The Tundra Drums
ABŞ Gürcü Arzusu Partiyasının qurucusu və fəxri sədri, oliqarx Bidzina İvanişviliyə qarşı maliyyə sanksiyaları tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunmuş qərarda bildirilir ki, səbəb İvanişvilinin birbaşa və ya dolayısıyla Rusiyanın maraqlarına uyğun hərəkət etməsidir.
Sənəddə həmçinin qeyd olunur ki, “Rusiya ilə əlaqəli şəxsə” – Bidzina İvanişviliyə və onun nəzarətində olan şirkətlərə qarşı bir sıra məhdudiyyətlər tətbiq edilir:
“Məhdudiyyətlər İvanişvilinin birbaşa və ya dolayısıyla, fərdi və ya qrup halında, 50%-lik və ya daha çox hissəsinə nəzarət etməsindən asılı olmayaraq, ona məxsus hər hansı şirkətin iştirak edəcəyi bütün əməliyyatlara şamil edilir”.
Qərar ABŞ Prezidenti Co Baydenin 15 aprel 2021-ci ildə - “Rusiya Federasiyasının “zərərli hərəkətlərinə” cavab olaraq imzaladığı 14024 saylı fərman əsasında qəbul edilib.
Məhdudiyyətlər “demokratik təsisatları və dəyərləri sarsıdan hərəkətlər edən və beynəlxalq korrupsiyada iştirak edən” şəxslərə şamil edilir.
ABŞ-ın keçmiş səfiri Yan Kelli, Dövlət Departamentinin keçmiş rəsmisi Devid Kramer, bu ölkənin müxtəlif ölkələrdəki keçmiş səfirləri də İvanişviliyə qarşı sanksiyaların tətbiqini tələb etmişdilər.
ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Ceyms O’Brayn Tbilisiyə səfəri zamanı Vaşinqtonun oliqarxa qarşı tətbiq etdiyi sanksiyalara görə İvanişvili ilə görüşdən imtina etmişdi.
ABŞ dövlət katibi Entoni Blinken sanksiya qərarını belə şərh edib: “İvanişvilinin və Gürcü Arzusunun hərəkətləri demokratik institutları sarsıtdı, insan hüquqlarının pozulmasına səbəb oldu və Gürcüstanda fundamental azadlıqların qorunmasına mane oldu”.
Blinken dediklərinə bunu da əlavə edib: “Biz “Gürcü Arzusu”nun İvanişvilinin rəhbərliyi altındakı fəaliyyətini, o cümlədən Gürcüstan vətəndaşlarına, etirazçılara, media nümayəndələrinə, hüquq müdafiəçilərinə və müxalifətçilərə qarşı zorakılıq və repressiyaları qəti şəkildə pisləyirik. Birləşmiş Ştatlar Gürcüstanda demokratiya və insan haqlarını pozanları məsuliyyətə cəlb etməyə çağırır”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib ki, Bidzina İvanişvili de-fakto sanksiya altında olub, təxminən 3 il şantaj edilib: “İndi bu şantajın səbəbi aradan qalxıb. Əslində heç nə dəyişməyib, o təslim olmadığı üçün sanksiyalar artıq tətbiq olunurdu”.
İ.Kobaxidze İvanişvili ilə danışdığını bildirib:
“Onun mövqeyi tamamilə əvvəlki kimidir, xüsusi bir dəyişiklik yoxdur”.
Oktyabrın 26-da Gürcüstanda parlamentə seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusu Partiyasının 53,9% səslə qalib gəldiyini elan edib. 5%-lik baryeri keçən dörd müxalifət partiyası seçkinin nəticələrini tanımaqdan və parlamentə daxil olmaqdan imtina edib. Seçki nəticələrinin saxtalaşdırıldığını bildirən müxalif qüvvələr yeni seçkilər keçirilməsi tələbilə etiraz aksiyaları keçiriblər. Hazırda parlamentin iclaslarında yalnız hakim partiyanın nümayəndələri iştirak edir.
Seçkilərdən bir ay sonra - noyabrın 28-də Gürcüstanın Baş naziri, “Gürcü Arzusu”nun üzvü İrakli Kobaxidze Avropa İttifaqıyla danışıqların dayandırıldığını və 2028-ci ilə qədər qurumun qrantlarından imtina ediləcəyini açıqlayıb.
Ölkənin Avropa İttifaqına və NATO-ya inteqrasiyası Gürcüstan Konstitusiyasında təsbit edilib. Müxalifət hesab edir ki, hakim partiya Gürcüstanın Qərb yönlü inkişaf kursunu dəyişməyə və ölkəni Rusiyanın təsir orbitinə qaytarmağa çalışır.
Baş nazirin açıqlamasından dərhal sonra başlamış kütləvi aksiyalar hələ də davam edir.
Dekabrın 14-də Gürcüstanda prezident seçkisi keçirilib. Bu dəfə prezidenti xalq yox, Seçicilər Kollegiyası seçib. “Gürcü Arzusu” bu vəzifəyə keçmiş futbolçu, 1995-ci ildə Rusiyanın ən yaxşı futbolçularından biri seçilmiş, ali təhsili olmayan Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək. Səlahiyyət müddəti başa çatmış indiki prezident Salome Zurabişvili parlamentin qeyri-legitim olduğunu, postunu tərk etməyəcəyini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Zurabişvili “Gürcüstanın yeganə qanuni lideri kimi” Trampın andiçmə mərasiminə dəvət olunub
Civil Georgia
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?