Ölkə

Azərbaycana turist axını azalır: Milyonlarla manatlıq təşviqat niyə nəticə vermir?

19 iyun, 2026
268

Report

2026-cı ilin ilk dörd ayında Azərbaycana gələn xarici turistlərin sayı azalıb. Rəsmi statistikaya görə, yanvar-aprel aylarında ölkəyə 658,5 min turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalma deməkdir.

Turistlərin 26,7 faizi Rusiyadan, 22,4 faizi Türkiyədən, 8,7 faizi İrandan, 5,3 faizi isə Gürcüstandan gəlib.

Ən böyük azalma Körfəz ölkələrindən gələn turistlərin sayında qeydə alınıb. Bu istiqamətdə geriləmə 27,8 faiz təşkil edib.

Halbuki, 2025-ci ildə Dövlət Turizm Agentliyi xarici jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili məqsədilə 4 milyon manatdan çox vəsait ayırmışdı. Turizmin təşviqi üçün müxtəlif layihələrin həyata keçirilməsinə baxmayaraq, turist axınındakı azalma davam edir.

Açıq Azərbaycan Təşəbbüsünün təsisçisi, iqtisadçı Zöhrab İsmayıl “Toplum TV”-yə bildirib ki, turist sayındakı azalma ölkə iqtisadiyyatındakı ümumi problemlərin tərkib hissəsidir. Onun sözlərinə görə, hökumət turist cəlbi siyasətində də uğur qazana bilməyib.

İqtisadçı hesab edir ki, turist cəlb etmək istəyən ölkələr ilk növbədə viza prosedurlarını sadələşdirməli, nəqliyyat imkanlarını genişləndirməli və turizm xidmətlərini əlçatan etməlidir. Eyni zamanda hotellər, istirahət mərkəzləri və digər infrastruktur inkişaf etdirilməli, qiymətlərin münasib olması üçün rəqabətli mühit yaradılmalıdır.

Zöhrab İsmayılın fikrincə, Azərbaycanda turizmin inkişafına mane olan əsas amillərdən biri aviasiya bazarında rəqabətin məhdud olmasıdır.

"AZAL bazarda himayə olunur və faktiki olaraq monopol mövqeyini qoruyur. Bu səbəbdən digər aviaşirkətlər də yüksək qiymət siyasəti tətbiq etməyə məcbur qalır. Nəticədə bazara yeni iştirakçıların daxil olması çətinləşir və bu da turist axınına mənfi təsir göstərir", - o deyib.

İqtisadçı quru sərhədlərin bağlı qalmasının da turizm potensialını zəiflətdiyini bildirib. Onun sözlərinə görə, Gürcüstana gələn turistlər regionun digər ölkələrinə keçə bildikləri halda, Azərbaycana səfər edə bilmirlər. Əgər sərhədlər açıq olsaydı, Şəki, Gəncə, Zaqatala və Balakən kimi şəhərlər də turist marşrutlarına daxil ola bilərdi.

Zöhrab İsmayıl xidmət sektorunda müşahidə olunan yüksək qiymətləri və turistlərə qarşı süni qiymət artımlarını da tənqid edib. Onun fikrincə, bu hallar ölkənin turizm imicinə zərbə vurur və mənfi reklam effekti yaradır.

İqtisadçı Dövlət Turizm Agentliyinin fəaliyyətini də sərt tənqid edib. O hesab edir ki, qurum daha çox hakimiyyətin təbliğinə xidmət edir və xarici mediada aparılan kampaniyalar davamlı turist axını yaratmır.

"Bir vaxtlar ərəb ölkələrindən turist axını müşahidə olunurdu, lakin onların əksəriyyəti sonradan geri qayıtmadı. Mövcud iqtisadi siyasət dəyişməsə, turizm sahəsində ciddi nəticələr əldə etmək mümkün olmayacaq", - deyə o bildirib.

Səyahət və aviasiya yazarı Azər İsmayıl isə turist sayındakı azalmanın əsas səbəblərindən biri kimi İran ətrafında yaranmış vəziyyəti göstərir.

Onun sözlərinə görə, İranla bağlı gərginlik səbəbindən Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn kimi ölkələrin aviaşirkətlərinin bəzi reysləri dayandırılıb. Bu isə həm həmin ölkələrdən turist axınının azalmasına, həm də onların tranzit mərkəz kimi rolunun zəifləməsinə səbəb olub.

Azər İsmayıl hesab edir ki, quru sərhədlərin altı ildən artıqdır bağlı qalması və aviabiletlərin baha olması turist axınına ciddi maneə yaradır.

"Avropadan Gürcüstana gələn turist Bakını da görmək istəsə, quru sərhəddən keçə bilmir. Halbuki sərhəd açıq olsaydı, Tbilisidən Bakıya avtobusla 10-15 avroya gəlmək mümkün idi. Hazırda isə təxminən 150 avroluq aviabilet almaq məcburiyyəti yaranır ki, bu da bir çox turist üçün sərfəli deyil", - o bildirib.

Azər İsmayılın fikrincə, quru sərhədlərin açılması xüsusilə İran bazarından Azərbaycana turist axınını əhəmiyyətli dərəcədə artıra bilər.

Turizm yazarı hesab edir ki, Azərbaycanda potensial turizm məkanları lazımi səviyyədə inkişaf etdirilməyib. O, vaxtilə məşhur istirahət zonası olan Nabranı nümunə göstərərək bildirib ki, bölgədə infrastruktur problemləri qalmaqdadır və bir sıra otel, pansionat və sanatoriyalar əvvəlki cəlbediciliyini itirib.

“Türkiyə uzun illər ərzində Antalya kimi bölgələrə böyük investisiyalar yatırıb, turizm infrastrukturu, hava limanları, hotellər və xidmət sektoru inkişaf etdirilib. Oxşar proses Gürcüstanda da müşahidə olunub. Batumidə iri investisiya layihələri həyata keçirilib, yeni hotellər və yaşayış kompleksləri tikilib, xarici investorların cəlb edilməsi üçün müxtəlif proqramlar tətbiq olunub”, - Azər İsmayıl bildirib.

Azər İsmayıl hesab edir ki, sahibkarlar üçün daha əlverişli vergi və investisiya imkanlarının yaradılması həmin ölkələrdə turizmin inkişafında mühüm rol oynayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Şəkidəki ölümcül kanat qəzası ilə bağlı iki nəfər həbs olunub

3 noyabr 2026

sosial media

“Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı mərkəzi idarə edən sahibkar və daha bir şəxs həbs olunub. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. İstintaqın versiyasına görə, mərkəzin sahibi Ramiz Hüseynov “zipline” qurğusu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə həvalə edib. Qüllənin qanunsuz tikildiyi bildirilir. İstintaq materiallarına əsasən, qüllənin üzərindəki dəmir konstruksiya deformasiyaya uğrayıb və kanatda dalğalanma yaranıb. Bundan əlavə, kustar üsulla hazırlanmış tormozlama və təhlükəsizlik vasitələrinin nasazlığı nəticəsində “zipline” qurğusu kanatdan çıxıb, onun parça hissəsi...
Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...

Seçilmiş Videolar

Toplum TV loqo