İqtisadiyyat

İki fərqli mənzərə: Ermənistan əmək bazarında irəliləyərkən Azərbaycan niyə geri qalır?

5 Dekabr, 2025
320

Foto/kollaj: Toplum TV

Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ilin büdcə müzakirələri zamanı bildirib ki, son 6 ildə onun iqtisadi komandasının fəaliyyəti nəticəsində ölkədə 224 min yeni iş yeri yaranıb. Onun sözlərinə görə, 2018-ci ildə Ermənistanda cəmi 586 min rəsmi əmək müqaviləsinə əsaslanan iş yeri var idisə, hazırda bu rəqəm 810 minə çatıb.
Paşinyanın təqdim etdiyi göstəricilər Ermənistanın ümumi 1,174 milyon məşğul əhalisinin 69 faizinin hazırda rəsmi əmək müqaviləsi ilə işlədiyini göstərir.

Müqayisə üçün, 2018-ci ilin sonunda ölkədə ümumi məşğul əhali 907,5 min nəfər, muzdla işləyənlər isə 586 min nəfər idi. Rəqəmlər ötən dövrdə Ermənistanda əmək bazarının şəffaflaşmasının xeyli sürətləndiyini və rəsmi məşğulluğun payının 64,5 faizdən 69 faizə yüksəldiyini göstərir.
Altı il ərzində məşğul əhalinin sayı 269 min, muzdla işləyənlərin sayı isə 224 min nəfər artıb. Statistikadan görünən başqa bir mühüm məqam odur ki, ölkədə açılan yeni iş yerlərinin sayı məşğulluğun və rəsmi iş yerlərinin artımı ilə üst-üstə düşür. Bu da yeni iş yerlərinə dair məlumatların real olduğunu göstərir.

Məsələni “Topum TV”-yə şərh edən müstəqil ekspertlər bildirirlər ki, eyni göstəricilər Azərbaycana tətbiq edildikdə tamamilə fərqli və ziddiyyətli mənzərə ortaya çıxır. Hökumətin məlumatına əsasən, 2019–2025-ci illərdə Azərbaycanda 713 min yeni iş yeri yaradılıb. Lakin elə həmin rəsmi statistikada göstərilir ki, bu dövrdə ölkədə ümumi məşğul əhalinin və muzdla çalışanların sayı cəmi təxminən 225 min nəfər artıb. Belə ki, məşğul əhali 4,880 milyondan 5,103 milyona, muzdla işləyənlərin sayı isə 1,552 milyondan 1,780 milyona yüksəlib. Başqa sözlə, yeni iş yerləri barədə rəqəm məşğulluq artımını 3,2 dəfə üstələyir.

Rəsmi müqaviləli iş yerlərinin ümumi məşğulluqda payı 35 faizdir ki, bu da Ermənistanın göstəricisindən iki dəfə aşağıdır.
Ekspertlərin fikrincə, Azərbaycanda yeni iş yerləri ilə bağlı statistikanın reallıqdan uzaq olduğunu göstərən başqa bir məqam da var: 2019–2025-ci illərdə yaradıldığı iddia edilən 713 min yeni iş yerinin 105 mini (yəni 14,7 faizi) yeni açılan müəssisələrin payına düşür. Halbuki rəsmi məlumatlara görə, bu dövrdə ölkədə 97 min yeni müəssisə qeydiyyata alınıb. Bu isə hər bir yeni müəssisəyə orta hesabla cəmi 1 iş yerinin düşdüyünü göstərir.

Bu bir iş yeri də müəssisə rəhbərinə aid olarsa, belə müəssisələrin mühasibsiz və işçisiz necə fəaliyyət göstərə bildiyi sual doğurur. Bu uyğunsuzluq Azərbaycanda yeni iş yerləri statistikası ilə bağlı şübhələri daha da artırır. Halbuki normal iqtisadiyyata malik ölkələrdə ən kiçik müəssisələrdə belə adətən 3–5 nəfər çalışır.
Yeni iş yerləri ilə bağlı ziddiyyətli göstəricilər başqa bir ehtimalı da gündəmə gətirir: müəssisələrin böyük hissəsi formal olaraq mövcuddur və real fəaliyyət göstərmir.
Şəffaf iqtisadiyyatın olmadığı ölkələrdə yeni iş yerləri barədə statistikanın şişirdilməsi üçün müxtəlif üsullar tətbiq edilir. Məsələn:

 • Müəssisə daxilində mövcud bir iş yerinin adı dəyişdirilir (məsələn, “usta” əvəzinə “texnik” yazılır) və bu, yeni iş yeri kimi statistikaya salınır, halbuki həmin şəxs eyni işi görməyə davam edir.

 • Bir müəssisə bölünərək bir neçə yeni hüquqi şəxs yaradılır; işçilərin sayı dəyişməsə də onların hər birində guya yeni iş yerində işə başlamaları kimi məlumat daxil edilir.

 • Mövsümi və 3-6 ay davam edən müvəqqəti işlər uzunmüddətli iş yerləri kimi təqdim olunur, baxmayaraq ki, bu işlər dayanıqlı gəlir və sosial təminat yaratmır.

Əslində yeni iş yerləri statistikası ilə yanaşı başqa bir vacib göstərici də açıqlanmalıdır: sosial, tibbi və işsizlik sığortasına ödəniş edənlərin illik sayı. Azərbaycan hökuməti bu məlumatı açıqlamır və bu da yeni iş yerləri barədə rəsmi rəqəmlərə dair şübhələri artırır.

Yeri gəlmişkən, Ermənistan və Azərbaycanın məşğulluq göstəriciləri müqayisə edildikdə başqa mühüm fərq də nəzərə çarpır: son 6 ildə Ermənistanda aqrar məşğulluğun payı 25 faizdən 17 faizə düşdüyü halda, Azərbaycanda bu göstərici hələ də 35 faiz civarındadır.

Azərbaycanda az ixtisas tələb edən aqrar məşğulluğun xüsusi çəkisi Ermənistandan iki dəfə yüksəkdir. Bunun əksinə olaraq, Ermənistanda yüksək ixtisaslı əmək tələb edən maliyyə sektorunda çalışanların sayı iki dəfə artaraq 65 min nəfərə çatıb, Azərbaycanda isə bu sahədə cəmi 40 min nəfər fəaliyyət göstərir. Nəhayət, sənaye sektorunda məşğulluğun payı Azərbaycanda 9 faiz olduğu halda, Ermənistanda bu göstərici 15 faizə yaxındır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Milli Onkologiya Mərkəzi 35 milyon manatlıq tender keçirib 

17 İyul 2026

Açıq mənbə

Milli Onkologiya Mərkəzi təxminən 35 milyon manat dəyərində tender keçirib.  Elektron tender portalında iyulun 9-da yayımlanan məlumata görə, sözügedən tenderi “Azəri Med” adlı şirkət qazanıb. Məlumata əsasən, mərkəz şirkətə dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının satın alınması müqabilində 34 milyon 961 min 987 manat ödəməlidir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, 2025-ci ilin mayında da mərkəz 36 milyon manatlıq tenderi bu şirkətə verib. 2024-cü ilin mayında isə eyni şirkət 29 milyon 829 min 766 manatlıq tenderin qalibi elan edilib.  Mətbuatda "Azəri Med”in sahibinin deputat Kəmaləddin Qafarov olduğu barədə iddialar var. K.Qafarov parlamentdə təmsil olunana qədər Milli Onkologiya Mərkəzində baş...
İqtisadiyyat

Gömrük Xidmətinin rəhbərinə ünvanlanmayan vacib sual

29 İyun 2026

Açıq mənbə

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun hökumətə yaxın media qurumlarına verdiyi son müsahibədə müxtəlif mövzular müzakirə edilib. Lakin müsahibə zamanı tərəflərin heç biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Orta Dəhlizlə bağlı yeni açıqladığı hesabatda yer alan mühüm və problemli məqamlara toxunmayıb. Söhbət OECD-nin hazırladığı və 2026-cı ildə yayılan “İqtisadi dəhlizlər çərçivəsində əlaqələrin qiymətləndirilməsi: Trans-Xəzər Nəqliyyat Dəhlizi nümunəsi" hesabatdan gedir. Sənəd Ş.Bağırovdan fərqli olaraq hazırda Azərbaycanda gömrük-sərhəd sistemində rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı başqa ciddi problemlərə də diqqət ayırmağı vacib sayır. İlk növbədə söhbət xarici ticarət qaydaları ilə bağlı məlumatların bütün maraqlı tərəflər üçün əlçatanlığından gedir. Burda məlumatlar dedikdə, zəruri...

Seçilmiş Videolar

Toplum TV loqo