sosial media
Hindistanın builki büdcəsinin açıqlanması həmişəkindən daha böyük hadisə sayılırdı, çünki ölkənin gələcəyi baxımından vacib olan suala cavab veriləcəkdi: dünyanın beşinci ən böyük iqtisadiyyatının yavaşlamasına və bazarlardakı tənəzzülə qarşı hansı addımları atacaq?
İlin bu ən böyük iqtisadi hadisəsi gözləntiləri doğrultmadı. Məlum oldu ki, hökumət bir vaxtlar bütün dünyanın həsəd apardığı 8%-lik sürətli artımı bərpa edə biləcək uzunmüddətli və geniş miqyaslı islahatları yox, orta sinfin vergilərini azaltmaq hesabına qısamüddətli yüksəliş xəttini seçib.
Eyni zamanda, büdcə layihəsi Hindistanın pandemiyadan sonrakı əsas hədəflərindən olan kapital xərclərə və infrastruktura da diqqətin azaldıldığını ortaya qoyub.
COVID-19 pandemiyasından sonra hökumət investisiyalar vasitəsilə iqtisadiyyata təkan vermək üçün kapital xərclərini kəskin şəkildə artırsa da, yeni iş yerlərinin yaradılması və əməkhaqqı artımı zəif templə irəlilədiyindən bu strategiya indiyə qədər öz bəhrəsini verməyib. 2025-26-cı illərdə əsas xərclər üçün 11,2 trilyon rupi nəzərdə tutulsa da, vergilərin 1 trilyon rupi (11,56 milyard dollar) məbləğində azaldılması infrastruktur xərclərini artırmaq imkanlarını da məhdudlaşdırıb.
Sürətli artımı bərpa etmək və Hindistanın gənc əhalisini işlə təmin etmək strategiyasının əks olunmadığı büdcə həm analitikləri, həm də son aylarda gəlirin və xarici investisiyaların azalmasından narahat olan bazarları məyus edib.
“Emkay Global Financial Services” şirkətinin baş iqtisadçısı Madhavi Arora deyir ki, "Hindistan 8%-lik artıma nail omaq istəyir, amma buna aparan yolumuz yoxdur - bizim böyümə strategiyamız yoxdur".
Hökumətin proqnozuna görə, 2023-24-cü illərdəki 8,2%-lə müqayisədə cari maliyyə ilində Hindistanın ÜDM-i dörd il əvvəlki minimuma - 6,4%-ə enəcək.
İqtisadçılar qeyd edirlər ki, nəzərdə tutulan vergi güzəştləri zəif maaş artımı və yüksək yaşayış xərcləri səbəbindən həyat şərtləri pisləşmiş şəhər istehlakçılarına fayda verə bilər, amma həll edilməli daha ciddi problemlər var.
Onların fikrincə, keçən ilin iyul ayında gözləniləndən daha zəif mandatla hakimiyyətə qayıdan Modi seçkidən sonrakı aylarda siyasi baxımdan həssas olan seçki dairələrini sakitləşdirməklə məşğul olub. Daha əvvəl onun partiyası kənd təsərrüfatı məhsullarının ticarəti üzrə qaydaları fermerlərin xeyrinə dəyişmiş, qadınlara maliyyə ödənişləri təklif etmişdi, bu dəfə isə orta təbəqə üçün vergiləri azaltmaq siyasəti seçildi.
Analitiklər qeyd edirlər ki, Modi və onun Bharatiya Janata Partiyası daha böyük siyasi kapitala malik olduqları əvvəlki iki dönəmdə də iqtisadi islahatlardan vaz keçiblər.
"2019-cu ildə BJP parlamentdə 300-dən çox yer tutmuş və islahatlar aparmaq imkanı qazanmışdı. Amma hökumət seçkiöncəsi siyasətin ehtiyaclarına təslim oldu, çünki islahatlar seçicilərin böyük bir hissəsinə dərhal fayda vermir” - Sinqapur Milli Universitetinin Cənubi Asiya Tədqiqatları İnstitutunun (ISAS) araşdırmaçısı Amit Rancan belə deyir.
2015-ci ildə Modi biznes strukturlarının torpaq almasını asanlaşdıran sərəncamı ləğv etmiş, 2020-ci ildə isə parlamentin hər iki palatası yeni əmək məcəllələrini təsdiqləmişdi, amma bunlar hələ də bütün ştatlarda tətbiq edilməyib.
Dövlət müəssisələrinin kütləvi özəlləşdirilməsi - dövlətin iştirakını azaltmaqla onların canlandırılması planı da uğursuzluqla nəticələnib, çünki hökumət yeni vəsaitləri maliyyə çətinliyilə üzləşən dövlət şirkətlərinə yönləndirmək qərarına gəlib.
İslahatlara ehtiyac olduğunu təkcə analitiklər və iqtisadçılar deyil, artıq hökumət nümayəndələri də dilə gətirirlər.
Ötən cümə Hindistanın iqtisadiyyat üzrə baş müşaviri V.Ananta Nagesvaran (V. Anantha Nageswaran) deyib ki, torpaq, əmək və fabriklərlə bağlı, o cümlədən digər sahələrə aid qaydalar təcili yumşaldılmalı, “hökumət yoldan çəkilməlidir”, çünki iqtisadi böyüməni stimullaşdıran əsas üsullardan biri budur.
Büdcə təsdiq olunmazdan bir gün əvvəl təqdim etdiyi hesabatda Nagesvaran qeyd edib ki, "İşimizə həmişəki qaydada davam etsək, iqtisadiyyatda olmasa da, iqtisadi artımda durğunluq olacağı riski yüksəkdir".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Açıq mənbədən götürülüb
Toplum TV/Kollaj
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək