Dünya

Trampın Qəzzada sülh planı hansı mərhələdədir: HƏMAS tərk-silah olacaqmı?

12 Yanvar, 2026
71

Foto: açıq mənbə

ABŞ prezidenti Donald Trampın administrasiyasının vasitəçiliyi ilə İsrail və Qəzzaya nəzarət edən HƏMAS qruplaşması arasında atəşkəs razılaşmasının əldə olunmasından üç ay keçir.

Buna baxmayaraq, bu müddət ərzində İsrail ordusu atəşkəsi pozmaqda davam edib.

Ən son yanvarın 8-də Qəzzaya endirilən zərbə nəticəsində 5-i uşaq olmaqla 13 fələstinli ölüb. Qəzzanın səhiyyə rəsmilərinin bildirdiyinə görə, oktyabrın 10-da atəşkəs qüvvəyə mindikdən sonra İsrail tərəfindən azı 425 nəfər öldürülüb.

İsrail adətən bu zərbələrin HƏMAS tərəfindən atılan raketlərə cavab olaraq endirildiyini bildirir. HƏMAS rəsmiləri isə bu iddiaları rədd edir.

Bununla belə, Tramp atəşkəsin qorunacağına və yekun sülhə nail olunacağına ümidli olduğunu deyir.

O, dekabrın 29-da İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi brifinqdə İsrailin sülh planına “100% əməl etdiyini” bildirib.

Trampın 20 maddəlik sülh planının birinci mərhələsində atəşkəslə yanaşı, tərəflər arasında əsir və girovların mübadiləsi də nəzərdə tutulurdu. İkinci mərhələdə isə HƏMAS-ın tərk-silah olunması, İsrail qüvvələrinin Qəzza zolağından çıxarılması, əraziyə beynəlxalq sabitləşdirici qüvvənin (BSQ) yerləşdirilməsi, Qəzzanın bərpası və digər məsələlər yer alır.

Tramp brifinq zamanı bu mərhələ ilə bağlı suala cavabında bildirib ki, icraya “ən qısa zamanda” başlanacaq. Lakin onun sözlərinə görə, bunun üçün ilk növbədə HƏMAS tərk-silah olunmalıdır. “Tərk-silah olmasalar, bunun bədəlini ağır şəkildə ödəyəcəklər”, - deyə o əlavə edib.

Sülh planında BSQ-nin müxtəlif ölkələrin göndərəcəyi qoşunlardan formalaşacağı qeyd olunur, lakin konkret hansı ölkələrin iştirak edəcəyi açıqlanmır. Plana əsasən, BSQ Qəzzada müvəqqəti olaraq atəşkəsə nəzarət edəcək və bu müddət ərzində yerli polis qüvvəsinin hazırlanması ilə məşğul olacaq.

İndiyə qədər Türkiyə, Misir, İtaliya və İspaniya da daxil olmaqla bir neçə ölkə BSQ üçün qoşun göndərməyə maraqlı olduqlarını ifadə edib.

Azərbaycanın da BSQ-yə qoşulmağa razı olan ölkələr sırasında olduğu iddia edilib. Lakin prezident İlham Əliyev bu ayın əvvəlində verdiyi müsahibədə bu iddianı təkzib edib.

Plana görə, Qəzzanın silahsızlaşdırılması prosesi “müstəqil müşahidəçilərin nəzarəti altında” həyata keçirilməlidir: “Bu prosesə əsasən silahların razılaşdırılmış şəkildə, beynəlxalq səviyyədə maliyyələşdirilən proqram çərçivəsində satın alınaraq istismardan birdəfəlik çıxarılması nəzərdə tutulur. Bütün bunlar müstəqil müşahidəçilər tərəfindən təsdiqlənəcək”.

Lakin bu müstəqil müşahidəçilərin kimliyi hələ də sual olaraq qalır. Mətbuatda bu funksiyanın BSQ-yə həvalə oluna biləcəyi ilə bağlı xəbərlər yayılsa da, Türkiyə və Misirin xarici işlər nazirləri ötən ay Dohada keçirilən forumda ölkələrinin HƏMAS-ın tərk-silahı ilə məşğul olmayacaqlarını açıq şəkildə bildiriblər.

Yaxın Şərq üzrə ixtisaslaşan amerikalı jurnalist Ceremi Skeyhil deyir ki, Tramp administrasiyası BSQ-nin formalaşdırıla bilməməsi səbəbindən sülh planının icrası baxımından çətin vəziyyətlə üzləşib.

“ABŞ elə bir vəziyyətdədir ki, ya hədə-qorxu və rüşvət yolu ilə HƏMAS-ı tərk-silah etməyə razı olacaq ölkələr tapmalıdır, ya da Türkiyə və Misirə qulaq asmalıdır”, -  deyə o qeyd edib.

Türkiyə və Misirin xarici işlər nazirləri Doha forumunda bildiriblər ki, BSQ-nin əsas vəzifəsi HƏMAS-ı tərk-silah etmək yox, İsrail və fələstinlilər arasında sülhməramlı rol oynamaq olmalıdır.

HƏMAS isə tərk-silah məsələsi ilə bağlı birmənalı mövqe ortaya qoymayıb. Qruplaşma dəfələrlə bildirib ki, yalnız Fələstin dövləti qurulduqdan sonra tərk-silah olunacaq və silahlarını yeni yaradılacaq dövlətə təhvil verəcək.

HƏMAS Trampın sülh planına cavab olaraq yaydığı bəyanatda atəşkəsə və əsir mübadiləsinə razılaşdığını, digər maddələrin isə danışıqlar yolu ilə müzakirə edilməli olduğunu bəyan edib.

Ötən ay Dohada HƏMAS rəsmiləri ilə görüşən Skeyhil onların sözlərinə istinadən bildirir ki, İsrailin iki ildən artıq davam edən “soyqırımı” dövründə Qəzzada silah istehsalı dayanıb və HƏMAS-ın əlində yalnız köhnə, kiçik çaplı silahlar qalıb.

“Onlar bu silahların taleyi barədə də Trampın planı çərçivəsində danışıqlara getməyə razıdırlar. Eyni zamanda, yerli polis qüvvəsinin yaradılmasına və Qəzzanın planda nəzərdə tutulduğu kimi texnokratik hökumət tərəfindən idarə olunmasına da razılıq verirlər. Lakin həmin hökumətin hansısa beynəlxalq qüvvədən deyil, məhz fələstinlilərdən təşkil olunmasını tələb edirlər”, - deyə o qeyd edib.

Buna baxmayaraq, Skeyhil HƏMAS-ın tərk-silah olunub-olunmamasının həlledici olmayacağını düşünür.

“İsrail müharibə yolu ilə əldə edə bilmədiyini indi beynəlxalq aləmin köməyi ilə əldə etməyə çalışır. HƏMAS olmasın, başqa biri olsun, hər zaman işğala müqavimət göstərən fələstinlilər olacaq”, - deyə o vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Müharibə qurbanlarını yad edən ukraynalı idmançı olimpiadadan kənarlaşdırılıb

13 Fevral 2026

Foto: AFP

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında Ukraynanı təmsil edən idmançı müharibə qurbanlarını yad edən dəbilqə taxdığına görə olimpiadadan kənarlaşdırılıb.  Skeleton yarışçısı Vladislav Heraskeviçin yarışdan kənarlaşdırılması qərarı fevralın 12-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən verilib.  BOK üzərində Rusiyanın işğalçı müharibəsi nəticəsində həyatını itirmiş ukraynalı idmançıların rəsmlərinin əks olunduğu dəbilqəni taxmağı daha öncə qadağan etsə də, Heraskeviç məşqlərə bu dəbilqə ilə çıxmağa davam edirdi.  BOK prezidenti Kirsti Koventri fevralın 12-i səhər saatlarında ukraynalını fikrindən daşındırmaq üçün şəxsən yarışın keçirildiyi yerə gəlib. Lakin Heraskeviç güzəştə getməyib.  İdmançı qərarın açıqlanmasından sonra sosial media hesabında bunu "şərəfli olmağın bədəli" adlandırıb.  "Mən bu yarışda medalçılar arasında ola...
Dünya

Sözçü: "Vens Əliyevlə məhbusların azad edilməsindən danışıb" 

11 Fevral 2026

Foto: EPA

Azərbaycanda rəsmi səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Vensin prezident İlham Əliyevlə görüşdə "məhbusların azad edilməsi" məsələsindən danışdığı bildirilir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, bu barədə Vensin sözçüsü məlumat verib.  "Onlar, əsasən, ticarət və rifah, texnologiya və diplomatik əlaqələrin genişləndirilməsini müzakirə ediblər. "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə müqavilələr və güzəştlərdən, məhbusların azad edilməsi kimi etimadyaratma tədbirlərindən, ABŞ investisiyaları və regional iqtisadi inteqrasiya daxil olmaqla, növbəti addımlardan da danışıblar", - sözçü deyib.  Açıqlamada Azərbaycanda həbsdə olan və yenicə hökm oxunmuş ermənilər, yoxsa "siyasi məhbus" kimi tanınan jurnalist və vətəndaş cəmiyyəti üzvlərindən söhbət getdiyi aydın deyil.  Vens fevralın 10-da...

Seçilmiş Videolar

Toplum TV loqo