Sosial media
Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiyada yaşayan talış tarixçi Zahirəddin İbrahimovu həbs edib.
Bu barədə İbrahimovun qohumları “OC Media” saytına məlumat veriblər. Onlar DTX-dən tarixçiyə qarşı, dövlətə xəyanət maddəsi də daxil olmaqla, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürüldüyü haqda məktub əldə ediblər.
Rusiyanın Yekaterinburq şəhərində yaşayan İbrahimovdan martın 26-dan xəbər almaq mümkün olmayıb. Qohumları isə DTX-nin məktubunu aprelin 9-u qəbul ediblər. Onlar tarixçinin ölkəyə gətirilməsinin Rusiya hüquq-mühafizə orqanları ilə razılaşdırıldığını deyirlər.
İbrahimov 2002-ci ildən Rusiya vətəndaşıdır. O, sonuncu dəfə 2014-cü ildə Azərbaycana gəlməyə cəhd etsə də, hava limanından geri qaytarılıb.
Həm də bloqer kimi fəaliyyət göstərən tarixçi özünün “YouTube” kanalında talış dilində veriliş aparıb. O, 2012-ci ildə qurulan Talış Mədəniyyəti Mərkəzinin təsisçilərindən biri olub.
İbrahimova dövlət tərəfindən ayrılan vəkil Səyyarə Əliyeva “OC Media”ya açıqlamasında iddia edib ki, tarixçi DTX-də dindirilməsi zamanı Ermənistanla əlaqələrindən danışıb.
“Onun Rusiyadan necə gətirilməsini bilmirəm, amma dindirmə zamanı o, 2018, 2019 və 2020-ci illərdə etdiklərini etiraf etdi. Sonra talışların hüquqlarından, talış təşkilatlarından, talışların hüquqlarının pozulmasından danışdı. O, belə axmaq şeylərdən danışdı. Biz hamımız azərbaycanlıyıq”, - Əliyeva deyib.
Azərbaycanda talışlar və başqa etnik azlıqların hüquqları həmişə aktual olan məsələlərdəndir. Ötən ilin noyabrında Avropa Şurasının milli azlıqların qorunması ilə bağlı rəyində Azərbaycanda bu sahədə bir sıra çatışmazlıqların mövcud olduğu vurğulanıb.
Rəsmi Bakı isə rəydə yer alan bəzi mülahizələrin əsassız olduğunu və reallıqları dəqiqliklə əks etdirmədiyini deyir.
Talışlar Azərbaycanda sayca ən böyük etnik azlıq hesab olunur. Onların sayı yarım milyonla 1 milyon arasında dəyərləndirilir.
Talış hüquqları fəalları Azərbaycanda mütəmadi həbslərə məruz qalıb.
Ən son ötən ilin oktyabrında talış fəal Mirhafiz Cəfərzadə dövlətə xəyanət maddəsi ilə 16 illik həbs cəzasına məruz qalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
sosial media