Siyasət

Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”

3 İyun, 2026
2483

Akif Qurbanovun şəxsi arxivindən

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov "Toplum TV”yə müsahibə verib.

O, üzləşdiyi ittihamlar, beynəlxalq təşkilatların reaksiyası, Üçüncü Respublika Platformasının yaradılması, təcridxanada informasiyaya çıxış imkanları və digər məsələlərdən danışıb.

Müsahibənin birinci hissəsini təqdim edirik.

– Necəsiniz, əhvalınız necədir?

– Yaxşıyam, səhhətim qaydasındadır. Əhval-ruhiyyəm və motivasiyam da yüksəkdir. Çoxlu kitab oxuyur, idmanla məşğul oluram. Ölkəmizin gələcəyi ilə bağlı nikbin və inamlıyam.

Özüm üçün belə bir qənaət formalaşdırmışam ki, həbsdə olsam da, mənim üçün “içəri” elə “çöl” kimidir. Çöldə necə yaşayır, işləyir və davranırdımsa, burada da eyni şəkildə davam edirəm. Əvvəllər ofisimizi özümüz tuturduq, indi isə hökumət bizə ofis ayırıb. Sadəcə, fərq ondadır ki, bu, bir növ “home office”dir - həm yaşayır, həm də fəaliyyət göstəririk.

Bir çatışmazlıq da var: xəsislik edib adam başına cəmi 4 kvadratmetr yer ayırıblar. Şərait də kifayət qədər məhduddur. Amma bütün bunlara baxmayaraq, hesab edirik ki, siyasətçi komforta alışmamalı, istənilən diskomfort şəraitinə uyğunlaşmağı bacarmalı və mövcud vəziyyəti öz xeyrinə çevirməlidir. Biz də hədəflərimiz naminə məhz bunu etməyə çalışırıq.

– Artıq iki ildən çoxdur ki, həbsdəsiniz. Bu müddət ərzində baxışlarınızda və ya prioritetlərinizdə dəyişiklik oldumu?

– Həbsdə mütaliə etməyə, keçmişdə baş verənləri, atdığımız addımları, eləcə də gələcək vizyon və hədəflərimizi təhlil etməyə daha çox imkan yaranır. Ümumi şəkildə desəm, baxışlarımızda və prioritetlərimizdə ciddi bir dəyişiklik olmayıb. Daha çox təkmilləşdiyimizi və yeni təcrübələr qazandığımızı deyə bilərəm.

İnsan fors-major vəziyyətlərdə və repressiya şəraitində həm özünə, həm yaxınlarına, həm də ətrafına fərqli prizmadan baxmaq imkanı əldə edir. Belə sınaqlardan necə çıxdığı barədə daha sağlam qənaət formalaşdırır. Öz qüsur və səhvlərini, eyni zamanda qabiliyyət və bacarıqlarının ekstremal şəraitdə necə təzahür etdiyini daha aydın görür. Ümumilikdə nəticələr ürəkaçandır və bundan məmnunam. Təbii ki, çıxardığım dərslər də az olmayıb.

Burada vaxtın və zamanın dəyərini daha yaxşı anlamağı da öyrəndim. Həmçinin doğmalarıma qarşı daha diqqətli olmağa çalışıram. Onlarla görüşlərdə daha keyfiyyətli ünsiyyət qurmağa üstünlük verirəm. Çöldə insan bir tərəfdən iş-gücün, digər tərəfdən isə yaxınlarının daim əlçatan olmasının təsiri altında onların qədrini lazımi qədər dərk etməyə bilər. Lakin burada həm görüşlərin qrafik üzrə olduğunu, həm də vaxtın məhdudluğunu bildiyin üçün hər dəqiqəni daha səmərəli qiymətləndirirsən. Üstəlik, diqqəti yayındıran telefon, internet və sosial şəbəkələr də yoxdur.

Ümumiyyətlə, virtual aləmdən kənarda qalmağımdan məmnun olduğumu desəm, yalan olmaz. Nə qədər qəribə səslənsə də, insan özünü daha canlı və real həyatın içində hiss edir. Valideynlərim və həyat yoldaşımla bəzən zarafatla deyirəm ki, “hakimiyyətə təşəkkür düşür, sizinlə üz-üzə, göz-gözə baxaraq söhbət edə bilirik. Çöldə iş-güc buna çox vaxt imkan vermirdi”.

Bu müddət ərzində çox fərqli insanlarla tanış oldum, onlarla bir yerdə yaşadım. Bu mənim üçün olduqca dəyərli və faydalı təcrübə oldu. Həmin insanları müəyyən mənada xalqımızın müxtəlif sosial və dünyagörüş qruplarının nümayəndələri hesab etmək olar. Təbii ki, söhbət əsasən kişilərdən gedir. Qadınlarla ünsiyyət imkanları burada çox məhduddur.

İnsanlarımızın inancları, məişət təfəkkürü, həyata, siyasətə, gələcəyə və öz vəziyyətlərinə baxışları, məlumatlılıq səviyyələri, nəyi önəmli hesab edib, nəyi önəmsəmədikləri barədə zəngin müşahidələr aparmaq imkanı qazandım. Siyasətin əsas xammalı insan olduğu üçün bu təcrübəni son dərəcə qiymətli hesab edirəm. Həm bu insanlarla ünsiyyətdən, həm də ümumilikdə xalqımızı daha yaxından tanımaqdan mühüm dərslər çıxarmışam.

Kənardan elə təsəvvür yaranmasın ki, burada olanların hamısı qəsdən cinayət törətmiş şəxslər və ya cəmiyyətin savadsız təbəqəsinin nümayəndələridir. Əksinə, burada hər cür insan var və onların həyat hekayələri çox zaman kənardan göründüyündən daha mürəkkəbdir.

Eyni zamanda, DİN, Prokurorluq, DTX, Penitensiar Xidmət, məhkəmələr və digər dövlət qurumları timsalında hakimiyyət mexanizminin necə işlədiyini yaxından müşahidə etmək imkanı əldə etmişik. Dövlət adından qərar verənlərin hüquqa, ədalətə və idarəetməyə münasibətini birbaşa təcrübədən keçirmişik.

Bu müşahidələr bizi bir daha əmin etdi ki, sistemi “tək adam rejimi” adlandırmağımız təsadüfi deyil. Bir çox hallarda qərarvermə səlahiyyəti faktiki olaraq bir şəxsin iradəsində cəmlənir. Xüsusilə siyasi xarakterli məsələlərdə aşağı pillələrdəki məmurlar və vəzifəlilər yuxarıdan gələcək mövqeni gözləyir, davranışlarını da həmin mövqeyə uyğunlaşdırırlar. Bir şəxsin iradəsi dəyişdikdə, bütöv sistem də həmin istiqamətdə hərəkət etməyə çalışır.

Bununla belə, müşahidələr göstərir ki, bu loyallıq əsasən formal xarakter daşıyır. Praktik reallıq onu göstərir ki, idarəetmə iyerarxiyasının aşağı pillələrində çalışanların yuxarıdakılara bağlılığının ciddi ideoloji əsası yoxdur. Bu münasibətlər daha çox maraqlar üzərində qurulub. Bir tərəfdən dar çevrənin nepotizm və şəxsi əlaqələr hesabına əldə etdiyi imtiyazlar, digər tərəfdən isə sistemi işlədən şəxslərin mövcud şəraitdə nisbətən yaxşı gəlir əldə etməsi bu bağlılığın əsas motivləri kimi görünür.

Qalan böyük əksəriyyət isə ən yaxşı halda gündəlik dolanışığını təmin etməyə çalışır. İnsanlar işsizlik qorxusu altında saxlanılır, gələcəklərinə dair heç bir real təminat görmürlər. Belə bir şəraitdə isə çoxları hətta qanunsuz göstərişləri belə icra etməyə məcbur qalır.

Eyni zamanda, iş yükünün və iş saatlarının düzgün tənzimlənməsi, ixtisaslı kadr təminatı və sosial müdafiə mexanizmləri ən minimal standartlara belə cavab vermir. Müşahidələrimiz göstərir ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin yalnız müəyyən hissəsi faktiki olaraq təyinat yerinə çatır və əsasən əməkhaqlarının ödənilməsinə sərf olunur. Digər fəaliyyət istiqamətləri üzrə xərclərin əhəmiyyətli hissəsi isə çox vaxt qurum rəhbərlərinin müxtəlif yollarla əldə etdikləri əlavə resurslar hesabına qarşılanır.

Nəticədə bir çox idarə və müəssisələr faktiki olaraq dövlət qurumu deyil, gəlir gətirməli olan “obyekt” məntiqi ilə idarə olunur. Qurum rəhbəri isə özünü həmin obyektin rəhbərindən çox, sanki “icarəçisi” kimi aparır. Müəssisənin yaratdığı əlavə gəlirlər onun cari fəaliyyətinin və müxtəlif xərclərinin qarşılanmasına yönəldilir.

Bu model dövlət vəsaitlərinin səmərəli və şəffaf idarə olunması ilə bağlı ciddi suallar yaradır. Yerlərdə çalışan əməkdaşların və qurumların ehtiyac duyduğu resursların mühüm hissəsi onlara çatmır. Nəticədə həm dövlət qurumlarının fəaliyyəti, həm də orada çalışan insanların peşəkar müstəqilliyi zəifləyir.

Belə bir sistemdə vəzifəli şəxsdən tutmuş sıravi işçiyə qədər hər kəs müəyyən dərəcədə asılı vəziyyətə düşür. İnsanlar öz hüquqlarına və peşəkar prinsiplərinə deyil, mövcud münasibətlər sisteminə uyğun davranmağa sövq edilir ki, bu da uzunmüddətli perspektivdə həm dövlət institutlarının, həm də cəmiyyətin inkişafına mənfi təsir göstərir.

Maliyyə və iş asılılığı, o cümlədən hər an torbasının tikilməsi qorxusu sistemə “loyallığı” təmin edən yeganə faktorlardır. Əslində, “Tək adam” rejiminin sahibi olan İlham Əliyev özü də yaxşı bilir ki, bu, gerçək loyallıq deyil. Bir ovuc adamdan başqa işindən razı olan və hakimiyyətə bağlı olan kimsəni görmədim. “Bir ovuc” dediyim qrup belə gələcəklərinə təminat olmadığının yaxşı fərqindədir. Mafiya qaydaları işlədiyi üçün nə sistemdən kənarlaşa bilirlər, nə də sistemin iradəsindən kənar işləyə bilirlər. Ona görə də gedə bildikləri qədər maddi yığıma köklənirlər. Labirintdə olduqları özlərinə gün kimi aydındır.

Nəticə etibarı ilə bir daha aydın olur ki, “hakimiyyət çox güclüdür”, “iqtidar-xalq birliyi” tezisləri təbliğat maşınının yaratdığı illüziyadır, üfürdüyü “sabun köpüyüdür”. Hakimiyyətini qorumaq üçün alternativləri tutmaq, təqib etmək və hər cür özbaşınalığı dövlətin güc aparatına söykənərək göstərmək “legitim güc” deyil. Legitimlik yoxdursa, demək, özbaşınalıqdır, dövlətin gücünün mənimsənilməsidir. Bunu yaxşı bilən Əliyev də ona görə heç kimə etibar etmir. Bütün səlahiyyətlərini bir əldə cəmləyib, komandasını daim təhdid altında saxlayır, hər cür çirkaba batırır.

Daha da əminliyimiz artır ki, problemlərimizin kökü siyasidir, idarəetmə ilə bağlıdır. İrəli sürdüyümüz konsepsiyalar və həll yolları nə qədər aktual və zəruridir. Ölkədə gerçək respublikaçılıq, sekulyarlıq və desentralizasiyaya söykənən demokratik rejim qurulmasa, idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçməsək, problemlərimizi nəinki həll edə bilməyəcəyik, əksinə, daha təhlükəli vəziyyətlə üzləşəcəyik. Bunun üçün də III Respublikanı mütləq qurmalıyıq. Bu yöndə inamım tamdır. Sadəcə, gec-tezi cəmiyyətimizin dəstəyindən asılıdır.

- Ölkə və dünya gündəmini hansı mənbələrdən izləyə bilirsiniz? Bu, nə dərəcədə məhduddur? Məlumat alma imkanlarınız hadisələrə baxışınızı necə təsir edir?

Gündəlik olaraq əsas məlumat mənbəyim “Kabel TV” şəbəkəsində göstərilən yerli və xarici televiziya kanallarıdır. Əlavə olaraq, yerli radio proqramlarını da izləyirəm. İnternet üzərindən məlumatları isə həftə ərzində dostlardan, telefonda danışdığım şəxslərdən və vəkillərlə ünsiyyətdən alıram. O cümlədən, buradakı insanlar da hər hansı bir xəbər olan kimi onu müxtəlif yollarla çatdırırlar. Yerli televiziyalar say baxımından çox olsa da, məzmun və yanaşma baxımından bir-birindən ciddi şəkildə fərqlənmir, daha çox təbliğat maşını kimi fəaliyyət göstərirlər. Bu barədə ayrıca yazı da yazmışdım.

Xarici kanallar vasitəsilə (ingilis, rus və türk dillərində olan) dünyada baş verən hadisələri məzmunca keyfiyyətli və müxtəlif mənbələrdən izləyə bilirəm desəm, yanlış olmaz. Yerli TV-lərin xəbər və analitik proqramlarına da baxır, müqayisələr aparır, o cümlədən hakimiyyətin baş verənlərə reaksiyasını və cəmiyyətə yeritmək istədiyi mövqeləri müəyyən etməyə çalışıram.

Süni intellektdən danışan, internetləşmənin və elektron idarəetmənin yüksək standartlarından dəm vuran hökumətin bizi siyasi girov saxladığı Qafqazın “ən böyük həbsxanasında” nəinki internetdən məlumat almaq, hətta elektron hökumət sisteminə çıxış əldə edərək özümüzü müdafiə etmək imkanı belə yoxdur. Adi bir yazı yazmaq üçün nə kompüter istifadəyə verilir, nə də kənardan özümüzün gətirməyimizə şərait yaradılır.

Beləliklə, hakimiyyət yalnız öz nəzarətində olan məlumatlara çıxış imkanı versə də, bununla kifayətlənmirik və müxtəlif yollarla bu baryerləri aşmağa çalışırıq. Operativlik baxımından müəyyən gecikmələr olsa da, hadisələri izləmək, anlamaq və böyük mənzərəni görmək üçün yetərli məlumat əldə edirəm. Üstəlik, onları təhlil etmək üçün nəzər-diqqətimi cəmləşdirmək imkanım da daha çox olur.

- Bu müddət ərzində ölkə gündəmində baş verənlər necə qiymətləndirirsiniz? Məsələn Ramiz Mehdiyevə cinayət işi açılması, Əli Kərimlinin bu cinayət işi ilə həbs olunması hansı sizcə hansə siyasi prosesin və ya gedişatın nəticəsidir?

Bu suala cavab geniş yanaşma tələb edir.

Ona görə də şərti bölgü apararaq düşüncələrimi iki istiqamət üzrə izləyicilərinizlə bölüşmək istəyirəm:

Elmi-siyasi araşdırmalar və dünya təcrübəsi bizə nəyi göstərir?

Bu yanaşmalar fonunda ölkəmizdəki praktiki vəziyyət nədən ibarətdir?

Birinci məsələ bizə qısa olaraq bunu deyir: demokratik rejimlər güclü özünüislah mexanizmlərinə malik olur. Yəni, müstəqil məhkəmə, seçkili parlament, azad media və vətəndaş cəmiyyəti vasitəsilə özünütənqid və səhvlərin düzəldilməsi mexanizmləri işləyir. Belə rejimlərin əsas xüsusiyyətlərindən biri odur ki, onlar hər kəsin səhv edə biləcəyini qəbul edir.

ABŞ prezidenti olmuş Ceyms Medisonun bu barədə maraqlı fikri var: “Nə zaman ki, insanın səhv edə biləcəyini qəbul edirik, onda hökumətin (dövlətin) mövcudluğu zəruri olur. Lakin hökumətin özü də səhv edə biləcəyi üçün həmin səhvlərin aşkar olunması və düzəldilməsi mexanizmlərinə ehtiyac yaranır. Mütəmadi seçkilərin keçirilməsi, media azadlığının qorunması və hakimiyyət qollarının bölünməsi də məhz bu məqsədə xidmət edir.”

Məsələn, seçkilər cəmiyyətə belə bir mesaj verir: “Biz səhv etdik, gəlin, başqasını sınayaq”. Lakin hakimiyyətin mərkəzi insanların iradəsini qəbul etməzsə, o zaman öz səhvlərini düzəltmək mexanizmini də aradan qaldırmış olur. Gücə söykənərək demokratiyanın əsaslarını sarsıdan şəxslərin ümumi metodu məhz budur: onlar addım-addım özünü düzəltmə mexanizmlərinə hücum edirlər. Çox vaxt bu proses məhkəmə və mediadan başlayır. Elə ki, məhkəmələr hökumətin fəaliyyətini hüquqi müstəvidə qiymətləndirə bilmir, media isə hökumət siyasətini tutuquşu kimi təkrarlayıb dəstəkləyir, o zaman müxalifət, fərqli fikir daşıyanlar, cəsarət göstərməyə çalışan şəxslər və institutlar “xəyanətkar”, “cinayətkar” və ya “xarici agent” damğası ilə təqib olunurlar.

Qardaş Türkiyənin nümunəsinə baxsaq, bunun əyani təzahürlərini görərik. Diktaturalarda, o cümlədən avtoritar rejimlərdə hakimiyyət mərkəzi limitsiz səlahiyyətlərdən həzz alır. Eyni zamanda, belə sistemlərdə hakimiyyəti təmsil edənlər özlərini nöqsansız, səhvsiz və məğlubedilməz hesab etməyə meyilli olurlar. Ona görə də onlar mərkəzin qərarlarının sorğulanmasını və ya onlarla razılaşılmamasını xoşlamırlar.

Məsələn, sovet təbliğatı Stalini məğlubedilməz, səhvsiz və dahi lider kimi təqdim edirdi. Bu gün Rusiyada Putini, bizdə Əliyevi, Belarusda Lukaşenkonu, Şimali Koreyada Kim Çen Inı və başqalarını da bənzər formada təqdim etməyə çalışırlar. Hətta bəzi rəhbərlər bunu dolayı deyil, açıq şəkildə ifadə etməkdən də çəkinmirlər. Məsələn, Əliyev dəfələrlə bəyan edib ki, nəyi, nə vaxt və necə etməyi hamıdan yaxşı özü bilir. İndiyədək nə onun özü, nə də ətrafındakılar onun hansısa məsələdə səhv etdiyini açıq şəkildə etiraf ediblər.

Nəzəri baxımdan belə rejimlərdə də formal olaraq “özünütənqid” və “səhvləri düzəltmə mexanizmləri” mövcud görünə bilər. Məsələn, “müstəqil məhkəmə”, “seçkili qanunverici orqan” və digər institutlar kağız üzərində fəaliyyət göstərir. Lakin əsas məsələ onların mövcudluğu deyil, real müstəqilliyə və təsir imkanlarına malik olub-olmamasıdır.

Əgər bu institutlar həqiqətən işləsəydi, bu, mərkəzi hakimiyyət üçün ciddi məhdudlaşdırıcı amilə çevrilərdi. Məhz buna görə diktatorlar və avtoritar rəhbərlər müstəqil institutları, hakimiyyət qollarının bölgüsünü və real nəzarət mexanizmlərini özləri üçün təhlükəli hesab edirlər. Sovet dövründə məhkəmələr heç vaxt Kommunist Partiyasının iradəsinə qarşı çıxmağa cəsarət etmədi. Mövcud Azərbaycanda isə hakim partiyanın rolu daha çox formal xarakter daşıdığından, əsas qərarverici şəxsin - avtoritar idarəetmə şəraitində İlham Əliyevin iradəsinə nə məhkəmə, nə də qanunverici orqan hesab olunan Milli Məclis qarşı çıxa bilir. Çünki hakimiyyətin faktiki sahibinin o və ailəsi olduğu qənaəti formalaşdırılıb.

İndi isə keçək ikinci məsələyə - ölkənin praktiki vəziyyətinə. 44 günlük müharibədən sonra hakimiyyətdə, xüsusilə də İlham Əliyevdə qələbənin yaratdığı siyasi üstünlük fonunda ciddi özünəinam formalaşmışdı. Üstəlik, pandemiyanın qlobal təsiri və karantin rejiminin yaratdığı legitim məhdudiyyətlər ictimai rəyi idarə etməkdə, nəzarət mexanizmlərini qoruyub saxlamaqda və sosial loyallığı müxtəlif vasitələrlə təmin etməkdə hakimiyyətin imkanlarını xeyli genişləndirmişdi. Bu vəziyyəti biz öz fəaliyyətimizdə də aydın şəkildə hiss edirdik.

Gəlib-gedən, sorğu-suala tutan, təqib edən yox idi. Hətta dostlar və tanışlar, xüsusən də xaricdə olanlar arasında belə sual verən, şübhələnənlər olurdu ki, “sizə niyə imkan verirlər, niyə sizə toxunmurlar?” və s. İctimai şəkildə yazan, sətiraltı eyham vuranlar da vardı ki, guya bizim hansısa əməkdaşlığımız var və s. Halbuki sonrakı hadisələr bunun belə olmadığını açıq şəkildə ortaya qoydu.

Ukrayna müharibəsinin başlaması hakimiyyətin manevr imkanlarını daha da genişləndirdi. Qlobal güclərin diqqəti həmin istiqamətə yönəldi. Ukraynaya hücumdan bir gün əvvəl Rusiya ilə münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldən iqtidarın siyasətini də xatırlayaq. Əliyevin həyat yoldaşı ilə birlikdə Rusiyanın təbliğat maşınının əsas simaları ilə (indi tənqid etdikləri Simonyan da daxil olmaqla) necə isti və səmimi atmosferdə görüşdüklərini, hansı mesajlar verdiklərini yada salaq.

Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, işğalı pisləyən və beynəlxalq hüququ müdafiə edən qərarlar müzakirə olunarkən, Rusiyanın əleyhinə mövqe kimi qiymətləndirildiyinə görə hakimiyyət nümayəndələrinin bir sıra iclaslardan yayınmalarını da xatırlayaq. Halbuki Ukrayna 44 günlük müharibə zamanı Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləmiş, hətta silah-sursat məsələsində də dəstək verməkdən çəkinməmişdi.

Həmin dövrdə iqtidarın təbliğat maşınının necə işlədiyini də xatırlamaq kifayətdir. Zelenskini hansı obrazda təqdim etməyə çalışdıqları, Ukraynanın guya Qərbin təxribatına uyduğu, darmadağın olduğu, xalqın ölkədən kütləvi şəkildə qaçdığı barədə davamlı təbliğat aparılırdı. Eyni zamanda, Rusiyanın hərbi müdaxiləsini açıq şəkildə “işğal” adlandırmaqdan yayınırdılar.

Bunun fonunda deyilirdi ki, Əliyev Rusiya ilə düzgün münasibətlər qurmaq bacarığı sayəsində ölkəyə qələbə qazandırıb və regionda sabitlik yaradıb. Qərbdə Zelenskinin mübariz və cəsarətli lider obrazının cəmiyyətdə arzu etmədikləri rəylər formalaşdıra biləcəyindən narahat olan təbliğat maşını, əsl liderin məhz Əliyev olduğunu müqayisəli şəkildə təqdim etməyə çalışırdı və s.

Bütün bu yanaşmalar isə Ukraynanın müqavimət göstərərək toparlanmağa və dirçəlməyə başladığı vaxta qədər davam etdi.

Rusiya haqqında formalaşdırılmış güc və qüdrət təsəvvürünün şişirdilmiş olduğu qənaəti artıq gizlədilə bilməyəcək həddə çatdı. Eyni zamanda, diqqət və resurslarını Ukraynadan kənardakı bölgələrə yönəltmək imkanlarının məhdud olduğu reallığı ortaya çıxdı. Beynəlxalq izolyasiya və sanksiyalar fonunda Rusiyanın Türkiyəyə ehtiyacı artdı. Bu da Türkiyənin dəstəyi ilə Əliyevin manevr imkanlarını genişləndirdi.

Nəticədə Rusiya ilə razılaşdırılmış şəkildə əvvəlcə Laçın dəhlizi, daha sonra isə Xankəndidə “antiterror əməliyyatı” həyata keçirildi.

Vacib bir məqamı qeyd etmək istəyirəm: Əliyev iqtidarının özünəinamı və siyasi idarəetmədəki rahatlığı əsasən iki faktora söykənir:

İctimai rəyi nəzarətdə saxlaması və sosial loyallığı “satın alması”. Bunun hansı üsulla həyata keçirilməsinin fərqi yoxdur: neft gəlirlərinin yaratdığı maliyyə imkanları, yalançı vədlər, xaos qorxusu, saxta vətənpərvərlik və militarist mövzular üzərindən aparılan təbliğat və s.

Bölgəyə təsir göstərən qlobal güclərlə münasibətlərinin qənaətbəxş olması və daxildə hər hansı siyasi qrupun hakimiyyətinə real təsir və ya təhlükə yarada bilməməsi.

Bu amillərlə bağlı narahatlıq yaranan kimi hakimiyyət əsas aləti hesab etdiyi sərt güc metodlarına əl atır və gördüyü riskləri neytrallaşdırmağa çalışır. Bu məsələdə konseptual yanaşma olmadığı üçün reaksiyalar çox vaxt təlaşlı, təşvişli və ya qəzəbə söykənən cəzalandırma xarakteri daşıyır. Çünki belə davranışların kökündə nəzarəti və hakimiyyəti itirmək qorxusu dayanır.

Qələbə eyforiyasının yaratdığı rahatlıq hissini pozan hadisələrdən biri də Gədəbəyin Söyüdlü kəndində başlayan etirazlar oldu. Üstəlik, etirazların hədəfi birbaşa Əliyevin şəxsiyyəti ilə əlaqələndirilirdi. Çünki oradakı qızıl mədəni ilə məşğul olan şirkətin ailə ilə bağlı olduğu barədə ictimaiyyətdə geniş yayılmış təsəvvür mövcuddur və etirazçılar da bunu açıq şəkildə ifadə edirdilər.

Məmurlar və polis yaranmış böhranı dinc yolla idarə edə, kənd camaatı ilə dialoq qura bilməmişdi. Nəticədə ərazidə situasiya nəzarətdən çıxmışdı. Əliyevin rəsmi təmsilçisi və siması olan icra başçısının özünü necə apardığı, situasiyanı siyasi yollarla idarə etmək bacarığının olmadığı açıq şəkildə görünürdü.

Yayılan görüntülər ictimai rəydə ciddi rezonans doğurdu. Hakimiyyət isə ənənəvi vərdişinə uyğun davranaraq mərkəzi güc strukturlarını əraziyə göndərdi, bölgəni blokadaya aldı və əliyalın əhalinin etirazını güc tətbiq etməklə susdurmağa çalışdı. “Müzəffər rəhbər” əhalinin əsaslı etirazını siyasi yollarla həll etməyə nail ola bilmədi.

Müşavirədə nə qədər qəzəbli olduğunu və açıq yalanı müdafiə etdiyini də gizlədə bilmədi. Adətən, şəxsi qəbul etdiyi hallarda belə reaksiyalar verir. Bu hadisə onu qələbə eyforiyasından ayıltdı. Hakimiyyətini siyasi üsullarla qoruyub saxlaya bilməyəcəyini bir daha göstərdi. İqtidarını qorumaq üçün yalnız güc tətbiqinə, özbaşınalığa və zorakı metodlara söykənə biləcəyini nümayiş etdirdi. Həmin hadisədən dərhal sonra isə təqiblər başladı.

Etirazı haqlı hesab edən və ictimai rəyə təsir etmək imkanı olan şəxslərin həbsləri də başladı. Hadisələrin arxasında guya xarici izlərin (Rusiya, müəyyən dairələr və s.) olduğu iddiaları ortaya atıldı. Bununla belə bir təsəvvür yaradılmağa çalışılırdı ki, guya əhali özbaşına etiraz edə bilməz və ya narazılığı üçün real səbəblər mövcud deyil.

Hadisəni işıqlandıran sizin kimi müstəqil media qurumları, vətəndaş cəmiyyəti nümayəndələri və siyasətçilər isə vəziyyəti qızışdırmaqda ittiham olunurdular.

Daha sonra Xankəndi əməliyyatı həyata keçirildi. Bu əməliyyat və güc tətbiqi G7 ölkələri tərəfindən açıq şəkildə tənqid edildi. Tənqidlərin əsas mövzularından biri də erməni əhalisinin bölgədən çıxması ilə bağlı idi. Haqlı və ya haqsız olmaları ayrıca müzakirə mövzusudur.

Belə bir şəraitdə “milli məsələlərdən” ictimai rəyi manipulyasiya etmək üçün istifadə etməyə öyrəşmiş hakimiyyət, guya xaricdən müdaxilə təhlükəsinin yarandığı görüntüsünü formalaşdıraraq “Qərbin daxildəki təsir qüvvələri” kimi təqdim etdiyi şəxsləri və qrupları hədəfə almağa başladı.

Əslində isə məqsəd hakimiyyətin istədiyi mövqeyi cəmiyyətə qəbul etdirmək və özünü səhvsiz göstərməkdən ibarət idi. Geosiyasi şəraiti əlverişli hesab edən hakimiyyət, Qərblə yaranmış gərgin münasibətlər fonunda baş verənləri “milli məsələlərə görə təzyiq” kimi təqdim edir, bu narrativ vasitəsilə sosial loyallığı möhkəmləndirməyə və öz davranışlarına, o cümlədən bizi həbs etməsinə legitimlik qazandırmağa çalışırdı.

Bizə də konkret seçim təklif edildi: ya onların nəzarətinə keçərək Əliyevə dost olanlar siyahısına qoşulmalı, ya da dost olmayanlar sırasında qalaraq repressiyalara məruz qalmalı idik. Bunun formal və hüquqi bazasını da əvvəlcədən hazırlamışdılar. QHT-lər, media və siyasi partiyalar haqqında qanunvericiliyə dəyişikliklər edilmişdi.

Bunun ardınca elan olunan prezident seçkilərinə AŞPA-nın nümayişkaranə şəkildə dəvət edilməməsi, eləcə də davam edən təqiblər fonunda AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması da Əliyevə şəxsən təsir etdi. Bunu gizlətmirdilər.

Həmçinin iqtidar ilk dəfə Azərbaycanın bütün ərazisində, işğaldan sonrakı dövrdə prezident seçkilərinin keçirildiyini xüsusi vurğulayırdı. Lakin bu təbliğat fonunda ATƏT-in seçkilərlə bağlı verdiyi rəy də tənqidi xarakter daşıdı. Bu da hakimiyyəti qıcıqlandırdı. Əliyev bunu qələbə hekayəsinə kölgə salınması kimi qəbul etdi.

Bütün bunlara cavab olaraq iqtidar həbsləri daha da genişləndirdi. Xarici siyasət kursunda da müəyyən dəyişiklik görüntüsü yaratmaq məqsədilə BRICS-ə qoşulmaq üçün müraciət edildi.

Bu proseslərin davamında isə Əliyevin xüsusi diqqətlə izlədiyi ABŞ-də keçirilən seçkilərin nəticələri yeni imkanlar açdı.

Yəhudi lobbisi və İsraillə mövcud münasibətlər, eləcə də yaxınlıq Tramp administrasiyası ilə əlaqələr qurmaq üçün əlavə imkanlar açdı. Ermənistanla sülh danışıqları, geosiyasi şərtlər fonunda Azərbaycana ehtiyacın artması və yeni administrasiyanın siyasi məsələlərdən daha çox iqtisadi və biznes yönümlü yanaşmaya üstünlük verməsi münasibətlərin istiləşməsinə zəmin yaratdı.

Təyyarə hadisəsi də bu münasibətlərə katalizator təsiri göstərdi. Rusiya tərəfindən törədilən hadisə və sonrakı saymazyana münasibət Əliyev tərəfindən şəxsi qəbul edildi. Çünki həmin vaxtlarda havada olan öz təyyarəsinin də eyni təhlükə ilə üzləşə biləcəyi ehtimalı vardı. Bəlkə də bu, hansısa tələblər fonunda verilmiş xəbərdarlıq idi, bunu bilmirik.

Bütün bunların fonunda Rusiya ilə açıq və emosional təbliğat qarşıdurması yaşandı. Bu gərginlik şəraitində Qərblə, xüsusən də ABŞ-nin yeni administrasiyası ilə münasibətlər daha da yaxınlaşdı.

2025-ci ilin avqustunda ABŞ-yə səfərdən sonra Əliyev özünü Qərb qarşısında daha rahat hiss etməyə başladı. Oktyabr ayında Putinin Düşənbədə keçirilən görüşü dönüş nöqtəsi kimi təqdim edilsə də, Əliyevin bədən dili bunun əksini göstərirdi. Həmin görüşdən dərhal sonra Misirə gedərək Trampın iştirak etdiyi tədbirdə Ərdoğanla görüşən Əliyev Azərbaycana qayıdan kimi “Mehdiyev işi” açıldı.

Mənim qənaətimə görə, bu prosesin həm xarici, həm də daxili tərəfləri vardı. Bu barədə həm məhkəmə çıxışlarımda, həm də ictimaiyyətə ünvanladığım mesajlarda mövqeyimi ifadə etmişəm.

Hakimiyyət belə hallarda dərhal addım atmır. Əvvəlcə reaksiyanı yoxlayır, müxtəlif adlar hallandırır, fərqli üsullarla təqib edir. Əgər şərtləri qəbul etmirsənsə və dirəniş göstərirsənsə, səni həbs edir. Razılaşırsansa, sükutuna nail olur və səni oyundan çıxarır.

Bununla həm Qərbə, həm də daxili ictimai rəyə göstərmək istəyir ki, guya Rusiyadan qaynaqlanan təhdidlər mövcuddur. Ermənistan və regionda baş verən hadisələr fonunda bu iddialar müəyyən qədər ağlabatan görünür və cəmiyyətə “satılır”. Beləliklə, hakimiyyət Qərbdən gələn tənqidləri neytrallaşdırmaq üçün özünə legitim fon yaratmağa çalışır.

Eyni zamanda, yaranmış münbit şəraitdən istifadə edərək dost hesab etmədiyi qüvvələri də sıradan çıxarmaq, siyasi meydanı “təmizləmək” istəyir. Sabah situasiya dəyişərsə, daha rahat mövqedə olmaq niyyətini güdür. Bununla yanaşı, tətbiq etdiyi cəzanın yaratdığı psixoloji üstünlükdən də faydalanır. Başqalarına nümunə göstərmək, qorxu yaratmaq və “tək adam rejimi”ni daha da möhkəmləndirmək istəyir.

Hakimiyyət daxilində olan şəxsləri də daimi xof altında saxlayır. Artan maliyyə xərclərinin bir hissəsini məmurları cəzalandırmaq və onlardan topladığı resurslar hesabına qarşılamağa çalışır. Həmçinin Rusiya ilə mümkün daha dərin qarşıdurma yaranacağı təqdirdə, daxildə ona təzyiq göstərə biləcək siyasi qüvvələrin olmamasını təmin etməyə çalışır. Xüsusilə hakimiyyət daxilindəki qrupları da tərəf seçməyə və saf tutmağa məcbur edir.

Yekun olaraq, Əliyevin davranışları bir-birini tamamlayan, ardıcıl və vahid siyasi xəttə söykənən təsir bağışlamır. Qısa müddət ərzində İranla münasibətlər fonunda dindarlar təqib olunur, Qərblə münasibətlərdə gərginlik yarananda isə Qərbə inteqrasiyanın və demokratikləşmənin tərəfdarı kimi çıxış edən siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media fəalları və digərləri repressiyaya məruz qalırlar. Rusiya ilə münasibətlər kontekstində isə hakimiyyət daxilindəki bəzi şəxslər hədəfə alınır. Bunun ardınca da ictimai rəyi hakimiyyətin nəzarətindən kənara yönəltməyə çalışan siyasətçilərə qarşı addımlar atılır.

Bu çərçivədə AXCP sədri Əli Kərimli və onun həmkarlarının da prosesə daxil edilməsi ilə yuxarıda təsvir etdiyim mənzərəni formalaşdırmağa çalışırlar. İqtidar ictimai davranışları siyasi institutlar vasitəsilə deyil, siyasi aktora çevrilmiş güc strukturları vasitəsilə tənzimləyir. Siyasət faktiki olaraq sıradan çıxarıldığı üçün siyasi institutlardan istifadəyə də ehtiyac qalmır. Elə buna görə də DİN və DTX öz fəaliyyətlərini nümayiş etdirmək üçün sanki film çəkmək yarışına giriblər.

DİN bizim işlərlə bağlı materialları öz adı ilə deyil, ötürdüyü materiallar əsasında Prezident Administrasiyasının dirijorluğu altında təbliğat mediası vasitəsilə filmlər hazırlayıb yayımlayır. DTX isə apardığı əməliyyatlarla bağlı materialları özü hazırlayıb yayımlayır.

Aydın düşünən insanlar gerçəyin nə olduğunu, yayılan bu materialların nə dərəcədə keyfiyyətsiz olduğunu, onların əsasən dezinformasiya və təbliğat xarakteri daşıdığını yaxşı görürlər.

Nəticə etibarilə, Əliyev anlayır ki, hakimiyyətinin legitim dayaqları zəifdir. Satın alınmış sosial loyallıq nə yetərlidir, nə də dayanıqlıdır; əksinə, olduqca kövrək xarakter daşıyır. İctimai rəy həqiqəti görən və eşidən kimi ona reaksiya verir.

İqtisadiyyat əsasən neft və qazın xammal şəklində ixracına söykəndiyindən, hasilatın azalması gəlirlərin də azalmasına səbəb olur. Eyni zamanda, xərclər artır. Azalan renta fonunda bahalaşma və inflyasiya pulla təmin olunan sükutu və loyallığı da zəiflədir.

Bütün bunlardan narahat olan hakimiyyət cəmiyyətdə qorxu və xof mühitini artırmağa məhkum qalır. Onun idarəetmə vərdişləri də məhz bu şəkildə formalaşıb və başqa üsulla fəaliyyət göstərməkdə çətinlik çəkir. Hakimiyyət daxilində idarəetmə renta və cəza mexanizmləri üzərində qurulub. İctimai münasibətlərdə də vəziyyət fərqli deyil.

Əslində, onların hər hansı ardıcıl siyasi ideologiyası yoxdur. Ailə dəyərləri və buna bənzər mövzularda səsləndirilən fikirlər daha çox PR xarakteri daşıyır və təkrarlanan şüarlardan ibarətdir. Sözləri ilə əməlləri arasında ciddi uyğunsuzluq mövcuddur.

Xarici siyasət də daxili siyasətin davamı kimi formalaşır. Buna görə də heç bir tərəfdaşla uzunmüddətli, dayanıqlı və ardıcıl münasibətlər qurulmur. Hakimiyyət daha çox cari problemləri həll etməyə və vəziyyəti idarə etməyə fokuslanır. Reaksiyalar isə çox vaxt emosional xarakter daşıyır. Dünən deyilən fikir bu gün tam əksinə dəyişə bilir. Nəticədə prinsipsiz və tutarsız siyasi profil ortaya çıxır.

– Siz Üçüncü Respublika Platformasını yaradanda az-çox siyasi təqibə məruz qalacağınızı təxmin edirdiniz. Həbsə hazır idinizmi? Ümumiyyətlə, həbs olunandan sonra geriyə baxanda fərqli edəcəyiniz nələr var?

– Əlbəttə, nəinki təxmin edir, hətta buna əmin idik. Hansı ölkədə yaşadığımızın və nə kimi riskləri gözə aldığımızın yaxşı fərqində idik. Bütün bunları bilə-bilə, bir növ, bizə diktə olunan şərtləri zorlamağa və aşmağa qərar verdik.

Bu, heç də qeyri-rasionallıq və ya məsuliyyətsizlik kimi başa düşülməməlidir. Eyni zamanda, romantik yanaşma da sərgiləmirdik. Əksinə, vəziyyəti bütün detalları ilə anlayaraq, mümkün riskləri qiymətləndirərək və rasional şəkildə düşünərək bu qərarı vermişdik.

Birdən-birə, spontan şəkildə verilmiş qərar deyildi. Hətta haqqımızda açıq və gizli təqiblərin aparılmasına, təbliğat mediasında qarayaxma kampaniyasının təşkil edilməsinə baxmayaraq, respublikaçı siyasi təşəbbüsü elan etdik. Həbsə hazır olmasaydıq, aydındır ki, bunu etməzdik.

Əgər ölkəmizin əsas problemlərinin səbəbini siyasi hesab ediriksə və onların həllini istəyiriksə, o zaman əlimizi daşın altına qoymağa məcburuq. Şəraitin olmamasını əsas gətirərək siyasətdən kənarda qalmaq rasional yanaşma deyil. Bu, ən yaxşı halda konformist mövqe kimi qiymətləndirilə bilər.

Azərbaycan xalqı siyasətə merkantil maraqlarla yanaşanlardan və ya siyasəti karyera vasitəsinə çevirənlərdən kifayət qədər zərər görüb. Ona görə də biz, mövcud şəraitə baxmayaraq, siyasətdə iştirakı rasional qərar hesab edir və siyasətin fundamental şərti olan iştirakçılığı təşviq edirik. Özümüz iştirak etmədən iştirakçılığa çağırış etməyin absurd olacağını düşünürük.

Şərait isə öz-özünə yaranmır. Siyasətdə vakuum olmur, siyasət boşluğu sevmir. Ona görə də vizyonu, prinsipləri və konseptual hazırlığı olan insanlar olmadan nə dinamika, nə də siyasi proses formalaşa bilər.

Eyni zamanda, insanlar iştirakın mümkünlüyünə real nümunələr üzərindən inanırlar. Bu inamın formalaşması üçün siyasi həll yolları təklif edən siyasətçilərin məsuliyyət götürməsi və iradə ortaya qoyması vacibdir. Xalqın etimadını qazanmaq isə siyasətçinin prinsipiallığına, ardıcıllığına, vizyonerliyinə və dediyi sözlə atdığı addımların uyğunluğuna əsaslanır. İnsanlar dürüstlüyü yalnız sözlərdə deyil, konkret nümunələrdə görmək istəyirlər. Çünki insan təbiəti etibarilə görmək, müşahidə etmək və əmin olmaq istəyir.

Məhz buna görə də siyasi qərarlarımızın əsasında dediklərimizlə həyat tərzimizin uyğun olduğunu göstərmək dayanır. Biz siyasətə oyun və ya şəxsi qazanc vasitəsi kimi deyil, insanlarımızın və ölkəmizin problemlərinin həll yolu kimi baxdığımızı cəmiyyətə açıq və səmimi şəkildə çatdırmağa çalışırıq.

Əgər siyasi həll yolları təklif etmək, siyasi iştirakçılığa çağırmaq, cəmiyyəti maarifləndirmək və bu istiqamətdə iradə ortaya qoymaq legitim olmayan, qeyri-hüquqi reaksiyalarla qarşılanırsa, o zaman sorğulanmalı, qəbahətli və ayıb hesab edilməli olan bu fəaliyyətlər deyil, onlara qarşı belə münasibət göstərənlərdir. Mövcud iqtidar məhz buna görə tənqid olunmalıdır.

Sosial-siyasi davranışları, adı hüquq-mühafizə orqanları olsa da, faktiki olaraq siyasi aktor kimi çıxış edən DİN, DTX və Prokurorluq vasitəsilə tənzimləyən “Tək adam” rejimi əsas məsuliyyət daşıyır.

Təbii ki, həbsdən və üzləşdiyimiz repressiya prosesindən çıxardığımız nəticələr də var. Bunlar mövqe dəyişikliyi deyil, öyrəndiyimiz dərslərdir. Bir tərəfdə planlama və plana uyğun hazırlıqlar, digər tərəfdə isə real situasiya və ekstremal şəraitdə verilən qərarlar dayanır. Bütün bunlardan müəyyən nəticələr çıxarmışıq.

Əslində, bundan əvvəl də təqib etdikləri şəxslər vasitəsilə bizə mesajlar çatdırırdılar. Bu isə ilk ciddi xəbərdarlıq idi. Reaksiyalarımızı test edir, fəaliyyətimizi müəyyən çərçivəyə salmağa çalışırdılar.

2024-cü ilin yanvarında AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər etdik. Orada fəal görüşlər keçirdik, müzakirələr apardıq və ictimai açıqlamalar verdik. Bu proses Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı səlahiyyətlərinin dayandırılması ilə eyni dövrə təsadüf etdi.

Bu hadisələr hakimiyyət üçün son hədd oldu. Əliyev bunu şəxsi məsələ kimi qəbul etdi (AŞPA ilə bağlı keçmiş təcrübəsi də burada rol oynayırdı) və ciddi şəkildə qəzəbləndi. O, AŞPA-nın həmin qərarında bizim də müəyyən rolumuzun olduğu qənaətinə gəldi. Həbsdən sonra bu fikir mənə müxtəlif vasitələrlə bir neçə dəfə çatdırılıb. Xarici tərəfdaşlar da bundan xəbərdardırlar.

Strasburqdan qayıdarkən artıq həbsimizin qaçılmaz olduğu aydın görünürdü. Bu barədə ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli ilə birlikdə “Azadlıq Radiosu”na videomüsahibə də vermişdik. Həbsimizdən sonra həmin açıqlama yayımlandı.

Ardı olacaq..


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

"Abzas Media" və "Meydan TV" media mükafatına layiq görülüb 

17 İyun 2026

ipi.media

"Azad Media Öncülü" mətbuat azadlığı mükafatının 2026-cı il üzrə qalibləri açıqlanıb. Beynəlxalq Mətbuat İnstitutu (IPI) və Beynəlxalq Media Dəstəyinin (IMS) təsis etdiyi mükafata Azərbaycandan "Abzas Media" və "Meydan TV" layiq görülüb. Mükafatın digər laureatı Latın Amerikası Araşdırma Jurnalistikası Mərkəzi (CLIP) olub.  "Azərbaycanın avtoritar Əliyev rejimi tərəfindən təqib və repressiyaların hədəfinə çevrilməsinə baxmayaraq, "Abzas Media" və "Meydan TV" Azərbaycanın getdikcə daha çox repressivləşən media mühitində müstəqil jurnalistikanın nadir ümid mənbələri olaraq qalırlar. 2023-cü ilin noyabrından etibarən hər iki media qurumunun jurnalistlərini hədəf alan həbslər dalğasından sonra sürgündə fəaliyyət göstərməyə məcbur qalan "Abzas Media" və "Meydan TV" xaricdə fəaliyyətlərini davam etdirərək Azərbaycanda...
Siyasət

Əli Kərimli telefon danışığı hüququnun pozulduğunu deyir

17 İyun 2026

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli telefon danışığı hüququnun pozulduğunu deyir.  Partiya üzvlərinin yaydığı məlumata görə, sədr bunu iyunun 16-da Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesdə dilə gətirib.  Partiya sədri bildirib ki, artıq ikinci dəfədir ailəsi ilə telefonla danışa bilmir. O, bunu yerli və beynəlxalq mediaya ailəsi vasitəsilə verdiyi müsahibələrlə əlaqələndirib.  "Baxmayaraq ki, mənim saxlanma şəraitim əvvəldən sərt olub, "France 24"ə verdiyim  müsahibədən sonra saxlanma şəraitimi daha da çətinləşdiriblər. Ailəmlə telefon əlaqəsi saxlamağa imkanın verilməməsi də diktə etdiyim yazılarla bağlıdır. Təcridxada üzləşdiyim çətinliklərlə bağlı hələlik detallı məlumat verməyə ehtiyac duymuram. Azərbaycan hakimiyyəti burada problemlər yaratmaqla yazılarımın...

Seçilmiş Videolar

Toplum TV loqo