İqtisadiyyat

İcbari Tibbi Sığorta Fonduna ödənişlər niyə azalır?

16 İyun, 2026
185

president.az

Maliyyə Nazirliyi ilin ilk 4 ayı üzrə icmal büdcəni formalaşdıran və hökumətin sərəncam verdiyi ayrı-ayrı büdcələrə dair hesabatı açıqlayıb. Hesabatda diqqət çəkən məqam əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında İcbari Tibbi Sığorta Fonduna məcburi ödənişlərin məbləğinin azalmasıdır. Belə ki, cari ilin qeyd olunan dövründə Fonda 820,5 milyon manat daxil olub ki, bunun 450 milyon manatı dövlət büdcəsinin transfertindən ibarətdir. Yəni, Tibbi Sığorta Fondunun büdcə dəstəyi olmadan gəlirləri 370,5 milyon manat təşkil edir və bu, əvvəlki ilin göstəricisindən 17 milyon manat, yaxud 2,2 faiz azdır. Fondun transfertsiz gəlirləri sahibkarlıq subyektlərinin və muzdlu işçilərin aylıq ödənişlərindən formalaşır.

“Tibbi Sığorta haqqında” Qanuna əsasən, dövlət sektorunda, həmçinin neft-qaz müəssisələrində əmək müqaviləsi əsasında muzdla işləyənlər, hərbi qulluqçular, seçkili orqanlarda və müxtəlif icra strukturlarında təyinatlı vəzifədə çalışanlar, həmçinin seçkili şəxslər aylıq gəlirlərinin 8000 manata qədər olan hissəsi üçün 4 faiz, 8000 manatdan artıq məbləğ üçün 1 faiz tibbi sığorta haqqı ödəyirlər. Ödəmənin yarısı işçinin, yarısı isə işəgötürənin öhdəliyidir.

Özəl müəssisələrdə və qeyri-neft-qaz sektorunda işləyənlər üçün də “4%+1% qaydası” keçərlidir, amma bir vacib fərqlə: bu kateqoriyaya aid işçilərin aylıq gəlirinin 2500 manata qədər olan hissəsi üçün 4 faiz, ondan artıq məbləğ üçün 1 faiz sığorta haqqı hesablanır.

Bundan əlavə, fərdi sahibkarlar, xüsusi notariuslar, xüsusi icra məmurları, vəkillər və mediatorlar minimum aylıq əməkhaqqının 4 faizi qədər icbari tibbi sığorta haqqı ödəməlidirlər.

Nəhayət, mülki-hüquqi müqavilələrlə işləyən fiziki şəxslər üçün aylıq gəlirin 8000 manata qədər olan hissəsi üçün 2 faiz, ondan artıq məbləğ üçün 1 faiz sığorta haqqı hesablanaraq Fonda köçürülməlidir.

Açıqlanan məlumatdan aydın olur ki, 2026-cı ilin 4 ayı ərzində İcbari Tibbi Sığorta Fonduna büdcə transfertindən savayı büdcə təşkilatlarında çalışan işçilər və onların çalışdığı müəssisələr tərəfindən 113,5 milyon manat sığorta haqqı ödənilib. Bu o deməkdir ki, Fondun ümumi gəlirlərinin 563,5 milyon manatı və ya 69 faizi bilavasitə dövlət büdcəsi hesabına formalaşır. Müstəqil ekspertlərin məlumatına görə, hökumətin parlamentə təqdim elədiyi büdcə zərfində açıqlanan məlumatlardan görünür ki, dövlətə məxsus publik hüquqi şəxslərdə və təsərrüfathesablı dövlət müəssisələrində əməkhaqqı dövriyyəsi təxminən bir-birinə bərabərdir. Deməli, qeyri-büdcə dövlət müəssisələrinin də tibbi sığorta ödənişləri nəzərə alındıqda, İcbari Tibbi Sığorta Fondunun ümumi gəlirlərinin 80 faizinin və ya 670 milyon manatının birbaşa iqtisadiyyatın dövlət sektoru hesabına yarandığı, özəl sektorun isə cəmi 20 faiz (250 milyon manat) töhfəyə malik olduğu aydın olur.

Ekspertlərin fikrincə, Tibbi Sığorta Fondunun icbari ödənişlərinin azalmasının mümkün səbəblərindən biri də elə məhz son dövrlər dövlət sektorunda aparılan işçi ixtisarlarıdır. Fondun gəlirlərinin əsas hissəsi bu sektordan gəldiyi üçün işçi ixtisarları da dərhal bu yığımların dinamikasında və həcmində özünü göstərir.

Maliyyə Nazirliyinin 4 aylıq hesabatından görünür ki, icmal büdcəsinin digər elementləri üzrə də azalma baş verib. Belə ki, analiz aparılan dövrdə dövlət büdcəsinin gəlirləri 401 milyon manat (2,9 faiz), Naxçıvan MR-nın büdcə gəlirləri 11,7 milyon manat (7,5faiz), Neft Fondunun gəlirləri isə 282 milyon manat (5,7 faiz) azalıb.

Bunlardan fərqli olaraq, icmal büdcənin tərkibinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 360 milyon manat (13,7 faiz) artım qeydə alınıb. Müstəqil ekspertlərin hesablamalarına görə, bu artımın 310 milyon manatı və ya 86 faizi dövlət sektoru (büdcə transfertləri, dövlət şirkətləri və büdcə təşkilatları birlikdə), 50 milyon manatı (14 faiz) isə özəl sektorun hesabına təmin edilib.

Təhlil aparılan dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcə transfertlərinin və dövlət sektorunun birlikdə payı 75 faizə yaxın olub.
İcbari Tibbi Sığorta Fondunun da timsalında göründüyü kimi, dövlətin sosial fondlarına daxilolmaların az qala hər 4 manatından 3 manatı dövlət xətti ilə gəlir və bu fakt ölkədə biznes sektorunun məşğulluğun və əhalinin gəlirlərinin təmin edilməsində nə qədər zəif potensiala malik olduğunu göstərir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Gömrük Xidmətinin rəhbərinə ünvanlanmayan vacib sual

29 İyun 2026

Açıq mənbə

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun hökumətə yaxın media qurumlarına verdiyi son müsahibədə müxtəlif mövzular müzakirə edilib. Lakin müsahibə zamanı tərəflərin heç biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Orta Dəhlizlə bağlı yeni açıqladığı hesabatda yer alan mühüm və problemli məqamlara toxunmayıb. Söhbət OECD-nin hazırladığı və 2026-cı ildə yayılan “İqtisadi dəhlizlər çərçivəsində əlaqələrin qiymətləndirilməsi: Trans-Xəzər Nəqliyyat Dəhlizi nümunəsi" hesabatdan gedir. Sənəd Ş.Bağırovdan fərqli olaraq hazırda Azərbaycanda gömrük-sərhəd sistemində rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı başqa ciddi problemlərə də diqqət ayırmağı vacib sayır. İlk növbədə söhbət xarici ticarət qaydaları ilə bağlı məlumatların bütün maraqlı tərəflər üçün əlçatanlığından gedir. Burda məlumatlar dedikdə, zəruri...
İqtisadiyyat

Dövlət borcunun görünməyən tərəfi: Təminat Fondunun resursları niyə tükənir?

22 İyun 2026

Toplum TV

Prezident İlham Əliyev də daxil olmaqla, iqtisadiyyata cavabdeh rəsmilərin dövlət borcunun aşağı səviyyəsini mütəmadi olaraq ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biri kimi təqdim etdikləri bir dövrdə, Hesablama Palatasının yaydığı açıqlama diqqət çəkib. Palatanın 2025-ci il üzrə dövlət büdcəsinin icrasına dair rəyində bildirilir ki, dövlət borcu və dövlət zəmanətli öhdəliklərlə bağlı Təminat Fondunun sərəncamında olan vəsaitlərin həcmi 2025-ci ilin sonuna 61 faiz azalaraq 419 milyon manatdan 164 milyon manata enib. Son 5 ildə (2020-2025-ci illərdə) isə 11 dəfəyə yaxın azalıb. Belə ki, 2020-ci ilin sonuna Fondun vəsaitlərinin ümumi qalığı 1,980 milyard manat olmuşdur. Təminat Fondu dövlət borclarının qaytarılması məqsədilə yaradılan büdcədənkənar...

Seçilmiş Videolar

Toplum TV loqo