Dünya

Vaşinqton Bidzina İvanişviliyə maliyyə sanksiyaları tətbiq etdi

28 Dekabr, 2024
13

The Tundra Drums

ABŞ Gürcü Arzusu Partiyasının qurucusu və fəxri sədri, oliqarx Bidzina İvanişviliyə qarşı maliyyə sanksiyaları tətbiq edib. 

ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunmuş qərarda bildirilir ki, səbəb İvanişvilinin birbaşa və ya dolayısıyla Rusiyanın maraqlarına uyğun hərəkət etməsidir. 

Sənəddə həmçinin qeyd olunur ki, “Rusiya ilə əlaqəli şəxsə” – Bidzina İvanişviliyə və onun nəzarətində olan şirkətlərə qarşı bir sıra məhdudiyyətlər tətbiq edilir:

“Məhdudiyyətlər İvanişvilinin birbaşa və ya dolayısıyla, fərdi və ya qrup halında, 50%-lik və ya daha çox hissəsinə nəzarət etməsindən asılı olmayaraq, ona məxsus hər hansı şirkətin iştirak edəcəyi bütün əməliyyatlara şamil edilir”.

Qərar ABŞ Prezidenti Co Baydenin 15 aprel 2021-ci ildə - “Rusiya Federasiyasının “zərərli hərəkətlərinə” cavab olaraq imzaladığı 14024 saylı fərman əsasında qəbul edilib.

Məhdudiyyətlər “demokratik təsisatları və dəyərləri sarsıdan hərəkətlər edən və beynəlxalq korrupsiyada iştirak edən”  şəxslərə şamil edilir.

ABŞ-ın keçmiş səfiri Yan Kelli, Dövlət Departamentinin keçmiş rəsmisi Devid Kramer, bu ölkənin müxtəlif ölkələrdəki keçmiş səfirləri də İvanişviliyə qarşı sanksiyaların tətbiqini tələb etmişdilər. 

ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Ceyms O’Brayn Tbilisiyə səfəri zamanı Vaşinqtonun oliqarxa qarşı tətbiq etdiyi sanksiyalara görə İvanişvili ilə görüşdən imtina etmişdi.

ABŞ dövlət katibi Entoni Blinken sanksiya qərarını belə şərh edib: “İvanişvilinin və Gürcü Arzusunun hərəkətləri demokratik institutları sarsıtdı, insan hüquqlarının pozulmasına səbəb oldu və Gürcüstanda fundamental azadlıqların qorunmasına mane oldu”.

Blinken dediklərinə bunu da əlavə edib: “Biz “Gürcü Arzusu”nun İvanişvilinin rəhbərliyi altındakı fəaliyyətini, o cümlədən Gürcüstan vətəndaşlarına, etirazçılara, media nümayəndələrinə, hüquq müdafiəçilərinə və müxalifətçilərə qarşı zorakılıq və repressiyaları qəti şəkildə pisləyirik. Birləşmiş Ştatlar Gürcüstanda demokratiya və insan haqlarını pozanları məsuliyyətə cəlb etməyə çağırır”.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib ki, Bidzina İvanişvili de-fakto sanksiya altında olub, təxminən 3 il şantaj edilib: “İndi bu şantajın səbəbi aradan qalxıb. Əslində heç nə dəyişməyib, o təslim olmadığı üçün sanksiyalar artıq tətbiq olunurdu”.

İ.Kobaxidze İvanişvili ilə danışdığını bildirib:

“Onun mövqeyi tamamilə əvvəlki kimidir, xüsusi bir dəyişiklik yoxdur”.

Oktyabrın 26-da Gürcüstanda parlamentə seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusu Partiyasının 53,9% səslə qalib gəldiyini elan edib. 5%-lik baryeri keçən dörd müxalifət partiyası seçkinin nəticələrini tanımaqdan və parlamentə daxil olmaqdan imtina edib. Seçki nəticələrinin saxtalaşdırıldığını bildirən müxalif qüvvələr yeni seçkilər keçirilməsi tələbilə etiraz aksiyaları keçiriblər. Hazırda parlamentin iclaslarında yalnız hakim partiyanın nümayəndələri iştirak edir.

Seçkilərdən bir ay  sonra - noyabrın 28-də Gürcüstanın Baş naziri, “Gürcü Arzusu”nun  üzvü İrakli Kobaxidze Avropa İttifaqıyla danışıqların dayandırıldığını və 2028-ci ilə qədər qurumun qrantlarından imtina ediləcəyini açıqlayıb. 

Ölkənin Avropa İttifaqına və NATO-ya inteqrasiyası Gürcüstan Konstitusiyasında təsbit edilib. Müxalifət hesab edir ki, hakim partiya Gürcüstanın Qərb yönlü inkişaf kursunu dəyişməyə və ölkəni Rusiyanın təsir orbitinə qaytarmağa çalışır. 

Baş nazirin açıqlamasından dərhal sonra başlamış kütləvi aksiyalar hələ də davam edir.

Dekabrın 14-də Gürcüstanda prezident seçkisi keçirilib. Bu dəfə prezidenti xalq yox, Seçicilər Kollegiyası seçib. “Gürcü Arzusu” bu vəzifəyə keçmiş futbolçu, 1995-ci ildə Rusiyanın ən yaxşı futbolçularından biri seçilmiş, ali təhsili olmayan Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək. Səlahiyyət müddəti başa çatmış indiki prezident Salome Zurabişvili parlamentin qeyri-legitim olduğunu, postunu tərk etməyəcəyini bildirir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Zurabişvili “Gürcüstanın yeganə qanuni lideri kimi” Trampın andiçmə mərasiminə dəvət olunub

28 Dekabr 2024

Civil Georgia

Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət olunub.  Respublikaçı konqresmen və Helsinki Komissiyasının sədri Co Uilson (Joe Wilson) “X” platformasındakı səhifəsində yazıb ki, Zurabişvili “Gürcüstanın yeganə qanuni lideri kimi” dəvət olunub.  “Mən İvanişvilinin, onun ÇKP-dəki (Çin Kommunist Partiyası - red.) və İran reyimindəki dostlarının hücumları qarşısında göstərdiyi cəsarətə görə Zurabişvilinin qarşısında baş əyirəm” - Uilson belə yazıb. Zurabişvilinin prezidentlik müddəti ilin sonunda başa çatır. Hakim Gürcü Arzusu Partiyası yeni prezidenti Mixeil Kavelaşvilinin inauqurasiya mərasimini dekabrın 29-na təyin edib. Zurabaşvili bəyan edib ki, ədalətli parlament seçkiləri keçirilməyənə, ölkədə legitim hakimiyyət yaranmayana qədər o, Gürcüstanın prezidenti...
Dünya

Lukaşenko daha 20 siyasi məhbusu əfv etdi

28 Dekabr 2024

açıq mənbədən götürülüb

Belarus prezidenti Aleksandr Lukaşenko “ekstremist cinayətlərə” görə həbs edilmiş daha 20 nəfəri əfv edib. Bu barədə onun rəsmi saytında məlumat verilib. “Əfv olunanlardan 11-i qadın, 14-ü xroniki xəstədir, 10 məhkumun uşaqları, bir qadının isə 4 uşağı var”,  deyə məlumatda bildirilir. Prezidentin Mətbuat Xidməti iddia edir ki, “onların hamısı əfv üçün müraciət ediblər və əməllərindən peşman olublar” (https://dtpojvfnjccrulhs.1tw.live/news/2024/12/28/lukashenko-pomiloval-esche-20-politzaklyuchennyh). Əfv edilən siyasi məhbusların adları açıqlanmır. Belarusda 2024-cü ilin yayından bu yana artıq yeddinci dəfədir ki, siyasi məhbuslarla bağlı əfv fərmanı  verilir. Lukaşenko avqustun 16-da 30, sentyabrın 4-də yenə 30, sentyabrın 16-da 37, noyabrın 7-də 31, noyabrın 20-də 32, dekabrın 9-da isə 29...

Seçilmiş Videolar

Toplum TV loqo