Siyasət

Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)

17 Dekabr, 2024
1546

Toplum TV

Hakimlərə etiraz: “Hər iki hakim də uzun illərdir sifarişli hökmlər çıxarır”

Hazırlıq iclası açıq elan olunandan sonra Sevinc Vaqifqızı hakimdən tələb edib ki, müttəhimlər danışanda məhkəmə zalında əyləşənlər aydın eşidə bilsin deyə şüşə qəfəsə bərkidilmiş mikrofonlar işlək vəziyyətə gətirilsin. 

Hakim Rasim Sadıxov hakim tərkibini elan edib. 

Təqsirləndirilənlər hakim tərkibindəki iki hakimə - Rasim Sadıxovla Novruz Kərimova etiraz ediblər. Sevinc Vaqifqızı bildirib ki, hər iki hakim də uzun illərdir sifarişli hökmlər çıxarır, buna görə də həmin hakimlərdən ədalət gözləmirlər. Sevinc Vaqifqızı onu da vurğulayıb ki, Novruz Kərimov keçmiş MTN müstəntiqidir və ona etimadı yoxdur: 

“Biz düşünürük ki, sifariş yerinə yetirən bir hakim kimi öz iradənizlə qərar verməyiniz mümkünsüzdür. Nə qədər ki, ədalətli mühakimə apara bilməyəcəksiz, məhkəməmizi sizin aparmanızı istmirik. Yanınızda əyləşən Novruz Kərimova da aiddir”. 

O, bir neçə fəalın və jurnalistin adını çəkərək Novruz Kərimovun onların barələrində siyasi sifarişli qərar çıxartdığını diqqətə çatdırıb. 

Fərid Mehralızadə isə belə hakimlərin varlığına görə utanc hissi keçirdiyini dilə gətirib: “Dövlətin belə hakimlərə ehtiyacı yoxdur”. 

Bir neçə vəsatətlə çıxış edən vəkillərin daha bir vəsatəti təqsirləndirilən şəxslərin şüşə kabinədən çıxarılması ilə bağlı olub. Vəkillər deyiblər ki,  müttəhimlər müdafiəçilərinin yanında əyləşməklə müdafiə işini daha səmərəli qura biləcəklər. Bu vəsatət təmin olunub. 

Sonra cinayət işinə xitam verilməsi, bu vəsatət təmin olunmayacaqsa, bu iş üzrə həbsdəkilərin ev dustaqlığına buraxılmaları ilə bağlı vəsatətlər verilib. 

Təqsirləndirilən şəxslər bildiriblər ki, qaçaqmalçılıq və başqa ittihamlar ibtidai istintaq zamanı təsdiqini tapmayıb. Onlar göstərdikləri fəaliyyətə görə cəzalandırılırlar. 

Sevinc Vaqifqızından diplomatlara müraciət

Sevinc Vaqifqızı məhkəmə salonunda əyləşmiş diplomatlardan prezident İlham Əliyevə çağırış etməkdənsə hərəkətə keçmələrini istəyib. Ancaq hakim Rasim Sadıxov onun sözünü kəsərək xəbərdarlıq edib. 

Fərid Mehralızadə isə Abzas Media-ya aidiyyəti olmadığını deyib: “Abzas Media ilə əməkdaşlıq etsəydim, bununla fəxr edərdim. İş orasındadır ki, mən ümumiyyətlə, orda işləməmişəm. Heç istintaq da mənə qarşı hər hansı sübut ortaya qoya bilməyib”. 

Hafiz Babalı əlil olduğunu, Turan İnformasiya Agentliyinin əməkdaşı kimi fəaliyyət göstərdiyini bildirib. Səhhətinə görə ev dustaqlığına buraxılmasını istəyib. 

Hakim təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılmaları ilə bağlı qaldırılan vəsatətləri təmin etməyib. 

***

“Abzas Media işi” üzrə məhkəmədə bir neçə vəsatət qaldırılsa da, onlardan yalnız biri təmin edilib. 

Təqsirləndirlənlər şüşə qəfəslərdən çıxarılaraq vəkillərinin yanında oturdulmalarını istəyiblər. Vəsatət təmin olunub. 

****

Bu gün - dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə təqsirləndirilənlərin hazırlıq iclası keçirilir. 

Saat 14.00-a təyin olunmuş məhkəmə prosesi bir saat gecikmə ilə başlayıb. Məhkəməni izləməyə Milli Şuranın sədri Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, xeyli sayda ictimai fəal və media nümayəndəsi gəlib. Onların çox azı  məhkəmə binasına buraxılıb. Nəzarətçilər məhkəmə salonunda yer olmadığını səbəb gətirərək qapıları gələnlərin üzünə bağlayıblar. 

Məhkəmə prosesini işıqlandırmağa gələn jurnalistlər də qapı arxasında qalıblar. Nəzarətçilər bildirib ki, KİV işçilərinin məhkəmə zalına buraxılmaması haqqında göstərişi hakim verib. 

Məhkəmə salonuna buraxılmayanlar Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında gözləyirlər. 

Məhkəmə iclası binadakı ən böyük  məhkəmə salonunda keçirilir.

“Abzas Media işi üzrə” təqsirləndirlənlər internet nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Abbasova (Vaqifqızı), direktor müavini Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, iqtisadçı jurnalist Fərid Mehralızadə, reportyorlar Elnarə Qasımova və Nərgiz Absalamovadır. 

Ülvi Həsənlinin hüquqlarını vəkillər Zibeydə Sadıqovayla Fəxrəddin Mehdiyev müdafiə edir. 

Sevinc Vaqifqızının vəkilləri Elçin Sadıqov, Aqil Layıc və Fariz Namazlıdır. 

Nərgiz Absalamovanı vəkil Şəhla Hümbətova, Elnarə Qasımovanı vəkil  Bəhruz Bayramov, Fərid Mehralızadəni vəkil Cavad Cavadov, Hafiz Babalının vəkil Rəsul Cəfərov müdafiə edəcək. 

Məhəmməd Kekalovun vəkili dövlət hesabına təyin olunub. İstintaqın ilk günündən o, mediaya qapalıdır. 

Təqsirləndirilın şəxslərin barəsində ötən il Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Sonradan ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. 

Abzas Media-nın əməkdaşları ittihamları rədd edir, korrupsiya araşdırmalarına görə həbs edildiklərini bildirirlər.

Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs edilmədiyini, həmin şəxslərin tərətdikləri əməllərə görə ittiham olunduqlarını bəyan edir.  

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...
Siyasət

Nazim Bəydəmirli ədliyyə nazirinə müraciət edib: “Lazımi tibbi yardımla təmin olunmuram”

1 Oktyabr 2026

sosial media

Həbsdə olan keçmiş deputat və iş adamı Nazim Bəydəmirli Ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb. O, saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsində hüquqlarının məhdudlaşdırıldığını, səhhəti ilə bağlı müraciətlərinə isə cavab verilmədiyini bildirib. N.Bəydəmirli yazıb ki, səbəbini bilmədiyi halda ona qanunla nəzərdə tutulan hüquqlar baxımından fərqli yanaşılır: “Video görüntülərin bərpa edilməsi ilə bağlı müraciətlərə müsbət cavab verilmir, həyat yoldaşıma baş etibarnamənin rəsmiləşdirilməsi mümkün olmur, həmçinin lazımi tibbi yardım və həkimlə təmin olunmuram”. Bəydəmirli bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsindən 6 saylı müəssisəyə köçürüldükdən sonra beş aydır karantində saxlanılır və ailəsi ilə videogörüş imkanından məhrum edilib. Onun sözlərinə görə, üç ildən artıqdır qızını...

Seçilmiş Videolar

Toplum TV loqo