Məhkəmə

Anar Əliyev məhkəmədə Fazil Qasımovu və vəkilini ölümlə hədələyib

11 Fevral, 2025
92

Fazil Qasımov/şəxsi arxiv

Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı “Qubad İbadoğlu işi”nə görə həbs edilmiş Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir. 

Sonuncu məhkəmə iclasında hakim Mahirə Kərimova iş materiallarındakı sənədləri elan etmək istəyəndə Fazil Qasımov vəsatətlərinin olduğunu bildirib və bu dəfə məhkəməyə 25 vəsatət təqdim edib. 

Vəsatətlərin çoxu əvvəlki məhkəmə iclaslarında da təqdim olunub. Qasımov vəsatətləri səsləndirdikcə digər təqsirləndirilən şəxs Anar Əliyev əsəbiləşib: “Biz bura ancaq bunun vəsatətlərinə qulaq asmaq üçün yığışırıq, xahiş edirəm, məhkəmə yekunlaşsın. Bu adam məhkəməni qəsdən uzadır”.

Yeni səslənən vəsatətlərdən biri bu işdə adı Anar Əliyevlə birgə hallanan, digər bir işdə təqsirləndirilən olan Gümrah Abdurahmanovun məhkəməyə şahid qismində çağrılıb dindirilməsi barədə olub. 

Anar Əliyev buna da etiraz edib: “Öz işinizlə məşğul olun. Vəkilinlə sən elə ancaq mənim işimlə məşğulsuz. Mən kimi lazımdır bura gətizdirməyi özüm bacarıram”

Başqa vəsatət ittiham aktında adları qeyd edilmiş Elçin Məmmədovun və Fərid, Ayaz adlı əməliyyatçıların məhkəməyə şahid qismində çağrılıb dindirilməsi ilə bağlı olub. 

Vəsatətlərdən biri Mərkəzi Banka və digər maliyyə qurumlarına sorğu göndərilməsi barədə olub. 

F.Qasımov məhkəmədə Çimnaz və Elşən adlı şahidlərin Anar Əliyevin onlara verdiyi dolları xərclədiklərini dediklərini xatırladıb və onların şəxsiyyət vəsiqəsi təqdim etməklə dolları hansı valyuta dəyişmə məntəqəsində və ya bankda dəyişdirmələrinin müəyyən edilməsini istəyib. 

F.Qasımov bu vəsatəti ona görə qaldırıb ki, o, A.Əliyevə dollar vermədiyini iddia edir və bunu sübut etmək istəyir. A.Əliyevsə buna qarşıdır:“Onun nə dəxli var? Mənə dollar ver, aparım küçənin ortasında xırdalayım”.

Digər vəsatət Fərid və Ayaz adlı əməliyyatçıların ifadələrinin onlara məxsus olub-olmadığının müəyyən edilməsi üçün linqvistik ekspertiza keçirilməsi barədə olub. Vəsatətlərdə adlar çəkildikcə A.Əliyevin etirazları hədələrə çevrilib: “Bu gedişlə yaxşı olmayacaq. Bu da Kürdəxanıdadır, mən də bunun qanını tökəcəm.

Fazil Qasımov: - Yenə təhdid edirsən?

Anar Əliyev: - Məndə pik nöqtə var, sən məni o həddə çatdırmısan artıq. Mənim anam xəstə adamdır, hər an ölə bilər. Anam başını yerə qoysa, mən də sənin başını yerə qoyacam. Məhkəmədən çıxanlar anama zəng edib deyirlər ki, “oğlun belə edir, elə edir”. Bu məhkəmədə kimi görürəmsə, hamısının qanını axıdacam. Sizə gərə 19 aydır uşağımın üzünü görmürəm (Üzünü hakimlərə tutub): - Siz mənim anama “qarantiya” verirsiz? (Daha sonra üzünü vəkil Fuad Ağayevə tutub): -

“Əgər anam ölsə, mənə veriləcək 9 ili sizə 900 il kimi yaşadacam. Sənin evinin qapısını döyəcəm”.

Hakim vəkillə təqsirləndirilən şəxs arasında yaranan mübahisəni kəsməyə çalışıb. Anar Əliyevsə “mənimçün Fazili öldürmək bir dəqiqəlik işdir. Hamınızın bir-bir evinə gələcəm, qapınızı döyəcəm”, - deyə təkrar edib.

F.Qasımov məhkəmənin nəzərinə çatdırıb ki, A.Əliyev ona vəkil Fuad Ağayevdən imtina etməsi üçün təzyiq göstərir. Fuad Ağayevsə “Anar Əliyevə o sözləri dedizdirənlər var”, deyib. A.Əliyev F.Qasımovu yenə də ölümlə hədələyib. Vəkil Fuad Ağayevə isə “Sən mənə iş verdirmək istəyirsən? 25 il işləyib guya kimə nə edə bilmisən ki?” deyib.

Daha bir vəsatət A.Əliyevin üzərindən götürülmüş silah və saxta pullara məhkəmədə baxış keçirilməsi, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin  rəisi polis general-mayoru Əbülfət Rzayevin, qurumun İstintaq Şöbəsinin rəisi Rəhman Kərimovun, təhqiqatçı Kənan Kərimlinin və müstəntiq Yusif Yusifovun məhkəməyə şahid qismində çağrılıb dindirilmələrinə görə qaldırılıb.

Ardınca F.Qasımov bir sənədin türkcədən tərcümə olunması üçün məhkəmənin təxirə salınmasını istəyib. Digər təqsirləndirilən A.Əliyev yenə əsəbiləşib: “Axı məni niyə gətizdirirsiz bu məhkəməyə? Gələn dəfə gəlməmək üçün özümə xəsarət yetirəcəm”.

F.Qasımov ümumilikdə 25 vəsatət səsləndirib. 26-cı vəsatəti səsləndirmək istəyəndə halı pisləşib, fasilə elan olunub, tibb bacısı dəvət olunub, təqsirləndirilən şəxsin təzyiqi yoxlanılıb, ilkin tibbi yardım göstərilməsi üçün dərman qəbul etməsi təklif olunsa da, imtina edib.

Fasilədən sonra hakim bildirib ki, təqdim olunan vəsatətlər sənədlərin tədqiqindən sonra müzakirə ediləcək.

Vəkil Fuad Ağayev Anar Əliyevin əvvəllər CM-nin 178.2.1 və 32, 312.1-ci maddəsi ilə məhkum edilməsi və ona 4000 manat cərimə cəzasının təyin edilməsi barədə hökmü mübahisə yaradıb. 

Hakim hökmün yalnız nəticə hissəsini elan etmək istədikdə vəkil F.Ağayev buna etiraz edərək tam elan edilməsini istəyib. Hər şeyin kökündə o hökmün dayandığını deyib. Dövlət ittihamçısı və Anar Əliyevin vəkili Samirə Tağıyeva hökmün yalnız nəticə hissəsinin elan edilməsini xahiş ediblər. 

Fuad Ağayev tələbinin üstündə dayananda vəkil Samirə Tağıyeva bildirib ki, onunla bağlı Vəkillər Kollegiyasının İntizam Komissiyasına müraciət edəcək.

Hakim A.Əliyev barəsindəki hökmün nəticəvi hissəsini elan edib. Fuad Ağayev təəssüfünü belə bildirib: “Hökmün tam elan edilməsi işin mahiyyəti üçün maraqlı idi. Məhkəmə burada Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin adının çəkilməməsi üçün hər şeyə hazırdır.

Hakim: - Məhkəmənin ünvanına replika atmayın.

Təqsirləndirilən şəxs Anar Əliyev: - (Fuad Ağyayevə) Səni ermənilərlə dəyişdirəcəm. (Fazil Qasımova) Səni isə  kolbasa zavoduna verəcəm. Mən həyatımın 20 ilini türmələrə sərf eləmişəm.

Fuad Ağayev hakimdən sənədlərin elanını davam etməsini istəyib. Anar Əliyev yenə etiraz edib. O, üzünü hakimə tutaraq: “Başa düşmürəm, məhkəməni siz təyin edirsiz, ya bunlar?” Sonra üzünü Fazil Qasımova və vəkil Fuad Ağayevə tutub: “Fazil, birinci səndən başlayacam. Bura kim gəlirsə hamısının qapısını bir-bir döyəcəm. Adamlarımı göndərib döyəcəm qapılarını. Fazil, səni cırıq-cırıq edəcəm. Sizi cıracam”.

Fazil Qasımov hakimdən qəfəsdən çıxarılmasını xahiş edib: “Məni buradan çıxarın. Anar məni öldürməklə hədələyir. Mənə deyir qanını tökəcəm. Məhkəmə zalını dəyişin”.

Hakim bunun mümkün olmadığını deyib və onların arasında şüşə qəfəsdə oturan konvoyu başqası ilə əvəzləyib. Anar Əliyev hədələrinə ara verməyib: “Siz Azərbaycanda qalsanız, qanınızı içəcəm sizin. Ananızdan əmdiyiniz südü burnunuzdan gətirəcəm”.

Anar Əliyev şüşə qəfəsi yumruqlayaraq çıxarılmasını tələb edib: “Səbrim çatmır, çıxarın məni buradan. Çıxarmasanız özümə xəsarət yetirəcəm. Ya məni çıxarın, ya da buradakı xanımlar çıxsın, sözümü deyəcəm bunlara. Çıxarın məni buradan. Gələn dəfə gəlsəm öümə xəsarət yetirəcəm. Açın, çıxarın məni buradan. Hər dəfə gəlib 4-5 saat bunlara qulaq asmağa məcbur deyiləm”.

Hakim məhkəmə iclasının bu şəkildə davam etməsinin mümkünsüz olduğunu nəzərə alaraq növbəti prosesi fevralın 14-nə təyin edib.

Fazil Qasımov iqtisadçı alim və siyasətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, CM-nin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir. 

Anar Əliyevə qarşı isə həm saxta pul əldə etmə, həm də qanunsuz odlu silah saxlamaq ittihamı irəli sürülüb. O, özünü qismən təqsirli bilir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub və 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.

Bu ilin aprelində Q.İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.

Hazırda Fazil Qasımovla Anar Əliyevin işi ayrıca icraata götürülüb. Qubad İbadoğlunun da istintaqı yekunlaşmaq üzrədir və yaxın vaxtlarda iş məhkəməyə göndəriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Fərid Mehralızadənin qandallanaraq zorla məhkəməyə aparıldığı deyilir

11 Fevral 2025

VOA

“Abzas Media”nın həbsdə olan əməkdaşları fevralın 11-nə təyin edilən məhkəmə prosesində iştirakdan imtina ediblər.  Lakin AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəni məhkəməyə zorla gətiriblər. F. Mehralızadənin dediyinə görə, onun kamerasına gələrək əllərini qandallayıblar və zorla kameradan çıxarıblar. Məhkəmə isə bildirib ki, bəzi müttəhimlərin gəlməməsi səbəbindən proses təxirə salınıb və növbəti iclas fevralın 18-nə təyin edilib.  Jurnalistlər məhkəmədə iştirakdan imtinaya səbəb kimi saxlandıqları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərin məhkəmə tərəfindən araşdırılmamasını göstəriblər. “Abzasçılar”ın bu gün yaydığı bəyanatda zorakılıq törətdiyi iddia edilən təcridxana əməkdaşlarının hələ də cəzalandırılmadığı deyilir. “Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli,...
Məhkəmə

Hərbi ekspertin məhkəməsi başlayır

10 Fevral 2025

açıq mənbədən götürülüb

Dövlət sirri yaymaqda təqsirləndirilərək həbs ediən hərbi ekspert Ədalət Verdiyevin istintaq yekunlaşıb.  Bu barədə Ədalət Verdiyevin vəkili Bəhruz Bayramov məlumat verib (APA). Vəkil, cinayət işinə Nəsimi rayon məhkəməsində baxılacağını bildirib. Hərbi ekspert kimi tanınan Ədalət Verdiyev 2024-cü il noyabr 22-də saxlanılıb. O, həmin dövrdə Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub. Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən...

Seçilmiş Videolar

Toplum TV loqo