Toplum TV
Azərbaycan hökuməti jurnalist və fəallara qarşı aparılan həbslər fonunda qeyri-hökumət təşkilatlarına qarşı köhnə cinayət işini yenidən açıb.
İlk dəfə 2014-cü ildə başladılan, çoxsaylı həbslərə və xeyli QHT-nin bağlanmasına səbəb olan “QHT işi”nə 2023-cü ilin iyununda xitam verilmişdi.
Bu ilin martında isə iş yenidən açılıb, 5 nəfər haqda həbs qətimkan tədbiri seçilib, bir neçə nəfər polis nəzarətinə verilib, bəziləri barəsində axtarış elan edilib.
Ümumilikdə isə 50-dən çox şəxs istintaqa cəlb olunub.
“QHT işi nədir?
“QHT işi”-nin 2014-cü ilin oktyabrında başladığını demək olar. Həmin vaxt Milli Məclis “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara əlavə və dəyişikliklər etdi.
Əlavələrdən birinə əsasən, xarici maliyyə mənbələri hesabına işlərin görülməsi üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət olunmalıdır.
“Biz hər manatın nəyə xərcləndiyini bilmək istəyirik, şəffaflığı zəruri sayırıq”, - Milli Məclisin həmin vaxt sədr müavini olan Bahar Muradova demişdi.
Elə həmin ildə Baş prokurorluqda bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə qarşı cinayət işi başlandı.
Cinayət işi çərçivəsində bir sıra hüquq müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev və başqaları həbs olunmuşdu.
Onlar dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və başqa əməllərdə ittiham olunsalar da, özləri ittihamları qəbul etmirdilər.
Avropa İnsan Hüquqları Məhkəməsi də bu şəxslərin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətinə gəlmişdi.
Bəs “QHT işi” niyə yenidən açıldı?
Adının çəkilməsini istəməyən siyasi ekspert Toplum TV-ə bildirir ki, hakimiyyət 2016-cı ildən etibarən Azərbaycanda yaranmış yeni media və vətəndaş cəmiyyəti təşəbbüslərinə tam nəzarəti formalaşdırmadığını düşünüb.
Onun sözlərinə görə, qanunlar və praktika qeydiyyata düşməyi mümkün etmədiyi üçün, bu yeni yaranmış fəaliyyətlər informal olaraq fəaliyyət göstərirdilər. Hökümət isə onlar üzərində nəzarəti rəsmi qeydiyyat yox, təhlükəsizlik orqanları vasitəsilə qurmağa çalışırdı.
“İndi görünən odur ki, bu nəzarətin tam mümkün olmadığı qənaətinə gəlib ictimai fəaliyyətlə məşğul olan hər kəsi hədəfə almağa qərar verdilər”, - o qeyd edib.
Ekspert əlavə edir ki, ictimai fəaliyyət özlüyündə tənqidi xarakter daşıyır və Prezident İlham Əliyevin rəhbərlik etdiyi hökumət artıq alternativ diskurs görmək istəmir.
“Bütün bunlar ölkədə siyasi sistem dəyişikliyi çərçivəsində baş verir. Ölkənin personalist diktatura şəraitində idarə olunmasına qərar verilib”, - o deyir.
Hökumətyönlü QHT-lər də təhlükədədir?
İstintaqa cəlb edilənlər arasında, sayı çox olmasa da, “hökumət tərəfindən təşkil olunan QHT”-lərin (ingiliscəsi - GONGO - red.) üzvləri də var.
Məsələn, mart ayındada Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluqda 5 saat dindirilib. ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Səfərova həm də "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir. Onun adı əvvəlcə mediada yayılsa da, sonradan bəzi saytlar adı silmişdi.
Ekspert düşünür ki, ölkə rəhbərliyi səviyyəsində qərar verilib ki, daha Qərb ölkələri və institutlarından nə hökumət orqanları, nə də vətəndaş cəmiyyəti inkişafa yardım qrantları almasın.
“Bunu tam təmin etmək üçün güclü mesaj göndərməyin yolu həm də bəzi hökumət qurumlarını və GONGO-ları, xüsusilə də, USAID-lə (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi - red.) əməkdaşlıq edənləri istintaqa cəlb etməkdir. Yəqin ki, nazirliklər yanında ictimai şuralar növbəti hədəf olacaq”, - o deyir.
Buna baxmayaraq, ekspert qeyd edir ki, həbs edilənlər ictimai fəaliyyətin müxtəlif istiqamətlərini təmsil etmələrinə görə seçilirlər. Bu istiqamətlərə hüquqi yardım, sosial iş, qadın hüquqları, seçki müşahidəçiliyi və s. daxildir.
“Həbslər edilərkən əsas məqsəd bu dalğanın necə yayılmasıdır. İnsanları oxşar fəaliyyətdən maksimum yayındırmaq məqsədi güdür”, - o bildirir.
Yeni Soros Fondu - USAİD
Azərbaycan hakimiyyəti uzun illər ölkədə mətbuata və müxalifətə dəstək adı ilə amerikalı milyarder və xeyriyyəçi Corc Soros və onun yaratdığı Açıq Cəmiyyət Fondunu hədəfə alıb.
Son həbs dalğalarında isə USAID-in adı müstəqil mətbuatın sponsoru kimi hökumətyönlü mətbuatda daha çox hallanmağa başladı.
Azərbaycanda 2023-cü ilin noyabrından başlayan həbs dalğası məhz ABŞ-la münasibətlərin pozulması fonunda baş verib. Həmin vaxt dövlət televiziyası AzTV, habelə hökumətyönlü saytlar, həbs olunan jurnalistləri və hazırda ölkə xaricində olan fəalları “USAID agentləri” adlandırıb, onların ABŞ-ın sifarişi ilə ölkə daxilində çaxnaşma yaratmaq istədiklərini iddia edib.
O vaxtdan bəri isə ABŞ-da siyasi vəziyyət dəyişib. Bu ildən avtoritar liderlərə rəğbəti ilə tanınan Donald Tramp yenidən prezidentdir. Onun rəhbərlik etdiyi hökumətin ilk gördüyü işlərdən biri də USAID-in fəaliyyətini minimuma endirmək olub.
Martda ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, hökumət USAID-ə aid olan proqramların 83%-ni tamamilə dayandırıb. Yerdə qalan sayca təxminən 1000 proqramı isə “daha effektiv şəkildə”, birbaşa Dövlət Departamentinin nəzarətində davam etdirmək üçün Konqreslə məsləhətləşmələr aparıldığını xəbər verib.
İlham Əliyev hələ Tramp seçilməmişdən öncə, ötən ilin iyulunda əvvəlki prezident Co Baydenlə müqayisədə ona üstünlük verdiyini bildirmişdi.
Aprelin 9-da ADA Universitetində çıxış edən Əliyev Tramp fəaliyyətə başlayandan bəri ABŞ siyasətində “anti-Azərbaycan trendinin” dayandırıldığını deyib və qeyd edib ki, bu, “artıq müsbət məqamdır”.
“Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul olub. Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, biz münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik, həmçinin bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var”, - Əliyev deyib.
USAID-lə bağlı Tramp administrasiyasının siyasətinə də toxunan Əliyev bildirib ki, Azərbaycanın Baş Prokurorluğu bu qurumun “qanunsuz fəaliyyətini” araşdırır.
“Mənə ilkin araşdırma ilə bağlı artıq məlumat verilmişdir. Bu, anti-Azərbaycan fəaliyyətinin miqyasını, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səylərini nümayiş etdirir. Sənədlər hazır olan kimi biz onu Prezident Tramp administrasiyasına təqdim edəcəyik ki, onlar bu korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görə bilsin.”
Toplum TV-yə danışan ekspert bildirir ki, Tramp administrasiyasının USAID-i bağlamaq qərarı və bu qərarı legitimləşdirmək üçün qurumu korrupsiyada ittiham edib ictimai nüfuzunu zədələməsi Əliyev hökuməti üçün bir fürsət oldu.
“Əliyev bu fürsətdən istifadə edib həm demokratiya sahəsində ölkəyə inkişafa yardımı tam dayandırmaq qərarı verdi. Həm də USAID-in Bakı ofisini cinayət işinə cəlb eləyib məlumat toplamaqla Trump administrasiyası ilə əlverişli formal və informal kommunikasiya yaratmaq istəyir. Hələ ki, Trump administrasiyası Cənubi Qafqazla bağlı vizyonunu açıqlamayıb, ona görə Əliyev hökuməti proaktiv davranıb bu vizyona təsir etmək istəyir,” - o deyib.
İlham Əliyevin Tramp administrasiyası haqqında xoş açıqlamalarına baxmayaraq, ekspert iki ölkə arasında münasibətlərin düzəldiyinə hələ inanmır.
“Hazırda yeganə məhdud kontaktlar, düşünürəm ki, sülh quruculuğu sahəsində davam edir, lakin bu da o qədər də qətiyyətli deyil. Əliyev Trampdan ona görə məmnundur ki, Tramp Rusiya ilə yaxşı münasibətə meyillidir. Rusiya isə Azərbaycanın regional müttəfiqidir və Qafqazda hələ də əsas söz sahibidir.”
Ekspert dəyişən dünya nizamında Azərbaycanda həbsdə olan QHT işçiləri, habelə jurnalist və fəalların müdafiəsinin gələcəyi ilə bağlı pessimistdir.
“Dünya insan hüquqları gündəliyindən çox uzaqlaşıb və bunu təmin edən beynəlxalq institutlar artıq yararsızdır. İkincisi isə, Azərbaycan kimi rejimlərdə repressiyalar heç vaxt dayanmır, yəni hətta kimlərsə azad edilsə belə, bu problemin həlli yolu yoxdur.”
Azərbaycanda yenidən açılan “QHT işi” vətəndaş cəmiyyətinə qarşı kampaniyanın bir hissəsi kimi görünür. Həbslərin davam etməyəcəyinə isə zəmanət yoxdur.
Cinayət işinin yenidən açılması və cəlb olunanların sayının çoxluğu isə ölkədə müstəqil QHT-lərin nə vaxtsa yenidən fəaliyyət göstərə biləcəyi ilə bağlı suallar yaradır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV/kollaj
açıq mənbədən götürülüb
AŞPA prezidenti: “Biz nə İlham Əliyevdən, nə də özünü diktator kimi aparanlardan qorxuruq”
İmtina haqqı - Fariz Namazlının yazısı
Əli Kərimlinin mühafizəçisi 4 ay müddətinə həbs olunub
Hüquqşünas: Hökumət repressiyanı beynəlxalq arenaya daşıyır
Rəsmi Bakı Türkiyədəki etirazlara niyə reaksiya vermir?