İqtisadiyyat

Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?

31 Yanvar, 2025
703

Toplum TV/Kollaj

Dünya tarixinin ən böyük elm adamlarından biri Eynşteynin sözüdür: “Problemi yaradan zehniyyət onu həll edə bilməz”. Son 20 ildə çox böyük səhvlərlə dolu regional inkişaf siyasəti ilə ölkə ərazisinin cəmi 5%-ni təşkil edən Bakı və Abşeron yarımadasını ölkə əhalisinin 50%-dən çoxuna dolanışıq və məcburi yaşayış məskəninə çevirən bir idarəçilik indi yaxın 5 ildə tıxaclarda boğulan paytaxtı xilas edəcəyinin vədini verir.

Hər halda hökumət dünən təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə belə bir iddialı öhdəliyi üzərinə götürüb.

Paytaxtın real demoqrafik yükü nə qədərdir?

Proqramda bildirlir ki, son bir ildə Bakı və ətraf ərazilərdə əhalinin artım sürəti ölkənin digər ərazilərini üstələyib. Nəticədə isə ictimai nəqliyyat və mövcud yol infrastrukturu fiziki baxımdan çox kiçik arealda sürətlə artan böyük insan kütləsinin tələbatına cavab verə bilməyib və hər keçən gün insanların tıxaclarda qalma müddəti daha da artıb.

Rəsmi rəqəmlərə istinad edən səlahiyyətli şəxslər deyir ki, son 20 ildə Bakı və Abşeron yarımadasında əhalinin sayının orta illik artım tempi 1,3% təşkil edib və bu ölkənin digər əraziləri üzrə göstəricidən daha yüksəkdir. Amma rəsmi rəqəmlər reallığı doğru-düzgün əks etdirmir. İstinad olunan statistika doğrudursa, belə çıxır ki, hazırda ölkə əhalisinin cəmi 31%-i  Bakı, Sumqayıt və Abşeronda yaşayır. 2005-ci ildə isə həmin göstərici 29%-ə yaxın olub. Lakin hazırda ölkə üzrə bütün əhalinin istehlak etdiyi elektrik enerjisinin 55%-nin, təbii qazın 47%-nin, rabitə xərclərinin 93%-nin Bakı və ətraf ərazilərin payına düşdüyü nəzərə alınsa, əhalinin paytaxt aqlomerasiyasında təmərküzləşmə səviyyəsinin 40%-dən yüksək olduğu kifayət qədər real görünür. Yəni ən kobud hesablama ilə Bakı və Abşeron yarımadasında yaşayan əhalinin real sayı rəsmi statistikada əks olunandan ən azı 1 milyon nəfər çoxdur.

Son 20 ildə orta təhsil müəssisələrində oxuyan şagirdlərin sayının bölgələr üzrə dəyişmə dinamikası da bu ərazidə əhalinin sayının rəsmi sənədlərdə göstərildiyindən yüksək olduğunu deməyə əsas verir. Əgər 2005-ci ildə bütün şagirdlərin 468 min nəfəri və ya 29%-i Bakı, Sumqayıt və Abşeronda təhsil alırdısa, 2023-cü ildə həmin rəqəm 691 min nəfər, yaxud 41% təşkil edib.

Yeri gəlmişkən, Bakı dünyada paytaxtın demoqrafik yükünün (paytaxt əhalisinin ümumi əhaliyə nisbəti) ən yüksək olduğu şəhərlərdən biridir. Ümumiyyətlə bu göstərici balanslı regional inkişafa və effektiv əksmərkəzləşməyə malik ölkələrdə kifayət qədər aşağı, üçüncü dünya ölkələrində çox yüksəkdir. Hazırda real əhali sayına görə, Bakının demoqrafik yükü 30%-i ötür. Halbuki, məsələn bu göstərici Finlandiya, Danimarka və Yaponiyada 10-12%, Yunanıstan və Türkiyədə 6-7%, Böyük Britaniya və Norveçdə 12-13% ətrafındadır.

Bakıda tıxacı artıran xaotik məskunlaşma

Son 20 ildə Bakı və ətraf ərazilərdə xaotik məskunlaşma paytaxtda tıxac artıran əsas səbəblərdən biri olub. Hüquqi baxımdan Abşeron rayonunun, faktiki və fiziki baxımdan Bakının ərazisi hesab olunan Xırdalan şəhəri bu cür məskunlaşmanın önündə gedib. Rəsmi məlumata görə, 2013-cü ildə bu şəhərdə cəmi 90 min nəfər yaşayıb. 2005-2023-cü illərdə Xırdalan əhalisinin real sayı dörd dəfədən çox artaraq 250 min nəfərə yaxınlaşıb. Son 10 ildə isə Xırdalanda məskunlaşan əhalinin sayı 2 dəfədən çox artıb.

Rayonun icra hakimiyyəti orqanlarında çalışan və adının çəkilməsini istəməyən rəsmi şəxs bildirir ki, məlumatlara görə hazırda Xırdalan əhalisinin real sayı hətta 280 min nəfərdən də çoxdur. Bütün Abşeron rayonu  sakinlərinin az qala yarısı Xırdalanda məskunlaşıb. Həmin şəxsin dediyinə görə, halbuki rayonun 211 min hektarlıq inzibati ərazisinin cəmi 1 %-i və ya iki min hektarı Xırdalanın payına düşür.

280 min nəfərlik insanın iki min hektarda məskunlaşdırılması şəhərsalma və demoqrafik fəlakətdir.  Bu rəqəmlərdən çıxış etsək, Xırdalanda əhalinin sıxlığı hər kv/kilometrə 15 000 min nəfər təşkil edir. Bu göstəriciyə görə, Xırdalan yalnız Bakının Nəsimi rayonundan (22 000 nəfər) geri qalır, Yasamal rayonunun göstəricisini iki dəfə, Səbail rayonunun göstəricisini dörd dəfə üstələyir.

İctimai nəqliyyatdan istifadə necə artırılacaq?

Proqram müəlliflərinin dediklərindən aydın olur ki, hazırda Bakıda insanların cəmi 30%-i ictimai nəqliyyatdan (metro və avtobusdan) istifadə edir. Şəxsi avtomobil və taksidən istifadə əmsalı 50%-dən çoxdur. Proqrama görə, yaxın 5 ildə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi nəticəsində ictimai nəqliyyatdan istifadə edənlərin xüsusi çəkisinin 40%-ə çatdırılması planlaşdırılır. Bunun nə qədər real olacağını zaman göstərəcək. Amma bir fakt dəqiqdir ki, hökumətin Bakını tıxacdan xilas etmək iddiaları tarazlı regional inkişaf tədbirlərilə paralel baş vermir. Mütəxəssislər hesab edir ki, dolanışıq ardınca məcburi şəkildə Abşeron yarımadasına miqrasiya etmiş insanların xeyli hissəsinin bölgələrə geri köçünü stimullaşdırmaq üçün idarəetmənin əlində kifayət qədər rıçaqlar var. Bu məqsədlə ilk növbədə bölgələrə inzibati və maliyyə muxtariyyətinin verilməsi zəruridir.

Eyni zamanda, Bakının digər istiqamətləri ilə müqayisədə şimal hissəsində daha sürətli və birtərəfli məskunlaşma davam edir. Xüsusilə Xırdalan üçün təklif olunan iki əsas layihə - Sumqayıt-Bakı qatarının təkmilləşdirilməsi və Şamaxı və Quba yollarının əlaqləndirilməsi bu ərazidə ictimai nəqliyyatdan istifadə əmsalını yüksəltmək üçün kifayət etməyəcək. Bəzi ekspertlər hesab edir ki, sahəyə məsul qurumlar həmçinin Xırdalan dairəsi və Avtovağzal metrosunu əlaqələndirəcək tramvay xəttinin də çəkilməsi imkanlarını da nəzərdən keçirə bilər.

 “Toplum TV”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

İqtisadi geriləmə və staqnasiya riski: Hindistan möcüzəsinin sonu?

3 Fevral 2025

sosial media

Hindistanın builki  büdcəsinin açıqlanması həmişəkindən daha böyük hadisə sayılırdı, çünki ölkənin gələcəyi baxımından vacib olan suala cavab veriləcəkdi: dünyanın beşinci ən böyük iqtisadiyyatının yavaşlamasına və bazarlardakı tənəzzülə qarşı hansı addımları atacaq? İlin bu ən böyük iqtisadi hadisəsi gözləntiləri doğrultmadı. Məlum oldu ki, hökumət bir vaxtlar bütün dünyanın həsəd apardığı 8%-lik sürətli artımı bərpa edə biləcək uzunmüddətli və geniş miqyaslı islahatları yox, orta sinfin vergilərini azaltmaq hesabına qısamüddətli yüksəliş xəttini seçib.  Eyni zamanda, büdcə layihəsi Hindistanın pandemiyadan sonrakı əsas hədəflərindən olan kapital xərclərə və infrastruktura da diqqətin azaldıldığını ortaya qoyub.  COVID-19 pandemiyasından sonra hökumət investisiyalar vasitəsilə iqtisadiyyata təkan vermək üçün kapital...
İqtisadiyyat

Emal sənayesinin ÜDM-dəki payına görə Azərbaycan MDB-nin autsayderidir

3 Fevral 2025

Açıq mənbədən götürülüb

MDB ölkələri emal sənayesinin inkişafına görə dünyanın geridə qalmış ölkələri klubunda yer alır. Sənayenin inkişafına görəsə Azərbaycan “3-cü ölkələr klubu”nun autsayderlərindən biridir. Bunu MDB statistika qurumunun açıqladığı son rəqəmlər açıq şəkildə göstərir. Emal sənayesinin ÜDM-dəki payına görə sonuncu yer... Hesabatdan aydın olur ki, haqqında statistik məlumatlar olmayan Türkmənistan xaric, Azərbaycan emal sənayesinin ÜDM-dəki payına görə MDB-nin 10 ölkəsi arasında 5,8%-lə sonuncu yerdədir. Birinci yerdə ən yüksək göstəriciyə (23%) malik Belarus, ondan sonrakı yerdə isə Özbəkistan (20%) dayanır. Qazaxıstan, Ermənistan, Ukrayna və Moldovanın göstəriciləri 10-12% təşkil edir və bu, Azərbaycanın göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Emal sənayesində yaranan ÜDM-in adambaşına məbləğinə...

Seçilmiş Videolar

Toplum TV loqo