Ölkə

19 gündür aclıq edən Polad Aslanovun çəkisini xarab tərəzi ilə ölçüblər 

16 Sentyabr, 2025
210

Foto: sosial media

Həbsdə olan jurnalist Polad Aslanov 19 gündür aclıq edir. 

Həyat yoldaşı Gülmirə Aslanova "Facebook" səhifəsində bildirib ki, sentyabrın 15-də saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində aclıq edəndən bəri ilk dəfə Aslanovun çəkisini ölçməyə çalışıblar. 

"Polad Aslanovun çəkisini yoxlamaq üçün xarab tərəzi gətiriblər.Tərəzinin xarab olduğunu özləri də etiraf ediblər. Polad 4 dəfə  tərəziyə çıxıb. Xarab tərəzi hər dəfə onun çəkisini fərqli göstərib: 65, 52, 45, 43 kiloqram", - Aslanova qeyd edib. 

O bildirib ki, sonda həyat yoldaşının çəkisini paltarla birlikdə 52 kiloqram qeyd ediblər. 

Aslanova əlavə edib ki, jurnalist aclıq etdiyi üçün çox üşüyür və hazırda əynində qış geyimi və qalın gödəkçə var. 

"Təzyiqi isə 110/70-ə olub. Hələ də qida qəbul edən məhbuslardan təcrid olunmayıb", - o vurğulayıb. 

P.Aslanov bildirib ki, tələbləri icra olunana kimi aclıq aksiyasını davam etdirəcək. 

Jurnalist avqustun 29-da aclıq aksiyasına başlayıb. 

Buna səbəb P.Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsindəki mətbəxdən istifadəsinə icazə verilməməsidir.

Aslanovanın sözlərinə görə, həyat yoldaşı iyulun 18-də keçdiyi ultrasəs müayinəsinin nəticəsini tələb edir. Cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinin Cavanşir adlı baş həkimi isə P.Aslanovun etirazına cavab olaraq onun mətbəxdən istifadəsinə qadağa qoyub.

Aslanova ultrasəs nəticələrinin gizlədilməsini məqsədyönlü hesab edir: “Polad Aslanovun sağlamlığı ilə oynayırlar. Cavabı gecikdirməklə qaraciyərindəki problemin dərinləşməsini gözləyirlər”, - o deyib. 

Aslanova, həmçinin, Ombudsmana müraciət etdiklərini, qurumun isə şikayəti Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə göndərdiyini deyib. Cavab məktubunda Aslanovun 2020-ci ildə “praktiki sağlam” kimi qeydiyyata alındığı göstərilib.

Polad Aslanov 2019-cu ildə casusluq ittihamı ilə həbs olunub. O, ittihamları rədd edir və hökumətdə korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir. 

Hüquq müdafiəçiləri Aslanovu siyasi məhbus sayır. Avropa İnsan Hüquqları Məhkəməsi də onun həbsi ilə bağlı Azərbaycana qarşı qərar çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Niyə bəzi tarixi abidələrə milyonlar ayrılır, digərləri isə baxımsız qalır?

16 İyul 2026

Toplum TV

Hər il dövlət büdcəsindən tarixi-mədəni irsin qorunması, bərpası və abadlaşdırılması üçün milyonlarla manat vəsait ayrılır. Son illərdə təkcə Qobustan rayonundakı Diri Baba türbəsinin bərpasına 683,5 min manat, Ağdamdakı Şahbulaq qalasında bərpa işləri və turizm infrastrukturunun yaradılmasına isə 3 milyon 530 min 197 manat vəsait nəzərdə tutulub. Bəzi abidələrin bərpası üçün isə təkrar maliyyə ayrılır. Məsələn, Naxçıvandakı Möminə xatun türbəsinin bərpasına 2025-ci ildə 1 milyon manat ayrıldığı halda, 2026-cı ildə işlərin davam etdirilməsi üçün əlavə 9 milyon 566 min manat vəsait ayrılıb. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində yerləşən çoxsaylı tarix və mədəniyyət abidələrinin illərdir baxımsız qalması və mühafizəsinin lazımi səviyyədə təmin...
Ölkə

Qumar oyunları üçün cəzalar sərtləşdirilir

10 İyul 2026

açıq mənbə

Milli Məclis qumar oyunları üçün cəzaları sərtləşdirir.  Parlamentin iyulun 10-da keçirilən iclasında bu barədə Cinayət Məcəlləsinin müvafiq maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərdən birinə əsasən, internet və mobil rabitə şəbəkəsindən, sosial şəbəkələrdən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə etməklə qumar oyunları keçirənlər iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Onlar, həmçinin, qumar nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə ediləcək. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə, sözügedən əməli törədənlər on min manatdan on beş min manatadək miqdarda cərimə olunur və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum olunur. Digər dəyişiklikdə qumar oyununda təkrar iştiraka görə inzibati...

Seçilmiş Videolar

Toplum TV loqo