Tofiq Yaqublu/şəxsi arxiv
Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir.
Sonuncu prosesdə hakim heyəti məhkəmə iclasına daxil olarkən Tofiq Yaqublu ayağa qalxmayıb. Hakim Elnur Nuriyev ona xəbərdarlıq edib. Tofiq Yaqublu isə cavabında: “Məhkəmə var? Qanuni vəsatətlərimi təmin eləmirsiz və deyirsiz ki, bura məhkəmədir” deyib.
Hakim bildirib ki, məhkəməyə hörmətsizliyə görə təqsirləndirilən şəxs üçün qanunvericilikdə cinayət məsuliyyəti var. Hakimlə Yaqublu arasında belə bir dialoq yaranıb:
Hakim: - Sizə bir daha xəbərdarlıq edirəm, bir də məhkəməyə hörmətsizlik etsəniz, cinayət məsuliyyətiniz olacaq.
T.Yaqublu: - Mən də sizə xəbərdarlıq edirəm.
Hakim: - Siz bunu edə bilməzsiniz.
T.Yaqublu: - Yox, edə bilərəm. Siz nə haqla mənim vəsatətlərimi rədd edirsiz? Təmin etmək sizin borcunuzdur.
Hakim: - Mənə yol göstərməyin.
T.Yaqublu: - Necə yəni? Siz məni həbsə göndərin, mən də susum? “Ağanəzərəm, belə gəzərəm” deyirsiz yəni? Siz yuxarıdan gələn sifarişi icra edirsiz. Mən bu işi darmadağın eləmişəm. Sübut edəcəm ki, siz bəri başdan artıq hökmü vermisiz”.
Ardınca hakim təqsirləndirilən şəxsin və zərərçəkmişin anten məlumatlarının alınması barədə sorğuya cavab gəldiyini deyib. Məlum olub ki, məhkəməyə zərərçəkmiş Elşən Hüseynovun bir mobil telefonunun 10-12 dekabr 2023-cü il, digər mobil telefonununsa 12-14 dekabr 2023-cü il tarixli anten məlumatları təqdim edilib, 01-12 dekabr tarixləri təqdim edilməyib. T.Yaqublu bunun bilərəkdən, uyğunsuzluq ifşa olunmasın deyə edildiğini bildirib.
Elnur Məmmədovun mobil telefonunun anten məlumatları tədqiq ediləndə məlum olub ki, 2023-cü ilin 8 dekabr tarixində saat 17:38-də Tofiq Yaqublu ilə o tamamilə başqa yerlərdə olublar, yəni görüşməyiblər.
Halbuki, Elnur Məmmədov verdiyi ifadələrində deyib ki, həmin vaxt Yaqublu ilə bir yerdə olub, ona pul verib. Yaqublu da məhz buna görə hazırda həbsdədir və dələduzluq ittihamı da ona görə verilib.
O da məlum olub ki, Elnur Məmmədov Xırdalanda ümumiyyətlə olmayıb. Amma o ifadələrində deyib ki, T.Yaqubludan aldığı pulları həmin gün aparıb Xırdalandakı ofisə qoyub. Bundan başqa, vəkil Aqil Layıc da Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən sorğusuna cavab gəldiyini deyib. O, bildirib ki, sorğuya cavabda 8 dekabr 2023-cü il tarixdə Koroğlu metrosu istiqamətində tıxac olmayıb. Əksinə, Elnur Məmmədovun guya T.Yaqublu ilə görüşə getdiyi trayektoriya üzrə dəhşətli tıxac olub. Halbuki Elnur Məmmədov ifadəsində demişdi ki, Koroğlu metrosu istiqamətində tıxac olduğu üçün T.Yaqublu ilə görüşməyə başqa yolla gedib.
Vəkil Nemət Kərimli bildirib ki, cinayət işinin materiallarında Elnur Məmmədovla Tofiq Yaqublunun üz-üzə gəlməsi barədə video disk yoxdur. Yaqublu deyib ki, həmin videoya baxmayıb, ona görüntüdə nə olduğunu deyiblər.
“T.Yaqublu: - O videoda bir şərəfsiz görünür.
Hakim sözünü kəsir: - Tofiq Yaqublu, olmadı ki, mən sizdən xahiş elədim axı, etikadan kənara çıxmayın. Kim olur olsun. Düşməniniz belə olsa.
T.Yaqublu: - Siz yaxşı bilirsiz mənim düşmənim kimdir. Sizin sayənizdə o günlərdə 64 yaşımı da burada qeyd elədim. Qazi atası, Milli qəhrmanlığa təqdim olunmuş adama qarşı görün kimləri çıxarıblar. Sizin cəsarətiniz çatmır ki, həbs qətimkan tədbirini ev dustaqlığına dəyişəsiniz. Ayıbdır. Bu xarabada paqonlu, mantiyalı, uniformalı bir adam axtarıram ki, tüpürsün o paqona, çıxsın işindən. Siz buradan rahat, bahalı maşında gedirsiz evinizə. Mən niyə getməməliyəm? 1993-cü ilin iyunun 15-dən bu günə qədər polis bölmələrində, həbsxanalarda, təcridxanalardayam. Seçki keçirib hakimiyyəti qəsb ediblər. İndiyə qədər dəfələrlə məhkəmələrimdə axırda hakim çıxıb şərəfsizcəsinə deyib ittiham təsdiq olundu, Tofiq Yaqublu azadlıqdan məhrum edilsin. Hər dəfə ittihamı darmadağın eləmişəm ki, yalandır. Mən, Tofiq Yaqublu cəmiyyət üçün təhlükə yaradıram? Deyirsiniz ki, təhlükə yaratdığına görə həbs qətimkan tədbiri dəyişdirilməsin. Mən quldur, oğru rejimlə bu cəmiyyəti xilas eləmək üçün vuruşuram. Mən necə təhlükə törədirəm? Deyirsiz ibtidai istintaqdakı əsaslar qalıb. İbtidai istintaq qurtarıb. Deyirsiz məhkəmələrə gəlməkdən yayına bilərəm. 1998-ci ildən məhkəmələrin hamısına gedib-gəlmişəm”.
Daha sonra Yaqublu vəsatətlər verib. Birinci vəsatət mənzilinə baxış keçirilərkən orada iştirak edən hal şahidləri Ülfət Məmmədov və Murad Nəbiyevin şahid qismində dindirilməsi barədə olub. İkinci vəsatət Elnur Məmmədovla Elşən Hüseynov arasında səsli “ WhatsApp” yazışmalarının dinlənilməsi barədə olub. Yaqublu deyib ki, səsli yazışmaları olmayıb, müstəntiq Abdulla Cəlilli bunu sənədə özündən yazıb.
Üçüncü vəsatət həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə olub. Yaqublu vəsatətini belə əsaslandırıb: “Nərimanov Rayon Məhkəməsinin gözəl xanım hakimi Gültəkin Əsədova eybəcər qərar qəbul edib həbs qətimkan tədbirinin seçilməsi barədə. Yazıb ki, guya istintaqdan gizlənəcəm, yalandır. Hakim Elnur Nuriyev də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətimi təmin etməyib ki, əsaslar aradan qalxmayıb. İbtidai istintaq bitib. Geridə qalıb. Ona necə təsir edə bilərəm? Yazmısız heç nə aradan qalxmayıb. 9 aydır mən ittihamı darmadağın edirəm. Mən təqsirsizliyimi daha necə sübut edə bilərəm? Yazılıb ki, sənədləri gizlədə bilərəm. Mənim gizlədə biləcəyim hansı sənədlər var? Sənədlərin hamısı özlərindədir. Tofiq Yaqublunun cəmiyyətə hansı təhlükəsi var? Gedib camaatı partladacam? Mən çıxsam gedib ailəmlə, tanışlarla oturacam. Bununla rejimə təhlükə yaranır, odur təhlükə. Yazmısız ki, Tofiq Yaqublunun həbsdə qalması üçün kifayət qədər əsaslar var. Sizdə kifayət qədər əsaslar hardandır ki, mən məhkəməyə gəlməyəcəm? Hamısına gəlirəm. Mən bunları ifşa eləməkdən zövq alıram”.
Hakimsə vəsatətlərin növbəti məhkəmə iclasında müzakirə ediləcəyini deyib və məhkəmə iclasına 19 fevral tarixinədək fasilə verib.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Tofiq Yaqublu bu iddiaları qəbul etmir və həbsinin siyasi sifariş, ittihamların isə saxta olduğunu bildirir.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edirlər.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Nurlan Libre/şəxsi arxiv
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”