Kontekst

Tramp Azərbaycanın “qara siyahı”sındakı şəxsə yüksək vəzifə verir

15 Noyabr, 2024
56

Açıq mənbədən götürülüb

Dünya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mühüm dövlət vəzifələrinə təyinatlarını maraqla izləyir. Tramp 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra rəsmən fəaliyyətə başlayacaq, buna baxmayaraq çox sürətlə öz hökumətini formalaşdırmağa başlayıb. Müxtəlif dövlət vəzifələrinə namizədlərin elan olunması hələ başa çatmayıb, amma nəzərə çarpan əsas məqam ondan ibarətdir ki, Tramp Respublikaçılar Partiyasındakı 2 fərqli ideoloji-fəlsəfi vizyonun təmsilçiləri arasında balans yaratmağa çalışır.

Respublikaçılar Partiyası daxilində müxtəlif cərəyanlar var, amma ABŞ-ın qlobal rolu məsələsində onları ümumi olaraq iki yerə ayırmaq mümkündür: ölkənin ənənəvi müdaxiləçi xarici siyasətinin bu və ya digər şəkildə davam etdirilməsini dəstəkləyənlər və tam əksinə, özünütəcrid (izolyasionist) xəttinin tərəfdarı olanlar. Təyinatlarla bağlı Trampın ilk elanları onun birinci xəttin nümayəndələrinə üstünlük verdiyi barədə təəssürat yaratmışdı. Dövlət katibi, milli təhlükəsizlik müşaviri, BMT-dəki səfir (ABŞ-da bu postu tutanlar siyasi komandanın üzvü sayılır) vəzifələrinə namizədlər məhz intervensionist-mühafizəkar fiqurlardır. Dövlət katibi vəzifəsinə məşhur senator Marko Rubio, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə Nümayəndələr Palatasının üzvü Mayk Uolts, BMT-dəki səfir postuna isə Nümayəndələr Palatasının üzvü Eliz Mari Stefanikin namizədlikləri irəli sürülüb.

Bu adlar respublikaçıların radikal sağ qanadında etirazla qarşılandı. Trampçılar həmin şəxslərin sistemin adamları olduğunu bildirərək bu təyinatlarla ölkədə heç nəyin dəyişməyəcəyini, sistemin öz fəaliyyətinə əvvəl olduğu kimi  davam edəcəyini söyləməyə başladılar. Hətta Trampı “dərin dövlət”ə təslim olmaqda və MAGA (Make America Great Again - Amerikanı yenidən böyük edək) xəttinə xəyanətdə ittiham edənlər də oldu. Lakin dünən elan olunan yeni təyinatlar radikalları xeyli məmnun edib və əksinə, mötədil-mərkəzçi respublikaçıların narahatlığına səbəb olub.

 

Sistemin əleyhdarı sistemin zirvəsinə gətirilir

Ən qalmaqallı qərar ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə irəli sürülən namizədin kimliyidir. Tramp bu mühüm vəzifəyə Tulsi Qabbardı təyin edəcəyini açıqlayıb. 43 yaşlı Tulsi Qabbard ABŞ ordusunun keçmiş zabitidir və İraq müharibəsinin veteranıdır. O, 2003-2021-ci illərdə Konqresin Nümayəndələr Palatasında demokratları təmsil edib, hinduizm dininə etiqad edən ilk Konqres üzvüdür. T.Qabbard son illər bir çox məsələdə demokratlardan fərqli mövqe ortaya qoyub və respublikaçılarla yaxınlaşıb. Son seçkidə Trampın kampaniyasında iştirak edib və onun fəal dəstəkçilərindən biri olub. T.Qabbardın bir çox qlobal problemlə bağlı mövqeyi Rusiya ilə paralellik təşkil edir. O, Ukrayna müharibəsi haqqında Rusiya rəsmi təbliğatının tezislərini təkrarlayır, bu müharibəyə ABŞ-ın siyasətinin səbəb olduğunu bildirir. T.Qabbard Bəşər Əsəd rejiminə də simpatiyasını gizlətmir, ABŞ-ın Orta Şərq siyasətini tənqid edir. Birmənalı demək mümkündür ki, Tulsi Qabbard istənilən mövzuda ABŞ-ın ənənəvi mövqeyinə və siyasətinə tam zidd mövqe ortaya qoyur.

T.Qabbard erməni lobbi qrupları ilə də yaxın əlaqələrə malikdir. O, 2017-ci ildə Ermənistana və işğal altındakı Dağlıq Qarabağa səfər edib. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi onu “qara siyahı”ya salıb. O vaxt XİN-in mətbuat xidmətinin rəhbəri olan Hikmət Hacıyev bildirmişdi ki, işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, “Ölkəyə gəlmək, ölkədən getmək və pasport haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlarının müddəalarını kobud şəkildə pozmuş ABŞ Konqresi Nümayəndələr Palatasının üzvləri Tulsi Qabbard, David Valadao və Frank Pallone “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.

Amerikanın bir çox tanınmış jurnalisti, siyasətçisi və ictimai xadimi Putin və Əsəd rejimlərinə simpatiyası olan şəxsin Milli Kəşfiyyat direktoru kimi strateji posta təyinatını biabırçılıq kimi qiymətləndirir. Hətta istehza ilə “Tramp bu vəzifəyə birbaşa Putinin özünü təyin etsə, daha yaxşı olardı” deyənlər də var.

 ABŞ-ın bütün kəşfiyyat strukturlarının fəaliyyətini əlaqələndirən və onlara ümumi rəhbərliyi həyata keçirən bir dövlət orqanını Tulsi Qabbard kimi birinə etibar etmək həqiqətən də rəzalətdir. Əgər onun namizədliyi təsdiqlənərsə, digər anqlo-sakson və Qərb dövlətlərinin müvafiq strukturları ilə ABŞ kəşfiyyatı arasında etimad problemi yarana bilər. Məlumdur ki, 5 anqlo-sakson dövlətinin (ABŞ, Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya) xüsusi xidmətlərini birləşdirən “Beş göz” adlı əməkdaşlıq formatı var və bu format daxilində kəşfiyyat məlumatlarının müntəzəm mübadiləsi həyata keçirilir. Eləcə də digər NATO ölkələrinin xüsusi xidmətləri ilə ABŞ xüsusi xidmətləri arasında buna oxşar sistem mövcuddur. T.Qabbardın ABŞ kəşfiyyatının əlaqələndiricisi olması müttəfiqlərin ABŞ-la məlumat mübadiləsini məhdudlaşdırmasına səbəb ola bilər. 

Bundan başqa, ABŞ kəşfiyyat qurumlarının özləri xanım Qabbardın rəhbərliyini nə dərəcədə qəbul və həzm edəcək, bu da başqa sualdır. Xüsusi xidmət orqanlarının orta və alt səviyyəli əməkdaşları uzun illər fəaliyyət göstərən dövlət məmurlarıdır və bu qurumları məhz onlar ayaqda tutur. Söhbət ABŞ daxilində və xaricində çalışan on minlərlə peşəkardan gedir. Bu peşəkar kəşfiyyatçılar hansı partiyanın nümayəndəsinin Ağ Evdə oturmasından asılı olmayaraq ABŞ-ın maraqlarını ümumi şəkildə bilirlər və ona uyğun öz rutin fəaliyyətlərinə davam edirlər. Onların T.Qabbard kimi odioz fiqura etibar etməsi çətin məsələdir. Bu etimadsızlığın ABŞ üçün ciddi problemlərə səbəb olması ehtimalı var. Məsələn, bəzi çox məxfi və çox qiymətli kəşfiyyat məlumatlarının aşağıdan yuxarıya ötürülməsində problemlərin yaranması mümkündür.

 

Senat Trampa yox deyə biləcəkmi?

Trampın hər kəsi şoka salan başqa bir qərarı isə baş prokuror-ədliyyə naziri vəzifəsinə irəli sürdüyü namizəddir. Bu mühüm posta o, Nümayəndələr Palatasının üzvü Mett Getsi (Matt Gaetz) təyin edəcəyini açıqlayıb. M.Gets hazırda aşağı palatanın Etika komitəsinin təhqiqatı altındadır, onunla bağlı seksual qısnama, narkotik maddələrdən istifadə iddiaları araşdırılır. Təyinat gerçəkləşərsə, barəsində cinayət iddiaları olan şəxs ittiham verən mövqeyə keçə bilər. Bu, ABŞ demokratiyası üçün başqa bir problemdir.

Hazırda ABŞ-da bu təyinatlardan dərin narahatlıq duyan hər kəsin yeganə ümid yeri Senatdır. Çünki təyinatlar Senatın təsdiqindən keçməlidir. Son seçkilərdə respublikaçılar çoxluq əldə edib: 52 respublikaçı, 47 demokrat (Bir yerin sahibi hələ ki müəyyənləşməyib, Pensilvaniyada çox yaxın miqdarda səs almış 2 namizəd arasında hüquqi mübahisələr davam edir). 

T.Qabbard və M.Getsin minimum 50 səsə ehtiyacı var. ABŞ-da vitse-prezident də Senat üzvü sayıldığından səslər bərabər bölünəndə onun səsi həlledici olur. Yeni vitse-prezidentin Trampın bütün təyinatlarına “hə” deyəcəyi şübhəsizdir. İndi bütün amerikalı mötədillər və mərkəzçilər respubikaçı senatorlar arasında “yox” deyə biləcək azı 3 cəsurun axtarışındadır. Lakin bu, elə də asan məsələ deyil. Çünki təyinatlara qarşı səs verəcək respublikaçı senator(lar) həm prezident Trampın, həm də radikal sağçı respublikaçıların bütün təzyiqlərinə sinə gərməyə özündə güc tapmalıdır.

Toplum TV

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Kontekst

Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı? 

21 Noyabr 2024

olke.az

Rusiya-Ukrayna müharibəsi yeni, daha gərgin mərhələsinə daxil olub. Bu gün işğalçı dövlət ilk dəfə olaraq qitələrarası ballistik raketlə Ukrayna ərazisinə zərbə endirib. Tətbiq olunan raketin 2 min km-dən 6 min km məsafəyə qədər uça bilən, 40-50 ton start kütləsinə malik strateji təyinatlı RS-26 “Rubej” olduğu bildirilir. Bu raket Ukraynaya Həştərxan vilayəti ərazisindən buraxılıb.  Qitələrarası ballistik raketlər konvensional (adi) müharibələrdə deyil, nüvə müharibələrində tətbiq olunmaq üçün nəzərdə tutulan strateji silah sistemləridir. Bu tip çox bahalı raketləri Ukraynaya atmağa Rusiyanın praktik ehtiyacı yoxdur. Rusiya “İsgəndər”, “Kinjal” tipli və “X” seriyasından olan raketlərlə də Ukraynanın istənilən nöqtəsinə zərbə endirə bilər və endirir. Məsələn,...
Kontekst

10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub

19 Noyabr 2024

açıq mənbədən götürülüb

Hökumətlərin nə dediyinə yox, nə etdiyinə baxmaq lazımdır COP29 İqlim Konfransının yaratdığı informasiya bolluğu içərisində o qədər də gözə dəyməyən iqtisadi xəbərlərdən biri də Xankəndi şəhərində tikiş fabrikinin açılışı oldu. Yayılan məlumatlardan aydın olur ki, bu müəsissə Özbəkistanla ortaq layihə əsasında həyata keçirilir. Ötən həftə fabrikin açılışına videobağlantı ilə Özbəkistan prezidenti də qoşulub.  Fabrik barədə rəsmi medianın yaydığı xəbər belədir: müəssisənin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsilə bağlı ölkələrarası razılaşma əsasında baş tutub. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü birgə sənaye əməkdaşlığı vasitəsilə təmin olunur. Müəssisə həm yerli, həm də...

Seçilmiş Videolar

Toplum TV loqo