Globalinfo
Zahid Oruc danışdı, amma qaranlıq mətləblər aydınlaşmadı
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılmasının səbəbini açıqlamağa çalışıb. O, parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, əhali ilə açıq danışmaq lazımdır, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən qaçan yüzminlərlə qeyri-azərbaycanlının ölkəmizə axını ilə nəticələnəcək. Z.Oruc əlavə edib ki, İranda gözlənilən hərbi zərbələrdən canını və sərvətini qorumaq üçün yüz minlərlə insan da Azərbaycana keçməyə hazırdır: “Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər...”
Əvvəla, əhali ilə açıq danışmağın tərəfdarı olduğuna görə Zahid müəllimə təşəkkür düşür. Bu, əslində onun etirafıdır ki, Azərbaycan hakimiyyəti öz əhalisi ilə açıq danışmır, qərarları haqqında vətəndaşlara izahat verməyə ehtiyac görmür, hesabatlılıq yoxdur. Amma, insafən, onu da xatırlatmaq lazımdır ki, prezident İlham Əliyev gec də olsa (2024-cü ilin aprel ayında), ADA Universitetində keçirilən beynəlxalq forumda bu mövzuda ilk dəfə olaraq açıq danışmış və quru sərhədlərinin bağlı qalmasını milli təhlükəsizliklə əlaqələndirmişdi: “Şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələr də yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır. Prezident kimi, milli təhlükəsizlik məsələlərilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədləri bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük...”
İndi Zahid Oruc prezidentin bu fikirlərini sadəcə olaraq konkretləşdirib: sərhədlər ona görə bağlı saxlanılır ki, Rusiya-Ukrayna müharibəsinə, eləcə də İranda ehtimal olunan qeyri-sabitliyə görə, ölkəyə qaçqın axını baş verə bilər. Əlbəttə, bu ehtimalları rədd etmək olmaz, çünki Rusiya-Ukrayna müharibəsinin ilk aylarında bir neçə milyon ukraynalı və yüz minlərlə rusiyalı ölkələrini tərk ediblər. Ukraynalılar Avropaya üz tutduqları halda, xeyli Rusiya vətəndaşı bizim bölgəyə - Gürcüstana və Ermənistana gəlmişdi. İranla İsrail və ABŞ arasında müharibə baş verərsə, bu ökədən də həmsərhəd ölkələrə, o cümlədən Azərbaycana doğru qaçqın axınının baş verməsi ehtimalı ən azı nəzəri baxımdan mümkündür. Lakin sual yaranır: quru sərhədləri açıq olanda hər istəyən Azərbaycana daxil ola bilirmi? Axı sərhəddə nəzarət-buraxılış məntəqələri fəaliyyət göstərir; orada sərhədçilər, gömrükçülər, polis əməkdaşları xidmət göstərir və ölkəyə daxil olmaq istəyən hər kəs - həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər yalnız sənədləri və yükləri yoxlanıldıqdan sonra ölkəyə buraxılır. Əks arqument kimi deyilə bilər ki, Z.Oruc məhz kütləvi axını, yəni eyni anda yüz minlərlə insanın sərhəd məntəqələrinə toplaşmasını nəzərdə tutur. Amma belə hal baş verərsə, Azərbaycan sərhədçiləri qapıları taybatay açıb, həmin insanları içəri buraxmaq məcburiyyətində deyil. Bu halda hökumət dərhal qərar qəbul edib, sərhədləri elə həmin an bağlaya bilər.
Yəni qaçqın axını ola bilər deyə sərhədləri illərlə bağlı saxlamaq məntiqə uyğun deyil. Digər tərəfdən, vətənlərini tərk edən çarəsiz insanlar sərhəd-buraxılış məntəqələri bağlı olarkən də sərhədlərə doğru axın edə bilər, bunun heç bir halda baş verməyəcəyini söyləmək yanlış olar. Başqa bir məntiqsizlik də quru sərhədlərini bağlayıb hava sərhədlərini açıq saxlamaqdır. Azərbaycana gəlmək istəyən qaçqınlar hava yolu ilə də bu niyyətlərini həyata keçirə bilər. Doğrudur, hava yolu ilə yüz minlərin gəlməsi mümkün deyil, amma yəqin ki, aylar ərzində on minlərlə insan gələ bilər. Ukraynada müharibənin 3-cü ildönümü yaxınlaşır, ötən müddətdə belə bir halla qarşılaşmadıqsa, bundan sonra qarşılaşa biləcəyimizi deyənlər nəyə əsaslanır? Üstəlik, gələn ilin əvvəllərində tərəflər arasında sülh danışıqlarının başlanmasının gözlənildiyi bir dövrdə.
İrandan qaçqın axını ehtimalına gəlincə, bu ölkə ilə ABŞ və İsrail arasında müharibə olacağı barədə söhbətlər ortaya çıxanda Azərbaycan hələ müstəqil deyildi, SSRİ mövcud idi. 1979-cu il İslam inqilabından üzübəri bu mövzu aktualdır. Bəs pandemiyadan əvvəlki dövrdə İranla quru sərhədləri niyə bağlanmamışdı? İranla İsrail və Qərb arasında gərginlik illərlə davam edə bilər, belə çıxır ki, bu müddətdə Azərbaycan bütün istiqamətlər üzrə quru sərhədlərini bağlı saxlamalıdır.
Uzun sözün qısası, Zahid müəllimin dediyi səbəb sərhədlərin bağlı saxlanılmasının əsl və ya yeganə səbəbi deyil.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
olke.az
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?
Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb