Foto: kremlin.ru
Ərdoğan hökuməti Türkiyə gəmisinin Rusiya tərəfindən vurulmasına da səssiz qalmışdı
Dekabrın 15-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarəsi tərəfindən ölkənin hava məkanında naməlum pilotsuz uçuş aparatı (PUA) vurularaq yerə salınıb. Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) həmin gün yaydığı rəsmi açıqlamada Qara dəniz istiqamətindən gələn “nəzarətdən çıxmış” PUA-nın izlənildiyi və yaşayış məntəqələrindən kənar ərazidə vurulduğu bildirilib.
Lakin dronun konkret hara düşdüyü barədə məlumat verilməyib. Eyni saatlarda Ankara Esenboğa hava limanına enməyə hazırlaşan 4 sərnişin təyyarəsi Konya hava limanına yönləndirilib.
Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, PUA-nın hansı dövlətə məxsus olduğu dəqiq məlum deyil. Daha doğrusu, bu barədə hər hansı rəsmi məlumat yoxdur. Türkiyə MMN-in sözçüsü, general Zeki Aktürk dekabrın 18-də keçirdiyi media brifinqində deyib ki, havada məhv edilmiş PUA xırda parçalara ayrılaraq geniş sahəyə səpələndiyindən onun hansı tip olduğunu müəyyənləşdirmək mümkün deyil. Bu açıqlama inandırıcı görünmür.
Çünki dronun, təyyarənin, hər hansı digər hərbi-texnoloji sistemin və ya adi məişət texnikasının tipini, növünü, markasını, harada istehsal edildiyini müəyyənləşdirmək üçün bəzən ən xırda detal belə kifayət edir. Ona görə də Türkiyə hökumətinin susqunluğunu bu məsələni açıb-ağartmağın siyasi baxımdan məqsədəuyğun sayılmaması ilə izah etmək mümkündür.
Şübhə yoxdur ki, Türkiyə hava məkanını pozmuş PUA Rusiya-Ukrayna müharibəsinin tərəflərindən birinə məxsusdur. Əgər Ukraynaya aid olsaydı, Türkiyə rəsmi dairələri bunu gizlətməyə ehtiyac duymazdı və rusiyapərəst əhval-ruhiyyənin hakim olduğu Türkiyə mediası da mövzunu geniş işıqlandırardı. Çünki noyabrın 30-da Qara dənizdə, Türkiyənin müstəsna iqtisadi zonasında (ərazi sularına aidiyyəti yoxdur) Ukrayna tərəfindən Rusiyanın kölgə donanmasına aid 2 tanker vurulduqdan sonra Ankara Ukrayna tərəfinə etirazını bildirmişdi. Ukraynanı qınamaq və ittiham etmək təhlükəsizdir, çünki Kiyevdən buna ən uzağı şifahi reaksiya gəlir. Amma Rusiyanı ittiham etməyin mənfi nəticələri ola bilər. Ərdoğan hökuməti bu riskə getmək istəmir.
Türkiyəli müstəqil hərbi ekspert Arda Mövlütoğlu, müxalifətçi diplomatlar Namiq Tan (CHP) və Kamil Erozan (İYİ Parti) Ankara yaxınlığında vurulan dronun böyük ehtimalla Rusiyaya məxsus “Şahid-136” (“Geran-2”) olduğunu bildirirlər. Türkiyə Milli Müdafiə Nazirliyi hadisə barədə elə ilk açıqlamasında bunun “nəzarətdən çıxmış PUA” olduğunu bəyan etməklə əslində dronun sahibinin günahını əvvəlcədən “yumuşdu”. Lakin PUA-nın hərəkət trayektoriyası onun heç də nəzarətdən çıxmış olduğuna dəlalət etmir. Belə ki, kamikadze dron Türkiyənin ən böyük hərbi sənaye şirkətlərindən olan ROKETSAN-ın Ankaranın Elmadağ rayonunda yerləşən müəssisəsinə yaxınlaşarkən təcili havaya qaldırılan F-16 tərəfindən Karacahasan kəndi ətrafında raketlə vurulub.
(ROKETSAN – “Roket Sanayi ve Ticaret AŞ” 1988-ci ildə qurulan, əsasən raket texnologiyaları sahəsində araşdırmalar və istehsalla məşğul olan dövlət şirkətidir.)
Bu hadisədən 3 gün əvvəl, dekabrın 12-də isə Ukraynanın Odessa limanında Türkiyənin “Cenk Denizcilik” şirkətinə məxsus, təkərli nəqliyyat vasitələrinin daşınmasında istifadə olunan “Cenk T” adlı ro-ro tipli gəmi Rusiya ordusunun raket zərbəsinə məruz qalıb. “İsgəndər” raketi ilə endirilən zərbə nəticəsində gəmidə böyük yanğın başlayıb və içərisindəki yük sıradan çıxıb. Limandakı daha iki Türkiyə ticarət gəmisi də zərər çəkib. Maraqlıdır ki, hadisə Türkiyə və Rusiya prezidentlərinin eyni gün Türkmənistanda keçirilən görüşündən azacıq sonra baş verib. Bu isə olayın təsadüf olub-olmadığı sualını yaradır.
“Bloomberg”in məlumatına görə, həmin görüşdə prezident Ərdoğan Putinə Türkiyəyə satdıqları S-400 zenit-raket kompleksini geri almağı təklif edib. Məlum olduğu kimi, 2016-cı ilin iyulundakı hərbi çevriliş cəhdindən sonra Türkiyə ABŞ-la münasibətlərin soyuması fonunda Rusiyadan S-400 sistemləri satın almaq üçün bu ölkə ilə danışıqlara başlayıb. 2017-ci ilin dekabrında müvafiq müqavilə imzalanıb və 2019-cu ilin iyulunda ZRK-nın ilk komponentləri Türkiyəyə çatdırılıb.
Lakin bu alqı-satqı Türkiyəyə baha başa gəlib. ABŞ Türkiyəni F-35 proqramından çıxarıb. Halbuki Türkiyə bu proqramın 9 iştirakçısından və istehsalçı ölkələrindən biri idi. Ankara 100 ədəd 5-ci nəsil F-35 təyyarəsi alaraq öz hərbi aviaparkını yeniləməyi planlaşdırırdı. Bu plan baş tutmadı və Türkiyə sonrakı illərdə ABŞ-dan 4-cü nəsil F-16, Böyük Britaniyadan isə 4-cü nəsil “Eurofighter Typhoon” təyyarələri almaq üçün anlaşmalar imzaladı. Bu təyyarələrin Türkiyə Hava Qüvvələrinin arsenalına daxil olması üçün zaman lazımdır. Digər tərəfdən, 4-cü nəsil təyyarələr Türkiyənin bölgədəki rəqibləri İsrail və Yunanıstanla müqayisədə bu sahədəki geriliyini aradan qaldırmayacaq. Ona görə də Ankara F-35 proqramına qayıtmaq istəyir və bu səbəbdən S-400 yükündən qurtulmağa çalışır.
Lakin belə görünür ki, Rusiya Türkiyənin bu niyyətindən narahatdır. Dron hadisəsi və gəmilərin vurulmasını məhz Moskvanın Ankaraya xəbərdarlığı kimi qiymətləndirmək olar. Maraqlıdır ki, Türkiyə hökuməti “Bloomberg”in xəbərini təkzib etmədi. Rusiyanın təkzibi isə “biz bu mövzunu müzakirə etmək istəmirik” anlamına gəlir.
Azərbaycan mediasının bu tip hadisələr barədə xəsisliklə xəbər və şərh yayması da diqqəti cəlb edir. Çünki Türkiyənin Rusiyadan qorxduğunu və onun provokasiyalarına cavab vermədiyini ortaya qoyan bu cür xəbərlər Ərdoğan dövründə Türkiyənin guya dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrildiyi barədə mediamızın illər boyu apardığı təbliğatla ziddiyyət təşkil edir. Eyni zamanda məlumdur ki, Azərbaycan hakimiyyəti də Türkiyə haqqında obyektiv və alternativ informasiyaların, eləcə də təhlillərin yayılmasında maraqlı deyil.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"