Məhkəmə

Prokuror Fazil Qasımova 10 il cəza istəyib, vəkil bildirib ki, onu məhkəməyə sürüyə-sürüyə gətiriblər

28 Fevral, 2025
123

sosial media

Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı “Qubad İbadoğlu işi”nə görə həbs edilmiş Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir. 

Fevralın 28-də keçirilən məhkəmə iclasında məlum olub ki, Fazil Qasımov məhkəməyə gətirilsə də, iclasda iştirak etmir. Onun vəkili Fuad Ağayev məhkəməyə bildirib ki, səbəb müvəkkilinin məhkəmə tərkibinə etirazıdır: “Fazil Qasımov məhkəmənin bu hakim tərkibiylə keçirilməsinə görə prosesdə iştirakdan imtina edib. Onu Bakı İstintaq Təcridxanasından məhkəməyə sürüyə-sürüyə, zorla gətiriblər”.

Hakim çıxış üçün sözü dövlət ittihamçısı Babaxan Həsənəiyevə verib. Prokuror çıxışında Fazil Qasımova və Anar Əliyevə qarşı irəli sürülmüş ittihamların məhkəmə istintaqıyla sübuta yetirildiyini bildirib. Cəzalarını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməklə Fazil Qasımova 10, Anar Əliyevə 6 il müddətinə həbs cəzası istəyib. 

Prokuror Anar Əliyevə yüngül cəza istəməsini onun cinayətin üstünün açılmasında fəali iştirak etməsi və istintaqa kömək etməsiylə əlaqələndirib. 

Vəkil Fuad Ağayev yenə məhkəmə tərkibinə etiraz edib. Bildirib ki, bu etiraza hazırkı məhkəmə tərkibi yox, Bakı Apellyasiya Məhkəməsi baxmalıdır. Hakim tərkibi isə qısa müşavirədən sonra etirazı təmin etməyib. Hakim vəkilə müdafiə çıxışı üçün müraciət edib. Vəkil çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Növbəti məhkəmə iclası martın 7-nə təyin olunub. 

Fazil Qasımov iqtisadçı alim və siyasətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir. 

Anar Əliyevə qarşı isə həm saxta pul əldə etmə, həm də qanunsuz odlu silah saxlamaq ittihamı irəli sürülüb. O, özünü qismən təqsirli bilir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 

Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib. 

Hazırda Fazil Qasımovla Anar Əliyevin işi ayrıca icraata götürülüb. Qubad İbadoğlunun da istintaqı yekunlaşmaq üzrədir və yaxın vaxtlarda iş məhkəməyə göndəriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Avropa Məhkəməsi Əfqan Sadıqov barədə qərar verib

1 Mart 2025

sosial media

Avropa İnsan Haqları Məhkəməsi Sosial Ədalət Mərkəzinin xahişini tam təmin edərək, jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırıb. Bu haqda mərkəzin direktoru Tamta Mikeladze özünün “Facebook” səhifəsində yazıb: “Daha doğrusu, Avropa Məhkəməsi işin mahiyyəti üzrə qərar qəbul edilənə qədər Gürcüstana jurnalistin Azərbaycana ekstradisiyasını qadağan edib. Bildiyiniz kimi, Avropa Məhkəməsində bir işə baxılması bəzən illər çəkə bilər. Mən də əminəm ki, illər sonra Avropa Məhkəməsinin yekun qərarı da jurnalistin xeyrinə olacaq”. Mikeladze daha sonra bildirir ki, bu axşam xəbəri eşidən Əfqan Sadıqov aclıq aksiyasını dayandırmaq qərarına gəlib. Onun sözlərinə görə, yaxın günlərdə Sosial Ədalət Mərkəzi məhkəmədən Əfqan Sadıqovun həbsdən azad olunmasını tələb edəcək:...
Məhkəmə

Fatimə Mövlamlı saxlanılıb 

28 Fevral 2025

Ülviyyə Əli

Jurnalist Fatimə Mövlamlı saxlanılıb. Daxili İşlər Nazirliyi onun “Meydan TV” işi ilə əlaqəli cinayət işinə görə saxlanıldığını təsdiqləyib. F.Mövlamlı barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq. Yaxınlarının vurğulamasına görə, polis F.Mövlanlının yaşadığı evlərində də axtarış aparıb: "Polislər Fatiməgildən guya 2 min avro pul tapıblar. Ailə üzvləri bildirir ki, o pul Fatiməyə məxsus deyil". Bu, son 8 gün ərzində “Meydan TV işi“ üzrə saxlanılan ikinci jurnalistdir. Jurnalist Nurlan Libre fevralın 20-də saxlanılıb, 1 gün sonra Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçib. O da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs...

Seçilmiş Videolar

Toplum TV loqo