İqtisadiyyat

Trampın qərarları Azərbaycanın büdcə gəlirlərini azalda bilər 

21 Yanvar, 2025
227

Toplum TV

Dünyanın gözlədiyi hadisə, nəhayət ki, baş verdi və ABŞ-ın 47-ci prezidenti Donald Tramp and içərək vəzifəsinin icrasına başladı. Onun inaqurasiya nitqi yarım saata yaxın (29 dəqiqə 48 saniyə) davam etdi və bu, son yüz ilə yaxın dövrün rekordu sayılır. Xatırlatmaq yerinə düşər ki, ABŞ prezidentləri arasında ən uzun inaqurasiya nitqinin müəllifi, 9-cu prezident Uilyam Henri Harrison 1841-ci il martın 4-də, soyuq havada keçirilən andiçmə mərasimindəki 2 saatlıq çıxışından bir ay sonra xəstələnərək vəfat edib. Görünür, ABŞ tarixinin ən qısa ömürlü prezidenti, mərhum Harrisonun başına gəlmiş bu hadisə unudulmayıb ki, Tramp məhz havanın şaxtalı olması səbəbindən tədbirin qapalı məkanda keçirilməsini istəyib. 

Nitqin məzmununda ilk növbədə pafos diqqəti cəlb etdi. Prinsipcə, bu, təntənəli mərasimlər və mühüm siyasi tədbirlər üçün normal haldır. Xüsusən, nəzərə alsaq ki, ABŞ siyasi tarixi parlaq siyasi nitqlərlə zəngindir. Doğrudur, Trampın çıxışını həmin parlaq nitqlərin sırasına aid etmək mümkün deyil, amma pafos, patetika baxımından pis hazırlanmamışdı. Çıxışın əvvəlində ABŞ üçün qızıl əsrin başlandığını vurğulayan yeni prezident bəyan etdi ki, ölkənin qarşısında milli uğurun həyəcanverici yeni erası açılır: 

“Dəyişiklik dalğası bütün ölkəni bürüyür. Günəş bütün dünyada parlayır və Amerikanın bu fürsətdən heç vaxt olmadığı qədər istifadə etmək şansı var. Bu andan etibarən Amerikanın tənəzzülü başa çatır...”

ABŞ-ın tənəzzülü barədə fikir, əlbəttə ki, subyektivdir. 2020-ci il pandemiyasının Amerika iqtisadiyyatına mənfi təsirləri davam etsə də, hazırkı iqtisadi göstəricilər böhrana işarə etmir. ABŞ-ın qlobal nüfuzu və təsirinin zəifləyib-zəifləmədiyi barədə fərqli rəylər var, bu mövzu mübahisəlidir, amma onun tənəzzül yaşadığını birmənalı söyləmək doğru olmaz. Həm də sual yaranır: bu tənəzzül nə vaxt başlamışdı ki, indi başa çatır? Axı cəmi 4 il əvvələ qədər prezident məhz Tramp özü idi. Aydındır ki, tənəzzül vurğusu Trampın məşhur “Amerikanı yenidən böyük edək!” (Make America Great Again – MAGA) şüarını haqlı göstərməyə, eyni zamanda, onun ölkəni nə qədər ağır vəziyyətdə təhvil aldığı barədə rəy yaratmağa yönəlib. Bu, həm də yaxın gələcəkdə “Ölkə batıb gedirdi, mən gəlib xilas etdim” təbliğatına zəmin hazırlamağa hesablanıb. 

ABŞ-da mehriban mühitdə keçirilən təhvil-təslim ənənəsinə rəğmən, Tramp Co Bayden və Kamala Harrisin də dinlədiyi çıxışında onları miqrant probleminə görə kəskin tənqid etdi və ölkədə baş verən təbii fəlakətlər, yanğınlar qarşısında aciz qalmaqda suçladı. Çıxışdan sonra Tramp idman zalında tərəfdarları ilə görüşündə və Ağ Evin Oval kabinetində “sağlam düşüncə inqilabı”nın başladığını və Bayden dövrünün mirasından imtina edəcəklərini bildirdi. Tramp sələfinin müxtəlif sahələrə aid 78 fərmanının ləğvini də nəzərdə tutan çoxlu sayda yeni fərman imzaladı. O, ABŞ-ın Dünya Səhiyyə Təşkilatından və İqlim dəyişikliyi üzrə Paris razılaşmasından çıxdığını elan etdi. Yeni qərarlar arasında elektromobilləşmə sahəsinə dövlət dəstəyinin ləğvi; ənənəvi enerji mənbələrinin hasilatı ilə bağlı bütün qadağaların aradan qaldırılması; Meksika ilə sərhəddə fövqəladə vəziyyətin tətbiqi və sərhədin qapadılması; transgenderlərə verilən güzəştlərin ləğvi; miqrantların ABŞ-da doğulan övladlarına vətəndaşlıq verilməsi praktikasına son qoyulması; narkokartellərin terror təşkilatı siyahısına daxil edilməsi və sair məsələlər var.

Tramp ilk prezidentliyi dövründə də ABŞ-ın Dünya Səhiyyə Təşkilatında iştirakını dayandırmışdı. O hesab edir ki, Amerika BMT-nin bürokratik strukturlarına bu qədər çox pul verməməlidir. 1,4 milyard əhalisi olan Çin bu təşkilata ABŞ-dan daha az pul ödəyir. Paris iqlim razılaşması da hələ ilk prezidentliyi dövründə Trampın qəzəbinə gəlmişdi. ABŞ-ın radikal sağçıları, o cümlədən trampçılar iqlim dəyişikliyi hadisəsinə inanmır. Onlar bunu Çinin ABŞ sənayesini məhv etməyə yönəlmiş oyunu kimi qiymətləndirirlər. 

Trampın qərarı Bakıda keçirilmiş COP29 zirvə toplantısında qəbul olunmuş qərarların icrasını şübhə altında qoyur. Xatırladaq ki, həmin qərarlara əsasən, inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər iqlim fəaliyyəti üçün ildə azı 300 milyard dollar verilməldir. Bu məbləği toplamaq inkişaf etmiş ölkələrin, o cümlədən ABŞ-ın üzərinə qoyulub. Azərbaycan hakimiyyəti COP-29 tədbirini və orada qəbul olunmuş yekun qərarları özünün tarixi uğuru sayır və dünyaya da bu cür təqdim edir. İndi bu “uğur”un taleyi sual altına düşmüş oldu. Hətta Trampın qərarı olmasaydı belə, 300 milyard dollarlıq öhdəliyin icrası şübhə doğururdu. Yeri gəlmişkən, COP-30 toplantısının keçirilməsində də qeyri-müyyənlik yaranıb.  

Neft-qaz hasilatının artırılması barədə Trampın planı gerçəkçi hədəfdir. Hasilat tempi onsuz da artmaqda idi. Bayden dövründə yaşıl enerjinin prioritet olmasına baxmayaraq ABŞ-ın gündəlik neft hasilatı 13,6 milyon barelə çatıb. Bu sahə özəl sektora aid olduğundan federal hökumətin mövqeyi həlledici əhəmiyyət daşımır. Amma Trampın prezidentliyi dönəmində əsas fərq bundan ibarət olacaq ki, o, Bayden dövründə hasilat aparılması qadağan olunmuş federal ərazilərdəki yataqların istismarına icazə verəcək. Eyni zamanda, neft şirkətlərinə, xüsusən şist hasilatçılarına vergi güzəştləri verilə bilər ki, bu da onların əl-qolunun daha da açılmasına səbəb olar. ABŞ-da hasilatın artmağa davam etməsi qlobal enerji bazarında qiymətləri ucuzlaşdıra bilər, bu isə Azərbaycanın büdcə gəlirlərinə mənfi təsir göstərəcək. Toplum TV olaraq daha öncə bu mövzuda ətraflı yazmışdıq.

Trampın fərmanlarının bir qismi populist xarakter daşıyır - məsələn, Meksika körfəzinin Amerika körfəzi, Denali dağının yenidən Makkinli dağı adlandırılması kimi. Miqrantların uşaqları ilə bağlı fərmanın Konstitusiyaya uyğunluğu şübhə doğurur və məhkəmələrdə mübahisələndiriləcək. Qanunsuz miqrantların (12-13 milyon nəfər) kütləvi şəkildə ökədən deportasiyası nə dərəcədə mümkündür, bu da sual doğuran məsələdir. Ümumiyyətlə, ölkənin problemlərini fərmanlarla həll etmək mümkün deyil. Bunun üçün Konqres və ştatlarla əməkdaşlıq şəraitində ardıcıl, məqsədyönlü siyasət tələb olunur. 

Bu baxımdan Trampın çox sayda fərmana imza atması andiçmə mərasiminin ruhuna uyğun siyasi şoudan başqa bir şey deyildi. 

“Toplum TV”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Emal sənayesinin ÜDM-dəki payına görə Azərbaycan MDB-nin autsayderidir

3 Fevral 2025

Açıq mənbədən götürülüb

MDB ölkələri emal sənayesinin inkişafına görə dünyanın geridə qalmış ölkələri klubunda yer alır. Sənayenin inkişafına görəsə Azərbaycan “3-cü ölkələr klubu”nun autsayderlərindən biridir. Bunu MDB statistika qurumunun açıqladığı son rəqəmlər açıq şəkildə göstərir. Emal sənayesinin ÜDM-dəki payına görə sonuncu yer... Hesabatdan aydın olur ki, haqqında statistik məlumatlar olmayan Türkmənistan xaric, Azərbaycan emal sənayesinin ÜDM-dəki payına görə MDB-nin 10 ölkəsi arasında 5,8%-lə sonuncu yerdədir. Birinci yerdə ən yüksək göstəriciyə (23%) malik Belarus, ondan sonrakı yerdə isə Özbəkistan (20%) dayanır. Qazaxıstan, Ermənistan, Ukrayna və Moldovanın göstəriciləri 10-12% təşkil edir və bu, Azərbaycanın göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Emal sənayesində yaranan ÜDM-in adambaşına məbləğinə...
İqtisadiyyat

İqtisadi geriləmə və staqnasiya riski: Hindistan möcüzəsinin sonu?

3 Fevral 2025

sosial media

Hindistanın builki  büdcəsinin açıqlanması həmişəkindən daha böyük hadisə sayılırdı, çünki ölkənin gələcəyi baxımından vacib olan suala cavab veriləcəkdi: dünyanın beşinci ən böyük iqtisadiyyatının yavaşlamasına və bazarlardakı tənəzzülə qarşı hansı addımları atacaq? İlin bu ən böyük iqtisadi hadisəsi gözləntiləri doğrultmadı. Məlum oldu ki, hökumət bir vaxtlar bütün dünyanın həsəd apardığı 8%-lik sürətli artımı bərpa edə biləcək uzunmüddətli və geniş miqyaslı islahatları yox, orta sinfin vergilərini azaltmaq hesabına qısamüddətli yüksəliş xəttini seçib.  Eyni zamanda, büdcə layihəsi Hindistanın pandemiyadan sonrakı əsas hədəflərindən olan kapital xərclərə və infrastruktura da diqqətin azaldıldığını ortaya qoyub.  COVID-19 pandemiyasından sonra hökumət investisiyalar vasitəsilə iqtisadiyyata təkan vermək üçün kapital...

Seçilmiş Videolar

Toplum TV loqo