Məhkəmə

“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb

23 Fevral, 2025
302

Toplum TV

“Toplum TV işi” üzrə həbsdə olan ResPlatformanın spikeri Akif Qurbanovun mülkiyyətində olmayan bir avtomobilin və ittihamın əhatə etdiyi dövrdən əvvəl tikilmiş evinin, qurucu heyət üzvü Ruslan İzzətlinin, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədlinin, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalın şəxsi avtomobilləri üzərinə həbs qoyulub.

“Tribunat” “Toplum TV şi” üzrə təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmasının qanuniliyini araşdırıb.

Azərbaycan Respublikası Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi fərdin mülkiyyət hüququnu qanunsuz müdaxilədən qoruyur və əmlakdan dinc istifadəyə təminat verir. Kifayət qədər sübut olmadan əmlak barəsində həbs tətbiq edilməsi, fərdin mülkiyyət hüququna müdaxilə təşkil edir. 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı hüququna aşağıdakı vəziyyətlərdə müdaxiləyə yol verilir: 

a) Müdaxilə qanun tərəfindən nəzərdə tutulmuş olsun; 

b) Müdaxilə ictimai mənfəət məqsədi daşısın; 

c) Müdaxilə demokratik cəmiyyətdə zəruri olsun. 

Bu tələblərdən biri ödənmədiyi halda müdaxilə pozuntu hesab olunur. 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı bir neçə qərarında əmlak üzərinə həbs qoyulmasının qanuni əsası olmadığından bu halı mülkiyyət hüququnun pozuntusu kimi tanıyıb. Məhkəmə Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi Azərbaycana qarşı işində bildirib ki, dövlət orqanının mülkiyyətdən dinc şəkildə istifadəsinə hər hansı müdaxilə qanuni olmalıdır. Bu konsepsiya ilk növbədə tələb edir ki, tətbiq edilən tədbirlərin daxili qanunvericilikdə əsası olsun. Həmçinin sözügedən qanun aidiyyəti şəxslər üçün əlçatan, dəqiq və gözlənilən olmalıdır.

Cinayət Prosessual Məcəlləyə görə, cinayət işi üzrə mülki iddia qaldırıldığı halda və ya xüsusi müsadirəni təmin etmək məqsədilə, yalnız məhkəmə qərarı ilə əmlak üzərinə həbs qoyula bilər (maddə 177.3.3). Xüsusi müsadirə — əmlakın məhkəmənin yekun qərarı ilə əvəzsiz şəkildə dövlətin nəfinə keçirilməsi halıdır (maddə 99-1). 

Əmlak üzərinə həbsin əsasları aşağıdakılardır: 

Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsi;

Cinayətin predmeti olması;

Cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsi və ya artırılması. 

Alət, cinayəti törətmək üçün birbaşa istifadə olunan predmetdir, vasitə isə cinayətin həyata keçirilməsini asanlaşdıran və ya buna şərait yaradan əşyadır. Məsələn, cinayət törətmək üçün istifadə olunan silah və ya bıçaq bir alət kimi, cinayətin icrasını asanlaşdıran avtomobil və ya telefon isə bir vasitə kimi müsadirə oluna bilər. 

Lakin media əməkdaşlarının ittiham olunduğu qaçaqmalçılıq, vergi ödəməkdən yayınma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və s. cinayətlərinin heç birinin iddia edilən törədilməsində üzərinə həbs qoyulmuş avtomobillərdən və ya daşınmaz əmlakdan istifadə olunmayıb. 

Cinayət yolu ilə əldə olunmuş əmlak isə cinayətin törədilməsi nəticəsində qazanılmış və ya əldə edilmiş əmlakdır. Media əməkdaşlarının əmlakının üzərinə həbs qoyulan zaman istintaq orqanı tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlak hesab edildiyi əsas gətirilib. Lakin Toplum TV əməkdaşlarının əmlakı üzərinə həbs qoyulduğu vaxt onlar qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətini törətməkdə ittiham olunurdular. Bu ilin yanvar ayında isə onlara qarşı əlavə ittihamlar da irəli sürülərək, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması, vergiləri ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi və s. maddələri ilə təqsirləndiriliblər. 

Bundan başqa, ittiham tərəfinin qrant vəsaitlərini cinayət yolu ilə əldə olunmuş əmlak hesab etməsi ilə bağlı yalnış mövqeyini “Tribunat” əvvəlki yazısında geniş analiz aparıb, qeyd olunan məqalədə qrant vəsaitlərinin cinayət yolu ilə əldə olunmuş əmlak hesab oluna bilməyəcəyinə dair qanuni əsasları göstərib.

Kimin əmlakı üzərinə həbs qoyula bilməsinə gəldikdə isə, qanun müəyyən edir ki, əmlakın nədən ibarət olmasından və kimdə olmasından asılı olmayaraq, yalnız təqsirləndirilən şəxsin və təqsirləndirilən şəxsin cinayət əməlinə görə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. 

“Toplum TV” işi üzrə həbs edilənlər təqsirləndirilən şəxslərdir və bu mənada qanunun tələbi ödənir. Prosessual qanunvericilik üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslər dedikdə, kimləri nəzərdə tutmasını açıqlamasa da Avropa Məhkəməsi Rafiq Əliyev Azərbaycana qarşı qərarında bu məsələyə toxunub. Məhkəmə bununla bağlı Cinayət-Prosessual Məcəlləsinin Kommentariyasından çıxarışlara istinad edib. Həmin kommentariyaya əsasən, aşağıdakılar üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslər hesab edilə bilər: təqsirləndirilən şəxsin işəgötürəni; vəzifəli şəxslərin hərəkətlərinə görə müvafiq orqanların maliyyə qurumları; on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslərin, habelə fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslərin qanuni nümayəndələri. 

Göründüyü kimi, bu kateqoriyadan olan şəxslər elə şəxslər olmalıdır ki, onların təqsirləndirilən şəxsin hərəkətləri ilə bağlı müəyyən məsuliyyəti olsun. 

“Toplum TV işi”ndə Akif Qurbanovun atasının adına olan avtomobilin, onun həyat yoldaşı ilə birgə mülkiyyətində olan evin üzərinə həbs qoyulması qanunvericiliyin qeyd olunan müddəası ilə ziddiyyət təşkil edir. Qanun ər-arvadın birgə mülkiyyətində olan əmlakın və ya təqsirləndirilən şəxsin digər şəxslərlə birgə mülkiyyətində olan əmlakın yalnız təqsirləndirilən şəxsin payı üzərinə həbsi nəzərdə tutur. Hətta fərz etsək ki, məhkəmənin həbs qərarı A.Qurbanova məxsus mülkiyyətə münasibətdə haqlıdır, yenə də həmin qərar onun atasının və həyat yoldaşının mülkiyyət hüququnu əsassız məhdudlaşdırdığı üçün qanuni hesab oluna bilməz.

Digər tərəfdən, Rafiq Əliyev Azərbaycana qarşı qərarında göstərilib ki, şəxsin əmlakı üzərinə həbs yalnız o halda qoyula bilər ki, ona əmlakın xüsusi müsadirəsi tələb olunan cinayət əməlini törətməklə bağlı ittiham elan edilmiş olsun. “Toplum TV işi”ndə isə media əməkdaşlarının əmlakı üzərinə həbs qoyulması haqqında qərar verildiyi vaxt onlar yalnız mənzillərindən və ofis binalarından tapıldığı iddia olunan pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə ittiham olunurdular. Əlavə ittihamlar isə istintaqın sonunda, yəni 2025-ci ilin yanvarında verilib. Bu səbəbdən, media əməkdaşlarının əmlaklarının üzərinə həbs qoyulması hüquqi baxımdan qanunsuzdur. Çünki qaçaqmalçılıq ittihamı bu cür tədbirin tətbiqinə əsas vermirdi.

Əmlakın üzərinə həbs qoyulmasının məzmunu əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasında ifadə olunur. Zəruri hallarda əmlakdan istifadə olunduğu təqdirdə onun faydalı xassələri itirilə bilərsə əmlakdan istifadə hüququ da məhdudlaşdırıla bilər. Əmlakın götürülməsi isə yalnız o halda tətbiq oluna bilər ki, əmlakdan istifadə və sahiblik hüquqlarının məhdudlaşdırılması ilə həbsin məqsədinə nail olmaq, yəni, həbs qoyulan əmlakı qorumaq, mühafizə etmək mümkün deyil. 

Deməli, istintaq orqanları və məhkəmə media nümayəndələrini əmlaklarından məhrum edərkən əsaslandırmalıdılar ki, niyə həmin avtomobillər üzərində həbsi yalnız sərəncam hüququnun məhdudlaşdırmaqla deyil, həm də istifadə hüququnu məhdudlaşdıraraq təqsirləndirilən şəxslərin ailə üzvlərini nəqliyyat vasitəsindən istifadə hüququndan məhrum edirlər. 

Rafiq Əliyev Azərbaycana qarşı işində də məhkəmənin bəyan etdiyi kimi, “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərin ailə üzvlərinin əmlakına həbs qoyulmasının, eləcə də onların özlərinin əmlakına həbs tətbiq olunmasının daxili qanunvericilikdə əsası yoxdur. Bu halda mülkiyyət hüququna müdaxilə AİHM-in müəyyən etdiyi qanuni əsaslılıq tələbinə cavab vermədiyi üçün müdaxilənin ictimai mənfəət məqsədi daşısıması və ya demokratik cəmiyyətdə zəruri olması ilə bağlı tələblər yoxlanılmadan mülkiyyət hüququnun pozuntusu hesab olunur.

“Tribunat”ın gəldiyi qənaətə görə, “Toplum TV işi”  üzrə həbs olunan media nümayəndələrinin və onların ailə üzvlərinin əmlakı üzərinə həbs qoyulmasının daxili qanunvericilikdə əsası yoxdur. Qanuni əsas olmadan və ya kifayət qədər sübut olmadan əmlak üzərinə həbs qoyulması, bu şəxslərin mülkiyyət hüquqlarına qanunsuz müdaxilə edir və Azərbaycan Konstitusiyasına və ölkənin beynəlxalq müqavilələrlə götürdüyü öhdəliklərə ziddir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hüquqşünas Sübhan Həsənli axtarışa verilib

17 Mart 2025

Sübhan Həsənli/şəxsi arxiv

Sosial Hüquqlar Mərkəzinin rəhbəri, hüquqşünas Sübhan Həsənli barəsində həbs-qətimkan tədbirinin seçildiyi və onunla bağlı axtarış elan olunduğu bildirilir. Qərarı Binəqədi rayon Məhkəməsi çıxarıb, hökumətə yaxın saytlar Baş Prokurorluğa istinadla bildirir. Məlumata görə, Həsənli qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əmlakı leqallaşdırma və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirləndirilir. Sübhan Həsənli özü isə sosial media hesabında paylaşdığı açıqlamada ittihamları anlamadığını vurğulayıb və onları rədd edib. “Vergiyə heç bir borcum yoxdur. Sosial ödənişləri, işsizlikdən sığorta hamısı ödənilib. Başdan ayağa bu iş quramadır. Sadəcə kim sərf etmir həbs edilir. Deyəsi çox şey var  amma hüquq yoxdur təəssüf ki”, o qeyd edib. Azərbaycan...
Məhkəmə

Aysel Umudova ev dustaqlığına buraxılmayıb

17 Mart 2025

Aysel Umudova/şəxsi arxiv

“Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aysel Umodova ev dustaqlığına buraxılmayıb. Martın 17-də Bakı Apelyasiya Məhkəməsində hakim Umudovanın ev dustaqlığına buraxılmaması qərarından verilmiş apelyasiya şikayətini təmin etməyib.  2025-ci il martın 6-da Xətai rayon Məhkəməsində Aysel Umudovanın ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılmışdı. Lakin məhkəmə vəsatəti təmin etməmişdi. Aysel Umudova ötən ilin dekabrında “Meydan TV işi” üzrə həbs edilib.  Onunla yanaşı bu iş üzrə Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Nurlan Libre, Fatimə Mövlamlı, Şəmşad Ağa və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da saxlanılıb. Onlar qaçaqmalçılıqda ittiham edilirlər.

Seçilmiş Videolar

Toplum TV loqo