İqtisadiyyat

Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?

27 May, 2026
2458

president.az

Mayın 25-də Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramını təsdiqlədi. 

48 səhifəlik sənəddə qeyd olunur ki, dövlət proqramının məqsədləri “aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının artırılması və aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasıdır”. 

Proqramda müxtəlif sahələr üzrə hədəf göstəricilər də müəyyən olunub. Məsələn, 2030-cu ilə qədər kənd təsərrüfatı üzrə ümumi daxili məhsulun (ÜDM) illik azı 2 faiz artması, ixracın isə 6 milyard ABŞ dolları dəyərində olması nəzərdə tutulub. Müqayisə üçün, rəsmi statistikaya əsasən, ötən il kənd təsərrüfatı üzrə ÜDM-də artım 0,9 faiz olub və 1,5 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub. 

Bundan əlavə, 2030-cu ilə qədər müasir suvarma tətbiq olunan sahələrin 130 min hektardan 300 min hektara, buğda və pambıq üzrə məhsuldarlığın hər hektardan 50 sentnerə, mal əti istehsalında artımın 20 faizə, quş əti istehsalında 30 faizə, yumurta istehsalında 27 faizə çatdırılması və başqa hədəflər yer alıb. 

Eyni gündə dövlət proqramının qəbulu ilə bağlı müşavirə keçirən Əliyev də son bir neçə ildə kənd təsərrüfatındakı dinamikanın onu qane etmədiyini deyib. Dövlət başçısı, xüsusilə, buğda istehsalının daxili tələbatı təmin etməməsindən şikayətlənib. 

“Biz özümüzü buğda ilə cəmi 55 faiz səviyyəsində təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq ki, çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır… Təbii ki, bizim coğrafiyamızı, əkin sahələrini, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, özümüzü ərzaq buğdası ilə 100 faiz təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”, - o qeyd edib. 

Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, dövlət proqramı çərçivəsində kənd təsərrüfatına 5,9 milyard manat sərmayə qoyulması, bunun 2,2 milyard manatının dövlət hesabına təmin olunması nəzərdə tutulur. 

Dövlət proqramına münasibət bildirən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli “Toplum TV”-yə deyir ki, proqramın “tələsik, qeyri-peşəkarlar tərəfindən hazırlandığı hiss olunur, çünki kənd təsərrüfatındakı əsas problemlərin necə həll olunacağı öz əksini tapmayıb”. 

Onun fikrincə, əhali hökumətin problemləri həll etdiyini əyani şəkildə görməlidir: “Məsələn, kənd təsərrüfatında istifadə olunan istehsal vasitələrinin hamısı xaricdən gətirilir. Bu o deməkdir ki, Azərbaycan kəndlisi rəqabətqabiliyyətli məhsul istehsal edə bilməyəcək. O zaman edə bilər ki, biz məhsuldarlığı indikindən iki dəfə çox artıraq. Məhsuldarlığın artırılması hesabına biz məhsulun maya dəyərini aşağ sala, məhsulu rəqabətqabiliyyətli edə və bu sahədə çalışanların gəlirini artıra bilərik. Bu o vaxt mümkün olacaq ki, biz mövcud problemləri aradan qaldıraq”.

Heyvandarlıqla bağlı hədəflərə də toxunan V.Məhərrəmli deyir ki, bu sahədə də dayanıqlı yem bazasının yaradılması kimi məsələlər proqramda yer almayıb. O əlavə edir ki, həll olunmalı digər bir problem təcrübəli kadrların kənd təsərrüfatından kənarda qalmasıdır. 

“Bu gün Azərbaycanda öz sahəsini dərindən bilən, lakin yaşı 65-dən yuxarı olan xeyli aqronom, zootexnik, baytarlar var ki, onların köməyinə ehtiyac duyulmur. Amma onlarsız da bu sahələri inkişaf etdirmək mümkün olmayacaq, çünki həm bilikləri, həm təcrübələri var. Onlar lazımi nəticələri almaq üçün nəyi, necə etmək lazım olduğunu bilirlər”, - o bildirir. 

Mütəxəssis proqramın hədəflərinə çatacağı ilə bağlı gözləntilərinin yüksək olmadığını deyir. 

“Əvvəllər də pambıqçılıq, tütünçülük kimi sahələrlə bağlı bu cür proqramlar qəbul olunub, lakin heç biri qarşıya qoyulan məqsədlərə çata bilməyib. Bu proqramın da taleyi o cür olacaq. Çünki əsas proqramın qəbul olunması deyil, proqramda hansı tədbirlərin yer alması və onların necə həyata keçiriləcəyinin doğru-dürüst qeyd olunmasıdır. Həmçinin, dövlət proqramının icrasına nəzarət olmalıdır. Əvvəllər də yeddiillik proqramlar qəbul ediblər, lakin onlarla bağlı bir dəfə ictimai dinləmə keçirilməyib”, - o vurğulayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Dövlət borcunun görünməyən tərəfi: Təminat Fondunun resursları niyə tükənir?

22 İyun 2026

Toplum TV

Prezident İlham Əliyev də daxil olmaqla, iqtisadiyyata cavabdeh rəsmilərin dövlət borcunun aşağı səviyyəsini mütəmadi olaraq ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biri kimi təqdim etdikləri bir dövrdə, Hesablama Palatasının yaydığı açıqlama diqqət çəkib. Palatanın 2025-ci il üzrə dövlət büdcəsinin icrasına dair rəyində bildirilir ki, dövlət borcu və dövlət zəmanətli öhdəliklərlə bağlı Təminat Fondunun sərəncamında olan vəsaitlərin həcmi 2025-ci ilin sonuna 61 faiz azalaraq 419 milyon manatdan 164 milyon manata enib. Son 5 ildə (2020-2025-ci illərdə) isə 11 dəfəyə yaxın azalıb. Belə ki, 2020-ci ilin sonuna Fondun vəsaitlərinin ümumi qalığı 1,980 milyard manat olmuşdur. Təminat Fondu dövlət borclarının qaytarılması məqsədilə yaradılan büdcədənkənar...
İqtisadiyyat

İcbari Tibbi Sığorta Fonduna ödənişlər niyə azalır?

16 İyun 2026

president.az

Maliyyə Nazirliyi ilin ilk 4 ayı üzrə icmal büdcəni formalaşdıran və hökumətin sərəncam verdiyi ayrı-ayrı büdcələrə dair hesabatı açıqlayıb. Hesabatda diqqət çəkən məqam əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında İcbari Tibbi Sığorta Fonduna məcburi ödənişlərin məbləğinin azalmasıdır. Belə ki, cari ilin qeyd olunan dövründə Fonda 820,5 milyon manat daxil olub ki, bunun 450 milyon manatı dövlət büdcəsinin transfertindən ibarətdir. Yəni, Tibbi Sığorta Fondunun büdcə dəstəyi olmadan gəlirləri 370,5 milyon manat təşkil edir və bu, əvvəlki ilin göstəricisindən 17 milyon manat, yaxud 2,2 faiz azdır. Fondun transfertsiz gəlirləri sahibkarlıq subyektlərinin və muzdlu işçilərin aylıq ödənişlərindən formalaşır. “Tibbi...

Seçilmiş Videolar

Toplum TV loqo