ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti sosial mediada trollardan istifadə edir
Foto: Shutterstock
ABŞ Dövlət Departamenti 2024-cü ildə dünya ölkələrində insan haqlarının vəziyyətinə dair hesabatlarını dərc edib.
Azərbaycana aid hesabatda bildirilir ki, ölkədə insan haqlarının durumunda ötən illərlə müqayisədə əsaslı dəyişiklik olmayıb.
Hesabatda Azərbaycanda ötən il polis və həbsxana işçiləri tərəfindən, həbsdə olan şəxslərin öldürülməsi barədə məlumatlar olduğu qeyd olunub. Buna nümunə olaraq həmin il iyunun 14-də Sumqayıtda polis idarəsində Elvin İskəndərov adlı vətəndaşın öldürülməsi xəbərinə istinad edilib.
Daha sonra Dağlıq Qarabağdan erməni əhalinin etnik təmizlənməsinə dair “Freedom House” hesabatına və ərazidə erməni mədəni irsinin məhv edilməsinə dair “Caucasus Heritage Watch” hesabatına istinad edilib.
Mətbuat azadlığı hissəsində Azərbaycan hökumətinin bu kimi azadlıq və hüquqları pozduğu qeyd olunub.
“Hökumət ifadə azadlığını və medianın müstəqilliyini məhdudlaşdırıb. Jurnalistlər, redaktorlar və müstəqil blogerlər hədələrlə üzləşib, bəzən döyülüb və həbs olunublar. Bundan əlavə, ölkə xaricində mətbuat və digər media ilə əlaqəli şəxslərə qarşı şübhəli zorakılıq halları baş verib. Hökumət media qanunu çərçivəsində jurnalistlərə məhdudiyyətlər qoyub, hakimiyyət orqanları ölkə daxilində və sürgündə olan media qurumlarına, jurnalistlərə, blogerlərə və fəallara, həmçinin onların qohumlarına hökuməti tənqid etməkdən çəkinmələri üçün təzyiq göstərib”, - deyə bildirilib.
Əlavə olunub ki, Azərbaycanda 2023-cü ilin noyabrından bəri ən az 40 müstəqil jurnalist və vətəndaş cəmiyyəti üzvü həbs olunub və polis nəzarətində fiziki zorakılığa məruz qalıb.
Hesabatda 2022-ci ildə qəbul olunan media qanununun müstəqil mətbuatın işini məhdudlaşdırdığından da bəhs olunub.
Dövlət Departamenti, həmçinin, beynəlxalq təşkilatlar və yerli müşahidəçilərə istinadən bildirib ki, hökumət sosial media diskursunu manipulyasiya etmək üçün botlardan və trolllardan istifadə edib.
“Hökumətlə əlaqəli olduğu düşünülən həmin hesablar internet platformalarına və texnologiya şirkətlərinə məzmunu məhdudlaşdırmaq üçün təzyiq göstərib, həmçinin hökumət siyasətini tənqid edən onlayn istifadəçiləri tez-tez təhdid və hədələmə halları ilə üzləşdiriblər”, - deyə qeyd olunub.
Ardınca işçi hüquqları ilə bağlı da problemlərin davam etdiyi, bu problemləri işıqlandıran işçi hüquqları fəallarının həbs edildiyi bildirilib.
Hesabatın işgəncə və qeyri-insani rəftarla bağlı hissəsində məhbusların ailə üzvləri və vəkilləri ilə görüşünə və müalicə almalarına əngəllər yaradıldığı vurğulanıb.
Həbsdə olan “Abzas Media” direktoru Ülvi Həsənliyə istinad edilərək onun təcridxanada fiziki zorakılıq hallarına şahidlik etdiyi, həmçinin özünün də bu hallara məruz qaldığı qeyd olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"