Araşdırma

Xaricdəki tənqidçilərə qarşı kütləvi təqib: Dövlət əleyhinə çağırışlar, yoxsa ifadə azadlığına görə cəzalandırma?

3 Dekabr, 2025
163

Foto/kollaj: Toplum TV

Bu ilin noyabrında xaricdə yaşayan bir neçə bloger, jurnalist və ictimai xadim Baş Prokurorluğa çağırılıblar. Onların arasında jurnalist Sevinc Osmanqızı, siyasətçi Abid Qafarov, ictimai fəal Vaqif Allahverdiyev, siyasi icmalçı Beydulla Manafov, Murad Quliyev, tarixçi Altay Göyüşov, politoloq Ərəstun Oruclu, bloger Manaf Cəlilzadə var. Adıçəkilən şəxsləri birləşdirən ortaq cəhət onların Cinayət Məcəlləsinin (CM) 281-ci maddəsi ilə (dövlət əleyhinə yönələn açıq çağırışlar) təqsirli bilinmələridir.

“Tribunat” hüquq platforması CM-in 281-ci maddəsini, adıçəkilən şəxslərin ittiham olunmasının qanunauyğunluğunu və ittihamların ifadə azadlığı ilə qarşılıqlı əlaqəsini araşdırıb.

CM-in 281-ci maddəsi hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma hərəkətlərinin cəzalandırılmasına yönəlib.

Məcəllənin Kommentariyasına əsasən, çağırışlar dedikdə insanların iradəsinə təsir edərək onları bu maddədə göstərilən əməllərin törədilməsinə cəlb etməyə yönələn fəal hərəkətlər başa düşülməlidir.

Sadalanan ittihamlar xaricdə yaşayan tənqidçilərə qarşı başlanılmış qiyabi icraat prosedurlarının məntiqi davamı kimi şərh edilməlidir (qiyabi icraat haqqında daha ətraflı burada oxuya bilərsiniz). Bu cür tənqidçilərə qarşı rəsmilər tərəfindən də dəstəklənən təqib artıq bəzi şəxslər barəsində məhkəmə icraatının başlanılmasıqiyabi hökmün oxunulması ilə nəticələnib.

Adıçəkilən şəxslər müxtəlif internet resurslarında, əsasən “YouTube” platformasında ya müəllif kimi (məsələn, Sevinc Osmanqızı), yaxud ekspert qismində ictimai-siyasi gündəmi əhatə edən məsələlərin müzakirəsini təşkil edərək iştirak edirlər. Açıq mənbələrdən əldə olunmuş məlumatlar onlara irəli sürülən ittihamın əsasını təşkil edən məzmunları araşdırmaq imkanı verir.

Məsələn, politoloq Ərəstun Oruclunun təqsirləndirildiyi epizodlardan biri “Ərəstun Oruclunun kanalı” “YouTube” kanalında 4 yanvar 2023-cü ildə yayımlanan “Arxada qalan il bizə nələri öyrətdi” adlı videorolikə aiddir. Burada mövzu 2022-ci ilə aid gündəmdə olan ictimai-siyasi hadisələrin, əsasən də “Tərtər işi/hadisələri” adı ilə tanınan və 2017-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunan hərbçilərə kütləvi işgəncə verilməsi və qətlə yetirilməsi hallarını ehtiva edən cinayət işinin müzakirəsini əhatə edir. Ə. Oruclu bildirir ki, qurbanlara münasibətdə ədalətin bərqərar olunması üçün “mübarizə aparmaq və sosial medialardan düzgün istifadə etmək lazımdır”.

Daha sonra o, xarici siyasət mövzularından danışarkən hazırkı hökuməti “milli maraqların müdafiə edilməsində maraqlı olmamaqda”, “xalqın və ölkənin resursları və sərvətlərini talamaqda” ittiham edir. Yekunda Oruclu videoroliki izləyənləri “haqsızlıqları və eybəcərlikləri törədənləri ifşa etməyə” səsləyir.

Sevinc Osmanqızına aid olan epizodlardan biri “OSMANQIZI TV” kanalında 25 iyul 2020-ci ildə yayımlanan “Hansı ağılla 5 min erməninin qabağına 50 azərbaycanlı çıxarır konsulluq?” adlı videorolikə aiddir. Müəllif 2020-ci ilin iyul ayında Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında erməni və azərbaycanlılar arasında iğtişaşları şərh edir. O, baş verənlər fonunda etnik azərbaycanlı olan şəxslərin həyatı və təhlükəsizliyinə yaranmış təhlükənin səbəbkarı kimi Azərbaycan konsulluğunu ittiham edir, onların lazımi müdafiəsinin təşkil edilmədiyini bildirir.

Bloger Abid Qafarovun təqsirləndirildiyi epizodlardan biri kimi Londonda mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədovun sahibi və aparıcısı olduğu “AzerFreedom TV” “YouTube” kanalında iştirak etdiyi və 29 aprel 2024-cü ildə yayımlanan “Abid Qafarov: Belə dövlət olar? 28.4.24” adlı videorolik göstərilir. Qafarov, Məmmədov və digər üç şəxslə birlikdə “Tərtər hadisələri”nə dair gündəm mövzularını müzakirə edir, dövlət qurumları tərəfindən aparılan təhqiqatı və ümumi göstərilən reaksiya və münasibəti tənqid edirlər.

Spesifik olaraq, A. Qafarov müəllifi olduğu, Tərtər dəhşətlərinə həsr olunmuş “Andaluniya” adlı romanı barədə danışır. Daha sonra o, ictimaiyyəti hərbçilərə qarşı kütləvi işgəncə faktlarına reaksiya verməməkdə qınayır. Yekunda Qafarov kitabın nəşri və yayılması istiqamətində qarşılaşdığı məhdudiyyət və əngəlləri şərh edərək dövlət qurumlarına xitabən “narkotik satanları yox, fahişə satanları yox, məhz kitab satanları təqib edirsiniz, belə dövlət olar?” - deyir.

Mediada yayılan məlumatlardan təqsirləndirilən şəxslərin CM-in 281-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hansına yol verdiyi məlum olmur. İttihamı əsaslandıran epizodları nəzərdən keçirdikdən sonra, CM-i və Kommentariyanı əsas götürərək qeyd olunan epizodların cinayət tərkibi yaratmasına dair əsaslı şübhələr ifadə etmək mümkündür. Şərti olaraq, bir neçə xarakterik elementi ayıraq:

            •          Dövlət əleyhinə açıq çağırışlar;

            •          Bu cür məzmunun yayılması;

            •          İnsanların iradəsinə təsir etməsi;

            •          Bu cür əməllərin törədilməsinə cəlb etməyə yönələn fəal hərəkətlər.

Bu isə o deməkdir ki, təqsirləndirilən şəxslərin ifadələri dövlətin mövcud konstitusion quruluşuna zidd olacaq hərəkətləri (təxribat, diversiya, sabotaj, iğtişaşlar və s.) açıq şəkildə səsləndirməli, buna sövq etməli və onları izləyəcək şəxslərin iradəsinə əhəmiyyətli şəkildə təsir etməlidir. Maddənin dispozisiyasında qeyd edilən açıq çağırışlar isə bu ifadələrin kontekstual deyil, məhz fəal hərəkətlərin icrasına sövq edən təlimatların mövcudluğunu şərtləndirir. Qeyd edilən epizodları nəzərdən keçirdikdə belə təəssürat yaranır ki, hüquq-mühafizə orqanları cinayət təqibini, cinayət tərkibini təşkil edən hərəkətlərin deyil, ictimai-siyasi əhəmiyyətli mövzuların şərh və müzakirə edilməsini cəzalandırmaq üçün istifadə edir.

Azərbaycanda istintaq orqanlarının CM-in 281-ci maddəsini sui-istifadə etməsinə dair geniş tarixçə mövcuddur. Sülh və Demokratiya İnstitutunun bu ilin oktyabr ayı üçün hazırladığı siyasi məhbus siyahısında dövlət əleyhinə açıq çağırışlarla məhkum olunan 11 şəxsin adı keçir. Bu siyahıda partiya funksionerlərinin, etnik azlıq aktivistlərinin, bloger və sosial media istifadəçilərinin, mühacirlərin adlarını görmək mümkündür.

Bəs yerli məhkəmələr bu cür “açıq çağırışlar”ı necə təyin edir?

Media monitorinqi və Ali Məhkəmə qərarlarından sezmək olur ki, bu kontekstdə də problematik məqamlar mövcuddur. Məsələn, Gəncə şəhərinin sabiq icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdini şərh edən jurnalist Anar Məmmədova qarşı cinayət işində hüquq-mühafizə orqanları və məhkəmə üçün “açıq çağırışlar”ı sübut edən faktlardan biri keçmiş polis işçisi olmaqla üç qadının Məmmədovun yazılarından “həyəcanlanmaları” olub. Təqsirləndirilən şəxs və vəkilinin şahidlərin məhkəmədə iştirak etməməsi və işin siyasi motivli olmasına dair şikayətlərinə baxmayaraq, A. Məmmədova 18 mart 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Digər bir nümunə mühacirətdə tənqidçi bloger kimi fəaliyyət göstərən Elvin İsayevlə bağlıdır. Dövlət əleyhinə açıq çağırışlar ittihamı ilə barəsində Baş Prokurorluq tərəfindən başlanılmış cinayət icraatı çərçivəsində İsayev 12 dekabr 2019-cu ildə Ukraynadan Azərbaycana deportasiya edilib.

Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar o, dekabrın 14-də Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Deportasiya üçün səbəb İsayevin Ukraynanın miqrasiya qanunvericiliyini pozması göstərilib. Xəbərlərə əsasən, ittihamın əsasını İsayevin “Bütlər aşacaq”, “Xaricdə yaşayanlar nə vaxta qədər susacaq” başlıqlı çıxışları təşkil edib. Nəticədə, E. İsayev barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 31 oktyabr 2020-ci ildə 8 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Yuxarıda deyilənləri nəzərə alaraq, bu kontekstdəki çıxışların “dövlət əleyhinə açıq çağırışlar” kimi tövsif edilməsi əsaslı suallar yaradır.

Ali Məhkəmənin Cinayət Kollegiyasının 07.12.2021-ci il tarixli 1(102)-1792/2021 nömrəli, 22.02.2022-ci il tarixli 1(102)-4/2022 nömrəli 22.08.2023-cü il tarixli 1(102)-1340/2023 nömrəli qərarlarından da müşahidə etmək olar ki, hüquq-mühafizə orqanları dövlət əleyhinə açıq çağırışların sübutu kimi təqsirləndirilən şəxs və şahid ifadələrini və dilçilik ekspertiza rəylərini əsas götürür. Təqsirləndirilən şəxslərin ittihamlara dair vurğuladığı problematik məqamlar, onların qeyri-insani rəftarla özlərinə qarşı ifadə verməyə məcbur edilməsi, cinayət tərkibini təşkil edən ifadələrin mövzuya dair mövcud vəziyyəti təsvir etməsi və zorakılığa təşviq etməməsi, ekspertiza rəylərinin əsassız, natamam və təkrarlanan olması, ilk iki instansiya məhkəmələrinin sübutları obyektiv qiymətləndirməməsi Ali Məhkəmə tərəfindən şərh edilməyib.

Qeyd edilən məqamlar isə cinayət icraatında məhkəmənin və hüquq-mühafizə orqanlarının sübutetməyə dair öhdəlikləri ilə ziddiyyət təşkil edir. Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

“Kifayət etməsi” dedikdə, Məcəlləyə əsasən, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Yuxarıdakı nümunələrdə qeyd edilən problematik məqamlar təqsirləndirilən şəxslərin cinayət tərkibini təşkil edən hərəkətləri həyata keçirdiyinə dair mötəbər və yekun qənaətə gəlməyə əsas vermir.

Bu ittihamın tənqidçilərə qarşı sui-istifadə olunması Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə mühafizə olunan fikir və ifadə azadlığını pozmuş olur. Konvensiyaya əsasən, “hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir”. Konvensiya bu hüququ mütləq yox, nisbi hüquq kimi tanıyır; bu azadlıqların həyata keçirilməsi bir sıra hallarda qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

“Qanunla nəzərdə tutulmuş” standartı yalnız hansısa məhdudiyyətin qanunvericilikdə qeyd olunmasını deyil, o cümlədən uyğun səciyyəvi elementləri, ən əsası qanunun keyfiyyətini də ehtiva edir. Məhkəmənin praktikasına əsasən, xüsusi olaraq ifadə azadlığını sanksiyalaşdıra bilən cinayət icraatında qanunvericilik Hökumət üçün cəzalandırıla bilən hərəkətlərin siyahısının geniş olmasının və selektiv istifadə edilərək sui-istifadəyə məruz qalmasının qarşısını almalıdır (Savva Terentyev Rusiyaya qarşı, §85).

10-cu maddənin mühafizə etdiyi fikir və ifadə azadlığının əsas məqsədlərindən biri də Məhkəmənin “ictimai gözətçi” kimi təfsir etdiyi vətəndaş cəmiyyəti subyektlərinin (media, QHT-lər, aktivistlər və b.) maraq və mənafelərinin qorunmasıdır (Taner Kılıç Türkiyəyə qarşı (№2), §147). Bu cür “media” azadlığı nəzərdən keçirildiyi halda Hökumətin mülahizə sərbəstliyi daha dar çərçivədə şərh edilməlidir (Stoll İsveçrəyə qarşı, §85). Məlumat və fikirlərini bölüşməkdə şəxslər seçim azadlığına malik olmalıdırlar. Məhkəmə qeyd edir ki, şəxslərin hansı informasiyanı necə və nə cür bölüşməsini təyin etməsi nə AİHM-in, nə də yerli məhkəmənin müdaxilə edəcəyi iş olmalıdır (Yersild Danimarkaya qarşı, §31).

Yeri gəlmişkən, bu vaxta qədər Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi 22 işdə Hökumətin fiziki və hüquqi şəxslərin Konvensiyanın 10-cu maddəsi ilə qorunan hüquqlarını pozduğuna dair qərar verilib.

Beləliklə, dövlət əleyhinə açıq çağırışlar ittihamını geniş və ixtiyari şəkildə tətbiq edən hüquq-mühafizə orqanları müvafiq şəxslərin fikir və ifadə azadlıqlarını əsassız şəkildə məhdudlaşdırmış olurlar. Nümunələrdən də görmək mümkündür ki, bu ittihamlar cinayət qanunvericiliyi ilə müdafiə edilən ictimai dəyərlərin qorunması üçün deyil, həssas mövzularda məlumat və fikir ifadə edən şəxslərin cəzalandırılması niyyətini güdür.

“Tribunat” yekun olaraq bildirir ki, ölkı xaricindəki tənqidçilərə qarşı dövlət əleyhinə açıq çağırışlar ittihamı yerli və beynəlxalq qanunvericiliyə uyğun olmayan şəkildə tətbiq edilir. Bu, ifadə azadlığına məhdudiyyət təşkil edir və “dondurucu effekt”in yaranmasına səbəb olur. Bu cür cəzanın ixtiyari və cinayət qanunvericiliyinə zidd olaraq tətbiq olunması yerli praktikada yayğındır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Araşdırma

Sovet simvolları ilə yürüş cəhdi cinayət məsuliyyəti yaradırmı?

29 Noyabr 2025

Foto: açıq mənbə

Noyabrın 7-də Bakıda Oktyabr inqilabının 108-ci ildönümü ilə əlaqədar SSRİ və Azərbaycan SSR bayraqlarını qaldıraraq yürüş etməyə cəhd göstərən şəxslər həbs edilib. 26 noyabrda yürüşün iştirakçıları İbrahim Əsədli və Abdulla İbrahimli haqqında məhkəmə qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin (CM) 233-cü maddəsi ilə təqsirləndirilirlər. “Tribunat” hüquq platforması hadisəni adıçəkilən şəxslərə cinayət işinin açılması, habelə ifadə və toplaşmaq azadlığı kontekstində təhlil edib. CM-nin 233-cü maddəsinin dispozisiyası aşağıdakı əməlləri kriminallaşdırır:     •    ictimai qaydanı kobud surətdə pozan hərəkətlər;     •    hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla bağlı hərəkətlər;     •    nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin...
Araşdırma

“Tribunat“: Ev dustaqlığına buraxılan rusiyalı redaktorun Azərbaycanı tərk etməsi qanunsuzdur

24 Noyabr 2025

Foto: Trend News Agency

Bu ilin iyulunda Bakıda Rusiyaya məxsus xəbər agentliyi “Sputnik”in regional ofisi – “Sputnik Azərbaycan” nümayəndəliyinin əməkdaşlarına qarşı cinayət işi başlanılıb. Bu media qurumunun iki əməkdaşı - icraçı direktoru İqor Kartavıx və şef redaktoru Yevgeni Belousov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə həbs ediliblər. Lakin üstündən bir neçə ay keçəndən sonra, oktyabrın 9-da “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. Cəmi 7 gün sonra, oktyabrın 16-da isə o, Rusiya Federasiyasına yola salınıb. Onun barəsində həbsə alternativ hansı qətimkan tədbirinin seçildiyi barədə açıq mənbələrdə məlumat yoxdur. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, bununla bağlı qərar 9 oktyabrda...

Seçilmiş Videolar

Toplum TV loqo