Siyasət

Ombudsmana zəngə görə həbs edilən şəxs Avropa Məhkəməsinə üz tutub

23 İyun, 2026
336

Açıq mənbə

Həbsinə görə Ombudsman Aparatını ittiham edən Niyaməddin Aslanzadənin şikayəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsində kommunikasiya başlanılıb. 

“Azadlıq Radiosu”nun xəbərinə görə, məhkəmə iş üzrə Azərbaycan hökumətinə sorğu ünvanlayıb.

Niyaməddin Aslanzadə 7 ildir həbsdə olan jurnalist, “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun qardaşıdır. 

Şikayətə əsasən, həmin dövrdə Polad Aslanov həbsxanada aclıq aksiyası keçirirdi və səhhətinin pisləşdiyi bildirilirdi. Niyaməddin Aslanzadə Ombudsman Aparatına dəfələrlə zəng edərək qurum nümayəndələrinin onun qardaşına baş çəkməsini xahiş etdiyini qeyd edir. O bildirir ki, müraciətlərinə cavab ala bilmədiyi üçün son telefon danışığında Ombudsman Aparatının əməkdaşlarını fəaliyyətsizlikdə ittiham edib və onları tənqid edib.

Bir müddət sonra Ombudsman Aparatından Daxili İşlər Nazirliyinə müraciət olunub. Müraciətdə Niyaməddin Aslanzadənin qurum əməkdaşlarını təhqir etdiyi iddia edilib. Bununla əlaqədar şikayət polisə göndərilib və Aslanzadə Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə çağırılaraq izahat verib.

Hadisədən bir neçə həftə sonra, 2021-ci il avqustun 26-da Niyaməddin Aslanzadə saxlanılıb. Onun barəsində xırda xuliqanlıq ittihamı ilə inzibati protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 5 sutka inzibati həbs cəzası verilib.

Məhkəmə qərarında Aslanzadənin təqsirini etiraf etdiyi göstərilsə də, o, apellyasiya şikayətində bunu təkzib edib. Onun sözlərinə görə, Ombudsman Aparatının əməkdaşlarını təhqir etməyib, yalnız qardaşının vəziyyəti ilə bağlı qurumun fəaliyyətsizliyini tənqid edib.

Aslanzadə həmçinin təhqir olunduğu iddia edilən şəxsin məhkəmədə dindirilməsini və Ombudsman Aparatına etdiyi zəngin səs yazısının araşdırılmasını tələb edib. Lakin onun vəsatətləri təmin olunmayıb. Sonradan Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bundan sonra Niyaməddin Aslanzadə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. O, ərizəsində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu maddəsi (ifadə azadlığı) ilə qorunan hüquqlarının pozulduğunu iddia edib. Həmçinin saxlanılarkən ailəsi ilə əlaqə saxlamaq və seçdiyi vəkilin xidmətindən istifadə etmək imkanının məhdudlaşdırıldığını bildirib.

Avropa İnsan Hüquqları Məhkəməsi ərizədə qaldırılan məsələlərlə bağlı Azərbaycan hökumətinə suallar göndərərək iş üzrə araşdırmaya başlayıb.

Polad Aslanov 2019-cu ildə casusluq ittihamı ilə həbs olunub. O, ittihamları rədd edir və bunu korrupsiya ilə bağlı ifşaları ilə əlaqələndirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır. Avropa İnsan Hüquqları Məhkəməsi də onun həbsi ilə bağlı Azərbaycan hökumətinə qarşı qərar çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti

2 Oktyabr 2026

jam-news

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb. Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik. Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən...
Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...

Seçilmiş Videolar

Toplum TV loqo