İqtisadiyyat

Real vergi ödəyicilərinin sayı: Hesablama Palatası və Dövlət Vergi Xidmətinin rəqəmləri niyə fərqlənir?

12 Noyabr, 2025
397

İllüstrasiya: Toplum TV

Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsinə verdiyi rəydə qeyd olunur ki, bu ilin ilk yarısında fəaliyyət göstərən, yəni real vergi ödəyicilərinin sayı əvvəlki dövrlə müqayisədə 3,3 faiz və ya 6,6 min azalıb.

Hesabatda bildirilir ki, istinad edilən tarixdə real fəaliyyəti olan vergi ödəyicilərinin sayı 191,2 min biznes subyekti olub. Halbuki həmin dövrdə rəsmi qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 1,6 milyona yaxın idi.

Başqa sözlə, qeydiyyatda olan hər 1000 biznes subyektindən yalnız 120-si real fəaliyyət göstərir.
Palatanın rəyi göstərir ki, 2024-cü ilin ilk yarısında qeydiyyatdan keçən vergi ödəyicilərinin 13 faizi fəaliyyət göstərirdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 12 faizə düşüb.

Lakin maraqlı məqam odur ki, Dövlət Vergi Xidməti Palatadan fərqli olaraq “fəaliyyətdə olan vergi ödəyicisi” anlayışından deyil, “aktiv vergi ödəyicisi” terminindən istifadə edir. Qurumun açıqlamasına əsasən, 2025-ci ilin ilk yarısında aktiv vergi ödəyicilərinin sayı təxminən 5 faiz artaraq 800 mini ötüb.

Bununla belə, qanunvericilikdə nə “fəaliyyətdə olan”, nə də “aktiv” vergi ödəyicisi anlayışının aydın meyarı müəyyənləşdirilməyib. Məsələn, qeydiyyatda olan bir vergi ödəyicisi nə qədər müddət fəaliyyətsiz qalmalıdır ki, o, “passiv” və ya “real fəaliyyəti olmayan” hesab edilsin? Bu məsələ hüquqi baxımdan qeyri-müəyyəndir.

Görünür ki, həm Hesablama Palatası, həm də Vergi Xidməti statistik göstəriciləri qurumların daxili meyarları əsasında formalaşdırır. Rəsmi olmayan izahlara görə, vergi orqanları həmin subyektləri “passiv” hesab edir ki, onlar vergi uçotunda qeydiyyatdadırlar, fəaliyyəti dayandırmayıblar, bəyannamələrini təqdim edirlər, lakin müəyyən müddətdir vergi ödənişləri etmirlər. Yəni bu bizneslər faktiki olaraq fəaliyyətsizdir, amma gələcəkdə işə yenidən başlamaq ümidi ilə qeydiyyatlarını ləğv etmirlər.

Bununla yanaşı, başqa səbəblər də var. Bəzi şəxslər güzəştli vergi rejimindən faydalanmaq üçün illik dövriyyəsini 200 min manatı keçməməsi məqsədilə öz adlarına əlavə vergi ödəyiciləri kimi qeydiyyatdan keçirlər və əməliyyatlarını onların üzərindən aparırlar. Məlum olduğu kimi, illik dövriyyəsi 200 min manatı ötməyən ticarət və ictimai iaşə obyektləri mənfəət vergisindən 75 faiz güzəşt alır. Bu hal qeydiyyatda olan, lakin real fəaliyyəti olmayan vergi ödəyicilərinin sayının süni şəkildə artmasına səbəb olur.

Digər tərəfdən, sahibkarlıq statusu olmayan ailə kəndli təsərrüfatları (xırda fermerlər) da aqrar məqsədlərlə kredit götürmək istədikdə bankların tələbi ilə vergi uçotuna düşür və hesab açdırırlar. Lakin kredit alındıqdan sonra faktiki fəaliyyət göstərmirlər. Bu da “kağız üzərində” mövcud olan biznes subyektlərinin sayını artıran amillərdən biridir.

Formal, yəni real fəaliyyəti olmayan vergi ödəyicilərinin bu cür süni artımı ölkədə məşğulluq statistikasını da təhrif edir. Dövlət Məşğulluq Xidməti əmək bazarının monitorinqini apararkən qeydiyyatda olan vergi ödəyicilərini avtomatik olaraq məşğul əhali kimi qəbul edir. Nəticədə, vergi orqanlarının “passiv” hesab etdiyi, amma real gəliri və işi olmayan şəxslər dövlət statistikasında işləyən insanlar kimi görünür.

Beləliklə, işləyənlərin sayı süni şəkildə artır, işsizlərin sayı isə azaldılır. Bu şəxslər rəsmi qeydiyyatda olduqları üçün “işsiz” statusu da ala bilmirlər.

Nəticədə, real gəliri və işi olmayan insanlar nə işsizlik müavinəti, nə də pensiya və tibbi sığorta hüququ əldə edə bilir. Belə bir yanlış hüquqi mexanizm on minlərlə ailəni - xüsusilə də aztəminatlı və yoxsul təbəqəni sosial hüquqlardan məhrum vəziyyətdə qoyur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Məsafədən kredit götürmək istəyənlər üçün yeni qayda: Vəsait dərhal verilməyəcək

30 Sentyabr 2026

sosial media

Azərbaycanda məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, vətəndaşlar banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət etməklə məsafədən istehlak krediti götürməyə və ya kredit limitini artırmağa məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin bankda şəxsən iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında ləğv olunacaq. Yeni qaydalara görə, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə bir məhdudiyyət qoyub-qoymadığını həm öz informasiya sistemləri, həm də kredit bürosu vasitəsilə yoxlamalıdır. Məhdudiyyət tətbiq edən şəxslə məsafədən kredit müqaviləsi bağlamaq və ya onun kredit limitini artırmaq mümkün olmayacaq....
İqtisadiyyat

Bankların kredit faizlərindən gəliri 17,2 faiz artıb

28 Sentyabr 2026

sosial media

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bankların verdikləri kreditlər üzrə faiz gəlirləri 2 milyard 982,6 milyon manat olub. “Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Sentyabrın 1-nə bankların kredit portfelinin ümumi həcmi 32 milyard 824,2 milyon manat təşkil edib. Bu məbləğin 17 milyard 822,9 milyon manatı biznes, 10 milyard 261,2 milyon manatı istehlak, 4 milyard 740,2 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb. “Toplum TV”nin daha əvvəl Mərkəzi Bankın məlumatları əsasında dərc etdiyi təhlildə bankların əmanətlər üzrə faizləri azaltdığı halda, kreditləri bahalaşdırdığı göstərilib. Belə ki, 2024–2025-ci illərdə manatla depozitlər üzrə orta faiz dərəcəsi...

Seçilmiş Videolar

Toplum TV loqo