Zelenski: “ABŞ və Avropa təhlükəsizliyi təmin etsə, prezident seçkiləri keçirməyə hazıram”
Foto: Getty Images
Avropaya səfərini davam etdirən Ukrayna prezidenti Volodimir Zelenski 9 dekabr axşamı ukraynalı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, prezident seçkilərinin keçirilməsinə hazırdır. Lakin bunun üçün seçkilərin təhlükəsizliyinin təmin olunması və hərbi vəziyyət şəraitində seçki keçirilməsini qadağan edən qanunvericiliyin dəyişdirilməsi tələb olunur.
Zelenski müharibənin onun “kreslodan yapışması” səbəbindən uzandığını iddia edənləri “tamamilə qeyri-adekvat” adlandırıb. O, ad çəkməsə də, həmin gün “Politico”-ya müsahibəsində ABŞ prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin keçirilməsinin vacib olduğunu demişdi.
Eyni zamanda, Zelenskinin “legitimliyinin şübhə altına alınması” fikrini Rusiya prezidenti Vladimir Putin və rusiyalı təbliğatçılar da fəal şəkildə yayırlar.
Zelenski həmçinin bildirib ki, ABŞ və Avropa ilə müharibənin başa çatdırılması üzrə üç əsas sənəd müzakirə olunur. Onun sözlərinə görə:
• Birinci sənəd - daim yenilənən 20 bəndlik çərçivə sənədidir.
• İkinci sənəd - təhlükəsizlik zəmanətləri paketidir. Zelenski bu məsələ üzrə ABŞ ilə dialoqun davam etdiyini, Ukrayna hərbçilərindən və amerikalı tərəfdaşlardan təkliflər gözlədiyini bildirib.
• Üçüncü sənəd - Ukraynanın müharibədən sonrakı bərpasına dair layihədir. Bu sənəd atəşkəs və ya müharibənin başa çatmasından sonra işlək olmalıdır.
Təhlükəsizlik zəmanətləri ilə bağlı Zelenski qeyd edib ki, ABŞ bu zəmanətlərin Konqres tərəfindən təsdiqlənəcək qanun formasında rəsmiləşdirilməsinə razıdır: “Amerikalılar bildiriblər ki, bu dəfə Ukrayna real təhlükəsizlik zəmanətləri almalıdır - silah, lazım gəldikdə sanksiyaların tətbiqi, hava hücumundan müdafiə sistemləri və NATO-nun 5-ci maddəsinə bənzər mexanizmlər. Amma bu detallar hələ müzakirə mərhələsindədir”.
Zelenski əvvəlcə “Telegram”-da yazmışdı ki, Avropa tərəfdaşları ilə danışıqlardan sonra yenilənmiş “sülh planını” yaxın günlərdə ABŞ-yə təqdim etməyə hazırdır.
Onlayn brifinqdə o həmçinin bildirib ki, Vaşinqton Ukraynadan Donetsk vilayətinin Rusiyaya verilməsini tələb edir. Bu, Moskvanın istədiyi variantdır, lakin Kiyev bu məsələdə ABŞ-ın öz mövqeyini dəstəkləməsini gözləyir. Zelenski Rusiyanın razılığı və əməl etməsi şərti ilə “enerji atəşkəsi”nə hazır olduğunu da qeyd edib.
Dekabrın 9-da Vladimir Putin ictimai cəmiyyət və insan haqları şurasının iclasında bildirib ki, Rusiya “xüsusi hərbi əməliyyatın” məqsədlərinə çatacaq və onu “məntiqi sonluğa” aparacaq. Onun sözlərinə görə, Rusiya “Ukraynadakı münaqişəni bitirməyə çalışır”, lakin bunu “silahlı yolla etməyə məcburdur”. Putin daha əvvəl də oxşar açıqlamalar vermişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"