Dövlət borcunun görünməyən tərəfi: Təminat Fondunun resursları niyə tükənir?
Toplum TV
Prezident İlham Əliyev də daxil olmaqla, iqtisadiyyata cavabdeh rəsmilərin dövlət borcunun aşağı səviyyəsini mütəmadi olaraq ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biri kimi təqdim etdikləri bir dövrdə, Hesablama Palatasının yaydığı açıqlama diqqət çəkib.
Palatanın 2025-ci il üzrə dövlət büdcəsinin icrasına dair rəyində bildirilir ki, dövlət borcu və dövlət zəmanətli öhdəliklərlə bağlı Təminat Fondunun sərəncamında olan vəsaitlərin həcmi 2025-ci ilin sonuna 61 faiz azalaraq 419 milyon manatdan 164 milyon manata enib.
Son 5 ildə (2020-2025-ci illərdə) isə 11 dəfəyə yaxın azalıb. Belə ki, 2020-ci ilin sonuna Fondun vəsaitlərinin ümumi qalığı 1,980 milyard manat olmuşdur.
Təminat Fondu dövlət borclarının qaytarılması məqsədilə yaradılan büdcədənkənar fonddur. Birbaşa hökumət adından götürülən borcların qaytarılması dövlət büdcəsinin borca xidmət xərcləri çərçivəsində həyata keçirilir. Lakin il ərzində qaytarılmalı olan borcun məbləği büdcədə nəzərdə tutulan xərcdən artıq olduqda, Təminat Fondunun sərəncamında olan vəsaitlərdən ödənilir. Dövlətin zəmanətli borclarını isə dövlət müəssisələri bilavasitə öz vəsaitləri hesabına ödəməlidirlər. Ödəyə bilmədikləri hallarda isə Təminat Fondunun vəsaiti hesabına hökumətin öhdəliyi icra edilir.
Məsələn, məktəb və xəstəxana binalarının tikintisi üçün hökumət adından xarici qurumlarla bağlanan müqavilələr birbaşa, təsərrüfathesablı dövlət müəssisələrinin bilavasitə borcalan kimi özlərinin çıxış etdiyi, amma hökumətin zəmanəti olan müqavilələr isə zəmanətli borc sazişləridir.
Hesablama Palatasının məlumatından aydın olur ki, 2025-ci ildə Təminat Fondu 2,6 milyard manata yaxın borc qaytarıb. Bu məbləğin cəmi 255 milyon manatı Fondun öz vəsaitləri hesabına qaytarılıb və onun sərəncamında olan resurslar tükəndiyi üçün hökumətin təqdim etdiyi vəsaitlər köməyə çatıb. Belə ki, dövlət büdcəsinin xəzinə ehtiyatları hesabına 1,521 milyard manat, Mərkəzi Bankın mənfəətindən 542,2 milyon manat, 2025-ci ilin büdcə profisiti hesabına 200 milyon manat Fonda vəsait köçürülmüşdür.
Dövlət büdcəsinin 2,1 milyard manata yaxın faktiki icra edilmiş borca xidmət xərclərini, eləcə də Təminat Fondunun ödəmələrini də nəzərə alsaq, dövlət borcunu qaytarmaq üçün hökumətin cibindən ötən il 4,3 milyard manata yaxın vəsait çıxıb. Bunun yarısı birbaşa, digər yarısı isə zəmanətlə alınmış borclar olub.
Müstəqil ekspertlərin fikrincə, Hesablama Palatasının diqqət çəkdiyi digər bir məqam da ciddi təhlil tələb edir. Onların fikrincə, Fondun sərəncamındakı vəsaitlərin az qala buxarlanıb sıfırlanması ciddi problemdirsə, digər vacib məsələ Fondun ötən il təkrar borc sazişləri çərçivəsində əldə etməli olduğu 200 milyon manata yaxın vəsaitin təxminən 10 faizinin və ya 21 milyon manatının daxil olmasıdır.
Ekspertlər qeyd edirlər ki, Hesablama Palatası gəlir proqnozundakı ciddi kənarlaşmanı dolayı şəkildə etiraf etsə də, problemin kök səbəblərini təhlil etməyib. Hesabatda əsas diqqət yalnız yaranmış vəziyyətin Fondun maliyyə dayanıqlılığına təhdid yaratmasına yönəldilib.
Bəs təkrar borc sazişləri nədir və Təminat Fondu bundan necə gəlir əldə edə bilir?
Müstəqil ekspertlərin məlumatına görə, dövlət xaricdən və ya digər mənbələrdən öz adına götürdüyü borcu sonradan müxtəlif dövlət şirkətləri ilə borc sazişləri əsasında onlara verir. Qanunvericiliyə görə, həmin sazişlər çərçivəsində geri qayıdan borclar Fondun gəlir mənbələrindən biridir.
Amma təqdim edilən məlumatlardan görünür ki, qeyd olunan sazişlərə uyğun borclanan dövlət müəssisələri hansısa səbəblərdən öz öhdəliklərindən yayınaraq Təminat Fondunda nəzərdə tutulan vəsaiti köçürməyiblər.
Müstəqil ekspertlər hesab edir ki, ümumilikdə dövlət borcları ilə bağlı statistikada ciddi qeyri-şəffaflıq problemi var:
Əvvəla, qanunvericilik Dövlət Borcuna Təminat Fondunun gəlir və xərclərinin strukturuna dair detallı hesabatın açıqlanmasını, həmin məlumatların dövlət büdcəsi sənədlərinə daxil edilməsini nəzərdə tutmur.
İkincisi, həm birbaşa hökumət adından, həm də dövlət zəmanəti ilə alınan dövlət borclarının sahələr və məsul qurumlar üzrə məbləği, illər üzrə qaytarılmalı borcların məbləği barədə geniş məlumat açıqlanmalıdır.
Nəhayət, dövlət zəmanəti ilə alınan, lakin borcalan qurum (dövlət şirkəti) tərəfindən vaxtında qaytarılmayan, hökumətin vəsaiti hesabına ödənən borcların məbləği, borcu ödəməkdən yayınan qurumun adı ictimaiyyətə bəlli olmalıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
president.az
Nazirin sual doğuran müsahibəsi: Özəl sektor güclüdürsə, artım niyə dövlət layihələrindən asılıdır?
president.az
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib