Dünya

Suriyada kim qalib gəldi? 

10 Dekabr, 2024
88

History.com

Suriya Ərəb Respublikasında 2011-сi ildə “Ərəb baharı” dövründə başlayan vətəndaş müharibəsi yekun mərhələyə yetişdi. 1971-ci ildən ölkədə hökmranlıq edən Əsəd sülaləsi devrildi. İndi dünya mediasının xəbər lentində daha öncə İraqda, Liviyada, Misirdə və digər ölkələrdə müşahidə etdiyimiz, bu tip rejimlərin çöküşündən sonra qaçılmaz olaraq təkrarlanan mənzərələrə dair çoxlu videolar və fotolar yer almaqdadır: “dahi rəhbər”, “millət atası” Hafiz Əsədin heykəlləri, büstləri dağıdılır, Bəşər Əsədin portretləri cırılıb ayaqlar altına atılır, üsyançılar müstəbidin sarayına, hökumət binalarına daxil olur, həbsxanaların qapıları taybatay açılır.

Suriyada bundan sonra baş verəcək hadisələr, onun bütöv qalıb-qalmayacağı və yeni dövlət quruluşunun necə olacağı çox vacib məsələdir. Amma əvvəlcə bu  sualın cavabı aydınlaşmalıdır ki, Suriyada kim uddu, kim uduzdu və bu silahlı inqilabın əsas müəllifi və ya müəllifləri kimlərdir?

Daxili oyunçular

Qələbənin daxili müəllifləri qismində hər birinin çətiri altında çoxsaylı silahlı qrupların cəmləşdiyi 4 iri qruplaşmanın adını çəkmək olar: “Heyət Təhrir əş-Şam” (HTŞ), Suriya Milli Ordusu (SMO), Azad Suriya Ordusu (ASO) və Suriya Demokratik Qüvvələri (SDQ).

HTŞ “Əl Nusra Cəbhəsi”nin davamıdır, “Əl Nusra” isə vaxtilə “Əl-Qaidə”nin Suriya qolu olub. Buna görə də HTŞ Qərb ölkələri tərəfindən terror təşkilatı kimi tanınıb. Şübhə yoxdur ki, HTŞ-nin Hələbdən başlayaraq Şamda başa çatan zəfər yürüşü Türkiyə, İsrail və ABŞ-ın maraqlarına uyğundur, baxmayaraq ki, bu dövlətlər ona açıq və rəsmi dəstək vermir. HTŞ son hadisələrə qədər Türkiyə sərhədlərinə yaxın İdlib vilayətinə nəzarət edirdi. Qruplaşmanın lideri, əsl adı Əhməd Hüseyn əl-Şara olan Əbu Məhəmməd əl-Colani son vaxtlar ciddi rebrendinq işi həyata keçirərək qurumun üzərindəki “terror təşkilatı” damğasını silməyə çalışır. O, açıqlamalarında liberal-demokratik dünyagörüşə yaxın fikirlər səsləndirir, “tək adam” rejimini bütün bəlaların səbəbkarı kimi göstərir, nəzarət etdiyi ərazilərdə yaşayan bütün etnik-dini qruplara təhlükəsizlik təminatı verir və yeni Suriyada hər kəsin bərabərhüquqlu olacağını bildirir.

SMO 2011-ci ildə hökumət ordusundan ayrılmış əsgər və zabitlərdən, onlara qoşulanlardan ibarətdir; müharibənin ilk mərhələlərində ABŞ və Türkiyə onlara təlimlər keçib. Sonra ABŞ SMO-dan dəstəyini çəkib, Türkiyə qrupu təkbaşına (bəzi məlumatlara görə, Qətərlə birlikdə) maliyyələşdirməyə başlayıb. Son hərbi əməliyyatlara qədər SMO Suriyanın şimalında Türkiyə ordusu ilə birlikdə “Fərat qalxanı”, “Sülh bulağı” və Zeytun budağı” əməliyyat zonalarına nəzarət edirdi.

ASO Suriyanın cənub-şərqində, İordaniya və İraq sərhədlərinə yaxın Əl-Tanf bölgəsini nəzarətdə saxlayır. Orada ABŞ-ın hərbi bazası yerləşir. ASO bu dövlət tərəfindən dəstəklənir.

SDG Suriyanın şimal-şərqinə, Fərat çayının şərq hissəsindəki böyük əraziyə nəzarət edir. Burada yerləşən neft yataqları da onlar tərəfindən işlədilir. SDG çətiri altındakı ən güclü qruplaşma kürdlərdən ibarət PYD (Demokratik Birlik Partiyası) və onun silahlı qolu YPG-dir (Xalq Mühafizə Qüvvələri). Türkiyə PYD-YPG-ni PKK terror təşkilatının Suriya qolu hesab edir və bu, yanlış qiymətləndirmə deyil. PYD-YPG Abdulla Öcalanı özünün ideoloji lideri hesab edir, onun fikirlərinə dəyər verir. Artıq İraq torpaqlarındakı PKK ilə Suriyadakı YPG-ni bir-birindən ayırmaq çətinləşib. Lakin Türkiyədən başqa heç bir dövlət bu qruplaşmanı terror təşkilatı saymır. ABŞ YPG-ni silahlandıran əsas gücdür, Rusiyada isə bu təşkilatın rəsmi nümayəndəliyi faliyyət göstərir. PYD-YPG-nin İsrail, ərəb ölkələri və Çinlə də əlaqələri var.

Xarici oyunçular

Dövlətlərin roluna gəlincə, Suriyadakı son hadisələr ən çox İsrailin maraqlarına cavab verir. İraqdan sonra İsrailə təhdid yaradan daha bir ərəb rejimi çökdürüldü. Suriya indiyədək ərəb dövlətlərilə İsrail arasında baş vermiş hər 3 böyük müharibənin (1948, 1973, 1967) iştirakçısı olub. İraq isə İsrailə qarşı 2 müharibədə iştirak edib, birində (1973) müharibəyə qoşulmuş ərəb dövlətlərini dəstəkləyib. İraqda militarist Səddam Hüseyn rejiminin, Suriyada isə güclü ordusu olmasa belə, İsraillə daimi müharibə vəziyyətində olan Əsəd rejiminin süqutundan sonra yəhudi dövlətinə birbaşa təhdid törədən ərəb dövləti qalmadı.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrailin bölgədə həyata keçirdiyi intensiv hərbi və kəşfiyyat əməliyyatları İrana və onun proksi güclərinə ağır zərbə vurdu. Bu qüvvələrdən ən güclüsü - İran rejiminin vuran qolu olan “Hizbullah” darmadağın edildi və yaxın müddətdə çətin ki, özünə gələ bilsin. Əsədin devrilməsi nəticəsində İran Suriyadan Livana açdığı quru dəhlizini itirdi, yəni “Hizbullah”la qurudan əlaqəsi kəsildi. Onu da xatırladaq ki, Suriyada daxili savaş başladıqdan bugünə qədər İsrail bu ölkə ərazisindəki İran qüvvələrinə davamlı şəkildə aviasiya-raket zərbələri endirib, çoxlu sayda İran əsgər-zabiti öldürülüb. Dekabrın 8-də Suriya sərhədində inspeksiya aparan İsrail Baş naziri Netanyahunun da qeyd etdiyi kimi, bütün bunlar Əsədin məğlubiyyətində mühüm rol oynadı. İran Suriyadan tamamilə vurulub çıxarıldı, formalaşacaq yeni hökumətin Tehrana hər hansı imtiyaz tanımayacağı da məlumdur. İsrailin 1967-ci ildəki 6 günlük müharibədə ələ keçirdiyi Holan təpələrilə bağlı Suriyanın iddiasının davam etməsi də sual altındadır. Bu isə Fələstin məsələsinin həlli üçün bir çox dövlət tərəfindən irəli sürülən 1967-ci il sərhədlərinə qayıdış şərtinin gündəmdən çıxmasına səbəb ola bilər. 

Suriyadakı qələbənin digər müəllifi isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. O, 2011-ci ildən üzü bəri Suriya rejiminə qarşı stabil, barışmaz mövqeyini qoruyub saxladı, baxmayaraq ki, son aylarda bir neçə dəfə Əsədə dialoq təklif etmişdi. Əsəd bu təklifləri rədd etməklə öz sonunu tezləşdirmiş oldu, çünki onun bu davranışı Türkiyənin yekun hərbi əməliyyatlar üçün HTŞ və SMO-ya yaşıl işıq yandırmasında mühüm rol oynayıb. Türkiyə rəsmi olaraq HTŞ-ni teror təşkilatı hesab edir, amma sirr deyil ki, onun dəstəyi olmasaydı, HTŞ İdlibdə uzun müddət duruş gətirə bilməzdi. İdlibdəki qüvvələr məhz Türkiyə vasitəsilə zəruri ehtiyaclarını təmin edirdilər. Suriyanın gələcək taleyinin müəyyən olunacağı masada Ankaranın əli əvvəlkindən güclü olacaq və yaranacaq yeni hökumətdə Türkiyəyə yaxın qüvvələr də yer alacaq. Əgər Suriya federallaşarsa və ya bölünərsə, ölkənin əksər hissəsini əhatə edən sünni zonası üzərində Türkiyənin ciddi təsir gücü olacaq. Lakin federativ Suriyada kürd muxtar bölgəsinin də yer alacağı yüksək ehtimaldır və bu, Türkiyəni narahat edir. Fəratın şərqindəki PYD-YPG qüvvələri ABŞ-ın himayəsi altında olduğundan Türkiyə onlara qarşı hərbi əməliyyat keçirə bilmir. Federasiya, yaxud bölünmə ssenarilərinin nəticəsi olaraq həmin bölgədə kürd muxtariyyəti və ya müstəqil kürd dövləti ortaya çıxarsa, onda Türkiyənin Suriyada nə qazanıb, nə itirdiyi məsələsi ciddi müzakirə mövzusu olacaq. Xatırlatmaq yerinə düşər ki, vaxtilə Türkiyə İraqın şimalında da kürd dövləti və ya muxtariyyəti ideyasına qətiyyətlə qarşı çıxırdı, hətta bunu savaş səbəbi sayacağını elan etmişdi. Lakin tədricən bu siyasət erroziyaya uğradı və Türkiyə nəinki reallıqla barışdı, hətta İraq Kürdüstanının infrastrukturunu öz əlləri ilə qurdu. Ankara “prosesin qarşısını ala bilmirsənsə, içində yer al” prinsipinə uyğun olaraq praqmatik siyasət yeridir.

Suriya hadisələrinin digər qalibi kimi ABŞ-ı qeyd etmək lazımdır. Onun dəstək verdiyi silahlı qrupları yuxarıda sadaladıq. Bu qruplar Suriyanın gələcəyində rol oynayacaq. İsrailin təhlükəsizliyinin təmin olunması ABŞ-ın Orta Şərq siyasətində əsas yer tutur və bu baxımdan Əsədin devrilməsi Vaşinqtonda məmnunluq yaradıb. Bölgədə İranın və Rusiyanın mövqelərinin zəifləməsi də ABŞ-ın maraqlarna uyğundur.

Beləliklə, Suriyada əsas qaliblər İsrail, Türkiyə və ABŞ, şəksiz məğlub isə İrandır. Rusiyanı da bu mərhələnin məğlubu saymaq olar, amma onun Suriyadakı hərbi bazalarının taleyi müəyyənləşdikdən sonra bu barədə daha konkret fikir söyləmək mümkün olacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Abxaziya işıqsız qaldı

11 Dekabr 2024

açıq mənbədən götürülüb

“İnquri” SES-in fəaliyyəti dayandırılıb, bütün Abxaziya işıqsız qalıb. “Meduza” nəşri bunu Rusiyanın dövlət agentliyi TASS-a istinadən yazıb (https://t.me/meduzalive/118376). Agentlik “Çernomorenerqo” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cavar su anbarında suyun səviyyəsi kritik dərəcədə aşağı olduğu üçün stansiya fəaliyyətini dayandırıb. Şirkət dekabrın 8-də bildirmişdi ki, Abxaziyada elektrik enerjisi hər dəfəsində 2,5 saat olmaqla sutka ərzində iki dəfə (gecə və gündüz) veriləcək (https://t.me/chernomorenergo/160). Noyabrın 1-dən respublikada elektrik enerjisi məhdudiyyətlərlə verilirdi.
Dünya

Makron “Gürcü Arzusu”nun liderilə danışıb (YENILƏNİB)

11 Dekabr 2024

Georgia Today

Fransanın Prezident Administrasiyası Makronla İvanişvili arasındakı telefon danışığının öz versiyasını paylaşıb (https://t.me/NGnewsgeorgia/21077). Açıqlamada bildirilir ki: - Fransa Prezidenti vətəndaş cəmiyyətinin və müxalifət nümayəndələrinin hədələnməsini, eləcə də dinc nümayişçilərə və jurnalistlərə qarşı polis zorakılığını pisləyib; -  sərbəst toplaşmaq azadlığına hörmət etməyə və avropapərəst mitinqlərdə saxlanılan vətəndaşları azad etməyə çağırıb; -  Gürcüstan hakimiyyətinin Avropa trayektoriyasından kənara çıxdığını deyib və bundan təəssüfləndiyini bildirib; -  gürcü xalqının Avropa və demokratiya istəyiini alqışlayıb; -  hakimiyyəti bütün siyasi qruplarla və vətəndaş cəmiyyəti nümayəndələrilə dialoqa çağırıb. Administrasiya telefon danışığına Makronun təşəbbüs göstərdiyini təsdiqləyib. **** “Gürcü Arzusu” Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili Fransa Prezidenti Emmanuel Makronla danışıb...

Seçilmiş Videolar

Toplum TV loqo