İqtisadiyyat

2025-ci il büdcə xərcləri planlaşdırılandan 2,8 milyard manat az icra olunub

29 Yanvar, 2026
452

Foto/kollaj: Toplum TV

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət büdcəsinin icrasına dair ilkin göstəriciləri açıqlayıb. Hesabatdan görünür ki, ötən il dövlət büdcəsi əsasən Dövlət Neft Fondunun dəstəyi hesabına böyüyüb. Büdcə gəlirləri təxminən 2 milyard manat (5 faiz) artaraq 39,1 milyard manata çatıb. Artımın 1,7 milyard manatı Neft Fondunun transfertlərinin genişlənməsi hesabına təmin olunub.

2025-ci ildə Fonddan büdcəyə 14,5 milyard manat köçürülüb, halbuki əvvəlki ildə bu rəqəm 14,8 milyard manat idi. Transfertlərin artması fonunda vergi gəlirlərinin dövlət büdcəsində payı 54,2 faizdən 52,2 faizə enib.

Neft Fondunun transfertləri nəzərə alınmazsa, dövlət büdcəsinin gəlirləri cəmi 300 milyon manat və ya 1,2 faiz artıb. Transfertlər də daxil olmaqla, neft-qaz gəlirlərinin dövlət büdcəsində payı 47,2 faizdən 48,2 faizə yüksəlib. Bu sektordan daxilolmalar 18,8 milyard manat təşkil edib. Bunun 14,5 milyard manatı Fondun köçürmələri, 4,3 milyard manatı isə yerli və xarici neft-qaz şirkətlərinin vergi ödəmələrinin payına düşür.

Neft-qaz şirkətlərinin vergi ödəmələri əvvəlki illə müqayisədə 500 milyon manat azalıb ki, bu da əsasən xarici şirkətlərin ödəmələrindəki ixtisarla bağlıdır. SOCAR-ın vergi ödəmələri isə cüzi artımla təxminən 1,8 milyard manat olub.

Dövlət büdcəsinin qeyri-neft gəlirləri 700 milyon manat (3,6 faiz) artaraq 20,3 milyard manata çatıb. Ekspertlərin hesablamalarına görə, bu artımın əsas hissəsi- təxminən 462 milyon manatı SOCAR-ın dövlət büdcəsinə ödədiyi dividendlərlə bağlıdır. Paradoksal hal ondan ibarətdir ki, hökumət xalis neft-qaz gəlirlərini qeyri-neft gəlirləri kimi təqdim etməklə bu göstəricini süni şəkildə artırır. SOCAR dividend ödənişləri nəzərə alınmadıqda, qeyri-neft gəlirlərinin cəmi 1 faiz (238 milyon manat) artdığı məlum olur.

Gömrük xətti ilə daxilolmalar 4,8 faiz və ya 279 milyon manat azalaraq 6,4 milyard manata yaxın olub.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar isə kəskin artıb: bu mənbədən gəlirlər 24 faiz (132 milyon manat) artaraq 680 milyon manata çatıb.

Vergi növləri üzrə baxıldıqda, əsas artım əhalinin üzərinə düşən dolayı vergilərdə - ƏDV və aksizlərdə, eləcə də fiziki şəxslərin gəlir vergisində qeydə alınıb. Həm idxal, həm də daxili əməliyyatlar üzrə ƏDV və aksizlərdən daxilolmalar 210 milyon manat (1,8 faiz) artaraq 10,6 milyard manata çatıb. Bu iki vergi növü büdcənin vergi gəlirlərinin 52 faizini təşkil edib.

Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 182 milyon manat artaraq 2 milyard manatı ötüb.

Dövlət büdcəsinin xərcləri qanunla təsdiqlənmiş məbləğdən 7,2 faiz və ya 2,8 milyard manat az icra edilib. Bir sıra funksional istiqamətlər üzrə kənarlaşma daha yüksək olub. Belə ki, səhiyyə xərcləri 719 milyon manat (36,1 faiz), ümumdövlət xidmətləri üzrə xərclər 806 milyon manat (15,3 faiz), büdcə investisiya xərcləri isə 380 milyon manat (14,2 faiz) az icra edilib.

Səhiyyə xərcləri yalnız 2025-ci ilin təsdiqlənmiş proqnozundan aşağı icra olunmayıb, həm də 2024-cü illə müqayisədə azalıb. 

Ötən il dövlət büdcəsindən səhiyyəyə faktiki xərclənmiş vəsait 2024-cü illə müqayisədə 551 milyon manat və ya 43 faiz az olub. İcbari Tibbi Sığorta Fondunun öz gəlirləri hesabına formalaşan vəsaitlər də nəzərə alındıqda, 2024-cü ildə icmal büdcədən səhiyyəyə 2,927 milyard manat xərcləndiyi halda, 2025-ci ildə bu məbləğ 2,5 milyard manata düşüb. Nəticədə, səhiyyə sisteminin maliyyələşdirilməsinə yönəldilən ictimai vəsaitlər bir il ərzində 420 milyon manat və ya təxminən 15 faiz azalıb.

Diqqətçəkən məqamlardan biri də əhalinin sosial müdafiəsi üzrə xərclərin 2025-ci ilin təsdiqlənmiş büdcəsinə nisbətən təxminən 200 milyon manat (4,2 faiz) az icra olunmasıdır. Yüksək inflyasiya və real yoxsulluq səviyyəsi fonunda hökumətin hansı sosial müdafiə tədbirlərini ixtisar etdiyi isə açıq sual olaraq qalır.

Qeyd: Yazıdakı fikirlər müəllifin mövqeyini əks etdirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Milli Onkologiya Mərkəzi 35 milyon manatlıq tender keçirib 

17 İyul 2026

Açıq mənbə

Milli Onkologiya Mərkəzi təxminən 35 milyon manat dəyərində tender keçirib.  Elektron tender portalında iyulun 9-da yayımlanan məlumata görə, sözügedən tenderi “Azəri Med” adlı şirkət qazanıb. Məlumata əsasən, mərkəz şirkətə dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının satın alınması müqabilində 34 milyon 961 min 987 manat ödəməlidir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, 2025-ci ilin mayında da mərkəz 36 milyon manatlıq tenderi bu şirkətə verib. 2024-cü ilin mayında isə eyni şirkət 29 milyon 829 min 766 manatlıq tenderin qalibi elan edilib.  Mətbuatda "Azəri Med”in sahibinin deputat Kəmaləddin Qafarov olduğu barədə iddialar var. K.Qafarov parlamentdə təmsil olunana qədər Milli Onkologiya Mərkəzində baş...
İqtisadiyyat

Gömrük Xidmətinin rəhbərinə ünvanlanmayan vacib sual

29 İyun 2026

Açıq mənbə

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun hökumətə yaxın media qurumlarına verdiyi son müsahibədə müxtəlif mövzular müzakirə edilib. Lakin müsahibə zamanı tərəflərin heç biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Orta Dəhlizlə bağlı yeni açıqladığı hesabatda yer alan mühüm və problemli məqamlara toxunmayıb. Söhbət OECD-nin hazırladığı və 2026-cı ildə yayılan “İqtisadi dəhlizlər çərçivəsində əlaqələrin qiymətləndirilməsi: Trans-Xəzər Nəqliyyat Dəhlizi nümunəsi" hesabatdan gedir. Sənəd Ş.Bağırovdan fərqli olaraq hazırda Azərbaycanda gömrük-sərhəd sistemində rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı başqa ciddi problemlərə də diqqət ayırmağı vacib sayır. İlk növbədə söhbət xarici ticarət qaydaları ilə bağlı məlumatların bütün maraqlı tərəflər üçün əlçatanlığından gedir. Burda məlumatlar dedikdə, zəruri...

Seçilmiş Videolar

Toplum TV loqo