. bu kimi hərəkətlər CM-nin 246-ci maddəsinin nəzərdə tutduğu mənada onları korlama hesab edilmir.

Təqsirləndirilən ərəb turistlərin sosial şəbəkədə yayılmış videodakı görüntülərə əsasən onlar Şəhidlər Xiyabanında heç bir obyektə toxunmurlar. Bu isə o deməkdir ki, həmin şəxslərin əməllərində CM-nin 246-cı maddəsinin də tərkib əlamətləri yoxdur. Yəni, həbs edilmiş turistlərin hərəkətlərində tarixi-mədəni abidə hesab edilən və dövlət tərəfindən mühafizə olunan Şəhidlər Xiyabanında qəbirləri məhv etmə və ya korlama əməli yoxdur.

“Tribunat” bu qənaətə gəlir ki, ərəb turistlərin Şəhidlər Xiyabanındakı hərəkətlərində cinayət tərkibi yoxdur. Həmin şəxslər CM-nin 245-ci maddəsi ilə təqsirli bilinə bilməz və onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi turistlərin azadlıq hüququnun pozuntusu hesab edilməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Araşdırma

“Abzas Media” jurnalistlərinin Lənkərana köçürülməsi qanunauyğundurmu?

3 Oktyabr 2025

Foto: Toplum TV

"Abzas Media"nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüblər. “Tribunat” hüquq platforması bu köçürülmənin qanunauyğunluğunu araşdırıb. Cəzaların İcrası Məcəlləsinin (CİM) 65-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər. Bu standart qaydadan kənarlaşmalar aşağıdakı hallarda mümkündür: 1. Sağlamlıq vəziyyətinə görə; 2. Şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə; 3. Digər müstəsna hallara görə. Bu halda məhkum cəzasını çəkmək üçün başqa ərazidə yerləşən cəzaçəkmə müəssisələrinə göndərilə bilər. Digər tənzimləmə isə məhkumların yaşadıqları yerdən asılı olmayaraq, müvafiq cəzaçəkmə müəssisələrinə...
Araşdırma

Yaradıcı birliklərin üzvü, sərt hökmlər çıxaran, pensiya davası edən hakim - Ənvər Seyidov

6 Avqust 2025

Foto: açıq mənbə

“De mortuis aut bene aut nihil”.  Latın dilində olan bu ifadə “Ölülər haqqında ya yaxşı danışmalısan, ya da heç nə" kimi tərcümə edilir.  Lakin hakimlik fəaliyyəti elədir ki, hətta şəxsin ölümündən sonra belə ictimai müzakirələrə açıqdır. 41 il hakim kimi çalışmış Ənvər Seyidov avqustun 2-də vəfat edib.  O, Bakı Ağır Cinayət Məhkəməsindəki hakimlik dövründə bir neçə siyasi işdə verdiyi qərarları ilə müzakirə olunmuşdu. Seyidov hakimlikdən başqa ictimai və yaradıcı fəaliyyətlə də məşğul idi.  1997-ci ildən “Əsilzadələr Məclisi” adlı qurumun, “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvü olan Ənvər Seyidov bir sıra bədii əsərlər yazmış, kinomotaqrafiyaya töhfələr vermiş, beynəlxalq mükafatlara layiq...

Seçilmiş Videolar

Toplum TV loqo