Enerji yoxsulluğu fonunda hökumətin “Söndür və Qazan!” kampaniyası: ehtiyac, yoxsa imitasiya?
Foto/kollaj: Toplum TV
Energetika Nazirliyi “Söndür və Qazan!” şüarı ilə ictimai kampaniyaya start verib.
Nazirlik qeyd edir ki, kampaniyanın məqsədi vətəndaşları gündəlik həyatda sadə addımlarla - istifadə olunmayan işıqları, məişət cihazlarını və avadanlıqları söndürməklə enerji sərfiyyatını azaltmağa təşviq etmək, gündəlik həyat tərzində enerjidən daha ağıllı istifadə vərdişləri formalaşdırmaqdır.
Mütəqil ekspertlər hesab edirlər ki, istənilən ölkədə enerjidən qənaətli istifadə son dərəcə vacibdir və bu vərdişin insanlara aşılanması zəruridir. Onların fikrincə, ilk növbədə belə bir sual yaranır: Energetika Nazirliyi əhalinin enerji israfı ilə bağlı hər hansı araşdırma aparıbmı, israfın təxmini miqyasını qiymətləndiribmi? Belə bir araşdırma ümumi elektrik istehlakının hansı hissəsinin (məsələn, 5 və ya 10–15 faizinin) məhz israfın nəticəsi olduğunu üzə çıxara, ictimai rəydə kampaniyanın əhəmiyyətini daha inandırıcı göstərə bilərdi.
Lakin Azərbaycan nəinki dünya üzrə, hətta keçmiş SSRİ ölkələri arasında da elektrik enerjisinin adambaşına istehlakına görə aşağı yerlərdə qərarlaşan ölkələr sırasındadır.
Dünya Bankının 2023-cü il üzrə hesabatına əsasən, keçmiş SSRİ ölkələrində elektrik enerjisinin adambaşına istehlakı aşağıdakı kimi olub:
• Rusiya – 7184 kVt·saat
• Estoniya – 5722 kVt·saat
• Qazaxıstan – 5146 kVt·saat
• Litva – 4203 kVt·saat
• Belarus – 3903 kVt·saat
• Latviya – 3629 kVt·saat
• Gürcüstan – 3382 kVt·saat
• Türkmənistan – 2829 kVt·saat
• Ukrayna – 2516 kVt·saat
• Moldova – 2412 kVt·saat
• Ermənistan – 2404 kVt·saat
• Azərbaycan – 2367 kVt·saat
• Özbəkistan – 2094 kVt·saat
• Qırğızıstan – 1971 kVt·saat
• Tacikistan – 1476 kVt·saat
Hesabatdan göründüyü kimi, Azərbaycan keçmiş 15 ittifaq dövləti arasında elektrik enerjisinin adambaşına istehlakına görə 12-ci yerdədir. Doğrudur, bu göstərici təkcə əhalinin deyil, bütövlükdə iqtisadiyyatın enerji sərfiyyatını əhatə edir. Lakin əhali istehlakına görə də Azərbaycan geri qalır. Məsələn, ev təsərrüfatlarında illik adambaşına elektrik istehlakının orta göstəricisi Ermənistanda 800 kVt·saat, Gürcüstanda 750 kVt·saat, Azərbaycanda isə 660 kVt·saatdır.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar ölkə regionları üzrə adambaşına elektrik enerjisi istehlakı arasında ciddi fərqlərin olduğunu göstərir. Belə ki, 2024-cü il üzrə regional statistikaya görə, əhali tərəfindən aylıq adambaşına elektrik enerjisi istehlakı ən aşağı Lerik və Daşkəsən rayonlarında qeydə alınıb - 12 kVt·saat.
Bu göstərici Yardımlıda 17 kVt·saat, Şamaxıda 22 kVt·saat, Gədəbəydə 24 kVt·saat, Oğuzda isə 29 kVt·saat təşkil edib. Ən yüksək istehlak Bakı şəhərində müşahidə olunub - ayda adambaşına 100 kVt·saat. Abşeron rayonunda bu rəqəm 70 kVt·saata, Sumqayıtda isə təxminən 50 kVt·saata yaxın olub. Ölkə üzrə orta aylıq adambaşına elektrik enerjisi istehlakı 55 kVt·saat səviyyəsindədir.
Ekspertlərin fikrincə, Azərbaycan hökuməti tərəfindən təsdiqlənmiş minimum istehlak səbətində yoxsul hesab edilən vətəndaşlar üçün aylıq adambaşına elektrik enerjisi istehlakı norması 50 kVt·saat müəyyən edilib. Bu meyarla müqayisədə ölkə üzrə faktiki orta istehlak göstəricisi yoxsul şəxs üçün nəzərdə tutulan səviyyəyə yaxındır. Hətta bəzi bölgələrdə bu göstərici həmin normadan 3–4 dəfə aşağıdır.
Enerji yoxsulluğu yaşayan bir ölkədə enerji israfçılığına qarşı rəsmi kampaniyanın təşkili maraqlı görünür. Ekspertlər hesab edirlər ki,, israf etməmək özü bir davranış və mədəniyyət məsələsidir və enerji istehlakının səviyyəsindən asılı olmayaraq insanlarda qənaət vərdişlərinin formalaşdırılması mümkündür.
Bununla belə, onlar hesab edirlər ki, rəsmi qurumlar ilk növbədə ölkənin bölgələrində, xüsusən də kənd yerlərində elektrik təsərrüfatının bərbad vəziyyətini, eləcə də yoxsulluq həddindən aşağı enerji istehlakının səbəblərini araşdırmağa daha çox diqqət və resurs ayırmalıdırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"