Tofiq Yaqublu: “Ən böyük tərbiyəsizlik məni dələduzluqda ittiham etməkdir”
sosial media
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il azadlıqdan məhrumetmə cəza istənilib.
Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.
"Mənə hökm oxunan gündən aclıq aksiyasına başlayacam və ölənədək dayanmayacam", - Tofiq Yaqublu məhkəmədə deyib.
Dövlət ittihamçısı Tofiq Yaqublu ilə birlikdə mühakimə edilən Elnur Məmmədovun 9 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iclası başlayan kimi hakim təklif edib ki, Yaqublunun ötən iclasda qaldırdığı vəsatətlərə baxılması yarımçıq qaldığından vəsatətlərə baxılsın. Yaqublunun hal şahidlərinin dindirilməsi, digər təqsirləndirilən şəxs Elnur Məmmədovla zərərçəkən şəxs Elşən Hüseynov arasındakı whatsapp yazışmalarının və səsli ismarıcların dinlənməsi, həbsinin ev dustaqlığı ilə əvəz olunması üçün qaldırdığı vəsatətlər təmin olunmayıb. Sonra Tofiq Yaqublu məhkəməyə Elnur Məmmədovla hər hansı əlaqəsi olmadığını təsdiqləyəcək bəzi sübutlar təqdim edib ki, işə əlavə olunsun. O, bir daha evində aparılmış axtarışın formal olduğunu, pulun evə axtarışa gələnlər tərəfindən qoyulduğunu dilə gətirib: “Bu “zərərçəkən” haradadır? Nə özü, nə anası, nə başqa ailə üzvü məhkəməyə gəlmir. Adamın adamda bir manatı qalanda aləmi dağıdır. Bu mənə 25 min avro, 10 min manat veribsə, niyə səsi çıxmır? Niyə gəlib pulunun davasını etmir? Elşən yalnız məni şərləmək üçün gəlmişdi və işini görüb getdi”.
Yaqublu bir daha bildirib ki, onun həbsindən təqribən 20 gün əvvəl Abzasçıların həbsi prosesi başlayıb. O, facebook səhifəsində repressiya maşınının işə düşməsindən və hələ uzun müddət davam edəcəyindən, həbslərin burada yekunlaşmadığından, gələcəkdə xeyli jurnalistin həbs olunacağından yazıb. Onun yazdıqları hakimiyyəti narahat edib.
Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib və çıxış üçün sözü dövlət ittihamçısı Tural Yaqubova verib. Prokurorun ilk cümləsində “sübuta yetirilib” sözünü eşidən Tofiq Yaqublu əsəbiləşərək səsini qaldırıb. Onun ifadələri hakimin xoşuna gəlməyib və xəbərdarlıq edib.
Hakim: - Mən sizə bir daha xəbardarlıq edirəm. Heç kimi təhqir etməyin.
Yaqublu: - Ən böyük təhqir, ən böyük tərbiyəsizlik məni dələduzluqda ittiham etməkdir. Məni İlham Əliyev həbs etdirib. Siz buradan “maaş”ınızla aldığınız bahalı maşınla lüks evinizə çıxıb gedəcəksiniz, ancaq mən qoluma qandal vurularaq həbsxanaya qaytarılacağam. Siz burada nə oxuyursunuz oxuyun, nə deyirsiniz deyin, axırda gəlib tərbiyəsiz ittihamı müdafiə edib mənə hökm oxuyacaqsınız. Mən onsuz da beynimə qoymuşam. Aclıq aksiyası edəcəm. Sonu ölüm olsa belə... Necə ki, Maqnitski aktı var, qoy Tofiq Yaqublu aktı da olsun. Bəlkə mənim ölümüm bu xalqa azadlıq gətirə...
Prokuror hakimə bildirib ki, Yaqublu ona çıxış etməyə imkan vermir. Hakimsə çıxışın nəticəvi hissəsini elan etməsini təklif edib. Prokuror Tofiq Yaqublunun cinayətinin məhkəmədəki şahidlərin, digər təqsirləndirilən şəxsin ifadələri ilə tam sübuta yetirildiyini deyib.
Tofiq Yaqublu prokurorun çıxışına etiraz əlaməti olaraq saxlandığı şüşə qəfəsdəki ağ kağızlardan birinə “YALANÇININ…” yazaraq başının üzərinə qaldırıb. Nəzarətçilər kağızı əlindən alıb cırıblar. Tofiq Yaqublu üzünü məhkəmə salonundakılara tutaraq “Biz qalib gələcəyik! Biz Rəsulzadənin idealarının davamçısıyıq”, - deyib.
Növbəti məhkəmə iclası fevralın 26-na təyin edilib. Həmin gün vəkillər müdafiə çıxışı edəcəklər.
İttihama görə, Elşən Hüseynov adlı şəxs Almaniyaya gedərək, orada vətəndaşlıq almaq istəyib və bunun üçün Elnur Məmmədova 25 min avro, 10 min manat pul verib. O da həmin pulları bu işi düzəltməsi üçün Tofiq Yaqubluya çatdırıb. Onların iddiasına görə, pul 2023-cü il dekabrın 8-də günorta Zabrat qəsəbəsində siyasətçiyə verilib.
Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb.
Özü ittihamları qəbul etmir, siyasi fəaliyyətinə və hakimiyyəti tənqid etdiyinə görə şərləndiyini deyir.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Nurlan Libre/şəxsi arxiv
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”