Avropa Məhkəməsi Yalçın İmanovun vəkillikdən xaric edilməsini qanunsuz saydı
Foto: sosial media
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı qərarını açıqlayıb.
Məlumatı vəkil Fariz Nmazlı sosial media hesabında paylaşıb.
Qərara əsasən, Azərbaycan hökuməti Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (peşə fəaliyyətinə müdaxilə) maddələrini pozub.
2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyəti Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib. Bununla da Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Y.İmanov müdafiə etdiyi “Müsəlman Birliyi” Hərəkatının sədr müavini, 20 il həbs cəzası alan Abbas Hüseynovun həbsdə işgəncəyə məruz qalması ilə bağlı şikayətini mətbuata çatdırıb. Penitensiar Xidmətin müəssisəsi isə bunu onların nüfuzuna zərbə kimi qiymətləndirib.
Müdafiə tərəfi hesab edir ki, A.Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı şikayəti rəsmi qurumlara da çatdırılıb, amma obyektiv araşdırılmayıb. Rəsmi qurumlar isə bu deyilənləri qəbul etmirlər.
2019-cu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi Y.İmanovun vəkillik fəaliyyətinə xitam verib.
AİHM bəyan edib ki, vəkilin çıxışı ictimai maraq kəsb edən məsələ ilə bağlı olub və onun məqsədi cəmiyyəti məlumatlandırmaq idi.
Məhkəmə bildirib ki, vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində cəmiyyətlə məhkəmələr arasında vasitəçi rolunu oynayır və bu status onlara xüsusi ifadə azadlığı təminatı verir. İmanovun bəyanatlarının məhkəməyə təzyiq kimi qiymətləndirilməsini isə məhkəmə “əsassız” sayıb, çünki vəkil yalnız müvəkkilinin işgəncə iddialarını ictimailəşdirib.
AİHM qeyd edib ki, daxili məhkəmələr bəyanatların ictimai əhəmiyyətini və işgəncə iddialarının araşdırılmasının zəruriliyini nəzərə almayıb. Bundan başqa, həbsxana əməkdaşlarının özlərinin heç bir hüquqi addım atmaması da diqqətdən kənarda qalıb.
Qərarda vurğulanıb ki, vəkillikdən xaricetmə ən ağır intizam sanksiyasıdır və bu tədbir proportsionallıq prinsipinə zidd olub.
AİHM qərara əsasən, vəkilə 10 min avro mənəvi zərər, 2 min avro məhkəmə xərcləri olmaqla ümumilikdə 12 min avro kompensasiya ödənilməsini müəyyən edib.
Yeddi hakimdən ikisi əlavə rəydə bildirib ki, bu işdə həm də Konvensiyanın 18-ci maddəsi (hüquqlardan sui-istifadə) pozulub və vəkilin cəzalandırılması “gizli və qərəzli motivlərlə” həyata keçirilib.
Məhkəmə qərarının icrasına nəzarət Avropa Şurası Nazirlər Komitəsinə həvalə edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: VOA
Foto: Azərtac
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır