Məhkəmə

Avropa Məhkəməsi Yalçın İmanovun vəkillikdən xaric edilməsini qanunsuz saydı

7 Oktyabr, 2025
59

Foto: sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı qərarını açıqlayıb. 

Məlumatı vəkil Fariz Nmazlı sosial media hesabında paylaşıb.

Qərara əsasən, Azərbaycan hökuməti Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (peşə fəaliyyətinə müdaxilə) maddələrini pozub.

2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyəti Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib. Bununla da Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Y.İmanov müdafiə etdiyi “Müsəlman Birliyi” Hərəkatının sədr müavini, 20 il həbs cəzası alan Abbas Hüseynovun həbsdə işgəncəyə məruz qalması ilə bağlı şikayətini mətbuata çatdırıb. Penitensiar Xidmətin müəssisəsi isə bunu onların nüfuzuna zərbə kimi qiymətləndirib.

Müdafiə tərəfi hesab edir ki, A.Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı şikayəti rəsmi qurumlara da çatdırılıb, amma obyektiv araşdırılmayıb. Rəsmi qurumlar isə bu deyilənləri qəbul etmirlər.
2019-cu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi Y.İmanovun vəkillik fəaliyyətinə xitam verib. 
    
AİHM bəyan edib ki, vəkilin çıxışı ictimai maraq kəsb edən məsələ ilə bağlı olub və onun məqsədi cəmiyyəti məlumatlandırmaq idi.

Məhkəmə bildirib ki, vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində cəmiyyətlə məhkəmələr arasında vasitəçi rolunu oynayır və bu status onlara xüsusi ifadə azadlığı təminatı verir. İmanovun bəyanatlarının məhkəməyə təzyiq kimi qiymətləndirilməsini isə məhkəmə “əsassız” sayıb, çünki vəkil yalnız müvəkkilinin işgəncə iddialarını ictimailəşdirib.

AİHM qeyd edib ki, daxili məhkəmələr bəyanatların ictimai əhəmiyyətini və işgəncə iddialarının araşdırılmasının zəruriliyini nəzərə almayıb. Bundan başqa, həbsxana əməkdaşlarının özlərinin heç bir hüquqi addım atmaması da diqqətdən kənarda qalıb.

Qərarda vurğulanıb ki, vəkillikdən xaricetmə ən ağır intizam sanksiyasıdır və bu tədbir proportsionallıq prinsipinə zidd olub. 

AİHM qərara əsasən, vəkilə 10 min avro mənəvi zərər, 2 min avro məhkəmə xərcləri olmaqla ümumilikdə 12 min avro kompensasiya ödənilməsini müəyyən edib.

Yeddi hakimdən ikisi əlavə rəydə bildirib ki, bu işdə həm də Konvensiyanın 18-ci maddəsi (hüquqlardan sui-istifadə) pozulub və vəkilin cəzalandırılması “gizli və qərəzli motivlərlə” həyata keçirilib.

Məhkəmə qərarının icrasına nəzarət Avropa Şurası Nazirlər Komitəsinə həvalə edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Tural Sadıqlının xalasıoğlu da həbs edilib 

7 Oktyabr 2025

Foto: VOA

Almaniyada yaşayan tənqidçi bloger Tural Sadıqlının xalasıoğlu, eləcə də heyvan haqları fəalı kimi tanınan Elxan Mirzəyev iki ay müddətinə inzibati qaydada həbs olunub.  Bu barədə "Azadlıq Radiosu" onun ailə üzvlərinə istinadən xəbər yayıb.  Xəbərdə bildirilir ki, oktyabrın 1-də saxlanılan fəal haqqında iki gün sonra Lerik Rayon Məhkəməsində qərar çıxarılıb.  Qərara əsasən, E.Mirzəyev İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq narkotik maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi və s.) maddəsilə ittiham olunub.  Ailəsi E.Mirzəyevin ittihamı qəbul etmədiyini bildirib: "Özünü qətiyyən təqsirli bilmir. Məhkəmə qərarından apellyasiya şikayəti veriləcək". Oktyabrın 1-də saxlanılan E.Mirzəyev yalnız oktyabrın 6-da vəkili və ailəsiylə əlaqə...
Məhkəmə

Fazil Mustafaya sui-qəsd etdiyi deyilən şəxsin oğlu hakim qarşısında

6 Oktyabr 2025

Foto: Azərtac

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə günahlandırılaraq ömürlük məhkum olunmuş Azər Səricanovun oğlu Əbülfəz Səricanov hakim qarşısına çıxarılıb. “Qafqazinfo”nun məlumatına görə, oktyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Səricanovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.  İclasda təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə istintaqının açıq keçirilməsi və başqa bir neçə vəsatət qaldırıb. Vəsatətlər təmin edilməyib.  İlk baxış iclası oktyabrın 16-na təyin edilib. Ə.Səricanov Cinayət Məcəlləsinin dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq maddəsi ilə ittiham olunur.  Cinayət işində iddia olunur ki, Əbülfəz Səricanov bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlayıb və DTX-nin keçirdiyi...

Seçilmiş Videolar

Toplum TV loqo