Məhkəmə

Akif Qurbanov hakimə: "Sanki Əliyevin sifarişi ilə həbs olunmağımıza baxmayaraq, ədalətli məhkəmə aparacaqdınız"

23 İyun, 2026
85

Toplum TV

İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə baş tutmalı olan məhkəmə prosesi təxirə salınıb. 

Buna səbəb təqsirləndirilən şəxslərin və müdafiəçilərinin ötən prosesdə dövlət ittihamçısının etdiyi çıxışın mətni ilə hələ tanış olmamasıdır. 

Proses vəkillərin müdafiə nitqləri ilə davam etməli olsa da, təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov buna etiraz edib. O bildirib ki, təqsirləndirilən şəxslərin öz müdafiələrini qura bilmələri üçün prokurorun çıxışı ilə tanış olmaq hüquqları var. 

Prosesə sədrlik edən hakim Azər Tağıyev isə əvvəlcə A.Qurbanovun tələbini təmin etmək istəməyib və onun çıxışını "şou" adlandırıb. 

"Məhkəmə adı ilə şou göstərən sizsiniz. Proses başlayanda özünüzü elə aparırdınız ki, sanki [prezident] İlham Əliyevin sifarişi ilə həbs olunmağımıza baxmayaraq, ədalətli məhkəmə aparacaqsınız. Bəs nə oldu? Heç bir məhkəmə istintaqı aparmadınız, vəsatətlərin heç birini təmin etmədiniz", - A.Qurbanov cavab verib.

IDI rəhbəri dövlət ittihamçısının çıxışında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş "sübut"ları da cinayət faktı kimi təqdim etməsinə irad tutub. Hakim isə prokuroru müdafiə edib, onun çıxışında bu "sübut"ları əsaslandırdığını deyib. 

A.Qurbanov məhkəmənin araşdırmaqdan boyun qaçırdığı məsələlərə nümunə kimi həbsindən öncə polisin onun 17 min manat pulunu götürməyini xatırladıb. 

Onun sözlərinə görə, 2023-cü ilin dekabrında III Respublika Platformasının qurucu üzvü Araz Əliyev onun əl çantasını ofisdən götürərək çıxıb və bir qədər sonra polis tərəfindən saxlanılıb. 

"Çantanın içində mənə aid "MacBook Air 13" markalı kompüter, bank kartları və 17 min manat nəğd pul olub. Araz Əliyev 25 sutka həbs cəzası aldı və cəzasını bitirdikdə sərbəst buraxıldı. Lakin çanta və içindəkilərin aqibəti hələ də naməlumdur. Mən prosesdə sizə Daxili İşlər Nazirliyinin bu cinayətini dedim, araşdırılmasını istədim. Bunu da araşdırmadınız", - o qeyd edib.

Hakim sonra təqsirləndirilən şəxslərin müraciətini nəzərə alaraq onların prokurorun çıxışı ilə tanış olmaları üçün prosesi iyunun 29-a təxirə salıb. 

Ötən prosesdə dövlət ittihamçısı Rauf Malışov Akif Qurbanov və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin hər birinə 16 il, "Toplum TV" həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli və IDI əməkdaşı Əli Zeynala 15 il,  "Toplum TV" redaktoru Müşfiq Cabbar, IDI əməkdaşları İlkin Əmrahov və Ramil Babayevə 14 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasova isə 13 il həbs cəzası verilməsini təklif etmişdi.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Özləri ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azərbaycanda mühakimə olunan Rusiya vətəndaşlarına 3-4 il həbs cəzası kəsilib

19 İyun 2026

Açıq mənbə

Ötən ilin iyulunda Azərbaycan və Rusiya münasibətlərinin pisləşməsi fonunda Azərbaycanda həbs olunan rusiyalıların məhkəməsi başa çatıb.  APA-nın xəbərinə görə, iyunun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.  Təqsirləndirilən şəxslərdən Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Valeri Dulov 4 il, Dmitri Fedorov, Boris Timoşov, Aleksey Vasilçenko və İlya Bezuqli isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 234.4.1-ci (narkotik satışı, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurdular.  Lakin məhkəmə hökmdə ittihamı 234.1-1-ci (satış məqsədi olmadan...
Məhkəmə

Həbsdə olan hökumət tənqidçisi: "Talış dövləti yaratmağın tərəfdarı olmamışam" 

19 İyun 2026

Açıq mənbə

İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan hökumətinin etnik azlıqlarla bağlı siyasətinin tənqidçisi Kamal İsayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını oxumağa davam edib. O, K.İsayevin müxtəlif illərdə sosial şəbəkələrdə yazdığı paylaşımlara istinad edib.  İstinad edilən paylaşımlarından birində fəal yazıb ki, Azərbaycanda "bir gün talışlar hakimiyyətə gələcək və haqsızlığa son qoyacaq". Prokuror həm də iddia edib ki, K.İsayev özünü "Talış-Muğan Respublikası"nın mədəniyyət naziri adlandırıb.  Daha sonra K.İsayev ittihamlara cavab verib. O, heç vaxt Azərbaycanın parçalanmasının tərəfdarı olmadığını deyib.  "Heç bir talış dövlətinin yaradılmasının da tərəfdarı  olmamışam. Özümü nazir elan etməyimlə...

Seçilmiş Videolar

Toplum TV loqo