İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracında artımın pərdəarxası: niyə dayanıqlı inkişaf baş vermir?

9 Dekabr, 2025
218

Foto: president.az

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib ki, son 6 ildə Azərbaycanın qeyri-neft ixracatı iki dəfə artıb. Rəsmi statistikaya görə, əgər 2019-cu ilin 10 ayı ərzində Azərbaycandan qeyri-neft məhsullarının ixracatı 1,5 milyard dollar olmuşdusa, bu ilin eyni dövründə həmin rəqəm 2,9 milyard dollar təşkil edib.

Müstəqil ekspertlərin fikrincə, statistika kifayət qədər cəlbedicidir və sürətli inkişaf görüntüsü yaradır. Amma eyni çıxışda başqa bir statistikanı da səsləndirərək müqayisə aparmaq olardı. Məsələn, həmin 6 ildə ölkənin qeyri-neft təyinatlı idxalı da 70 faizə yaxın artaraq 9,7 milyard dollardan 16 milyard dollara yaxınlaşıb. Ölkənin ticarət balansında qeyri-neft defisiti təxminən 8 milyard dollardan 14 milyard dollara qədər böyüyüb. Xüsusilə də ölkənin qida idxalından asılılığı kəskin şəkildə artıb.

Əgər 2019-cu ilin 9 ayı ərzində Azərbaycana cəmi 1,3 milyard dollara yaxın qida məhsulu idxal edilmişdisə, 2025-ci ilin eyni dövründə həmin rəqəm 2,4 milyard dollara yaxın olub və bu, az qala 2 dəfəlik artım deməkdir.

Ekspertlərin fikrincə, daha ciddi problemlərdən biri Azərbaycanın qeyri-neft məhsullarının satış coğrafiyasını genişləndirə bilməməsidir. Məsələn, 2019-cu ilin yanvar–sentyabr aylarında bütün qeyri-neft ixracatının təxminən 75 faizi (1,2 milyard dolları) 5 ölkəyə getmişdi. Bura Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Ukrayna daxildir. 2025-ci ildə də həmin göstərici və ölkələrin adları demək olar ki, dəyişməyib.

Rusiya təkbaşına Azərbaycanın qeyri-neft məhsullarının 35 faizinin alıcısına çevrilib. İxracatda az sayda bazarlardan bu qədər yüksək asılılıq son dərəcə risklidir. Xüsusilə Rusiya kimi ölkələrlə mütəmadi siyasi münasibətlərdə problemlərin yaranması strateji olaraq ölkənin ixrac imkanlarının artırılması baxımından ciddi risk daşıyır.

Təhlilçilər hesab edir ki, prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin üzərindən ötdüyü daha ciddi problemlərdən biri qeyri-neft ixracatının az sayda iri şirkətdən asılı olmasıdır. İstər 2019-cu ilin, istərsə də 2025-ci ilin təhlil aparılan dövrlərində bütün qeyri-neft ixracatının təxminən yarısı 20 şirkətin hesabına olub. Xüsusilə də 10 dövlət şirkəti hesabına bütün ixrac gəlirlərinin təxminən 1 milyard dolları və ya 35 faizə yaxını əldə edilib. Ən maraqlı məqam isə odur ki, qeyri-neft ixracatının artımında neft mənşəli məhsulların mühüm rolu olub.

Əgər 2019-cu ilin 9 ayında ölkədən 250 milyon dollar dəyərində kimya məhsulları və plastmas məmulatlarının ixracı olmuşdusa, 2025-ci ildə bu rəqəm az qala 2,5 dəfə artaraq 600 milyon dollara yaxınlaşıb. Dövlət sektorundan geriyə qalan qeyri-neft ixracatının artımında iqtisadiyyatda inhisarçı rolu şübhə doğurmayan iri şirkətlərin istehsal etdiyi məhsullar mühüm paya malikdir. Məsələn, 2019–2025-ci illərdə pambıq ixracatının həcmi 50 faizə yaxın (55 milyon dollar), metallurgiya məhsulları üzrə 60 faiz (100 milyon dollara yaxın), şəkər ixracatı isə 2,5 dəfə (30 milyon dollara yaxın) artıb.

Ötən dövrdə Azərbaycanın qeyri-neft ixracatının nominal ifadədə artımında Rusiya–Ukrayna müharibəsi səbəbindən son 3 ildə dünya əmtəə bazarında qiymətlərin əhəmiyyətli dərəcədə artması da mühüm rol oynayıb. Məsələn, elektrik enerjisinin ixracatı həcm etibarilə 30 faizə yaxın azalsa da, dəyər ifadəsində təxminən eyni məbləğdə (65 milyon dollara yaxın) ixrac gəliri olub.

Yaxud plastmas məmulatları natural ölçüdə (ton hesabı ilə) 50 faiz, amma dəyər ifadəsində 100 faiz artıb. Yəni bu məhsulun ixracatında ümumi artımın tam yarısı dünya bazarlarındakı bahalaşma ilə bağlıdır. Eyni vəziyyət kimya sənayesi məhsullarına da aiddir. Ötən 6 ildə bu qəbildən olan məhsulların ixrac həcmi 3 dəfə, amma ixracatın dəyəri 4 dəfə genişlənib.

Beləliklə, qiymət artımı, xüsusilə geopolitik gərginlikdən qaynaqlanan qiymət yüksəlişləri səbəbindən ixrac gəlirlərinin artımı dayanıqlı deyil. Çünki hansısa dövrdə bu gərginlik ocaqlarının sönməsi ixracatın dəyərində düşüşlərə səbəb olur.
İxracatın böyüməsi yalnız ölkədaxili istehsalın, həm də rəqabət qabiliyyətli məhsulların istehsalının genişlənməsi hesabına olduqda dayanıqlı proses olur.

Nəhayət, prezident köməkçisinin üzərindən keçdiyi vacib məsələ ixracatın keyfiyyəti ilə bağlıdır. Söhbət ümumi ixracatda yüksək texnoloji məhsulların payından gedir. 2025-ci ilin 9 ayında ümumi ixracatda bu kateqoriyaya aid məhsulların payı cəmi 0,7 faiz təşkil edib. Halbuki region ölkələrinin bir çoxunda bu göstərici 10 faizdən az deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Milli Onkologiya Mərkəzi 35 milyon manatlıq tender keçirib 

17 İyul 2026

Açıq mənbə

Milli Onkologiya Mərkəzi təxminən 35 milyon manat dəyərində tender keçirib.  Elektron tender portalında iyulun 9-da yayımlanan məlumata görə, sözügedən tenderi “Azəri Med” adlı şirkət qazanıb. Məlumata əsasən, mərkəz şirkətə dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının satın alınması müqabilində 34 milyon 961 min 987 manat ödəməlidir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, 2025-ci ilin mayında da mərkəz 36 milyon manatlıq tenderi bu şirkətə verib. 2024-cü ilin mayında isə eyni şirkət 29 milyon 829 min 766 manatlıq tenderin qalibi elan edilib.  Mətbuatda "Azəri Med”in sahibinin deputat Kəmaləddin Qafarov olduğu barədə iddialar var. K.Qafarov parlamentdə təmsil olunana qədər Milli Onkologiya Mərkəzində baş...
İqtisadiyyat

Gömrük Xidmətinin rəhbərinə ünvanlanmayan vacib sual

29 İyun 2026

Açıq mənbə

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun hökumətə yaxın media qurumlarına verdiyi son müsahibədə müxtəlif mövzular müzakirə edilib. Lakin müsahibə zamanı tərəflərin heç biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Orta Dəhlizlə bağlı yeni açıqladığı hesabatda yer alan mühüm və problemli məqamlara toxunmayıb. Söhbət OECD-nin hazırladığı və 2026-cı ildə yayılan “İqtisadi dəhlizlər çərçivəsində əlaqələrin qiymətləndirilməsi: Trans-Xəzər Nəqliyyat Dəhlizi nümunəsi" hesabatdan gedir. Sənəd Ş.Bağırovdan fərqli olaraq hazırda Azərbaycanda gömrük-sərhəd sistemində rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı başqa ciddi problemlərə də diqqət ayırmağı vacib sayır. İlk növbədə söhbət xarici ticarət qaydaları ilə bağlı məlumatların bütün maraqlı tərəflər üçün əlçatanlığından gedir. Burda məlumatlar dedikdə, zəruri...

Seçilmiş Videolar

Toplum TV loqo