İqtisadiyyat

Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?

31 Yanvar, 2025
1134

Toplum TV/Kollaj

Dünya tarixinin ən böyük elm adamlarından biri Eynşteynin sözüdür: “Problemi yaradan zehniyyət onu həll edə bilməz”. Son 20 ildə çox böyük səhvlərlə dolu regional inkişaf siyasəti ilə ölkə ərazisinin cəmi 5%-ni təşkil edən Bakı və Abşeron yarımadasını ölkə əhalisinin 50%-dən çoxuna dolanışıq və məcburi yaşayış məskəninə çevirən bir idarəçilik indi yaxın 5 ildə tıxaclarda boğulan paytaxtı xilas edəcəyinin vədini verir.

Hər halda hökumət dünən təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə belə bir iddialı öhdəliyi üzərinə götürüb.

Paytaxtın real demoqrafik yükü nə qədərdir?

Proqramda bildirlir ki, son bir ildə Bakı və ətraf ərazilərdə əhalinin artım sürəti ölkənin digər ərazilərini üstələyib. Nəticədə isə ictimai nəqliyyat və mövcud yol infrastrukturu fiziki baxımdan çox kiçik arealda sürətlə artan böyük insan kütləsinin tələbatına cavab verə bilməyib və hər keçən gün insanların tıxaclarda qalma müddəti daha da artıb.

Rəsmi rəqəmlərə istinad edən səlahiyyətli şəxslər deyir ki, son 20 ildə Bakı və Abşeron yarımadasında əhalinin sayının orta illik artım tempi 1,3% təşkil edib və bu ölkənin digər əraziləri üzrə göstəricidən daha yüksəkdir. Amma rəsmi rəqəmlər reallığı doğru-düzgün əks etdirmir. İstinad olunan statistika doğrudursa, belə çıxır ki, hazırda ölkə əhalisinin cəmi 31%-i  Bakı, Sumqayıt və Abşeronda yaşayır. 2005-ci ildə isə həmin göstərici 29%-ə yaxın olub. Lakin hazırda ölkə üzrə bütün əhalinin istehlak etdiyi elektrik enerjisinin 55%-nin, təbii qazın 47%-nin, rabitə xərclərinin 93%-nin Bakı və ətraf ərazilərin payına düşdüyü nəzərə alınsa, əhalinin paytaxt aqlomerasiyasında təmərküzləşmə səviyyəsinin 40%-dən yüksək olduğu kifayət qədər real görünür. Yəni ən kobud hesablama ilə Bakı və Abşeron yarımadasında yaşayan əhalinin real sayı rəsmi statistikada əks olunandan ən azı 1 milyon nəfər çoxdur.

Son 20 ildə orta təhsil müəssisələrində oxuyan şagirdlərin sayının bölgələr üzrə dəyişmə dinamikası da bu ərazidə əhalinin sayının rəsmi sənədlərdə göstərildiyindən yüksək olduğunu deməyə əsas verir. Əgər 2005-ci ildə bütün şagirdlərin 468 min nəfəri və ya 29%-i Bakı, Sumqayıt və Abşeronda təhsil alırdısa, 2023-cü ildə həmin rəqəm 691 min nəfər, yaxud 41% təşkil edib.

Yeri gəlmişkən, Bakı dünyada paytaxtın demoqrafik yükünün (paytaxt əhalisinin ümumi əhaliyə nisbəti) ən yüksək olduğu şəhərlərdən biridir. Ümumiyyətlə bu göstərici balanslı regional inkişafa və effektiv əksmərkəzləşməyə malik ölkələrdə kifayət qədər aşağı, üçüncü dünya ölkələrində çox yüksəkdir. Hazırda real əhali sayına görə, Bakının demoqrafik yükü 30%-i ötür. Halbuki, məsələn bu göstərici Finlandiya, Danimarka və Yaponiyada 10-12%, Yunanıstan və Türkiyədə 6-7%, Böyük Britaniya və Norveçdə 12-13% ətrafındadır.

Bakıda tıxacı artıran xaotik məskunlaşma

Son 20 ildə Bakı və ətraf ərazilərdə xaotik məskunlaşma paytaxtda tıxac artıran əsas səbəblərdən biri olub. Hüquqi baxımdan Abşeron rayonunun, faktiki və fiziki baxımdan Bakının ərazisi hesab olunan Xırdalan şəhəri bu cür məskunlaşmanın önündə gedib. Rəsmi məlumata görə, 2013-cü ildə bu şəhərdə cəmi 90 min nəfər yaşayıb. 2005-2023-cü illərdə Xırdalan əhalisinin real sayı dörd dəfədən çox artaraq 250 min nəfərə yaxınlaşıb. Son 10 ildə isə Xırdalanda məskunlaşan əhalinin sayı 2 dəfədən çox artıb.

Rayonun icra hakimiyyəti orqanlarında çalışan və adının çəkilməsini istəməyən rəsmi şəxs bildirir ki, məlumatlara görə hazırda Xırdalan əhalisinin real sayı hətta 280 min nəfərdən də çoxdur. Bütün Abşeron rayonu  sakinlərinin az qala yarısı Xırdalanda məskunlaşıb. Həmin şəxsin dediyinə görə, halbuki rayonun 211 min hektarlıq inzibati ərazisinin cəmi 1 %-i və ya iki min hektarı Xırdalanın payına düşür.

280 min nəfərlik insanın iki min hektarda məskunlaşdırılması şəhərsalma və demoqrafik fəlakətdir.  Bu rəqəmlərdən çıxış etsək, Xırdalanda əhalinin sıxlığı hər kv/kilometrə 15 000 min nəfər təşkil edir. Bu göstəriciyə görə, Xırdalan yalnız Bakının Nəsimi rayonundan (22 000 nəfər) geri qalır, Yasamal rayonunun göstəricisini iki dəfə, Səbail rayonunun göstəricisini dörd dəfə üstələyir.

İctimai nəqliyyatdan istifadə necə artırılacaq?

Proqram müəlliflərinin dediklərindən aydın olur ki, hazırda Bakıda insanların cəmi 30%-i ictimai nəqliyyatdan (metro və avtobusdan) istifadə edir. Şəxsi avtomobil və taksidən istifadə əmsalı 50%-dən çoxdur. Proqrama görə, yaxın 5 ildə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi nəticəsində ictimai nəqliyyatdan istifadə edənlərin xüsusi çəkisinin 40%-ə çatdırılması planlaşdırılır. Bunun nə qədər real olacağını zaman göstərəcək. Amma bir fakt dəqiqdir ki, hökumətin Bakını tıxacdan xilas etmək iddiaları tarazlı regional inkişaf tədbirlərilə paralel baş vermir. Mütəxəssislər hesab edir ki, dolanışıq ardınca məcburi şəkildə Abşeron yarımadasına miqrasiya etmiş insanların xeyli hissəsinin bölgələrə geri köçünü stimullaşdırmaq üçün idarəetmənin əlində kifayət qədər rıçaqlar var. Bu məqsədlə ilk növbədə bölgələrə inzibati və maliyyə muxtariyyətinin verilməsi zəruridir.

Eyni zamanda, Bakının digər istiqamətləri ilə müqayisədə şimal hissəsində daha sürətli və birtərəfli məskunlaşma davam edir. Xüsusilə Xırdalan üçün təklif olunan iki əsas layihə - Sumqayıt-Bakı qatarının təkmilləşdirilməsi və Şamaxı və Quba yollarının əlaqləndirilməsi bu ərazidə ictimai nəqliyyatdan istifadə əmsalını yüksəltmək üçün kifayət etməyəcək. Bəzi ekspertlər hesab edir ki, sahəyə məsul qurumlar həmçinin Xırdalan dairəsi və Avtovağzal metrosunu əlaqələndirəcək tramvay xəttinin də çəkilməsi imkanlarını da nəzərdən keçirə bilər.

 “Toplum TV”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

İqtisadçı: Çirklənməyə baxmayaraq Avropanın Azərbaycan neftindən imtina şansı yoxdur

22 Avqust 2025

Foto: president.az

İyul ayında Xəzər dənizində neft hasilatı aparan “British Petroleum” (“BP”) şirkəti Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirmişdi.  Şirkətdən “Bloomberg” agentliyinə verilən məlumatda göstərilirdi ki, Azərbaycandan Avropa ölkələrinə nəql olunan bəzi neft partiyalarında orqanik xlorid adlanan maddə aşkarlanıb. “Əgər bu maddə böyük miqdarda olarsa, neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilər”, - xəbərdə deyilirdi.  Avqustun 4-də isə Rumıniya hökuməti Azərbaycandan gətirilmiş çirklənmiş xam neft səbəbilə fövqəladə vəziyyət elan edib. Ruminiya Energetika Nazirliyinin açıqlamasına görə, yerli “OMV Petrom” şirkəti 16–18 iyul tarixlərində Türkiyənin Ceyhan limanından yüklənmiş 92 min tonluq Azərbaycan nefti partiyasını qəbul edib. Yüklərin boşaldılması zamanı aparılan yoxlamalar xam neftin xloridlər...
İqtisadiyyat

DGK: Azərbaycan bu il 19 ölkəyə 14 mln. tondan çox neft ixrac edib

18 Avqust 2025

Foto: açıq mənbə

Bu ilin ilk 7 ayında Azərbaycan İtaliyaya 4,42 milyard dollar dəyərində 8,43 milyon ton neft ixrac edib.  Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb.  Hesabat dövründə bu ölkəyə 547 milyon dollar dəyərində 1,02 milyon  ton neft ixrac edilib. Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. 2025-ci ilin yanvar-iyul aylarında bu ölkəyə 450 milyon dollar dəyərində 827 min ton neft ixrac edilib. Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir. Siyahıdan...

Seçilmiş Videolar

Toplum TV loqo