Məhkəmə

Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?

19 Noyabr, 2024
37

globalinfo

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin keçmiş rəisi Çingiz Mehdiyevin məhkəməsi davam edir. O, Formula-1 yarışlarına büdcədən ayrılmış vəsaitdən 400 min manatı mənimsəməkdə ittiham olunur. 

8 aydır davam edən məhkəmə istintaqı geridə qalıb, hazırda məhkəmə sənədləri tədqiq edir. 

İbtidai istintaq materiallarında qeyd olunub ki, Ç.Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə mənimsənilib. 

Başqa epizoda görə, Çingiz Mehdiyev külli miqdarda vəsaiti talamaq məqsədilə ofşor zonada - Seyşel adalarında anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. 

İstintaq orqanı Çingiz Mehdiyevin ümumilikdə 397 min 852  manat dövlət vəsaitini mənimsədiyini iddia edir. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırmaqda təqsirləndirilir. 

Məhkəmədə ifadə verən Çingiz Mehdiyev bildirib ki, onu Bakı Şəhər Halqası Əməliyyat şirkətinə həmin vaxtlar şirkətin icraçı direktoru olmuş, keçmiş gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov götürüb. İstintaq tərəfindən dindirilən A.Rəhimov Çingiz Mehdiyevin əməllərindən xəbərsiz olduğunu bildirib. O, istintaq tərəfindən şahid kimi dindirilsə də, məhkəməyə gəlməyib. Elə Çingiz Mehdiyevi də narazı salan budur. O, məhkəmədən Arif Rəhimovun məcburi məhkəməyə gətirilməsini tələb edir. 

Çingiz Mehdiyev məhkəməyə verdiyi ifadəsində bildirib ki, uzun illər ABŞ-da bank sektorunda çalışıb. 2015-ci ildə keçmiş gənclər və idman naziri, mərhum Azad Rəhimovun təklifi ilə Azərbaycana qayıdıb: “Bank işindən uzaqlaşıb idman sahəsinə keçmişdim. Layihələr hazırlayırdım. Belə bir layihələrdən biri də Pilot Akademiyasının yaradılması ilə bağlı idi. Azad Rəhimov bəyənmişdi və demişdi ki, öz ölkəndə sənin kimi mütəxəssislərə ehtiyac var, qayıt, gəl, bu layihənin smetasını, büdcəsini hazırla, öz ölkəndə əl-ələ tutub bu layihəni gerçəkləşdirək. Mən də gəldim. Həmin ərəfədə Formula-1 yarışlarına hazırlıq gedirdi, məni həmin sahəyə yönləndirdi”. 

Təqsirləndirilən şəxsin dediyinə görə, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları Şöbəsinin rəisi təyin olunub. Sonra vəzifəsi dəyişdirilib və idman əməliyyatları üzrə menecer olub. Ç.Mehdiyev yarışın keçirilməsi üçün xüsusi məhsullar alınmalı olduğunu, bu məqsədlə o, şöbənin direktoru Arif Rəhimov və satınalmalar üzrə direktor Zaur Məlikaslanovla birlikdə xaricə gedib. Onun dediyinə görə, həmin məhsulların satın alınması üçün dövlət büdcəsindən 90 milyon manat vəsait ayrılsa da, çətinliklər yaranıb. Çətinliyin yaranmasına səbəbsə bu iş üzrə Azərbaycanda ixtisaslaşmış şirkət və ya ekspertin olmaması imiş. Ona görə də problemi həll etmək ona tapşırılıb: “Qiymətlərlə bağlı Cenevrədəki ofislə danışdım. Mənə əlaqələr verdilər. Qiymətlərlə bağlı konsultanların qiyməti saat başı hesablanır. Danışdığım şirkətdə qiymət ucuz idi. İki ay ərzində ümumi 350 min dollar edirdi. Malların tədarükü ilə bağlı görüşlər keçirdik. Zaur Məlikaslanov xüsusi mallar haqqında anlayışı olmadığını dedi. Mənə deyildi ki, təcili minimal qiymətlərlə həll etməliyəm. Mən də Dayton şirkətini təklif etdim. Mallar sifariş verildi və Dayton şirkətinə pul ödənildi. Mənə maraqlıdır ki, prokurorluğun mütəxəssisləri 389 min manat yeyintini necə hesablayıblar? Mənə bu maraqlıdır. 9 il əvvəl olan yarışa alınmış malların dəyəri necə hesablanıb, mənə çox qaranlıqdır”. 

 

Bütün bunlara aydınlıq gətirilməsi üçün Çingiz Mehdiyevin vəkili Bakı Şəhər Halqası Şirkətinin Təchizat Şöbəsinin müdiri Zaur Məlikaslanovun, Çingiz Mehdiyevin müavini olmuş Urfan Tağızadənin, Arif Rəhimovun da şahid qismində dindirilməsini istəyib. 

Dövlət ittihamçısı Orxan Səmədov Arif Rəhimovun şahid qismində dindirilməsinə etiraz etməsə də,  məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim şahid qismində dəvət olunan Urfan Tağızadənin xaricdə olduğunu bildirib. Digər şahidin isə ifadəsinin elan olunmasını təklif edib. Vəkil Araz Hüseynli isə Zaur Məlikaslanovun məcburi gətirilməsini istəyib. Vəkilin vəsatəti qəbul edilib. 

Bundan sonra sənədlərin tədqiqi başlayıb. Məlum olub ki, Arif Rəhimov və Fərid Allahverdiyev barəsində cinayət işinin başlanılmasına dair qərar ibtidai istintaq dövründə rədd edilib. Digər sənəddə təqsirləndirilən şəxsin anasının adına olan "Dayton" şirkəti vasitəsilə alınan mallara görə külli miqdarda vəsaitin köçürüldüyü bildirilib. Təqsirləndirilən şəxs adı keçən şirkətin hadisədən öncə yaradıldığını və 2,5 milyon manat dövriyyəsi olduğunu qeyd edib. 

Vəkil Araz Hüseynli həmin şirkətə cəmi 940 min dollar köçürüldüyünü əlavə edib. 

Sonra məhkəmə “Formula 1” yarışlarına xidmət göstərməsi üçün kran və digər maşınları gətirən şirkətlərin VÖEN hesabları olmamasının və onlara ayrılan vəsaitin Çingiz Mehdiyevin sürücüsü Mais Abdullayevin hesabına  köçürülməsinin səbəbini soruşub. Sədr əlavə edib ki, ibtidai istintaq materiallarına əsasən həmin pullar Çingiz Mehdiyevin evinə aparılıb.

Vəkil prosesin tezləşdirilməsi üçün vəsaitin hüquqi şəxsin hesabına köçürüldüyünü söyləyib. Müxtəlif şirkətlərlə müqavilə bağlanılmasının və vəsait köçürülməsinin zaman aparacağını bildirib. O, əlavə edib ki, “Formula 1” yarışına hər il 150 milyon manat pul ayrılır, Çingiz Mehdiyevin şöbəsinə ayrılan vəsait isə bunun 0,6 faizini təşkil edir. 

Əlavə olunub ki, həmin dövrdə Çingiz Mehdiyev məbləğin bir qismini Estoniyadakı hesablarına köçürüb. Bank köçürülmüş məbləği şübhəli hesab edərək köçürülməni dayandırdıqdan sonra, o, qalan pulu Kiprdəki hesabına köçürüb. 

Vəkil Araz Hüseynli məhkəmədən əvvəl verdikləri bir vəsatətə də baxılmasını istəyib. O, 2015-2020-ci illərdə  Hesablama Palatasının Bakı Şəhəri Halqası şirkətində audit hesabatı keçirdiyini və  həmin hesabatın onlara  təqdim olunmasını istəyib. Hakim Leyla Əsgərovam Məmmədova vəkilin verdiyi vəsatətə növbəti proseslərdə baxılacağını bildirib. 

Növbəti məhkəmə prosesi dekabrın 16-na təyin edilib. 

Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. 

Qeyd olunur ki, Ç.Mehdiyev mənimsədiyi iddia olunan 400 min manatın 100 min manatını dövlət büdcəsinə geri ödəyib. Bundan başqa, istintaq dövründə onun dəyəri təxminən bir milyon manat olan əmlakları üzərinə həbs qoyulub. 

Toplum TV

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Keçmiş icra başçısının oğlu 1 milyon manatlıq vergi borcuna görə ölkədən qaçdı, 2 milyonluq zərərə düşdü 

20 Noyabr 2024

hüquq.az

Bakı Ağır Cinayətlər Məhkəməsində bir dələduzluq işi üzrə məhkəmə prosesi keçirilir. Müttəhimlər kürsüsündə həkim-cərrah, “Uniklinika” klinikasının baş həkimi Aruz Əliyevlə iş adamı Ehtiram Kərimov əyləşib. Onlar Zərdab rayonunun keçmiş icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babazadənin 2 milyon manat dəyərində olan əmlakını satıb pulu mənimsəməkdə ittiham olunurlar. İş hakim Mahirə Kərimovanın icraatındadır.  İstintaq materiallarında göstərilir ki, bir müddət əvvəl Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. O da yaxın dostu Aruz Əliyevin məsləhətiylə Türkiyəyə qaçıb. Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə baş etibarnamə verib. İstintaq materiallarına görə Babazadə bir müddət sonra...
Məhkəmə

254 milyon manatlıq qanunsuz köçürmələr, milyard manatlıq  əmlaklar, ölkəyə gətirilən odlu silahlar, qızıl külçələr – İttiham 

20 Noyabr 2024

açıq mənbədən götürülüb

Bu ittihamlar hazırda məhkəmə qarşısına çıxarılmış qrupa qarşı irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində başlayan məhkəmə prosesində təqsirləndirilən qrup üzvləri Dubayda və Bakıda ofis açaraq qanunsuz pul köçürmələri ilə məşğul olmaqda, eləcə də ölkəyə qanunsuz yolla odlu silahlar alıb gətirməkdə ittiham olunurlar.  Məhkəmə qarşısına çıxarılan Bahadır və İkram Quliyev qardaşları, onların yaxın qohumu Fərhad Quliyev, Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov qanunsuz sahibkarlıq, qanunsuz silah əldə edib saxlama, qanunsuz yolla əldə edilmiş əmlakı leqallaşdırma, qaçaqmalçılıq cinayətlərində təqsirli bilinirlər.  Onlar Daxili İşlər Nazirliyinin  Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs olunublar.  Bu iş üzrə hazırlıq iclası keçirilib.  İstintaqın qənaətinə görə,...

Seçilmiş Videolar

Toplum TV loqo