olke.az
Rusiya-Ukrayna müharibəsi yeni, daha gərgin mərhələsinə daxil olub. Bu gün işğalçı dövlət ilk dəfə olaraq qitələrarası ballistik raketlə Ukrayna ərazisinə zərbə endirib. Tətbiq olunan raketin 2 min km-dən 6 min km məsafəyə qədər uça bilən, 40-50 ton start kütləsinə malik strateji təyinatlı RS-26 “Rubej” olduğu bildirilir. Bu raket Ukraynaya Həştərxan vilayəti ərazisindən buraxılıb.
Qitələrarası ballistik raketlər konvensional (adi) müharibələrdə deyil, nüvə müharibələrində tətbiq olunmaq üçün nəzərdə tutulan strateji silah sistemləridir. Bu tip çox bahalı raketləri Ukraynaya atmağa Rusiyanın praktik ehtiyacı yoxdur. Rusiya “İsgəndər”, “Kinjal” tipli və “X” seriyasından olan raketlərlə də Ukraynanın istənilən nöqtəsinə zərbə endirə bilər və endirir. Məsələn, ən son genişmiqyaslı raket hücumu noyabrın 17-də həyata keçirildi. Ukraynadakı müxtəlif hədəflərə (əsasən energetika infrastrukturuna) 120 ədəd müxtəlif növ raket atıldı və Ukrayna hava hücumundan müdafiə vasitələri bunlardan 102-ni vura bildi.
Qitələrarası ballistik raketin atılması isə daha çox nümayiş və mesaj xarakteri daşıyır. Bu, Qərb dövlətlərinin öz raketləri ilə Rusiyanın içərilərinə zərbə endirmək üçün Ukraynaya icazə verməsinə Putinin cavabıdır. Ukrayna ordusu noyabrın 19-da Rusiyanın Bryansk vilayətindəki silah arsenalına MGM-140 ATACMS taktiki-ballistik raketləri ilə zərbə endirib. Pentaqonun məlumatına görə, Rusiya hava hücumundan müdafiə vasitələri atılan səkkiz raketdən cəmi ikisini vura bilib. Noyabrın 20-də isə Kursk vilayətində Rusiya ordusunun komanda məntəqəsinin yerləşdiyi bunker Ukrayna döyüş təyyarələrindən atılan, Britaniya və Fransanın ortaq istehsalı olan “Storm Shadow” raketləri ilə vurulub. Hadisənin dron tərəfindən qeydə alınan videosundan görünür ki, atılan 10 raketin hamısı hədəfə dəyib. Yəni Rusiya hava-raket hücumundan müdafiə qüvvələri Qərbin heç də ən son texnologiyasının məhsulu olmayan raketlərinin də qarşısını almaqda acizdir. Ona görə də Putin nüvə silahından istifadə edə biləcəyini praktikda nümayiş etdirmək ehtiyacı hiss edir. Bu gün Ukraynanın Dnepr vilayətinə atılan qitələrarası raket nüvə təhdidinin blef olmadığını göstərmək məqsədi güdür.
Müharibə edən tərəflər yeni geosiyasi reallığa da hazırlıq görürlər. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də fəaliyyətə başlayacaq və Rusiya ilə Ukraynanı danışıqlar masasına oturdacaq. Hər iki tərəf masada mümkün qədər güclü olmağa çalışır. Rusiya Donbas cəbhəsində, eləcə də Kursk vilayətində hücumlarının intensivliyini mümkün olan ən yüksək səviyyəyə çatdırıb. Gündəlik itkilərinin ortalama 1500 nəfərə çatmasına baxmayaraq, Rusiya ordusu fasiləsiz “ət hücumları”nın hesabına irəliləyir. Yanvarın 20-nə qədər qarşıya qoyulmuş minimal məqsəd Kurskda itirilmiş əraziləri geri almaq və Donbasın Ukraynanın nəzarətindəki hissəsini də tam işğal edib bu regionun inzibati sərhədlərinə çıxmaqdan ibarətdir.
Putin Qərb toplumlarını çox yaxşı tanıyır. O bilir ki, III Dünya müharibəsi, nüvə qarşıdurması mövzuları Qərb insanını qorxudur, nəticədə Qərbdəki siyasi liderlər mümkün qədər bu riski azaltmağa çalışırlar. İndiyədək ABŞ və Avropanın Ukraynaya lazımi səviyyədə hərbi yardım göstərməməsinin əsas səbəbi də budur. Təəssüf ki, Putin Qərbdəki bu qorxu hissi ilə ustalıqla manipulyasiya etməyi bacarıb və hazırda bunu davam etdirir. O, noyabrın 19-da Rusiya Federasiyasının yeni nüvə doktrinasını imzaladı. Bu sənədə görə, əgər qeyri-nüvə dövləti (indiki halda Ukrayna) Rusiyaya nüvə dövlətinin (indiki halda ABŞ, Britaniya, Fransa) köməyi ilə hücum edərsə, bu onların Rusiya Federasiyasına birgə hücumu hesab olunur və bu halda Moskva nüvə silahından istifadə edə bilər. Demokratiyalarla müqayisədə diktaturaların əsas üstünlüyü odur ki, diktator öz ölkəsində hakimi-mütləqdir və onun hər hansı qərarı sorğulanmır. Diktator ehtyac duyarsa, öz xalqını qırğına verə bilər, necə ki, bunu Putinin timsalında görürük. Rusiyada ağır demoqrafik böhran yaşanmasına, ölkə sənayesində və aqrar sektorda ciddi işçi çatışmazlığına baxmayaraq Putin amansız müharibəni davam etdirir. Demokratik sistemlərsə bilavasitə özlərinə qarşı hücum ehtimalı real şəkildə ortaya çıxana qədər hərbi toqquşma riskindən yayınırlar. Demokratiyaların itirəcəyi çox şey var, bu ölkələrin liderləri öz qısa hakimiyyətləri dövründə xalqlarının rifah səviyyəsini daha da yüksəltməyə çalışırlar.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, ötən dövrdə Qərb siyasətçiləri lazımi səviyyədə liderlik nümayiş etdirə bilmədilər. Onlar SSRİ-nin dağılmasından qısa müddət sonra, Putinin dövründə yenidən dirçəlməyə başlayan rus imperializminin nə qədər ciddi təhlükə mənbəyi olduğunu dərk etmədilər, hətta öz siyasətlərilə bu dirçəlişə yardım etmiş oldular. Ukrayna müharibəsi dövründə də biz Qərbdə məsuliyyətli və qətiyyətli liderlik nümunəsi görmədik. Yeni bir Çörçill ortaya çıxmadı, çemberlenlər isə kifayət qədərdir. Hələ də sadəlövhcəsinə Ukraynanın ərazi güzəştləri hesabına Rusiya ilə sülh bağlamağı təklif edənlər var. Halbuki bu müharibə ərazi münaqişəsi deyil. Belə olsaydı, Rusiya 2014-cü ildə Krım kimi strateji əhəmiyyətli regionu bir güllə atmadan işğal və ilhaq etdikdən sonra Ukraynadan əl çəkərdi, yaxud 110 min kv. km Ukrayna torpaqlarını işğal etdiyi hazırkı mərhələdə müharibəni dayandırardı. Putinin bu müharibəyə başlamaqda əsas məqsədi müstəqil, milli Ukrayna dövlətçiliyini və identikliyini məhv etmək, Ukraynanı sovet dövründə olduğu kimi Moskvadan tam asılı vəziyyətə salmaqdan ibarətdir. Putin başda olmaqla, Rusiya rəsmiləri bu niyyətlərini dəfələrlə açıq bəyan etmələrinə rəğmən, Qərbdəki bir çox siyasətçi riyakarcasına özünü bilməzliyə və görməzliyə vuraraq problemi ərazi konflikti kimi qiymətləndirməyə davam edir.
Əslində, indiki mərhələdə Ukrayna rəhbərliyi məsələyə realist yanaşır: o, işğal olunmuş bütün ərazilərini hərbi yolla qaytarmağın mümkün olmadığını dərk edir və həmin ərazilər üzərində öz qanuni iddiasını qorumaqla, mövcud təmas xəttində müharibəni dayandırmağa hazır görünür. Lakin bir şərtlə: Ukraynanın qalan hissəsinə möhkəm təhlükəsizlik təminatı verilməlidir. Bu təminat ya tezləşdirilmiş NATO üzvlüyü, ya da birbaşa ABŞ-ın qarantiyası ilə mümkündür. Trampın təklif edəcəyi sülh planında atəşkəs şərtinin yer alacağı şübhə doğurmur, amma Ukraynanın istədiyi səviyyədə təhlükəsizlik təminatının olub-olmayacağı məlum deyil.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?