Foto: Bashar Taleb/Getty Images
İsrail ordusu oktyabrın 29-a keçən gecə Qəzza zolağını bombalayıb.
Qəzzanın səhiyyə rəsmilərinin məlumatına görə, hava hücumları nəticəsində 24-ü uşaq olmaqla azı 90 nəfər ölüb.
İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 28-də bildirib ki, o, ordusuna Qəzzaya dərhal “güclü zərbələr” endirməyi əmr edib. O, bunu atəşkəsin zolağa nəzarət edən HƏMAS qruplaşması tərəfindən pozulması ilə izah edib.
HƏMAS isə atəşkəsə sadiq olduğunu, lakin İsrailin hücumuna cavab olaraq, israilli girovun cəsədinin təhvil verilməsini təxirə salacağını açıqlayıb.
Gecə ərzində sakinlər Qəzzanın müxtəlif yerlərində, o cümlədən Qəzza şəhərində və Deir əl-Bəlahda tank atəşləri və partlayışlar eşitdiklərini bildiriblər.
Məlumata görə, Netanyahunun başçılıq etdiyi təhlükəsizlik kabineti hazırda hücumları davam etdirib-etdirməməyi götür-qoy edir.
Şərqi Asiyada rəsmi səfərdə olan ABŞ prezidenti Donald Tramp isə jurnalistlərlə söhbətində atəşkəsə inamını bir daha ifadə edib. Buna baxmayaraq, o, İsrailin HƏMAS-a cavab vermək hüququnun olduğunu əlavə edib.
“HƏMAS Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsidir. Amma əgər onlar özlərini yaxşı aparmasa, məhv ediləcəklər. Onların həyatları sona çatdırılacaq və onlar bunu başa düşürlər. Heç kim İsrail əsgərinə nə olduğunu dəqiq bilmir, amma deyirlər ki, bu snayper atəşi idi və İsrailin cavabı bunun üçün intiqam idi. Məncə onların bunu etmək hüququ var", - o deyib.
İsrail və HƏMAS arasında atəşkəs iki il davam edən müharibədən sonra oktyabrın 10-da qüvvəyə minib. Razılaşmanın digər hissəsi kimi tərəflər saxladıqları əsirləri mübadilə ediblər.
Atəşkəs ABŞ prezidenti Donald Trampın təklif etdiyi 20 maddəlik planın tərkib hissəsidir. Planda, həmçinin, HƏMAS-ın tərk-silah olaraq Qəzzada hakimiyyətdən getməsi və beynəlxalq komitənin zolağın idarəetməsinə gətirilməsi nəzərdə tutulur.
HƏMAS rəsmiləri isə dəfələrlə bildirib ki, yalnız Fələstin dövləti bərqərar olduqdan sonra silahlarını yeni yaranacaq dövlətin ordusuna təhvil verəcəklər.
Tramp daha əvvəl də açıqlamasında deyib ki, qruplaşma özü tərk-silah olmasa, "biz onları zorakılıqla tərk-silah edəcəyik."
İsrailin Qəzzaya hücumları nəticəsində son iki ildə 68 mindən çox insan öldürülüb. Onların 20 mindən çoxu azyaşlılardır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"