Sevinc Vaqifqızı: “21 illik hakimiyyəti dövründə heç vaxt gəlirlərini bəyan etməyən Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən pul keçirməkdə ittiham edir”
açıq mənbədən götürülüb
“Öz tənqidçilərini şərləmək üçün Ehtiyat Fondundan pul ayırır"
AbzasMedia əməkdaşları Sevinc Vaqifqızı və Elnarə Qasımova bugünkü məhkəmə iclasında ifadə verib.
Sevinc Vaqifqızı ifadəsində bildirib ki, onun və həmkarlarının həbsinin əsl səbəbi doğruları yazmaqları olub:
“Hökumət televiziyaları Xan kəndinə qayıdır mahnısının sədaları altında adamları bihuş edəndə biz göstərirdik ki, bəli, Xan hər kəsdən əvvəl Qarabağa qayıdıb. Əkinə yararlı torpaqları ailəsi və məmurlar arasında bölüşdürüb. Məcburi köçkünlər ora qayıdanda artıq məmurlar orada böyük torpaq sahələrinin sahibinə çevrilmişdilər. Qarabağ veteranları isə ya pullarını vaxtında ala bilməyən ya da heç almayan fəhlələrə dönmüşdülər. “Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq” deyən prezidentin təkcə Şuşanı yox, bütün Qarabağı məmurlar şəhərinə çevirdiyini üzə çıxardıq. Araşdırmalarımızla üzə çıxarmışdıq ki, "cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya yol verən hər kəs cəzalandırılır" deyən prezidentin yaxın ətrafı cinayətlərə yol versələr də, hava yastıqları ilə qorunur. Nazirlərin adları müxtəlif cinayətlərdə hallansa da, hakimlər onları çağırıb dindirməyə casarət tapmırlar. İlham Əliyevin sözlərilə əməllərinin üst-üstə düşmədiyini üzə çıxaran AbzasMedia əməkdaşları onun qəzəbinə tuş gəldi. 21 illik hakimiyyəti dövründə heç vaxt gəlirlərini bəyan etməyən Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən pul keçirməkdə ittiham edir”.
Sevinc Vaqifqızı ifadəsinə davam edərək bildirib ki, ittiham edilən şəxslərin heç biri nə gömrükdə saxlanılıb, nə də üzərlərində bəyan edilməmiş pul tapılıb. İstintaqın sənəd saydığı materialların heç biri orijinal deyil. Oradakı imzaların ora necə yerləşdirildiyini araşdırmaq üçün verdikləri vəsatətlərsə təmin olunmayıb.
“Mütəşəkkil dəstə olmağımızı bununla əsaslandırırlar ki, nə vaxtsa xarici səfərlərimiz kəsişib. Hər kəsin hərəkət azadlığı var, bu səfərlərin bəziləri o vaxt olub ki, o zaman heç AbzasMedia yox idi. Bəs Abzas-a heç bir aidiyyəti olmayan Fərid Mehralızadə niyə həbs olunub? Bu suala müstəntiq zarafatca səninlə eyni rayondan – Füzulidən olduğuna görə cavabını verdi”.
Sevinc Vaqifqızı onunla bərabər məhkəmə qarşısına çıxarılmış digər həmkarlarına BŞBPİ-də Məhəmməd Kekalovdan fiziki, psixoloji təzyiqlərlə alınmış ifadələr əsasında ittiham verildiyini dilə gətirib:
“Biz nə vaxtsa bu həbslərin olacağını gözləyirdik. Ona görə Məhəmmədə əvvəldən demişdik ki, işgəncəyə məruz qalsa, Ülviyə, mənə qarşı ifadə versin. Çox təəssüf ki, Azərbaycan hökuməti sübut tapa bilmədiyi işlərdə insanlara işgəncə verib, onlardan dostlarının əleyhinə ifadə alıb, həbsə göndərmək yolunu seçir. Biz hökumətin istədiyi kimi icazəli jurnalistika ilə məşğul olmaq istəmədik. Biz görüntü yox, azad və peşəkar medianın özüyük. İlham Əliyev indi də həbs etdirdiyi media nümayəndələrini satqın, xəyanətkar, beyni yuyulmuş gənclər deyə dağmalayır. Biz nə satqın, nə xəyanətkar, nə beyni yuyulmuşlarıq. Biz sadəcə, onun yalanlarını üzə çıxarmışlarıq”.
Sevinc Vaqifqızı vəkillərin, dövlət ittihamçısının və hakimlərin suallarını cavablandırarkən deyib ki, “Abzas Media”nın ofisindən tapıldığı iddia edilən pulun Prezidentin Ehtiyat Fondundan ayrıldığını hesab edir:
“Öz tənqidçilərini şərləmək üçün də Ehtiyat Fondundan pul ayırır. Eyni pullar bir işdə istifadə olunandan sonra başqasının evində peyda olur”, - Vaqifqızı məhkəməyə belə deyib.
Sonra Elnarə Qasımova ifadə verib. O, bildirib ki, AbzasMedia daha çox korrupsiya, məhkəmə araşdırmaları ilə tanınan peşəkar mediadır. Elə məhz peşəkarlığına, özlərini toxunulmaz hesab edənlərə toxunduğuna, nə olur-olsun doğruları yayımlamaqdan əl çəkmədiyinə görə Abzasla əməkdaşlıq etməkdən peşman deyil, əksinə, qürur duyur:
“Abzas Mediada prezidentin ailəsi və onun ətrafındakı yüksək vəzifəli şəxslərlə bağlı araşdırmalardan əlavə, video hekayələr, sosial-iqtisadi, ictimai, siyasi və ekoloji mövzularda yazılar, reportajlar yayımlanıb. İfadə, media azadlığı avtoritar rejimlərin ən birinci boğmağa çalışdığı azadlıqlardır. Və biz ölkənin həbs olunan ilk və son jurnalistləri deyilik. Mən Abzas Medianın əməkdaşıyam və bizim hər birimiz Abzasda yayımlanan araşdırmalara görə siyasi sifarişlə həbs edilmişik. Həmin araşdırmalarda adı çəkilən vəzifəli şəxslərin əməlləri ilə onların yerinə biz ittiham edilirik. Həbsdə olmalı olanlar o şəxslərdir ki, illərdir bu ölkənin vətəndaşlarına çatmalı olanı mənimsəyir, ölkəni çapıb-talamaqdan gözləri doymur”.
Elnarə Qasımova diqqəti iş materiallarına da çəkib: “Müstəntiqin işlə tanışlıq üçün səyahət çamadanında hissə-hissə gətirdiyi 27 cildlik materiallarda “sübut” kimi qeyd olunanlar tamamilə cəfəngiyyatdır və əsassızdır. “Abzas işi” üzrə təqsirləndirilən şəxs qismində olan heç kim, heç birimiz ittiham edildiyimiz cinayət əməllərini törətməmişik. Əvəzində bu ölkənin yazılı olmayan qanunlarında cinayət hesab edilən jurnalistika ilə məşğul olmuşuq. Cinayət işinin onsuz da saxta olduğunu bilən müstəntiq və bu saxta cinayət işinin materiallarını yoxlayıb ittiham aktı tərtib edən prokuror iş materiallarını diqqətlə nəzərdən keçirməyə belə lüzum görməyiblər. Çünki burda oturan hakimlərin sifariş əsasında hökm çıxaracaqlarından əmindirlər”.
Elnarə Qasımova ifadəsini başa çatdırdıqdan sonra hakim növbəti məhkəmə iclasını aprelin 1-nə təyin edib.
Jurnalistlərin məhkəməsində nəzarətçilərin sayı digər məhkəmə salonlarına nisbətən bir neçə dəfə artırılır. Yanvarın 21-də keçirilən məhkəmə iclası zamanı məhkəmə salonuna Penitensiar Xidmətin azı 15, məhkəmənin azı 7 nəzarətçisi və daha bir neçə mülki geyimli şəxs nəzarət edirdi. Təqsirləndirilən şəxslər vəkillərinin yanında əyləşir.
Bu iş üzrə sonuncu məhkəmə iclası yanvarın 21-də keçirilmişdi. Həmin gün Ülvi Həsənli ifadə vermişdi. Abzasçılar hakimə bildirmişdilər ki, məhkəməyə bir-birlərindən təcrid şəkildə - Penitensiar Xidmətin ayrı-ayrı maşınlarında gətirilirlər. Məhkəmə iclasınadək saxlandıqları zirzəmi isə soyuq, nəmişlik, şəraitsiz və təmirsizdir. Onlar məhkəmə qarşısında bu halların aradan qaldırılması tələbini qoymuşdular və elan etmişdilər ki, əgər tələbləri yerinə yetirilməsə məhkəmə proseslərində iştirakdan imtina edəcəklər. O vaxtdan indiyədək təyin olunmuş üç məhkəmə iclası tələblərin yerinə yetirilməməsinə görə təxirə salınmışdı. Çünki Sevinc Vaqifqızı, Ülvi Həsənli, Nərgiz Absalamova və Elnarə Qasımova məhkəməyə gətirilsələr də, məhkəmə salonuna gəlməkdən imtina etmişdilər. Bugünsə məhkəmə iclası baş tutub. Məhkəmə iclası başlayan kimi məlum olub ki, abzasçılar saxlandıqları Bakı İstintaq Təcridxanasından məhkəməyə Penitensiar Xidmətin eyni maşınında gətirilib. Saxlandıqları yer isə təmir olunub. Hətta hakim də ora baş çəkib.
Təqsirləndirilın şəxslərin barəsində ötən il Cinayət Məcəlləsinin qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Sonradan ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
AbzasMedia-nın əməkdaşları ittihamları rədd edir, korrupsiya araşdırmalarına görə həbs edildiklərini bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Aytac Tapdıq/şəxsi arxiv
sosial media
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb